"Aydın
görünür ki, döyüb o hala salıblar"
Zeynəb Xanlarova son əsgər ölümünə sərt
reaksiya verdi
“Milli Ordumuzun əsgərinin ölümü
xəbərindən sonra
yuxularım belə qaçıb, bu hadisə mənə çox pis təsir elədi. Əsgərimizin cansız bədəninin
fotosunu görəndə
bir anlıq düşündüm ki,
ay Allah, görəsən onun
anası indi nə çəkir?
Şəxsən mən həmin
şəkli görəndən,
dəli kimiyəm, ürəyim partlayır, belə müsibət olmaz”.
Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova bu fikirləri
Daşkəsəndəki “N” saylı hərbi hissənin əsgəri Ceyhun Qubadovun öldürülməsinə münasibət
bildirərkən söyləyib. Böyük sənətkarımız “Yeni
Müsavat”a açıqlamasında bildirib
ki, əsgərin ölümü ilə bağlı araşdırmaların
aparılmasına əslində
ehtiyac yoxdur, faciə göz qabağındadır: “Buna nə
axtarış, nə araşdırma? Aydın görünür ki, əsgərimizi döyüb bu hala salıblar. Buna nə ad vermək
olar? Bəs bunun komandiri,
digər böyükləri
harda idi? Məgər əsgər döyülərkən
onu görən olmayıb? Kimdir onu döyüb
bu hala salan?”
Z.Xanlarova günahkarlara
ən ağır cəzanın verilməsini
istəyir: “Necə yəni? Ana övlad
böyütsün, boya-başa
çatdırıb sağ-salamat
əsgərliyə göndərsin,
üstünə tabutda
qaytarsınlar? Onu bu hala salanın özünü istintaqsız-
filansız döyə-döyə
öldürmək lazımdır.
Eşitdiyimə görə deyiblər
ki, guya ürəyi xəstə olub. Bəs, ürəyi xəstə
olanı əsgərliyə
niyə göndərirsiniz?
Bunlar hansı bəhanədir”.
Deputat məsələnin parlamentdə müzakirəsini
zəruri sayır: “Mən Milli Məclisin sessiyası başlanan gün iclasda çıxış
edəcəyəm. Mən təklif
edəcəyəm ki,
Milli Məclisin bir iclası ayrıca ordudakı əsgər ölümlərinə
həsr olunsun. Qoy bu məsələlərdən
geniş danışılsın,
bəlkə kar qulaqlar bütün bunları eşitdi. Sonra da deyirlər ki, ata-analar balalarını hərbi xidmətdən gizlədirlər,
hansısa yollara əl atıb saxta sənəd alırlar. Bax, buna görə
edirlər. Bir var əsgər düşmən
gülləsindən həlak
olsun, bir də var “sapı
özümüzdən olan
baltalar”ın zavalına
gəlsin. Əsgər vətən
yolunda, torpaq yolunda şəhid olanda bizim valideynlərimiz
deyirlər ki, onların övladlarının
qismətinə vətənə
qurban getmək yazılıbmış, bunu
şərəfli hadisə
sayır və böyütdükləri oğulların
vətənə qurban
getməsi ilə təskinlik tapırlar.
Bu, tamam ayrı
şeydir. Necə ki,
Türkiyədə ana
“Oğlum qurban olsun mənim bayrağıma, torpağıma”
deyir. Bu əsgərimiz də düşmən gülləsindən
şəhid olsaydı,
onun da anası
eynilə belə deyə bilərdi. Mən xalqımı, millətimi
tanıyıram, övladını
oxşaya-oxşaya əsgər
yola salıbsa, şəhid olsaydı, eyni nəvazişlə qarşılayar və cansız bədənini bağrına basıb onu öz əlləri
ilə ana torpağa əmanət edər, “bu da bir qismətdir”
deyərdi. Ancaq necə ola
bilər ki, 18-19 yaşlı cavanlarımız,
2-3 ayın əsgərləri
bu şəkildə həlak olsun? Dünyanın harasında əsgərə
qarşı bu cür hörmətsizlik, mənəviyyatsızlıq, alçaqlıq
olur?! Əsgərə belə münasibət
dövlətimizin imicinə
ən böyük zərbədir. Baş verən
hadisə adi məsələ, yaxud bir ailənin, bir ananın faciəsi deyil, bu, həm də
dövləti cinayətdir.
Nəhayət, bu kimi halların qarşısı alınmalıdır!
Bəlkə də müharibə
olsaydı bundan daha yaxşı olardı, bilərdik ki, övladlarımız vətən uğrunda şəhid olurlar. Yoxsa atəşkəs dövründə
bu qədər itki vermişik. Birdəfəlik ya qırılmalı,
ya da dirilməliyik!”
Xalq artisti bildirdi ki, Türkiyə mətbuatında Azərbaycandakı
əsgər ölümləri
ilə bağlı xəbərlər yayılandan
sonra ona qardaş ölkədən
“Zeynəb xanım, bu nə hadisədir,
Azərbaycan ordusunda nələr baş verir” deyə, müraciətlər edilməkdədir.
Azadlıq.- 2013.- 13-14 yanvar.- S.10.