“Türkün dilitək
sevgili, istəkli dil olmaz...”
Azərbaycanın böyük dilçi alimi
Azərbaycan dilçilik elminin görkəmli simaları sırasında
bir çox alimlərimizlə bərabər,
Əbdüləzəl Dəmirçizadənin
adı da qızıl hərflərlə
keçir. O, bu sahənin yorulmaz tədqiqatçısı, bilicisi
və alimi olmuşdur. Onun elmi əsaslara söykənən araşdırmaları
ədəbi dilimizin gerçək tarixinin aşkara çıxarılmasında
qiymətli bir xəzinədir. Bu araşdırmalar,
eyni zamanda bütün türk xalqları, türkologiya elmi üçün dəyərli mənbə
sayıla bilər.
Böyük alim öz
əsərlərində dilimizin
tarixini xalqımızın
tarixi ilə vəhdətdə öyrənməklə,
elm aləminə mükəmməl
tədqiqat nümunələri
təqdim etmişdir. Onun dərin biliyi və zəngin təcrübəsi
dil tariximiz haqqında uydurma iddiaları məharətlə
iflasa uğratmağa imkan vermişdir.
Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə
1909-cu ildə Şəkidə
anadan olmuşdur. İbtidai və orta təhsilini Şəkidə alan Dəmirçizadə əvvəlcə
“Həqiqətül-maarif” adlanan
yeni tipli məktəbdə, sonra isə “Şəki nümunə zəhmət”
məktəbində oxumuşdur.
O, Şəki Müəllimlər
Seminariyasını bitirdikdən
sonra 1925-ci ilin sentyabrından 2 saylı şəhər məktəbində
müəllim işləməyə
başlamışdır. Gənc
müəllimin ilk məqaləsi
bu dövrdə “Yeni Məktəb” məcmuəsində çıxmışdır.
Gəncliyində bədii
yaradıcılığa həvəs
göstərərək, şeirlər,
hekayələr və
oçerklər yazan Dəmirçizadəni elmi
iş daha çox maraqlandırmışdır.
Buna görə də
o, fəaliyyətini elmi
araşdırmalara həsr
etməyi daha üstün tutmuşdur.
Beləliklə, Əbdüləzəl
Dəmirçizadə 1929-cu ildə Bakı şəhərinə gələrək,
ADU-nun pedaqoji fakültəsinə
daxil olur. O burada B.Çobanzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli,
A.Şaiq kimi görkəmli alim və yazıçılardan
dərs almışdır.
Böyük alim sonralar
yazırdı: “...Mən
professor Bəkir Çobanzadə,
Əbdürrəhim bəy
Haqverdiyev, Yusif Vəzir, Abdulla Şaiq kimi görkəmli şəxslərin tələbəsi
olmuşam, ədəbiyyat,
incəsənət və
elm sahəsində bir
sıra məşhur şəxsiyyətlərlə - Səməd Vurğun, Süleyman Rüstəm, Əbülhəsən, Sabit
Rəhman, akademik Həmid Araslı, professor
Cəfər Xəndan,
xalq rəssamı S.Salamzadə və başqaları ilə sinif yoldaşı olaraq təhsil almışam... Dilçilik
sahəsində əsl
tədqiqat aparmaq zərgərlikdir”.
Böyük tədqiqatlar arxasınca
Ali təhsilini bitirən Dəmirçizadə Şəkiyə
qayıdıb müəllimlik
fəaliyyəti ilə
məşğul olur.
Sonralar 1933-cü ildə
yenidən Bakıya gəlib, APİ-nin “Dillər” kafedrasının
aspiranturasına daxil olur. Gənc alimin “Türk dili” adlı ilk kitabı 1936-cı ildə,
“Azərbaycan ədəbi
dili tarixinin xülasələri” adlı
ikinci kitabı isə 1938-ci ildə işıq üzü görmüşdür. Bu dövrün
görkəmli alimləri
Y.E.Bertels, S.E.Malov və İ.K.Dmitriyev ikinci kitabın namizədlik dissertasiyası
kimi müdafiəyə
layiq olduğu barədə rəy vermişlər. Artıq
1940-cı ildə, 31 yaşında
Ə.Dəmirçizadə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Bu dövrdə dilçilik tarixi sahəsində elmi araşdırmalarını
davam etdirən alim 1944-cü ildə “Azərbaycan dilinin tarixi (qədim dövr)” adlı mövzuda müdafiə etmiş, 1945-ci ildə
professor elmi adına layiq görülmüşdür.
Görkəmli alim
1940-cı ildən 1943-cü ilə qədər ADU-da, 1943-cü ildən ömrünün sonuna qədər isə APİ-də “Azərbaycan dilçiliyi” kafedralarına
rəhbərlik etmişdir.
Dilçilik tariximizin öyrənilməsində alimin
böyük xidmətlərindən
biri də “Kitabi-Dədə Qorqud” dastanlarının dili ilə bağlı apardığı tədqiqatdır.
Bu günədək bir
çox dünya alimləri tərəfindən
araşdırılaraq, haqqında
saysız-hesabsız tədqiqat
əsərləri yazılan
dastan Dəmirçizadənin
elmi baxış bucağından tam fərqli
şəkildə tədqiq
olunmuşdur. Ümumiyyətlə
isə, bu dastanların nə zaman yaradıldığı,
hansı xalqa mənsub olduğu kimi bəzi mübahisəli məsələləri
dil materialları əsasında sübuta yetirməyə cəhd göstərən olmamışdır.
Bu təşəbbüsü ilk dəfə professor Ə.Dəmirçizadə
göstərmiş və
həmin dastanların
dilini ətraflı şəkildə öyrənməklə
bir sıra maraqlı nəticələrə
gəlmişdir. Alim “Kitabi-Dədə Qorqud” dilindəki leksik, qrammatik və fonetik xüsusiyyətləri
müəyyənləşdirməklə
bu dastanların Azərbaycan dilinin ən qədim abidəsi olduğunu sübuta yetirmişdir.
Buna görə də,
məşhur türkoloq,
SSRİ EA-nın müxbir
üzvü olmuş
professor A.N.Kononov müəllifin
həmin əsərini
“Kitabi-Dədə Qorqud”
dastanlarının öyrənilməsində
“yeni bir mərhələ” adlandırmışdır.
Maraqlı səhnə əsərlərinin müəllifi
Dilçi alimin fəaliyyəti
dövründə 20-dən çox kitabı, 200-dən
artıq elmi və elmi- metodik
məqaləsi çap
olunmuşdur. Ə.Dəmirçizadənin
“Azərbaycan dilinin fonetikası” kitabı dilçiliyimizin qızıl
fonduna daxil olan əsərlər sırasında yer alır. O, bu dəyərli əsərin
ilk variantını 1947-ci ildə
yazdığı əsər
əsasında genişləndirərək
kitab halına salmış və zamanla üzərində işləyərək dərslik
kimi çap etmişdir. Alimin 1969-cu ildə çap etdirdiyi “Azərbaycan dili orfoepiyasının əsasları” kitabı da güclü tədqiqat əsərlərindən
biridir. Dəmirçizadə
bütün fəaliyyəti
müddətində Azərbaycan
dili lüğət tərkibinin sağlam yolla inkişafı, zənginləşməsi istiqamətində
öz səylərini
əsirgəməmişdir. Alim həm elmi
tədqiqatları, həm
də geniş auditoriyalardakı söhbətləri
ilə dilimizin təmizliyinin qorunmasına
çalışır, yersiz
işlədilən əcnəbi
sözlərə etiraz
edirdi. Tələbələrindən
bir çoxu qeyd edir ki,
onlara “həştad” sözünü tərgidib,
“səksən”ə keçməyi
müəllimləri Dəmirçizadə
vərdiş etdirib. Görkəmli alim elmi fəaliyyətində
həm tarixi leksikologiya, həm də müasir dilimizin lüğət tərkibinin tədqiqi məsələləri ilə
məşğul olmuşdur.
O, “Dilin lüğət
tərkibi haqqında...”(1952),
“Müasir Azərbaycan
dilinin əsas lüğət tərkibi
və qrammatik quruluşu” (1965), “Azərbaycan
dilinin üslubiyyatı”
(1962) adlı kitablarının
müəyyən bölmələrini
Azərbaycan dili lüğət tərkibinin
tədqiqinə həsr
etmişdir.
Alimin müasir Azərbaycan dili sintaktik quruluşunun müxtəlif sahələrinə
dair əsərləri
bir yerə yığılsa, böyük
bir kitab alınar: “Müasir Azərbaycan dilində sadə cümlələr”
(1950), “Qovuşuq cümlələr”
(1947), “Azərbaycan dilində
uzlaşma” (1950), “Mübtədanın
sualları haqqında”(1955),
“Mürəkkəb cümlələr”
(1-ci məqalə 1947, 2-ci məqalə
1948) və s. məqalələrinin
hər biri kiçik bir monoqrafiyanı andırır.
“Müasir Azərbaycan
dili (cümlə üzvləri)” (1947) kitabını
da bura əlavə
etsək, ümumi mənzərə tamamlanmış
olur.
Ə.Dəmirçizadə xalq folklorunun
daimi araşdırıcısı
idi və bədii əsərlərində
ondan məharətlə
istifadə edirdi. O, “Dədə Qorqud” dastanından yaradıcılıqla
istifadə edərək
1943-cü ildə eyniadlı
libretto yazmışdır. Bu maraqlı əsər Azərbaycan Dövlət Filarmoniyasında böyük
uğurla oynanmışdır.
Yaradıcılığının müəyyən dövrü
teatrla bağlı olan Dəmirçizadə
“Dədə Qorqud” librettosundan sonra 1945-ci ildə “Qaraca Çoban” pyesini yazmışdır. Pyes
1950-ci ilə qədər
Gənc Tamaşaçılar
Teatrının repertuarında
qalmışdır.
Azərbaycan dilçiliyi sahəsində yüksək
ixtisaslı elmi kadrların hazırlanmasında
da Dəmirçizadənin
böyük rolu olmuşdur. O, 50-dən çox
elmlər namizədi və doktoru hazırlamışdır. Ə.Dəmirçizadə
Azərbaycan EA-nın
müxbir üzvü,
filologiya elmləri doktoru, professor, Azərbaycan
SSR Əməkdar elm xadimi,
Azərbaycan SSR Dövlət
mükafatı laureatı
idi.
Görkəmli dilçi alim Ə.Dəmirçizadə
1979-cu ildə vəfat
etmişdir.
Bakının küçələrindən
biri onun adını daşıyır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 20-21 yanvar.- S.14.