Qədim
Plovdağ nağılı
Dörd min il əvvəlin hekayəti
Qədim
Naxçıvanın uzaq keçmişə
bələdçilik edən unikal abidələri
bu torpağın tarixi
haqqında zəngin material verir. Belə abidələrin bir
qismi tədqiq olunsa da, böyük bir qismi hələ də
səbirsizliklə tədqiqatçılarının yolunu gözləyir. Ordubad
ərazisində tədqiq olunan və bu bölgənin tarixi ilə
bağlı maraqlı faktlar verən qədim
abidələr kompleksi silsiləsinə Plovdağ da daxildir.
Bu abidələr
silsiləsi Araz çayından şimalda, Gilançayın
sol sahilində böyük bir sahəni əhatə edir. Təkcə
keçən yazılarımızın birində bəhs etdiyimiz Xaraba Gilan abidəsi Plovdağ ərazisində
100 hektardan çox
sahədə yerləşir. Plovdağın ətəklərində
yerləşən qədim abidələrlə bağlı
aparılan arxeoloji tədqiqatlar
dağın hər tərəfində qədim qəbirlər
və yaşayış yerlərinin qalıqlarını aşkara çıxarmışdır. Burada qeydə alınan yaşayış yerləri
Gilançaya və əkin sahələrinə
yaxın olduğundan,
dağıntılardan yan keçə
bilməmişdir. Onların müəyyən bir
hissəsi də ötən əsrin 60-cı illərində Dəstə
arxı çəkilərkən texnikanın müdaxiləsi
nəticəsində dağıdılmışdır. Burada üzə çıxarılmış iki yaşayış yerindən başqa, nekropol yerləşən
sahədə də ərazinin qədim sakinlərinin həyatına
dair çoxlu materiallar var. Plovdağ nekropolunun tarixi təxminən 4 min il əvvələ gedib
çıxır. Tədqiqatçılar hesab
edir ki, o dövrdə insanların dağ
üstündə, çaylara yaxın məskən
salması müdafiə olunmaq və sudan istifadə etmək məqsədi
daşıyırdı. Bu mənada Plovdağ da
yaşayış üçün əlverişli
yer sayılırdı.
1987-1989-cu
illərdə birinci Plovdağ
yaşayış yerində çoxlu dən
daşlarına, sürtgəclərə, əl
çapacaqlarına və daş baltalara rast gəlinib.
Alimlər bu alətlərin
tapılmasına əsasən həmin yerin
qədim xırman yeri olduğu
qənaətinə gəlmişlər. Bundan
başqa, ikinci Plovdağ nekropolunun mərkəzi
hissəsində bir çox
maddi-dəlillər aşkar edilmişdir. Bunlara qəbirlərdən
altdakı təbəqədə olan əmək
alətləri, ocaq qalıqları, qəbirlər
üçün xarakterik
olmayan keramika nümunələri
və Kür-Araz mədəniyyəti üçün səciyyəvi olan qulplar aiddir.
Tapılan nümunələr burada ilk tunc dövrünə aid yaşayış yerinin
olduğunu söyləməyə əsas
verir.
Ulu əcdadlarımızla bağlı
maraqlı faktlar
Qədim
Plovdağ ərazisində arxeoloji tapıntılar və
aşkar edilən otağın daxili quruluşu göstərir
ki, iki hissəyə bölünmüş otaqdan ərzaq
saxlamaq üçün, ondan qərb tərəfdə olan
tikilidən isə həyət kimi istifadə olunmuşdur.
Burada daşla işlənmiş “kanalcığın”
olması və yerə daş döşənməsi ev
heyvanlarının saxlandığını söyləməyə
imkan yaradır. Qeydə alınan həyətin şimal tərəfində
pilləkəni əvəz edən maili hörgü isə
burada nə vaxtsa ikinci mərtəbənin olduğunu sübut
edir. Araşdırmalılar həmin ikinci mərtəbədəki
otağın yataq otağı olduğu qənaətinə gəlmişlər.
Buradakı ərzaq anbarına giriş ikinci mərtəbədən,
yataq otağının şimal-qərb küncündə,
döşəmədə olmuşdur. Tədqiqatlar bu
yaşayış ərazisinin bir neçə dəfə
dağıntıya məruz qaldığını göstərmişdir.
Axırıncı dağıntı yanğın nəticəsində
baş vermişdir ki, bu zaman da sakinlər binanı yenidən
bərpa edə bilməmişlər. Alimlər bir sıra
arqumentlər əsasında bu dağıntının
düşmən hücumu nəticəsində baş verməsi
və əhalinin əsir aparılması ehtimalı isə əlaqələndirirlər.
“Vikipedia”da abidə ilə
bağlı verilmiş faktlar
böyük maraq doğurur. Yaşayış sahəsi çox uzaq tarixdə belə
insanların bütün həyat şərtlərini
təmin etmək üçün səy
göstərdiyini söyləməyə əsas verir. Bunun bir
aydın sübutu da məlum
otağın təqribən ortasında üzə
çıxarılan təsərrüfat quyusudur.
Quyunun divarlarında ağzının eni 12 sm olan
küt bir alətin
izləri qalır. Tunc dövründə
adətən torpaqda qazılmış quyunun divarları içərisində od qalanaraq bişirilib
möhkəmləndirilirdi. Amma bu təsərrüfat quyusu
qazıldıqdan sonra odda
bişirilməmişdir. Tapıldığı zaman açıq quyunun
içərisi torpaq və küllə dolu idi. Onun içi
təmizləndikdən sonra altdan 5 kq-dək dən daşında üyüdülmüş darı qalıqları
tapıldı. Quyunun ağzının örtülü olmaması və ətrafda qapaq kimi istifadə edilən
sal daşın tapılmaması alimlərin
diqqətini xüsusi olaraq
çəkdi.
Eyni zamanda, qazıntı zamanı otağın
döşəməsində quyudan
qapıyadək bir neçə yerdə tala-tala dən qalıqları aşkar
edildi. Son
dağıntı zamanı tavan uçaraq bu dən
komalarının üstünə töküldüyü
üçün onlar
salamat qala bilmişdi. Tədqiqatçılar belə nəticəyə
gəldilər ki, həmin yanğın
zamanı sakinlər otaqdan müəyyən
şeyləri çıxarmağa cəhd göstərmişlər.
Görünür ki, quyudakı dənin müəyyən
hissəsi həmin vaxt tələm-tələsik
çıxarılan zaman bu
qalıqlar da tökülüb
qalmışdır. Ümumiyyətlə, otağın
divarlarında yanğın izləri çox
az görünür.
Bu da göstərir ki, əsasən otağın tavanı
yanmışdır. Bu otağın üstünü örtən tirlərin tam yanmamış qalıqları torpaqla, çırpı və küllə
birlikdə döşəmədə 20-30 sm
qalınlığında qat olaraq qalmışdır. Bundan
başqa, kül
qatının içərisindən saxsı qab
sınıqları və düz
divarlı manqal qırıqları
tapılmışdır. Manqalın bir tərəfi
rütubətdən çürüyüb
ovulmuşdur.
Qədim nağılın sonu, yeni həyatın
başlanğıcı...
Abidə
yerindəki qədim otağın divarına bitişik, gillə
bərkidilmiş sal daşlardan ibarət taxçaları da
var. Bu taxçalar elə möhkəm olub ki, uçqun və
dağıntı zamanı onlar yerlərindən tərpənməmiş,
hətta taxçalardakı bir neçə saxsı qab da
salamat qalmışdır. Taxçalardan birinin içərisindən
və ətrafından böyük qazana məxsus fraqmentlər
tapılmışdır. Bundan başqa, otağın bir
neçə yerində sonrakı dövrlərdə
qazılmış çala izləri var. Otağın cənub
küncündə yerləşən taxçanın yan
daşına söykənmiş təkqulplu, gen oturacaqlı
bir gil qab aşkar edilmişdir. Bu qab üç yerdən
sınaraq ağzı üstə düşməsinə
baxmayaraq içərisindəki dən tökülməmişdir.
Qeyd edildiyi
kimi, aşkar edilən otağa bitişik başqa bir tikili
aşkar edilmişdir. Amma bu tikilidə yanğın əlamətləri
yoxdur. Tikilinin qərb tərəfdə döşəmə səviyyəsindən
başlayan hörgüsü şərqə tərəf maili
şəkildə yüksələrək otağın pilləkəni
ilə birləşir. Bu hörgünün qərb tərəfində,
şimal-cənub istiqamətində dağ daşları ilə
30 sm enində “kanalcıq” işlənmişdir. Hər iki tərəfdən
bağlı olan bu “kanalcığın” hansı məqsədlə
işləndiyini müəyyən etmək çətindir.
“Kanalcıqla” otağın qərb divarı arasındakı
sahəyə daş döşənmişdir. Qazıntı
zamanı burada saxsı qazan fraqmentləri və daş alətlər
aşkar edilmişdi. Yanğın əlamətlərinin
olmaması və tikilinin daxili planı qədim bərpadan
sonra buradan məişət və ya təsərrüfat
xarakterli tikili kimi, xüsusən həyət kimi istifadə
olunduğunu ehtimal etməyə əsas verir.
Tədqiqatçılar onu da müəyyənləşdirmişlər
ki, son tunc
dövründə baş vermiş
yanğınla yaranan bu
dağıntıdan sonra Plovdağda
yaşayış olmamışdır. Ümumiyyətlə,
Naxçıvan ərazisində ilk və
orta tunc dövrünə
aid yaşayış yerlərinin böyük əksəriyyəti çaylara yaxın dağ ətəklərində və ya çox da
hündür olmayan təpələrin
üzərindədir. Amma son
tunc və ilk dəmir
dövründə bu vəziyyət dəyişməyə
başlayır: yaşayış məntəqələri təbii
müdafiəsi olan yerlərdə tikilir və ətrafı daş
hasarla möhkəmləndirilir.
Alimlər
Plovdağ ərazisindəki
yaşayış yerinin planlı şəkildə
salındığını söyləməkdə çətinlik
çəkirlər. Bu yaşayış
məntəqələri təbii fəlakət və
düşmən hücumları nəticəsində dəfələrlə
dağıntıya məruz qalmış və dəfələrlə
bərpa olunmuşdur. Bu
qədim abidə silsiləsinin ətraflı arxeoloji
tədqiqi qədim Naxçıvan torpağının tunc dövrü
haqqında geniş faktlar
toplamağa əsas yaradacaq.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 16 yanvar.- S.14.