İçərişəhərli
ustad tarzən
«Bundan ruhani
olmaz, apar qoy çalğıçı
olsun...»
Azərbaycan klassik musiqi
mədəniyyətinin formalaşmasında
xüsusi xidmətləri
olan sənətkarlar sırasında tarzən Mirzə Fərəcin də özünəməxsus
yeri var. Mirzə Rza oğlu Fərəc
1847-ci ildə Bakıda
anadan olmuşdur. Hələ kiçik yaşlarından
ata-anası dünyasını
dəyişdiyindən, dayısının
himayəsində böyümüşdür.
Mirzə Fərəcin
nəvəsi Ruqiyyə
Rzayeva “Mirzə Fərəc haqqında xatirələrim”də yazdıqları
onun bioqrafiyasına
tam aydınlıq gətirir:
“Babam Mirzə Fərəc 1847-ci ildə
mart ayının 15-də Bakıda,
İçərişəhərdə anadan olmuşdur. Onun atası Rza, anası Mülkcahan idi.
Onların
hər ikisi çox cavan vaxtlarında vəfat etmişlər.
Babamın ailəsi İçəri şəhərdə
(Qız qalasının yaxınlığında) öz bibisi
ilə bir küçədə yaşamışdır.
Çox mehriban olmuşlar. Sonralar onların
yaşadığı evlər İçərişəhərin
yenidən qurulması ilə əlaqədar olaraq
sökülmüşdür... Babamın ata-anası tez vəfat
edir, onların üç oğlu (böyük oğul - Nəsir,
ortancıl oğul - Fərəc, kiçik oğul Əsəd)
və bir də qızı (Ağabacı) yetim qalır.
Bayır şəhərdə yaşayan dayıları Xəlil
Qasımzadə yetim qalmış uşaqların İçərişəhərdəki
evlərini satıb onları öz evinə (indiki Zərgərpalan,
78) gətirir və öz himayəsinə alır.
Xəlil
dayı doqquz yaşlı Fərəci gələcəkdə
ruhani etmək məqsədilə məhəllə
mollaxanasına qoyur. Ancaq molla görür ki, bu uşaqdan
ruhani olmayacaq. Uşaqlar mollaxanada dərs keçdikləri
vaxt küçədən musiqi səsləri eşidilən
kimi Fərəc hər şeyi unudub tez pəncərəyə
qalxırdı. Mollanın dedikləri qulağına girməzdi.
Odur ki, Fərəcin bu “yaramaz” hərəkətlərindən
cana gələn molla onun dayısını
çağırıb: “Bundan ruhani olmaz, apar qoy
çalğıçı olsun”, demişdi. Görünür,
molla heç də səhv etməmişdi.
Babamın
ana tərəfi isə musiqiçi nəsli olmuşdur. Belə
ki, Azərbaycan SSR xalq artisti Əhməd Bakıxanovun
atası Məmmədrza bəy Bakıxanov babamın doğma
xalası oğludur. Xalası qızı Nazənin isə
toylarda qaval-nağara çalırmış. O, 9 yaşlı
Fərəcdə musiqiyə olan son dərəcə
böyük marağı görüb qadın toy məclislərinə
gedərkən onu da özü ilə aparıb qoşa
nağarada çalmağı öyrədir. Beləliklə,
Fərəc daxili tələbat nəticəsində arzusunda
olduğu musiqi dünyasının astanasına qədəm
qoyur..."
Tara 6-cı ağ
kök sim salan sənətkar
İlk dəfə bir tarzən kimi Mirzə Fərəc bakılı xanəndə Baladadaş ilə məclislərdə
çıxış etmişdir. Mirzə Fərəc həmçinin
Məşədi Məlik
Mənsurovun musiqi məclisinin fəal üzvlərindən biri olur və bu
məclisdə məşhur
Cənubi Azərbaycan
sənətkarlarından - tarzən
Şirazlı Əlinin,
tehranlı kaman ifaçısı Mirzə
Səttarın və Sadıqcanın çalğısını
dönə-dönə dinləyir.
Mirzə
Fərəc Bakıya
Şiraz şəhərindən
5 simli tarı ilə gəlmiş Əli Şirazidən tarda çalmağı öyrənir. Tara 6-cı ağ kök
simin salınması da Mirzə Fərəcə
məxsusdur. Mirzə Fərəc Şərq musiqisini dərindən öyrənmək məqsədilə
bir müddət İranda yaşayır, fars və
ərəb dillərini
öyrənir, ərəb,
yunan və fars alimlərinin musiqiyə dair əsərləri ilə yaxından tanış olur. Məhz buna görə
də Mirzə Fərəc müasirləri
içərisində məşhur
bir musiqişünas kimi də tanınır.
1904-cü
ildə Mirzə Fərəc xanəndə
Ağasəid oğlu
Ağabala ilə İranın Pəhləvi
(Ənzəli) şəhərində
toy məclisində iştirak
edirlər. Toy mərasimindən
sonra isə şəhər klubunda bir ay konsert verirlər. Rəşt
şəhərinin hökmdarı
onları öz sarayına dəvət edərək musiqi məclisi təşkil edir və məclisin
sonunda Mirzə Fərəcə qiymətli
tar hədiyyə edir.
Həmin tar hazırda
Azərbaycan Elmlər
Akademiyasının Tarix
Muzeyində saxlanılır.
Görkəmli musiqişünas Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında
yazır: “Mirzə Fərəc xanəndələrdən
Seyid Mirbabayev, Cabbar Qaryağdı oğlu və Davud Səfiyarov ilə bir neçə
il əməkdaşlıq
etmişdi. 1900-1905-ci illərdə Mirzə Fərəc kaman ifaçısı Məşədi
Qulu ilə birlikdə məşhur xanəndə Cabbar Qaryağdı oğlunu müşayiət etmişdi.
Şübhəsiz ki, Qaryağdı
oğlu kimi böyük muğam ustası ilə sənət dostluğu etmək Mirzə Fərəcə çox şey vermişdi. Məhz bu dövrdə Mirzə Fərəc nəinki Abşeronda, hətta bütün Azərbaycanda kamil tarzən kimi şöhrət tapmışdı.
Sonralar qoca yaşlarında keçdiyi
sənət yollarını
xatırlayan tarzən
xanəndəlik sənətindən
söz düşəndə
həmişə Cabbar
Qaryağdı oğlunu
tərifləyərək onu ”xanəndələrin
allahı" adlandırardı.
Mirzə Fərəc öz tələbələrinə
yaxşı sənətkar
olmağın sirlərindən
danışarkən deyərdi:
“Kamil tarzən olmaq üçün nadir
istedad, uzun və iti barmaqlar,
samballı biliyə malik olmaq kifayət
deyil. Bunlara malik olmaq hələ
o demək deyildir ki, yaxşı sənətkar ola
bilərsən. Muğamatı
yaxşı bilmək
üçün gərək
heç olmasa, 5-10 il ustad
xanəndə ilə çalıb-çağırasan. Mən sənət yollarında çox mahir xanəndələrə rast
gəlmişəm və
onlardan çox şey öyrənmişəm.
Lakin Qaryağdı oğlunda olan qüdrətli səsi, bülbül cəhcəhinə bənzər
zənguləni, təkrarolunmaz
ustalığı heç
kəsdə görməmişəm.
Cabbarı oxudanda bir tarzən, həm də bir dinləyici
kimi dincələrdim.
Mən muğamatın dərinliyini
və incəliyini yalnız Cabbarın sənətində görmüşəm.
Bax, buna görə də bir də demək
istəyirəm: Əgər
istəyirsinizsə ustad
tarzən olasınız,
Cabbar kimi hərtərəfli istedadı
olan xanəndə ilə durub-oturun. Onda çox şey qazanarsınız”.
Peşəkar musiqimizə böyük xidmət
Mirzə Fərəc 1905-ci ildən sonra Keçəçi oğlu
Məhəmmədin dəstəsində
çıxış edir.
O, Keçəçi oğlu
Məhəmmədi xalq
şənliklərində, konsert və “Şərq gecələri”ndə
müşayiət edir.
1907-ci ilin yanvar
ayında Bakıda ilk
“Şərq gecəsi”ndə
Mirzə Fərəc xanəndə Keçəçi
oğlu Məhəmmədi
müşayiət etmiş,
həm də “Humayun” muğamını məharətlə çaldığı
üçün dinləyiciləri
heyrətə gətirmişdi.
Mirzə Fərəc Cabbar Qaryağdı oğlundan və Keçəçi oğlu
Məhəmməddən başqa,
xanəndələrdən Seyid
Mirbabayevi, Davud Sofiyarovu, Zülfüqar Sarıyevi də bir neçə il müşayiət etmişdi.
Azərbaycanda Sovet hakimiyyəti
qurulduqdan sonra Mirzə Fərəc Şərq konservatoriyasında,
Ramana fəhlə klubunda, Bakı şəhər musiqi texnikumunda tar dərsi demiş, gənc tarzənlərin yetişməsində
əlindən gələni
etmişdir. Mənsur Mənsurov, Paşa Əliyev kimi bir sıra görkəmli
tarzənlər Mirzə
Fərəcin tələbələri
olmuşlar.
İstedadlı bəstəkar Ağabacı Rzayeva isə tarzən Mirzə Fərəcin nəvəsi idi.
Mirzə Fərəc Üzeyir Hacıbəylinin
rəhbərliyi ilə
1925-ci ildə muğam
tədrisi üzrə
ilk proqram hazırlanmasında
digər görkəmli
muğam ustadları ilə yanaşı iştirak etmiş, “Muğam komisyonu”nun üzvü olmuşdur.
Onun tərtib etdiyi muğam cədvəlləri o dövrün
muğam ifaçılığı
təcrübəsində mövcud
olan muğamlar, onların tərkibindəki
şöbə və
guşələr barədə
dolğun məlumat verir və müasir
musiqi elmi üçün mühüm
əhəmiyyətə malikdir.
Mirzə Fərəcin “Bənövşə” və
“Azərbaycan” oyun havaları hələ də ifa olunur,
xalq arasında yaşayır. Tara qadağalar
qoyulan dövrdə də onun səsi
tarzənin evində təşkil olunan məclislərdən kəsilmədi.
Mirzə Fərəc ömrünün 60 ilini musiqiyə həsr etmiş, tələbələrə
tar sənətinin sirlərini
öyrətmiş, Azərbaycan
musiqisinin təbliğində
böyük xidmətlər
göstərmişdir.
Mirzə Fərəc 1927-ci ildə 80 yaşında Bakıda vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2013.- 25 yanvar.- S.14.