Gəncədən
başlanan sənət yolu
Beriya adına qarşı
çıxdığı üçün 5 il həbs yatan sənətkar
Azərbaycan teatr sənətinin və
kinonun inkişafında əvəzsiz xidmətləri olan sənətkarlardan
biri də xalq artisti Muxtar Avşarov olub. Ömrünün 90
ilinin 65 ilini peşəkar səhnəyə həsr edən
Muxtar Avşarov teatrda və kinoda neçə-neçə
maraqlı obrazları, bir-birindən gözəl rolları ilə
yadda qalıb. O, oynadığı rolların böyük və
kiçikliyindən asılı olmayaraq hər bir obraza
peşəkarcasına yanaşıb və zəngin obrazlar
qalereyası yaratmağa müvəffəq olub.
Muxtar Həsən
oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan
şəhərində dünyaya gəlib. 1918-ci ildə ermənilərin
apardıqları soyqırımı siyasəti nəticəsində
qohum-qardaşlarını itirən yüzlərlə
soydaşlarımızdan biri kimi onların da sağ qalan ailə
üzvləri Türkiyəyə üz tutmuş və ara
sakitləşəndən bir müddət sonra Gəncə
şəhərinə pənah gətirmişlər.
1921-ci ildə
Muxtarın atası Həsən Avşar dünyasını dəyişir
və 6 yaşlı Muxtar babasının himayəsinə
keçir. Gəncədə doqquzillik dəmiryol məktəbini
bitirdikdən sonra babasının təşəbbüsü
ilə Bakıya gələrək dəmiryolçuların sənət
məktəbinə daxil olur. Sənət məktəbinin
qarşısında “Dəmiryolçular” klubu
yerləşirdi.
Hələ məktəbli
vaxtlarından incəsənətə, teatra
olan həvəs onu rahat buraxmır və boş
vaxtlarında Dəmiryolçuların Mədəniyyət
evində fəaliyyət göstərən Ağasəlim
Manaflının dram dərnəyində aktyor kimi səhnəyə
çıxmağa başlayır. Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb
rəhbərlik etməyə başlayır və ilk olaraq A.Şirvanzadənin
“Namus” pyesini tamaşaya qoyur. M.Avşarov ilk teatr təhsilini elə bu böyük sənətkardan
almışdır. Pyesdəki Sumbat rolu M.Avşarova
tapşırılır. O, bu rolun öhdəsindən layiqincə gəlir. Bundan sonra Ülvi
Rəcəblə Muxtar Avşarov
arasında xoş münasibət
yaradır.
1933-cü ildə Muxtar Avşarov sənət
məktəbini bitirərək Gəncəyə
qayıdır və dəmiryolunda çilingər işləməklə
bərabər, həm də dəmiryolçuların mədəniyyət
evində aktyor kimi fəaliyyətini
davam etdirir. Hətta Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların
hazırladıqları bir neçə tamaşada baş
rolların ifaçısı da olur. 1936-cı ildə Moskvaya
iki aylıq mədəni-maarif kursuna göndərilən Muxtar
Avşarov oranı bitirdikdən sonra Gəncə Mədəniyyət evində
kütləvi işçi vəzifəsində
işləməyə başlayır. Bir
müddətdən sonra onu
Gəncə Dövlət Dram Teatrına dəvət
edirlər. Həmin teatrın səhnəsində Muxtar Avşarov C. Məmmədquluzadənin “Ölülər”
əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə
çıxır. Daha sonra
S.Vurğunun “Vaqif”
pyesində Zülfüqar,
C.Cabbarlının “Nəsrəddin şah”,
“Yaşar”, “1905-ci ildə”, “Almaz” əsərləri ilə səhnəyə
çıxır.
Mehdi Məmmədovla birgə başlanan
uğur
Böyük
Vətən müharibəsi başlanandan üç gün
sonra M.Avşarov ictimai yerlərdə Gəncənin
adının dəyişdirilərək Kirovabad qoyulmasına
və Gəncə Teatrına Beriyanın adının verilməsinə
etiraz etməsi ittihamı ilə həbs olunmuş və 5 il həbsdə
yatmağa məcbur olmuşdur.
1945-ci ildə
Sovet İttifaqı tərkibində olan respublikaların
teatrlarının bütövlükdə rus klassiklərinin əsərlərini
öz repertuarlarına salmaları haqda sərəncam verilir.
Akademik Dram Teatrı və C.Cabbarlı adına Gəncə
Dövlət Dram Teatrı Qoqolun “Müfəttiş”
komediyası ilə Ümumittifaq müsabiqəsində
iştirak edirlər. Gəncədə həmin dövrdə
rejissor işləyən Mehdi Məmmədov M.Avşarovun
istedadını, həmçinin həbsdə olduğunu nəzərə
alıb onunla fərdi qaydada Xlestakov rolunun məşqlərinə
başlayır. Ümumittifaq müsabiqəsinin Moskvadan gələn
heyəti Azərbaycanda da ayrı-ayrı teatrlarda tamaşalara
baxdıqdan sonra Gəncəyə gələrək
tamaşanı qəbul edir və əsas rolun
ifaçısı M.Avşarovun aktyorluq məharətinə
yüksək qiymət verirlər.
Tamaşaçılar
tərəfindən sevildiyinə, neçə il həbsxanada
qalıb, ən nəhayət, bəraət aldığına
görə, onun şəhərdə nüfuzu daha da artır
və bu hal NKVD tərəfindən çox narahatlıqla
qarşılanır və o, işdən kənarlaşdırılır.
Lakin 1953-cü ildə Stalinin ölümü və ölkədə
yaranan böyük canlanma M.Avşarovun da həyatına təsir
edir və o, yenidən C.Cabbarlı adına Gəncə
Dövlət Dram Teatrına qayıdır. O zaman S.S.Axundovun
“Eşq və intiqam” əsərinin tamaşasında əsas
rollardan birini oynayan M.Avşarov Gəncə tamaşaçılarının
sevimlisinə çevrilir. Bu teatrdakı nailiyyətlərə
çıxışına görə o, 1960-cı ildə
Respublikanın əməkdar artisti fəxri adına layiq
görülür.
Muxtar
Avşarov C.Cabbarlı adına Gəncə Dram
Teatrının səhnəsində yüzdən artıq
tamaşada oynamışdı. 1968-ci ildə Gəncəyə
gələn Akademik Dram Teatrının bədii rəhbəri
və rejissoru Tofiq Kazımov Muxtar Avşarovu Azərbaycan
Dövlət Akademik Dram Teatrına dəvət etmişdir.
Böyük sənətə həsr
olunan ömür
Həmin
vaxt “Azərbaycanfilm” kinostudiyasının direktoru işləyən
Adil İsgəndərov M.Avşarovun filmlərə çəkilməsinə
kömək edir. Bu illərdə kinostudiyada İsmayıl
Şıxlının “Dəli Kür” filminin çəkilişləri
başlayır və M.Avşarova da həmin filmdə rol həvalə
edilir.
Bu
roldakı uğurlu ifasına görə az sonra ona “Atları
yəhərləyin” filmində İran kəndxudası rolu həvalə
edilir və bu rolda da M.Avşarov xarakterik bir aktyor oyunu göstərir.
M.Avşarov 1989-cu ildə Dram Teatrından azad edilir. 1992-ci ildə isə
Xalq artisti Amaliya Pənahovanın dəvəti ilə “Bakı Bələdiyyə
Teatrı”nda fəaliyyətə
başlayır və qocaman aktyor M.Avşarovu həmin teatra dəvət edir. Teatrda işlədiyi müddətdə
“Nadir şah” (N.Nərimanov),
“Dönüş” (C.Cabbarlı)
və bir çox tamaşalarda maraqlı, rəngarəng
obrazlar yaradır.
1996-cı ildə Mədəniyyət Fondu nəzdində “Sönməyən
ulduzlar” teatrı fəaliyyətə başlayır
və bu teatrda rejissor işləyən Məmədkamal
Kazımov M.Avşarovu
həmin teatra dəvət edir. “Solğun çiçəklər”
(C.Cabbarlı) pyesindəki
Əbdül əmi rolu ona həvalə
olunur. Hər kəsə qarşı
olduqca səmimi olan ağsaqqal-nurani insanın gözlərində
görmə qabiliyyəti
zəifləyir. Belə ağır
vaxtlarda yenə də onu yeni
rollara dəvət edirdilər. Görkəmli kinorejissor Vaqif Mustafayev onu çəkiliş meydançasına
dəvət edir, aktyor yalnız ayaq addımlarını saymaqla filmə çəkilir.
Sənətkarın böyük oğlu, tanınmış
rəssam Rza Avşarov atası haqqında öz xatirələrini belə dilə gətirir: “Təbiəti çox sevərdi. Ailədə sərt, ancaq
ədalətli və çox sadə idi. Şöhrətpərəst deyildi. Ailəsinə qarşı həddindən
artıq qayğıkeş
idi. Bunun nəticəsidir ki, övladlarının hamısı
ali təhsil
alıb və atamızda olan sadəlik, təvəzökarlıq
hər birimizə sirayət edib”.
2002-ci ilin dekabr ayında
Bakı Bələdiyyə
Teatrının 10 illik
yubileyi ilə əlaqədar olaraq Muxtar Avşarov Xalq artisti fəxri
adına layiq görülmüşdür.
Görkəmli sənətkar
2004-cü ilin dekabr ayında vəfat etmişdir. Amma onun oynadığı
əsərlər və
yaratdığı obrazlar
bu gün də tamaşaçılar
tərəfindən məmnuniyyətlə
baxılır və sevilir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 24 yanvar.- S.14.