Qarabağlı el sənətçisi Aşıq Abbasqulu

 

Aşıq Ələsgərdən alınan «tərifnamə»

 

Aşıq sənəti xalq musiqisinin ən qədim tarixə malik olan sahələrindən və əsas qaynaqlarından biridir. Azərbaycan aşıq sənəti tarixində Tufarqanlı Abbas, Qurbani, Xəstə Qasım, Aşıq Valeh, Pəri, Aşıq Ələsgər, Nəcəfqulu və Abbasqulu kimi ustad aşıqların adları böyük hörmətlə çəkilir. Aşıq Abbasqulu aşıq sənətinin və Azərbaycan milli musiqisinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biridir.

 

Aşıq Abbasqulu təxminən 1850-ci ildə Qarabağın səfalı guşələrindən olan Gülablı kəndində anadan olmuşdur. O, məşhur el sənətkarı aşıq Valehin nəvəsidir. Aşıq Abbasqulu Aşıq Ələsgər kimi heç bir təhsili olmasa da, çox gəzmiş, məclislərdə, el şənliklərində olmuş, aşıqların çalıb-çağırmasını dinləmiş, mahnılarını öyrənmişdir. Həmin dövrdə Qarabağ məclislərində, xüsusilə kənd toy-düyünlərində Gülablı aşıqları iştirak edərdilər. Abbasqulunun da uşaqlıqdan aşıqlığa meyli vardı və bunu nəzərə alan atası onu məşhur neyçalan aşıq Nəcəfqulunun dəstəsinə qoşur. O, əvvəlcə Nəcəfqulunun dəstəsində qoşanağara çalır, sonra bir müddət dəmkeşlik edir. Lakin Abbasqulunun arzusu saz çalmaq, el aşığı olmaq idi. Buna görə də o, tezliklə saz çalmağı, oxuyub-yazmağı öyrənir. Aşıq Həsənin dəstəsinə qoşulur. İstedadlı gəncin son dərəcə zil səsi, xalq ədəbiyyatını dərindən bilməsi tezliklə ona şöhrət gətirir. O, Vaqif, Valeh, Zakir kimi sənətkarların müxəmməs, gəraylı və qoşmalarını məlahətlə oxuyar, bədahətən şeir söylər və qoşmalar qoşarmış.

Ustad aşıq Ələsgərlə görüş Aşıq Abbasqulunun həyatında ilk unudulmaz hadisə olmuşdur. Aşıq Ələsgər öz dəstəsi ilə Gülablı kəndinə toy şənliyində olarkən Aşıq Abbasqulu onunla görüşmüşdür.

Gülablı kəndinin qoca sakinləri və aşıqları söyləyirdilər ki, Aşıq Ələsgər Gülablıda olarkən həmin toy axşamı Qarabağa həsr etdiyi “Qarqar” rədifli təcnisini oxumuşdur:

 

Var olsun Qarabağ, əcəb səfadı,

Başa Xaçın axar, ayağa - Qarqar.

Göyçə qar əlindən zara gəlibdir,

Muğan həsrət çəkər: a yağa, qar, qar...

 

Aşıq Ələsgər üç gün-üç gecə həmin toyda çalıb oxumuş, məclisin dördüncü günü isə yerli aşıqları dinləmişdir. Qocaman aşıqlar və kəndin mötəbər ağsaqqalları Aşıq Ələsgərdən aşıqlıq sənətinə təzəcə qədəm atmış Abbasqulunu dinləməyi xahiş etmişdilər. Məclisə çağırılan Abbasqulu böyük saz və söz ustasının qabağında özünü itirmişdi. Aşıq Ələsgərin istəyi ilə Abbasqulu Valehin “Vücudnamə”sini oxuyur və onun məlahətli səsi, aydın və səlis tələffüzü, gözəl saz çalması ustadın xoşuna gəlir. Abbasqulu öz qoşmalarından bir-ikisini də məharətlə oxuyur.

Abbasquludan sonra məşhur Aşıq Nəcəfqulu meydana gəlir, onun yastı balabanda mahir ifası Aşıq Ələsgəri daha da məftun edir. Aşıq Ələsgər üzünü məclis əhlinə tutub deyir ki, “Gülablı camaatı! Siz xoşbəxtsiniz. Ona görə ki, mərhum Valehin yurdu boş qalmayıb. Bu gün doğrudan da Abbasqulunun gözəl oxuması, Nəcəfqulunun əvəzsiz çalğısı məni məftun etdi. Bunların qədrini bilin”.

 

Böyük sənətçilərlə bir sırada

 

Abbasqulunun məclisdə oxuması və ustad Ələsgərin ona yüksək qiymət verməsi xəbəri bütün Qarabağa yayılır. Aşıq Abbasqulunun şöhrəti hər yana yayılır. O, bir müddət böyük tarzən Sadıqcanın ansamblında çalışır. Sadıqcan Abbasqulunun musiqi qabiliyyətini nəzərə alıb ona muğamların sirlərini öyrədir və özü ilə dəvət olunduğu məclislərə aparır.

XIX əsrin ikinci yarısında Sadıqcanın ansamblı bütün Qafqazda məşhur idi. Abbasqulu ansamblın tərkibində Zaqafqaziyanın iri şəhərlərini gəzir, hətta Sadıqcanın Tiflis şəhərində dəfələrlə verdiyi konsert və müsamirələrdə yaxından iştirak edir. Sadıqcanın vasitəsilə Abbasqulu o dövrün Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Cabbar Qaryağdı oğlu, Dəli İsmayıl bəy, Şahsənəm oğlu Yusif kimi böyük sənətkarları ilə tanış olur. Hətta Sadıqcan ilə birlikdə dəfələrlə Xan qızı Xurşidbanu Bəyim Natəvanın sarayında qurulan məclislərdə çalıb-oxuyur. Xan qızı Aşıq Abbasqulunu “Məclisi-üns” ədəbi məclisinin yığıncağında iştirak etməyə dəvət edir.

Şuşanın musiqi həyatı, Xan qızının ədəbi məclisi və burada görkəmli sənətkarlarla durub-oturması Abbasqulunun, kamil bir aşıq kimi formalaşmasında həlledici rol oynamışdı.

Sadıqcanın ansamblında iştirakı Abbasqulunu bir muğam ifaçısı kimi də tanıtmışdı.

Aşıq Abbasqulu “Baş müxəmməs”, “Keşişoğlu”, “Misri”, “Qəhrəmanı”, “İrəvan çuxuru”, “Koroğlu” havalarında oxuyarkən o qədər gözəl, ardıcıl zəngulələr vurardı ki, hamını heyran edərdi.

Aşıq Abbasqulu Sadıqcanın tar çalmağından ilhama gələrək tədricən tar çalmağı da öyrənir, hətta bəzi məclislərdə muğam oxuyanda saz ilə yox, tarın müşayiəti ilə özü çalıb, özü oxuyardı. Abbasqulu həm də oynamaqda mahir idi. Aşıq sənətinə dərindən bələd olan və aşıq havalarını gözəl oxuyan məşhur müğənni Seyid Şuşinski öz xatirələrində qeyd edirdi ki, “Rəqs etməkdə son dərəcə usta olan gürcü və ləzgilər Abbasqulunun oyununa, xüsusilə onun sırf milli ruhda oynadığı ”Tərəkəmə" və “Qafqaz qaytağısı”na tamaşa edəndə dəli olardılar. Buna görə də Aşıq Abbasqulu Tiflisə gəlib konsertlər verəndə bilet üstündə qırğın düşərdi...".

 

Gözəl səsin böyük şöhrəti

 

1901-ci ilin yayında Şuşada yazıçı Əbdürrəhim bəy Haqverdiyevin təşkil etdiyi ilk “Şərq konserti”ndə sənət dostu Nəcəfqulu ilə birlikdə çıxış edən Abbasqulu böyük müvəffəqiyyət qazanmış, Bakıda verilən konsertlərdə də yaxından iştirak etmişdi.

1902-ci ilin yanvar ayında Bakıda təşkil edilmiş ilk “Şərq konserti”nə məşhur xanəndə və çalğıçılarla birlikdə Gülablı aşıqları da dəvət olunmuşdu və həmin konsertdə də Aşıq Abbasqulunun ifası tamaşaçıları valeh etmişdi. Aşıq Abbasqulu dəfələrlə Bakıda “Nicat” cəmiyyətinin keçirdiyi “Şərq gecələri” adlı musiqili-ədəbi gecələrə də dəvət olunmuşdu. Bakı tamaşaçıları onun çıxışlarına sonsuz maraq göstərirdilər. Şərq gecələrinin afişa və proqramlarında təkcə Aşıq Abbasqulunun adının yazılması teatr kassaları qabağında böyük izdihama səbəb olardı. Onun konsertlərinə bilet tapmaq müşkül idi.

Aşıq Abbasqulu həm saz ustası olmaqla yanaşı, həm də söz ustası idi. O, çoxlu nağıl və dastan bilirdi. Sənətkar ömrünün 50 ilini Azərbaycan milli mədəniyyətinin inkişafına həsr etmişdi. N.B.Vəzirov, Ə.Haqverdiyev, H.Ərəblinski, Ü.Hacıbəyov, S.Qaryağdı oğlu, Sadıqcan, B.Bədəlbəyov və b. xadimlər Aşıq Abbasqulunun yaxın dostu və məsləkdaşları idilər. Böyük yazıçı Cəlil Məmmədquluzadə Aşıq Abbasqulunun yaxın dostu və pərəstişkarı olub.

1914-cü ildə bütün Qafqazda bir xalq aşığı kimi ad-san çıxarmış Aşıq Abbasqulu Almaniyanın “Sport-Rekord” şirkəti tərəfindən bir çox xanəndə və musiqiçilərlə birlikdə Tiflis şəhərinə dəvət olunaraq səsini qrammafon valına yazdırmışdır. Tiflisdə Aşıq Abbasqulu öz dəstəsi ilə birlikdə qrammafon valları üçün bir çox qədim-aşıq mahnıları oxumuşdur. Bunlardan “İkisi bir boyda”, “Sürmən”, “Neylərsən”, “Dünya əhvalatı”, “Vücudnamə”, “Şərili”, “Üç telli durna”, “Şikəstə”, “Tello” və s. göstərmək olar.

Aşıq Abbasqulunun 1931-ci ilin yazında Bakıda verdiyi konsert də böyük marağa səbəb olmuşdu. Onun incə səsinə, mahir çalğısına qulaq asmaq, son dərəcə çevik və ritmik rəqsinə tamaşa etmək üçün konsertə Cabbar Qaryağdı oğlu, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Keçəçi oğlu Məhəmməd, Zülfüqar Hacıbəyov, Qurban Pirimov, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Mirzə Cəlil, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli və başqaları da gəlmişdilər.

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan el sənətkarı Aşıq Abbasqulu 1932-ci ildə 80 yaşında dünyasını dəyişib və Gülablıda dəfn olunub.

 

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 19 yanvar.- S.14.