Balaca Ərəblinski” ləqəbli böyük sənətkar

 

«Koroğlu» operasının ilk rejissoru

 

1937-ci il 30 aprel tarixində OperaBalet teatrının səhnəsində dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Koroğlu” operasının ilk tamaşası oldu. Həmin gün insan axınından tamaşada oynayan aktyorlar belə binaya girməkdə çətinlik çəkmişdilər. Çünki teatra yalnız paytaxt Bakıdan deyil, Azərbaycanın müxtəlif bölgələrindən də böyük tamaşaçı kütləsi axışmışdı. Sonda asayiş keşikçiləri paytaxtda sakitliyi qorumaq üçün Bakıya girişi qadağan etdilər...

 

Şahidlər o dövrün yazılı mənbələrində “Koroğlu”nun ilk premyera gününü Azərbaycan mədəniyyətinin ən unudulmaz günlərindən biri kimi dəyərləndirir. Bütünlükdə keçmiş sovetlər məkanında bir mədəniyyət hadisəsi olaraq qəbul edilən opera tamaşasının sorağı qısa zamanda sərhədləri aşdı. Bu tamaşanın böyük uğur qazanması, şübhəsiz ki, bir tərəfdən dahi Üzeyir bəy musiqisinin gücündə, bir tərəfdən də onun rəhbərliyi altında əsəri səhnəyə çıxaran yaradıcı qrupun peşəkarlığında idi. Bu möhtəşəm qəhrəmanlıq operasının rejissor işini istedadlı teatr xadimi İsmayıl Hidayətzadə görmüşdü...

Bu tamaşadan sonra 36 yaşlı rejissorun yaradıcılıq üfüqləri daha da genişlənir. Bir il sonra, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində onun quruluş verdiyiKoroğlu” və “Arşın mal alan” tamaşaları yenə görünməmiş anşlaqla keçir. Qeyd olunan uğurlar Hidayətzadənin nüfuzunu daha da gücləndirir. Moskva səfərindən sonra onu OperaBalet Teatrının rəhbəri təyin edirlər...

Əslində isə, İsmayıl Hidayətzadə yaradıcılığa bir aktyor olaraq başlamışdı. 1901-ci ildə Bakıda bir dənizçi ailəsində dünyaya gələn İsmayıl uşaqlıqdan sənətə maraqlı idi. Sonralar o, məhərrəmlik günlərini səbirsizliklə gözlədiyini, məhəllə uşaqları ilə birgə tez-tez səhnəciklər hazırladığını yazırdı. “Məhərrəmlik günlərini səbirsizliklə gözləyirdim. Çünki bu zaman məscidlərin həyətində İmam Hüseynin qətlini təsvir edən şəbih-tamaşalar göstərilirdi. Bu tamaşalarda mən əsir uşaq rolunu oynayırdım. Böyük ürək çırpıntısı ilə gözləyirdim ki, nə vaxt mənə əsir paltarı geyindirəcəklər və ata mindirəcəklər”.

Bir dəniz qəzası zamanı xəstələnərək, ömrünün sonuna kimi xarratlıqla məşğul olan atası Hüseyn böyük oğlu İsmayılın mütləq təhsil almasını istəyirdi. Bu istəklə ata oğlunu 1909-cu ildən etibarən “İttihad” məktəbinə göndərir. Burada təhsil aldığı illər İsmayıl üçün gələcək həyat yolunun istiqamətini müəyyənləşdirir. Boş zamanları teatr tamaşalarını seyr etməklə keçir və səhnə onun üçün arzuların apardığı yerə çevrilir. Gündən-günə bu arzunun onu arxasınca uzaqlara alıb apardığına əmin oluraktyor olmaq haqqında öz qəti qərarını verir...

 

Ərəblinski sənətinin vurğunu

 

Səhnənin əsiri olan İsmayıl o dövrün ən böyük teatr aktyoru sayılan Hüseyn Ərəblinskinin vurğununa çevrilir. Həmin illərdə gənc oyunçuların əksəriyyəti böyük sənətkarı təqlid etməyə çalışırdı. Amma bu “təqlidi” daha fərqli və peşəkar edən İsmayıl Hidayətzadə tamaşaçıları tərəfindən “balaca Ərəblinski” adını almışdı. O, Ərəblinski ilə tanışlığının tarixi haqqında yazır: “Məktəbimizin müdiriyyəti tamaşalara rəhbərlik etmək üçün Ərəblinskini dəvət edirdi. O, truppanı öz istədiyi kimi tərtib edib, tamaşaları Tağıyev və Mayılov teatrlarında göstərmək üçün hazırlayırdı... Biz şagirdlər də tamaşa hazırlayır, dərsdən sonra qalıb məşq edirdik; bəzən bu məşqlər Ərəblinskinin məşqləri ilə bir saata düşürdü. Bir dəfə bizim məşqimiz çox uzun çəkdi; mən qızışıb Ərəblinskini bərk təqlid edirdim; bütünlüklə ona oxşamağa çalışırdım, - onun bütün ədalarını mənimsəməyə müvəffəq olmuşdum. Bu zaman aktyorlar Ərəblinskinin məşqində iştirak etmək üçün yavaş-yavaş toplaşırdılar. Məni səhnədə görən aktyorlardan biri Ərəblinskini təqlid etdiyimi dərhal başa düşərək, qaçıb onu çağırır və məni göstərərək deyir: ”Budur balaca Ərəblinski". Ərəblinski xeyli durub mənə baxır. Onun mənə baxdığını başa düşdükdə çox tutuldum, özümü büsbütün itirdim... O isə yaxınlaşıb, onu təqlid etməməyimi tapşırdı; dedi ki, mən rus aktyorlarının oyunlarına baxmalıyam, başqa əsərlərə tamaşa etməliyəm və çalışmalıyam ki, öz oyunumda özgələri təqlid etməyim, özünəməxsus tərzdə oynayım. Bu hadisədən sonra məktəb yoldaşlarım mənə “balaca Ərəblinski” adını qoydular"(Vikipedia).

İ.Hidayətzadə xatirələrində onu da qeyd edir ki, Ərəblinskinin tamaşalarında çıxış etmək üçün dəridən-qabıqdan çıxırmış. Amma bütün səylərinə baxmayaraq, böyük sənətkar onu öz tamaşalarına qəbul etməyə razılıq vermirmiş. Çünki İsmayıl hələ çox kiçik idi. Amma inadlı xahişlər nəticəsini verdi. Sonda Ərəblinski onun “Ağa Məhəmməd Şah Qacar” pyesində kütləvi səhnələrə çıxmasına razılıq verdi...

1917-ci ildə atasının vəfatı ilə əlaqədar İsmayıl çox sevdiyi səhnədən uzaq düşür. O, evin böyük oğlu olduğu üçün ailənin yükünü çəkmək məcburiyyətində idi. Artıq səhnə arzuları ailə qayğıları ilə əvəz olunmuşdu. İsmayıl özündən yaşca kiçik bacı-qardaşına böyüklük etməliydi. Belə çıxılmaz bir durumda məktəbi buraxıb ticarət müəssisələrində pirkeşiklik etməyə başlayır. Ailə qayğıları ilə yüklənsə də, teatr və səhnə xəyallarından vaz keçməmişdi. Müəyyən vaxtdan sonra işlərini bir qədər sahmana salıb, səhnəyə qayıtmağa qərar verir.

 

Səhnədə əsl peşəkar kimi...

 

Bu qərarla onun böyük səhnə fəaliyyəti başlanır. 1920-ci ildən etibarən Dövlət teatrına gəlir, eyni zamanda 1921-ci ildə Voronovun teatr studiyasına daxil olur. İsmayıl Hidayətzadənin peşəkar aktyor kimi yetişməsində teatr studiyası əsl məktəb rolunu oynayır. Burada öyrəndikləri ona aktyorluq sənətinin incəlikləri ilə bərabər, rejissorluq sənətinin sirlərini açır.

İ.Hidayətzadə böyük dramaturq Cəfər Cabbarlı ilə yaxın dost idi. Yazıçı rollarını əsasən Hidayətzadə üçün yazırmış. Aktyor isə həyatda bu rolların prototipini tapmaqla, obrazlara xüsusi canlılıq, təbiilik qazandırırmış. Amma Cabbarlının qəhrəmanları sırasında ona böyük uğur qazandıranları da, “sözünə baxmayanları” da olub. “Aydın” əsərindəki Aydın aktyorun ən uğursuz rolu olub. O, rejissorların narazılığına baxmayaraq, rolu oynamaq istəyindən dönməyib. Amma ilk tamaşadan yanıldığını anlayıb. Sonralar uğursuzluğunu düzəltmək üçün çox çalışsa da, gərgin məşqlərlə rolu iradəsinə tabe etmək istəsə də, istədiyi alınmır. Beləliklə, aktyor Aydın obrazı ilə həmişəlik vidalaşmalı olur.

Aktyorun müasiri, görkəmli rejissor Tuqanov onun haqqında belə deyirdi: “O, həmişə inandırıcı və real idi. Heç bir zaman şarja yer verməyərək, o, bütün tamaşa boyu tamaşaçının ürəyinə girməyi və onu öz ardınca aparmağı bacarırdı. O, heç bir zaman oynamırdı, heç bir ştampa yol vermirdi. Onun oyununda gəncliyə məxsus həssaslıq, ehtiras və qızğınlıqla bərabər sadəlik və təbiilik var idi.”

Özünü ara-sıra rejissorluq sahəsində də sınayan aktyorun bu uğurlu sınaqları tezliklə onu teatr ictimaiyyətinə rejissor kimi tanıdır. Nəhayət, 1934-cü ildə Hidayətzadənin quruluşunda “Siyavuş” əsəri səhnəyə qoyulur.

Artıq bu tamaşanın uğurundan sonra onun rejissorluq bacarığına kimsənin şübhəsi qalmır. Bundan sonra yuxarıda qeyd edilən möhtəşəm “Koroğlu” operasının səhnələşdirilməsi ona həvalə olunur. Daha sonra repertuarda “Karmen” operası gəlir... Onun rejissor işi çalışdığı Opera və Balet teatrı ilə bərabər, başqa sənət ocaqlarının diqqətini də çəkir. Sənətkar bu illər Rus Dram Teatrında “1905-ci ildə” və “Vaqif” tamaşalarını səhnələşdirir.

Böyük sənətkar eyni zamanda ilk milli baletimizin - “Qız qalası”nın librettosunu yazıb. Hazırda fəaliyyət göstərən Opera studiyası da onun səyi ilə yaradılıb.

İ.Hidayətzadə film sahəsində də öz istedadını sınayıb. O, “Qız qalası”, “Almaz”, “Bismillah” və “Altıncı duyğu” filmlərində çəkilib.

Azərbaycan teatr mədəniyyəti sahəsindəki xidmətlərinə görə sənətkar Azərbaycan 1938-ci ildə Azərbaycan SSR Xalq Artisti adına layiq görülüb. Bundan başqa, o, “Şərəf Nişanı” ordeni və “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub.

2001-ci ildə böyük sənətkarın 100 illik yubileyi qeyd edilib.

 

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 13-14 yanvar.- S.14.