Unudulmaz sənətkarın unudulmaz filmləri... .
7
yaşlı film qəhrəmanı
Azərbaycan
kinosunun inkişafında böyük
xidmətlər göstərmiş sənətkarlardan biri də rejissor, əməkdar
incəsənət xadimi Lətif Səfərov
olub. Lətif Səfərovun çəkdiyi
filmlər bu gün də
sevilir. Hələ 7
yaşında ikən Leo Murun
“Gilan qızı” filminə çəkilən
Lətif həmin filmin yaradıcı heyəti
ilə Bakıya gəlir və studiyada ştata qəbul olunur.
1930-cu ildə çəkilən “Lətif” filmində də baş rol on
yaşlı Lətifə tapşırılır və o, bu rolun
öhdəsindən məharətlə gəlir.
Maraqlıdır
ki, “Gilan qızı” filmində rejissor assistenti olan
M.Mikayılov quruluş verməyə
hazırlaşdığı filmə baş rola Lətifi dəvət
edərkən balaca aktyorun şərəfinə əsərin
adını dəyişib “Lətif” qoyur. Lətif Səfərov
1928-1931-ci illərdə “Sevil”, “Şərqə yol”,
“Qızıl kol” filmlərində də uşaq
rollarını ifa edib.
Lətif Bəşir
oğlu Səfərov 1920-ci il sentyabrın 30-da Şuşa
şəhərində anadan olmuşdur. Onun kino ilə ilk
tanışlığı 1927-ci ildə “Gilan qızı”
filmindəki rolu ilə başlayır və bu
tanışlıq onu həmişəlik olaraq kino sənətinə
bağlayır.
Lətif Səfərov
1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olur və
qiyabi təhsil alıb. Sonradan Bakıya qayıdır, əvvəlcə
studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə
rejissor assistenti kimi çalışır.
1937-ci ildə
studiyada yenicə fəaliyyətə başlayan dublyaj
şöbəsində Lətif Səfərov “Çapayev”,
“Biz Kronştatdanıq”, “Lenin oktyabrda”, “Lenin 1918-ci ildə”
sovet bədii filmlərinin Azərbaycan dilində səsləndirilməsində
həm rejissor köməkçisi, həm də aktyor kimi
iştirak edir.
Artıq
özü üçün həyat yolunu müəyyənləşdirən
gənc Lətif Səfərov ali kino təhsili almaq məqsədilə
1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutuna daxil olur məşhur rus kinorejissoru
Qriqori Kozintsevdən sənətin sirlərini öyrənir.
Lakin müharibənin başlaması ona təhsilini
yarımçıq qoyur və o, Bərdəyə
qayıdaraq 1941-1946-cı illərdə burada müəllimliklə
məşğul olur. Müharibədən sonra 1946-cı ildə
Moskvaya qayıdaraq təhsilini davam etdirir və 1950-ci ildə
təhsilini başa vuraraq professional sənətkar kimi
Bakıya dönür, kinostudiyada fəaliyyətə
başlayır. Beləliklə, Lətif Səfərov Azərbaycan
kinosuna peşəkar kinorejissor kimi gəlmiş və bir
çox qiymətli filmlər yaratmışdır. L.Səfərov
hələ Moskvada Kinematoqrafiya İnstitutunda təhsil alarkən
1947-ci ildə ilk dəfə müstəqil olaraq
“Çağırışa cavab” adlı kinooçerk çəkmişdi.
Bəxti gətirən “Bəxtiyar”...
Lətif Səfərov
həm də cəsarətli bir sənətkar idi. 1952-ci ildə
Moskvada keçirilən kino işçilərinin
Ümumittifaq müşavirəsində onun
çıxışından bəzi məqamlara diqqət edərkən
bunu aydınca görmək olur: “...Biz tələbə
skamyası arxasında yanaşı
oturmamışıqmı? Niyə bir parasının
başdan-binadan hər şeyi var, o birisinin yoxdur. Bizim
bazamızda rəngli film çəkmək cəhənnəm
əzabıdır. Biz pis plyonka, köhnə aparatlar, ləng
vuran ştativlər üzərində epizodu epizod dalınca
itiririk. Biz xronika, respublikamız üçün təkrarolunmaz
hadisələri çəkirik, bu qiymətli material texniki
imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə
aldığımız adamlara necə izah edək? Onların
gözünün içinə necə baxaq? Bizim nəhayət,
soruşmağa haqqımız varmı, hamı
üçün eyni cür şərait nə vaxt olacaq, nə
vaxt?”.
Təbii
ki, bu çıxış Lətif Səfərovun gələcək
taleyində izsiz keçmədi. Buna baxmayaraq o, öz
sözünü qorxmadan
dedi.
Gənc
rejissor sənətdə müəyyən
maneələrlə rastlaşsa da, öz prinsiplərindən
dönmədi. O, 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verdi. 1955-ci ildə
ona “Sevimli mahnı”
(“Bəxtiyar”) filmini çəkmək həvalə
olundu. “Bəxtiyar” bədii filmi quruluşçu rejissor L.Səfərovun kinoda
ilk böyük
müstəqil işi idi.
Lətif Səfərov baş rola Rəşid Behbudovu dəvət
etmişdi. Çünki
filmin bəstəkarı Tofiq
Quliyevin lirik
mahnıları məhz belə bir
müğənninin rola dəvət
olunmasını tələb edirdi. Rəşid
Behbudovun “Arşın mal
alan” filmindəki uğuru
onun özünü də
kinoya bağlamışdı. Rəşid
Behbudov bu filmi ilə özünün
yeni bir ekran triumfunu etmiş oldu. “Bəxtiyar” filmi Azərbaycan kinosunda musiqili bədii filmin ən
layiqli nümunəsi oldu.
Tofiq Quliyevin ürək
oxşayan musiqisi kinomuzda yeni ovqat yaratdı. Filmdəki “Zibeydə”,
“Qızıl üzük”, “Bakı”
mahnıları dillər əzbəri oldu.
Rejissor bu filmdə həm
də çox maraqlı bir
aktyor ansamblı yarada
bilmişdi. Rəşid Behbudovla yanaşı milli
aktyor sənətimizin nəhəng
simalarından olan Ağasadıq Gəraybəyli,
Ağahüseyn Cavadov,
Münəvvər Kələntərli və digərlərinin
oyunu filmin uğurlu alınmasına xüsusi
təsir göstərmişdi.
İki il sonra isə rejissor L.Səfərov yazıçı
H.Seyidbəylinin “Kənd həkimi” povesti əsasında
yazdığı ssenari üzrə
“Qızmar günəş altında” bədii filminə quruluş verdi. 1958-ci ildə
isə Lətif Səfərov yenidən sənədli kinoya qayıdaraq öz ssenarisi əsasında “Bakı və
bakılılar” kinooçerkini
yaratdı. Bu kinooçerk
qədim Bakı haqqında şanlı bir
salnamə kimi dəyərləndirilə
bilər.
Beşillik fasilədən
sonra Lətif Səfərov Yaxın Şərq
ədəbiyyatında çox məşhur
olan “Leyli və Məcnun”
əfsanəsinə müraciət edir...
Kinoda böyük işlər görmək
istəyirdi...
1958-ci ildə
Lətif Səfərov Respublika Kinematoqrafçılar
Ittifaqının sədri seçildi. Lətif Səfərov
kino sənətini inkişaf etdirmək istəyirdi. 1961-ci ildə
çıxışlarının birində belə deyirdi:
“Yaradıcı adam indi ya kinematoqrafiyadan getməli, ya da nəyi
isə partlatmalıdır. Kinematoqrafçı kinodan
uzaqlaşa bilməz. Kino onun həyatıdır”.
Rejissor
“Koroğlu” filmi üzərində işləyərkən də
böyük əziyyətə qatlaşmalı oldu. Texnika
sarıdan çətinliklər, studiyanın imkanları məhdud
olması bunun səbəblərindən idi. Ancaq bu çətinliklərə
baxmayaraq, Lətif Səfərov işləyirdi. O,
bütün yaradıcı ömrünü kinonun
inkişafı uğrunda mübarizəyə həsr etdi. Çoxlarını
da özündən narazı saldı, çünki ətrafındakılara
bu cür tələbkarlıq lazım deyildi...
1963-cü
il 9 dekabr gecəsi məşhur kinorejissorun arzularını
yarımçıq qoydu. Lətif Səfərov intihar etdi.
Onun intiharının səbəbləri hələ də sirr
olaraq qalır.
Lətif Səfərovun
üzərində işlədiyi “Möcüzələr
adası” filminin redaktoru Natalya Şneyer həmin günü
belə xatırlayırdı: “Lətif qüvvəsindən,
imkanından artıq yaşamağa və işləməyə
can atırdı, əsəbləri tarıma çəkilmişdi...
O xəstəydi (həqiqətən bir gün əvvəl
titrətmə və qızdırması vardı), daxilən
tənhaydı, didişmələrdən,
yaradıcılıq uğursuzluqlarından yorulmuş,
üzülmüşdü. Yenicə çəkməyə
hazırlaşdığı ”Möcüzələr
adası" filminin redaktoru idim. Dekabrın 9-da səhər
saat 10-da kinostudiyada görüşməliydik. Lakin adətinin
xilafına olaraq gecikirdi. Sonra eşitdik ki, Lətif
özünə qəsd edib".
Azərbaycan
Kinematoqrafçılar İttifaqının ilk sədri kimi Lətif
Səfərov vaxtilə kino işçilərinə
müraciətlə demişdi: “Əl-ələ verək,
çiyin-çiyinə duraq, başa düşək ki, əgər
ürəyimizdə od varsa, bu odu sinəmizdən heç kəs
qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin
həyata keçirilməsi üçün,
kinematoqrafiyamız üçün yaxşı işlər
görə bilərik”.
Lətif Səfərov
çox arzuları ürəyində aparsa da, onun xatirəsi
ürəklərdə, gözəl filmləri isə gələcək
nəsillərə yadigar qaldı...
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 15 yanvar.- S.14.