Böyük sənətə aparan yolçuluq...

 

Özfəaliyyət qruplarından peşəkar teatra...

 

XIX əsr Azərbaycan milli teatr sənətinin inkişafında böyük bir canlanma dövrü sayılır. Bu dövrdə müxtəlif şəhərlərdə tanınmış ziyalıların səyləri ilə yaranan teatr truppaları getdikcə istedadlı oyunçuların bir araya gəlməsinə və daha çox milli əsərlərin səhnələşdirilməsinə imkanlar açırdı. Belə yaradıcı qrupların daha çox cəmləşdiyi və müntəzəm olaraq tamaşaların göstərildiyi yer, təbii ki, Bakı şəhəri idi.

 

Bu dövrdə peşəkar Azərbaycan teatrının inkişafında böyük xidmətləri olan görkəmli ziyalılar sırasına Həbib bəy Mahmudbəyov, Ağa Kərim Şərifov, Əsgər ağa Gorani, Qaflan Muradov, Sultan Məcid Qənizadə və başqalarını daxil etmək olar. XIX əsrin sonlarında Nəcəf bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi teatr truppaları bu dövrün teatr proseslərinin canlanmasında önəmli rol oynayırdı. Bu mərhələdə artıq teatr sənətində peşəkar aktyorlar nəsli də yetişməyə başlamışdı ki, həmin ilk qaranquşlara Rüstəm Kazımovu, Əbülfət Vəlini, Cahangir Zeynalovu və başqalarını göstərmək olar.

Azərbaycanın peşəkar milli teatrının formalaşması məhz belə ziyalıların böyük zəhməti və fəaliyyəti sayəsində baş verirdi. Zaman keçəcək və bu sənət fədailərinin yorulmaz səyləri milli teatrımız üçün geniş üfüqlər açacaqdı...

Azərbaycan teatrının ilkin yaradıcı qruplarını təmsil edən istedadlı aktyorlardan biriİsmayıl Talıblı olub. O, dövrünün nüfuzlu teatr xadimləri Cəfər Cabbarlı, Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyev ilə dostluq edib və sənətdə böyük yaradıcılıq uğurlarına imza atıb.

21 mart 1898-ci ildə Bakıda sadə qulluqçu ailəsində doğulan İsmayıl Məmmədəli oğlu Talıblı yalnız ibtidai təhsil almışdı. Doğulub-böyüdüyü paytaxt mühiti onun yolunu teatr dünyasının parlaq simaları ilə yaxınlaşdırmışdı. Bu yaxınlıq İsmayıl Talıblının gələcək sənət seçimini etməyə bir stimul olmuşdu.

Özfəaliyyət teatrları ilə daim əlaqədə olanbir çox tamaşalarda maraqlı obrazlar yaradan Talıblı yaradıcı qrupun ən enerjili aktyorlarından biri idi. Buna görə də 1919-cu ildə yeni Hökumət Teatrosu (hazırki Akademik Milli Dram Teatrı) yarananda, o, teatra qəbul edilən ilk sənətçilərdən oldu. Bu sənət ocağına ayaq basdığı gündən 1924-cü ilin sonuna qədər istedadlı aktyor qırxa yaxın maraqlı, rəngarəng, müxtəlif səpkili obrazlar yaradıb. Bu obrazlar qalereyasına həm faciə, həm dramatik, həm satirik, həm də komik xarakterli rollar daxil idi. Beş il bu teatrda çalışan aktyoru sonra Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı kollektivinə göndəriblər. Burada fəaliyyət göstərdiyi altı ay müddətindən sonra həmin teatrın adı dəyişib, Bakı Türk İşçi və Kəndli Teatrı adlandırılıb. Geniş yaradıcılıq imkanları olan İsmayıl Talıblı bu teatrın yaradıcı kollektivi ilə də gözəl “dil tapabilib. Burada da fasiləsiz olaraq maraqlı rollar yaradan sənətçi az vaxtda xeyli populyarlaşıb. Onun bu sənət ocağında yaratdığı rollar sırasında Luis SinkierinYüz faiz” əsərindəki Mak Qurmik, Aleksey Tolstoyun romanı əsasında “Romanovların son günləri” əsərindəki Dmitri PavloviçGeneral Alekseyev, Vasili ŞkvarkininCasus” əsərindəki Stradvorski, Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindəki Mirzə Məhəmmədəli, Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərindəki Hatəmxan ağa, Viktor HüqonunNotrdam kilsəsi” əsərindəki Qvazimoda, Cəfər Cabbarlının “Sevil” əsərindəki Atakişi obrazları var.

 

Doğma teatrla “sürgün”ə...

 

Lakin müəyyən zamandan sonra aktyor çalışdığı sənət ocağı ilə bağlı verilən bir qərar əsasında paytaxt həyatı ilə vidalaşmalı olur. 1932-ci il dekabrın 28-də Bakı Türk Işçi Teatrının Gəncə şəhərinə köçürülməsi ilə bağlı qərar verildi. Bu, dövlət idarələrində önəmli vəzifələr tutan qarışıq millətlərin bir fitnəkarlığı idi. Əslində, o dövrdə Gəncədə yerli gənclərin və maarifçi ziyalıların təmsil olunduğu güclü teatr truppası vardı və onların qüvvəsi ilə şəhərdə Dövlət teatrı yaratmaq mümkün idi. Amma bir müəmmalı qərar nəticəsində 4 yanvar 1933-cü ildə İşçi Teatrının bütün kollektivi Gəncəyə köçməli oldu. Bu məcburi “sürgün”dən sonra truppanın ədəbi hissə müdiri Süleyman Rüstəm, rejissoru Abbasmirzə Şərifzadə, qabaqcıl aktyorları Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Fatma Qədri və başqaları Bakıya qayıtdılar.

Bu “monolit” yaradıcı qrupdan ayrı düşən, teatrı ilə birgə qalmağa üstünlük verən yeganə şəxs İsmayıl Talıblı idi. O, Gəncə səhnəsində də yeni tərəf-müqabilləri ilə bir-birindən gözəl və yetkin obrazlar yaratdı. Bu obrazlar sadalandıqda, göz önünə böyük bir siyahı gəlir. Həmin siyahıda aktyorun həyat verdiyi Hacı Səməd ağa (“Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev), Corc Danden (“Corc Danden”, Jan Batist Molyer), Şeyx Nəsrulla (“Ölülər”, Cəlil Məmmədquluzadə), Yaqo (“Otello”, Vilyam Şekspir), Səttarxan (“Dumanlı Təbriz”, Məmməd Səid Ordubadi), Əbdüləli bəy, Aqşin, Hacı Əhməd, Rəhim xan, İmamyar, Balaxan (“Sevil”, “Od gəlini”, “Almaz”, “Nəsrəddin şah”, “Yaşar” və “Aydın”, Cəfər Cabbarlı), Bələdiyyə rəisi (“Müfəttiş”, Nikolay Qoqol), Mirzə Fətəli Axundzadə), Aslan kişi (“Böyük ürək”, İmran Qasımov və Həsən Seyidbəyli), Rüstəm (“Səyavuş”, Hüseyn Cavid), Cəmilzadə (“Kişilər”, Altay Məmmədov), Alxan (“Bahar suları”, İlyas Əfəndiyev), Qriqori Stepanoviç (“Sabahın xeyir”, Viktor Rozov), Riçard Sterlinq (“Sarı Əlcək”, Əfqan), Cahangir bəy (“Nəriman ata”, Atif Zeynallı) və onlarla belə maraqlı obrazlar var.(Vikipedia)

 

Son nəfəsinədək səhnədə...

 

Peşəkar aktyor ömrünün sonunadək köçdüyü şəhərdə qaldı və Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyorluq sənətindən ayrılmadı. Bakı mühitindəki ən parlaq teatr simaları ilə birgə yaradıcılıq fəaliyyəti sayəsində teatr sənətinin sirlərinə yiyələnən Talıblı bu təcrübəsini yeni teatrda da uğurla paylaşdı. Unudulmaz aktyorun sonrakı bütün yaradıcılıq fəaliyyəti bu teatrla bağlıdır. O, 1942-1943-cü illərdə bu teatrın direktoru da olub. Gerçək bir teatr vurğunu olan Talıblı son rolunu da burada-doğma səhnəsində oynayıb. O zaman A.Zeynallının “Nəriman ata” pyesini rejissor Tofiq Kazımov tamaşaya hazırlamışdı. Bu tamaşanın premyerası 4 fevral 1967-ci ildə oldu. Bu tamaşadakı Cahangir bəy rolunda İsmayıl Talıblı son dəfə səhnəyə çıxdı. Aktyor xəstəliyi ilə əlaqədar may ayından sonra daha səhnəyə çıxa bilmədi...

Görkəmli aktyor teatrla bərabər, kinoda da bir sıra maraqlı obrazlar yaradıb. Onun kinoda yaratdığı uğurlu obrazlarından biri də “Onu bağışlamaq olarmı?” filmindəki Mirzə Veysəl roludur. İsmayıl Talıblı eyni zamanda Gəncə alimlər evində dram dərnəyinin və sonralar xalq teatrının bədii rəhbəri kimi göstərdiyi fəaliyyəti ilə də xatırlanır. Böyük sənətkar burada bir çox gənc teatr həvəskarının yetişməsinə dəstək vermiş və onları professional səhnəyə hazırlamışdır.

İsmayıl Talıblı Azərbaycan Respublikasının əməkdar artisti (4 dekabr 1938) və Xalq artisti (23 fevral 1940) fəxri adları ilə təltif olunub.

Aktyor 23 iyul 1967-ci ildə Gəncə şəhərində dünyasını dəyişib və oradakı qədim Səvzəkar (Sərdabəli) qəbiristanlığında dəfn edilib.

 

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 17 yanvar.- S.14.