Uzaq diyarlardan
gələn gözəl səslərimiz
Məşhur
«arşınmalçı» xanəndə
Azərbaycan
xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən
biri də Məcid Behbudovdur. Onun adı musiqi tariximizə
unudulmaz sənətkar olaraq həkk olunub. Uşaqlıqdan
gözəl və məlahətli səsi olan Məcid Behbudov
gənc yaşlarından xanəndəliyə başlayıb.
O, ilk vaxtlar xüsusi məclislərdə, sonralar isə toy
şənliklərində ara-sıra xanəndəlik edərək,
sonralar məşhurlaşıb.
Məcid
Behbudov hətta xanəndəlik sənətinə
başlamazdan əvvəl bir müddət şəbihlərdə
yer almış, Şuşada Yuxarı Gövhər ağa məscidində
nöhə oxumuş və minacat vermişdi.
Məcid
Behbudovun səsi yazılmış onlarca val ən məşhur
muzeylərdə, o cümlədən, Böyük
Britaniyanın məşhur Kral Kitabxanasında qorunub
saxlanılır. İyirminci əsrin əvvəllərində
İngiltərənin “Qrammafon-Rekords” şirkəti tərəfindən
buraxılmış qırxdan artıq valın içərisində
Məcid Behbudovun oxuduğu mahnılardan ibarət “Şuşa
təsnifi”nin də öz xüsusi yeri var. Bu vala
yazılmış mahnılardan biri də “Qalalıyam,
qalalı!” xalq mahnısıdır. Bu mahnı böyük sənətkarın
doğma yurdu olan Şuşaya böyük məhəbbətinin
ifadəsidir desək, yanılmarıq.
Məcid
Behbudalı oğlu Behbudov 18 aprel 1873-cü ildə
Şuşada anadan olub. Məcidin atası Behbudalı kişi
bir müddət Qarabağın Boyat kəndində Mirzalıbəy
Behbudovun malikanəsində təsərrüfat işlərində
çalışmışdır. Atasının vəfatından
sonra Məcid doğulduğu Şuşa şəhərinə
qayıtmış, burada varlı bir tacirin yanında
arşın malı satmaqla başsız qalmış ailələrini
dolandırmağa başlamışdır. Gənc Məcid
varlı xanımların malikanəsinə arşın
malı aparanda, şəhərin küçələrində
“Ay arşın malı alan” deyə “Segah” və “Bayatı”
üstündə oxuyar, xoş səsi ilə müştərilərin
diqqətini cəlb edərdi.
Günlərin
bir günü Məcid yenə də arşın malı
satmaq üçün şəhərin məhəllələrini
gəzib-dolaşarkən, böyük bir imarətin
qarşısında dayanır, bu evin sahibi övladının
toyuna hazırlıq görürmüş, ona görə də
evin xanımı onu içəri dəvət edir. Məcid
burada varlı zadəgan nəslindən olan bir qıza vurulur.
Həmin qız Məciddən 16 yaş kiçik idi və həmin
evə ailəsi ilə birlikdə toya gəlmişdi. Firuzə
xanım əslən Qazax qəzasının Salahlı kəndindən
- məşhur Vəkilovlar nəslindən olan rus ordusunun
polkovniki Abbasqulu bəy Vəkilovun qızı idi. O, Tiflisdə
Müqəddəs Nina Qızlar Gimnaziyasını bitirmiş,
rus və fransız dillərinə mükəmməl yiyələnmişdi.
Toyun səhəri günü Məcid sevdiyi qızı
götürüb, Şuşanı tərk edir və Tiflisə
üz tutur, burada azərbaycanlılar yaşayan Havlabar məhəlləsində
yerləşirlər.
Sevgi ilə gələn böyük
şöhrət
Məcid
Behbudov burda yaşayan musiqiçilərlə birlikdə toylara,
el şənliklərinə gedir, az bir vaxtda musiqisevərlər
arasında tanınaraq, böyük nüfuz və hörmət
qazanır. Görkəmli aktyor və xanəndə,
respublikanın əməkdar artisti Cəlil bəy Bağdadbəyov
öz xatirələrində yazır: “1906-1907-ci illərdə
Məcid rəsmi xanəndəliyə getdi. Tiflis şəhərində
yaşayırdı. Məcidin səsi zil səs idi. ”Segahi Mirzə
Hüseyn" və “Şüştər”i yaxşı
oxuyardı. Tiflisdə xalq arasında hörməti var idi. Məcid
savadlı olduğundan qəzəlləri düzgün
oxuyurdu. İrəvanda və xüsusilə, Naxçıvanda
geniş xalq arasında hörməti vardı...".
Məcid
Behbudov sənət dostları tarzən Məşədi Zeynal
Haqverdiyev və Rzabala ilə Tiflisdən tutmuş
Zaqafqaziyanın, demək olar ki, bütün şəhər və
kəndlərində toy məclislərində iştirak
edirdi. Artıq
1910-cu ildə o, Gürcüstanda məşhur xanəndələrdən
biri idi.
Riqa
şəhərindəki “Qrammofon” şirkəti Azərbaycan
musiqiçiləri ilə yanaşı xanəndə Məcid
Behbudovun də səsini vala yazmağa dəvət etmişdi.
Həmin illərdə o, səsini vala yazdırmaq
üçün dəfələrlə bir çox Avropa
ölkələrinə dəvət almışdı və
bu səfərlərdə xanəndəni rus və fransız
dillərini gözəl bilən həyat yoldaşı Firuzə
xanım müşayiət etmişdi.
Məcid
Behbudovun repertuarı çox geniş, həm də rəngarəng
idi. Onu təkcə Azərbaycan məclislərinə deyil, erməni,
xüsusilə gürcü məclislərinə tez-tez dəvət
edərdilər. Xanəndə erməni və gürcü dillərini
yaxşı bildiyindən çox vaxtı məclislərdə
gürcü və erməni mahnılarını qüsursuz
oxumağı hamını valeh edərdi. Məcid Behbudovun ən
çox oxuduğu yer Tiflisin “Dvoryanski klubu” idi.
M.Behbudov,
həmçinin, musiqili tamaşalarda da çıxış
etmişdir. Təbriz, İstanbul,
Sofiya şəhərlərində konsertlər vermişdir. Məcid
Behbudov həm də opera səhnəsində
çıxış edirdi. O, Azərbaycan bəstəkarlarının
yazdıqları, demək olar ki, bütün opera və
operettalarda iştirak etmişdir. Üzeyir Hacıbəyovun əsərlərində
onun oynadığı rollar, xüsusilə, yaddaqalandır.
Sənətkarın
ən qiymətli əsəri - Rəşid Behbudov Məcid
Behbudov istedadlı bir xanəndə kimi bir neçə dəfə
tarzən Məşədi Zeynal ilə İran məclislərinə də
dəvət olunmuşdur. Görkəmli musiqişünas
Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri”
kitabında yazır: “Xanəndənin oğlu Rəşid
Behbudov 1942-ci ilin yazında İranın
Xoy şəhərində qastrol səfərində olarkən
vilayətin adlı-sanlı əyanlarından Analı xan onu
evinə qonaq dəvət edir. Məclisdə Rəşidin məlahətli
səslə oxuması hamıdan çox xanın
arvadını heyrətə salır. Rəşid oxuyub
qurtarandan sonra xanın arvadı böyük bir
sandığı açıb uzun illərdən bəri
qoruyub saxladığı cavan bir oğlanın şəklini
və bir ədəd qrammafon valını Rəşidə
göstərir. Bu şəkil Məcidin şəkli idi...
Analı xanın arvadı Rəşidə deyir ki, mən
Naxçıvanda anam ilə bir məclisdə olanda Məcid
elə gözəl oxudu ki, anam onu İrana - Xoy şəhərinə,
mənim toyuma dəvət etdi. Toy şənliyindən sonra Məcid
şəkillə valı mənə yadigar verdi. Bu əhvalat
1912-ci ildə olmuşdu...”.
Sovet
hakimiyyəti illərində Məcid Behbudov Tiflisdə musiqi,
Firuzə xanım Vəkilova isə maarif sahəsində
çalışmışlar. Məcid Behbudov Tiflisin, eləcə
də Gürcüstanın azərbaycanlılar yaşayan
rayonlarının bütün teatr və konsert salonlarında
çıxış edir, əhali arasında xalq musiqimizi və
muğamlarımızı təbliğ edirdi.
Firuzə
xanım Vəkilovanın (1889-1933) həyatdan vaxtsız getməsi
Məcid Behbudova çox pis təsir edir və bu itkidən
özünə gələ bilmir. O, artıq Tiflisdə qala
bilmir və İrəvana
üz tutur, burada Ermənistan İncəsənət İşçiləri İttifaqının Şərq
orkestrində işə düzəlir. Lakin burada da qərar
tuta bilmir və Firuzə xanımın vətəni Qazağa
gəlir və burada mədəniyyət evində
çalışmağa başlayır.
Məcid
Behbudovun övladları da ata ilə gələn bu ailə ənənəsini
davam etdirmiş, milli mədəniyyətimizin
inkişafında mühüm rol oynamışlar. Müğənninin
oğlu, SSRİ xalq
artisti Rəşid Behbudov da öz bənzərsiz səsi ilə
dünyanı heyran qoymuşdur. İkinci oğlu - Ənvər
Behbudov Rusiyanın xalq artisti, görkəmli rejissor,
qızı Nəcibə Behbudova isə Azərbaycanın əməkdar
artisti olmuşdur. Məcid Behbudov ortancıl oğlu Rəşidin
dünya şöhrətli “Arşın mal alan” filmində
baş rola çəkilməsinə və onun gənclik
obrazını yaratmasına çox sevinirdi. Filmin çəkilişləri
başa çatmağa az qalmış çəkilişə
mane olmaq istəyən ermənilər Rəşidə
atasının guya ölümü ilə bağlı teleqram
vurur və Rəşid çəkilişi yarmçıq
qoyub, Qazağa gedir. Atasını sağ-salamat görüb
sevinir və yenidən çəkiliş meydanına
qayıdır. Rəşidlə görüşündən
az müddət sonra 1945-ci il sentyabrın 6-da Məcid Behbudov
dünyasını dəyişir və Şuşa uzaq
olduğundan onu Qazaxda torpağa tapşırırlar...
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 23 yanvar.- S.14.