Uzaq ellərə səyahətdə
keçən ömür
Böyük
Azərbaycan səyyahı və alimi
Tarix
boyu böyük Türk alimləri dünya elminə gözəl
töhfələr vermişlər. Bir zamanlar
yaşadıqları böyük ərazilərdə
yazıb-yaradan türk xalqları ədəbiyyatla bərabər,
həndəsə, kimya, riyaziyyat, geologiya, astronomiya,
coğrafiya və başqa elm sahələrində də
görkəmli şəxslər yetişdirmişlər. Bu
alimlər sırasında dünyaca məşhur bir çox
ensiklopedik biliyə malik səyyah və
coğrafiyaçılar da var. Onlardan biri də 17-18-ci əsrlərdə
yaşamış görkəmli səyyah və
coğrafiyaçı, tarixçi və şair Hacı
Zeynalabdin Şirvani olmuşdur.
Az qala dünyanı
qarış-qarış dolaşan səyyah uzaq diyarlara etdiyi
səyahətlər nəticəsində bir çox əsərlər
yazmışdır ki, onlardan müəllifə böyük
şöhrət gətirən üç kitab aşağıdakılardır:
“Riyazüs-səyahət” (“Səyahət
bağçaları”, 1822), “Hədaiqüs-səyahət” (“Səyahət
bağları”, 1827) və “Bustanus-səyahət” (“Səyahət
gülzarı”, 1833). Alim bu kitabları illər boyu min kilometrlərlə
məsafələr keçib getdiyi ayrı-ayrı ölkələrdə,
çöllərdə, dənizlərdə qələmə
aldığı qeydləri, əlyazmaları əsasında
hazırlayıb. Bu qaynaqlar hardasa beş yüzdən artıq
əlyazmanı əhatə edirdi. Böyük elmi mənbə
olan bu əsərlər müxtəlif ölkələrin
coğrafiyası, tarixi, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı
və görkəmli ictimai xadimləri haqqında zəngin
materiallar əksini tapmışdı.
Hacı Zeynalabdin Şirvani 1780-ci ildə
Şamaxı şəhərində anadan olmuşdur.
Zeynalabdinin beş yaşı tamam olanda atası axund İskəndər
ailəsi ilə birgə Bağdad
yaxınlığındakı Kərbəla şəhərinə
köçür. O burada mədrəsədə dərs deməyə
başlayır. Kiçik Zeynalabdin də ilk təhsilini bu mədrəsədə
alır. Sonra təhsilini başa vurmaq üçün o,
1796-cı ildə Bağdad şəhərinə gedir. Gələcəyin
məşhur alimi Bağdadda fəlsəfə, tibb, astronomiya
və riyaziyyat elmlərini, o cümlədən başqa dilləri
öyrənməklə məşğul olur.
Düşdüyü mühit və öyrənmək
üçün üzünə açıq olan Bağdad
kitabxanalarındakı mənbələr onun
dünyagörüşünü tamam dəyişir. O burada
çoxlu səyahətnamələr oxuyur və bütün
Şərq dünyasından bura axışıb gələnlərin
söhbətlərindən çox şeylər öyrənir.
Tanınmış alimlərin, müqəddəs şəhəri
ziyarətə gələn zəvvarların söhbətləri
onu uzaq sərhədlərə alıb götürür.
Artıq çox uzaq ölkələrə səyahət etmək
və gördüklərini qələmə almaq onun fikrini məşğul
edən yeganə məsələ idi. Bu götür-qoy və
qəti qərar nəticəsində Zeynalabdinin dünya səyahəti
başlayır...
Hər
kəs onu öz sarayında görmək istəyirdi...
Bu səyahətlər boyu
yazdığı əsrlərlə məşhurlaşan səyyah
qonaqladığı bir çox ölkələrdə
yüksək səviyyədə qarşılanmış və
saraya dəvət olunmuşdur. Onu öz sarayındakı alimlər
sırasında görmək istəyən hökmdarlar
siyahısında Misir hakimi Ibrahim bəy,
Iran şahı Fətəli şah Qacar, Türkiyə
sultanı Sultan Mahmud da vardı. Səyahət etdiyi ölkələrdə
saray alimlərinin söhbət və müzakirələrində
həvəslə iştirak etsə də, o, həmin ölkələrdə
daimi yaşamaq dəvətlərin geri çevirmişdir. O,
bu təklifi verənlərə nəzakətlə
bildirmişdir ki, səyyahlıq onun ən çox cəlb edən
və maraqlandıran yoldur, ona görə də saray həyatına
uyğunlaşması mümkün ola bilməz.
Mənbələrin yazdığına
görə, Hindistan vilayətlərindən birində
görünməmiş bir qonaqpərvərliklə
qarşılanan Şirvani bunun səbəbini soruşan zaman
vilayətin hakimi cavab vermişdi: “Mən sizə layiq
olduğunuz hörmətin yalnız yüzdə birini göstərə
bilmişəm. Siz səkkiz səbəbdən hörmətə
layiqsiniz: birincisi, siz insanpərvərsiniz, insanlarsa bir-birinə
hörmət etməlidirlər, ikincisi, siz buraya bizim ölkəmizin
qonağı olaraq gəlibsiniz, qonağa hörmət edərlər,
üçüncüsü, siz alimsiniz, alimə hörmət
bir borcdur, dördüncüsü, siz müdrik və çox
bilən bir adamsınız, acizlərə, kasıblara kömək
edirsiniz, belə adamlarsa hər cür hörmətə-izzətə
layiqdirlər... Bax, bütün bunlara görə mən sizi qəlbən
sevir və sizə hörmət bəsləyirəm”(Vikipedia).
Zeynalabdin Şirvaninin
yaradıcılığı bir çox Azərbaycan, İran,
rus və Avropa tədqiqatçıları tərəfindən
araşdırılıb. Belə məşhur tədqiqatçılara
Məmmədəli Tərbiyətin, Abbasqulu ağa
Bakıxanovun, Əskər Həmid Rəbbaninin, B.A.Dornun,
N.V.Xanıkovun, E.Braunun, S.Stornun, E.Bloşenin və
başqalarının adlarını çəkmək olar. Məşhur
səyyahın həyat və
yaradıcılığını yorulmadan öyrənən
və tədqiq edən Azərbaycan alimi Nurəddin Kərəmovun
bu sahədə xüsusi xidməti var. O, Şirvaninin
keçdiyi həyat yolu və səyahət coğrafiyası
ilə bağlı yazırdı: “Bu yol 60 min kilometr
uzanmış və 40 il davam etmişdir. Bu yol Kiçik
Asiyadan, İran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi
Afrika səhralarından, Sudanın meşə və cənkəlliklərindən,
Hindistanın tropik meşələrindən, Hind okeanı
adalarından keçib. O, Hindquş, Zaqros, Süleyman
dağlarından, Pamirdən adlamışdır. Bu yol Asiya və
Afrikanın bir çox digər vilayətlərindən
uzanmışdır.
Həcc
ziyarətinə doğru son yolçuluğa...
Zeynalabdin Şirvani öz əsərlərində
uzun səyahət coğrafiyasını ayrı-ayrı hissələr
şəklində təqdim etmir. Bunu sadəcə onun
araşdırıcısı N.Kərəmov dəqiqlik
üçün üç istiqamətə ayırır. O,
alimin birinci səyahət marşrutunu belə göstərir:
“Bağdad, İraqi-Əcəm, Gilan, Şirvan, Muğan,
Talış, Cənubi Azərbaycan, Xorasan, Herat, Zabul, Pəncab,
Hind adaları, Dəkən, Benqal, Qucarat, Hind okeanındakı
adalardan Sind və Multandan keçən səyyah dağ
yolları ilə Kəşmirə, Müzəffərabada
çatmış, sonra Kabul yolu ilə Tatarıstana, oradan
Turana və Bədəxşan dağları ilə Xorasana, nəhayət,
”İran yolu" ilə Farsa gəlmişdir".
Bu səyahətdən sonra bir az fasilə
verən alim ikinci marşrut boyunca yola çıxır. Bu dəfə
onun yolu Şirazdan (Fars) başlayır, oradan Daraba, sonra Bəndər
Abbas limanından Hörmüz yolu ilə Hədramaut və Yəmənə,
sonra Həbəşistan və Sudana, buradan Ərəbistan
yarımadasında olan Ciddəyə, oradan da Hicaz, Mədinə
və Məkkəyə uzanır. Daha sonra da səyyah dəniz
yolu ilə “Səidlər ölkəsinə” (əs-Səidə
-Nil çayı sahillərinə) gedir, Misirdən Yaxın
Şərqə “Şam-Rum”a (Anadoluya), Diyarbəkirə,
Qaraman və Aydına gedir.
Zeynalabdin Şirvaninin Atlantik okeanına
və geriyə üçüncü səyahət istiqaməti
Bəhre-Əhzər adalarından (“Yaşıl dəniz” -
şərq coğrafiyaçıları Atlantik
okeanını belə adlandırırdılar)
başlayıb, Rumeli (o vaxt Osmanlı imperiyasının Avropa
hissəsi), Anadolu, Azərbaycan, Tehran, Həmədan,
İsfahan, Kirman, Şiraz, Bağdada doğru uzanır.
Zeynalabdin həm də maraqlı
şeirlər müəllifidir. O, bu şeirlərində Təmkin
təxəllüsünü istifadə edib. Onun
ayrı-ayrı səyahətnamələrində qeydə
alınan şeirlərinin əlyazması Tehran mərkəzi
kitabxanasında saxlanan “Divan”ında toplanmışdır.
Görkəmli alimin başqa əsərlərinin əlyazmaları
Britaniya Muzeyində, Paris Milli Kitabxanasında, Sankt-Peterburqda və
Iranda saxlanır.
Zeynalabdin Şirvani ömrünün son
illərini ailəsi ilə Şirazda keçirib. O buradan son
yolçuluğuna - son səyahətinə yollanıb. 1838-ci
ildə xanımı ilə birlikdə
çıxdığı bu yolçuluq - Həcc ziyarəti
zamanı Şirvani yolda xəstələnmiş və Middə
şəhəri yaxınlığında vəfat
etmişdir. Görkəmli səyyah və alim
dünyasını dəyişdiyi həmin şəhərdə
də dəfn olunub.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.-
2013.- 18 yanvar.- S.14.