“Öz dövrünün Əflatunu,
öz əsrinin Ərəstunu...”
«Sağlamlıq evləri»nin təşəbbüskarlarından
biri
Azərbaycan tibb elminin tarixi çox qədim
dövrə gedib çıxır. Hələ uzaq
keçmişdə bu coğrafiyada yaşayan insanlar şəfalı
bitkiləri, məhsulları və ərzaqları
yaxşı tanıyır, onlarla bir sıra xəstəlikləri
məharətlə müalicə edirdilər. Azərbaycan tibb
tarixində bir çox görkəmli şəxslər
yetişdirmişdir ki, həmin məşhur alimlərdən
Mahmud ibn İlyas Şirvaninin adı dünya elminə bəxş
etdiyi gözəl nailiyyətlərlə məlumdur.
XIII əsrdə
yaşamış böyük alimin fəaliyyəti Azərbaycan
təbabəti tarixində silinməz izlər qoyub. Belə
mühüm nailiyyətlərdən birinə
orta əsrlər Azərbaycanının
görkəmli tarixçi və
islahatçısı, həmçinin məşhur həkimi
Rəşid əd-Dinin təşəbbüsü və Mahmud Şirvaninin iştirakı
ilə müasir klinik
mərkəzlər anlamına gələn “Sağlamlıq evləri” -
“Dar-üş-şafa”ların yaradılmasını nümunə
göstərmək olar. O dövrdə Azərbaycanda
67 belə mərkəz vardı ki, mərkəzi
“Sağlamlıq evi” və onun
nəzdində yaranmış tibb məktəbi
Təbrizdə yerləşirdi. Burada bütün şərq alimlərini öz ətrafında toplamış böyük elmi mərkəz
fəaliyyət göstərirdi. Mərkəz
yaradıcısının adı ilə “Rəb-i Rəşidi”,
yaxud “Rəşidiyyə” adlanırdı.
Rəşid-əd-Din öz “Tarix” əsərində göstərir ki, burada Hindistandan,
Misirdən, Çindən, ərəb ölkələrindən
və başqa yerlərdən gəlmiş
bütün elm sahələrini
əhatə eləyən 500 alim və
pedaqoq çalışır və 6 min tələbə oxuyurdu.
Həmin tələbələrin təhsili, yeməyi,
yatmağı, hətta geyimləri də pulsuz
idi. Bütün xərclər
Rəşid-əd Dinin gəlirlərindən
ödənirdi. “Rəşidiyyə”də həmçinin məscidlər,
mədrəsələr, 60 min nüsxəyə
çatan kitabxana, rəsədxana,
xəstəxana, kağız istehsalı ilə məşğul
olan emalatxanalar və karvansaralar fəaliyyət göstərirdi.
Eyni
zamanda, burada səhiyyə
sahəsinin təşkili, tibb elminin inkişafı və tibb
kadrlarının hazırlanmasında Mahmud
ibn İlyasın
böyük elmi və
təşkilatçılıq bacarığı mühüm rol
oynayırdı. Rəşid-əd Din təsadüfi
olmayaraq Mahmud ibn İlyası
“öz dövrünün
Əflatunu, öz əsrinin Ərəstunu”
adlandırmışdı.
Əslində,
ilk “Sağlamlıq evlər”i Yaxın
Şərqdə İbn
Sinanın təşəbbüsü ilə yaranıb. Amma tədqiqatçı N.Əfəndiyevin
yazdığına görə, Mahmud ibn İlyasın
tikdirdiyi klinikaların planları İbn
Sinanın hazırladıqlarına nisbətən daha məqsədyönlü idi.
Şirvani də indiki
klinikalardakı dəhliz sistemini irəli sürürdü.
“Elmi təbabət kitabı”
Mahmud ibn
İlyasın “Elmi təbabət kitabı” dövrümüzə
qədər gəlib çatan ən maraqlı
kitablardandır ki, XVIII əsrə qədər ondan geniş
istifadə edilmişdir. Əsər 1260-cı ildə
yazılıb. Bu, alimin eyniadlı iri həcmli çoxcildlik əsərindən
çıxarışdır.
Bu maraqlı kitab
çoxəsrlik Şərq təbabəti təcrübəsinin
təhlili və alimin şəxsi elmi və həkimlik praktikası əsasında
qələmə alınıb. Tibbi əsərin
yazılmasında onun müxtəlif
ölkələrə çoxsaylı səfərləri
zamanı bir çox
alimlərlə keçirdiyi görüşlər
mühüm rol
oynayıb. Həmin səfərlərindən birini təsvir edərkən o
yazır ki, səyahəti zamanı çox şey “görüb-götürmüş” və vətənə
qayıdarkən “doğma ellər
haqqında söhbət etmək, Kafi-əd-Dinin vəsiyyətlərini
xatırlamaq, bizə həmişə sevinc
bəxş edən Şirvan haqda xatirələrə dalmaq”
məqsədi ilə “yolüstü Bağdada dönüb,” bir böyük həmyerlisi
ilə görüşmüşdür. Alim yazırdı:
“Nə
qəribədir, mən ata yurdum
Şirvanı bu qədər sevə-sevə
Şirazda yaşayıram”.
“Mahmud ibn İlyasın ”Elmi
təbabət kitabı" nəzəri və təcrübi
təbabətə, sadə və mürəkkəb (tərkibi)
dərmanlara həsr olunmuş dörd hissədən ibarətdir. Birinci hissə 17, ikinci isə
59 fəslə bölünmüşdür.
Üçüncü hissədə dərmanların
adları əlifba sırası ilə sadalanır. Mürəkkəb
tərkibli dərmanlardan bəhs edən dördüncü
hissə 22 fəslə ayrılıb"(Vikipedia).
Qeyd
edilən kitabın bundan əvvəl xalq təbabətinə və elmi
təbabətə dair yazılmış bütün əsərlərdən ən fərqli
cəhəti bundan ibarətdir ki, burada həm nəzəri,
həm də təcrübi təbabətə dair
mövcud olan
görüşlərin sistemləşdirilməsinə
cəhd olunur.
“Elmi təbabət kitabı”nın müəllifi
bu haqda belə
yazır:
“Təbabət
elmi o elmə deyirlər
ki, bunun vasitəsilə
insan orqanizminin vəziyyətini
öyrənirlər, əgər onun səhhəti
pozulmuşsa, orqanizmin
itirdiyi maddələri bərpa etməyə,
onun sonrakı pisləşməsinə yol verməməyə
çalışırlar... Təbabət elmi
iki hissəyə bölünür:
birincisi, nəzəri təbabətdir, ikincisi təcrübi təbabət”.
Məşhur təbib belə hesab edir ki,
soyuqdəymə, natəmizlik, zay məhsullarla,
çirkli hava ilə,
tüstü ilə, “dişləmə” yolu ilə zəhərlənmə, həddən
artıq işləmək, yeməyin qədərini bilməmək,
tənbəllik və bekarçılıq xəstəliklərin
səbəbi
ola bilir.
Təbibin
sağlamlıq reseptləri
Alimin təklif
etdiyi müalicə və diaqnostika üsulları xarici
müşahidədən, nəbzin tutulmasından, bədənin
temperaturunun ölçülməsindən, göz
almacıqlarının, dilin, bədənin qoxu və nəmişlik
dərəcəsinin öyrənilməsindən, sidiyin, tərin,
nəcis və qanın xüsusi müayinəsindən ibarətdir.
Təbib
belə hesab edirdi ki, “Elmi təbabət fəaliyyətdə
olan başlanğıcların təbiiliyini və qeyri-təbiiliyini,
onların səbəb və qanunlarını öyrənir. Təcrübi
təbabət faydalı maddələr qəbulu və zərərli
maddələrdən imtina etmək yolu ilə səhhəti
qorumaq və müxtəlif xəstəlikləri aradan
qaldırmaq məsələlərini öyrənir”.
Alim nəbz
haqqında təlimə xüsusi diqqət yetirir. O yazır
ki, “nəbz ürəyin yığılma və
açılması nəticəsində ürək
damarlarının yaratdığı dalğavari hərəkətdən
başqa bir şey deyildir. Nəbzin hər vuruşu iki hərəkət
və iki pauzadan ibarətdir: açılma hərəkəti,
pauza, yığılma hərəkəti, pauza”.
Dövrünün
tanınmış təbibi nəbzin müxtəlif növlərini
ayırır və onları sistemləşdirir. Bunlardan
ürəyin tez-tez, orta səviyyəli və gec-gec
döyüntüsünü, sistematik və qeyri-sistematik,
düzgün və pozulmuş nəbzi təsvir edir.
Şirvani hesab edirdi ki,
klinikalar şəhər ətraflarında
qurulmalıdır. Apteklər, həkim və əczaçıların
yaşadığı binalar da yaxınlıqda olmalı idi.
Həkim və əczaçılar da elə
burada yetişdirilməli idi.
Bu məqsədlə
Mahmud ibn İlyas Rəşid-əd-Dinin köməyi ilə
xaricdən dəvət olunan hər
yüksək dərəcəli həkimə bir
təcrübəçi (o cümlədən
ixtisasını artıran həkimlərin özləri də)
təhkim edirdi. Burada
cərrahlar, “kehali” adlanan
göz həkimləri, “məcburi” (yaxud “məcburi”) deyilən travmotoloqlar
hazırlanırdı.
O dövrdə Təbrizdəki
“Rəşidiyyə” şəhərciyində yerləşən
mərkəzi “Dar-üş-şəfa” şəxsən Rəşid-əd
Dinə məxsus idi və ölkənin
vilayətlərində yerləşən digər 67
klinikanın baş idarəsi
sayılırdı. O, “Kuçeyi-müalicun”
(tibb işçiləri küçəsi)
adlanan küçədə yerləşən Rəşid bağında (Baği-Rəşidabad) tikilmişdi. həkimlərin, xidmətçi
və qulluqçuların yaşadıqları evlər və
aptek də burada yerləşirdi.
Əczaxana arxa tərəfdən “Fəthabad”
bağına çıxırdı və burada
dərman düzəldilməsi üçün
bitkilər əkilirdi. Mahmud ibn İlyas saray həkimi kimi bütün dövlətin səhiyyə xidmətinə
rəhbərliyi də həyata keçirirdi.
Şirvaninin
adı tibb elmində belə unudulmaz xidmətləri ilə qalır. Alimin adı Azərbaycanın elm
tarixinə qızıl hərflərlə həkk olunmuşdur.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 26 yanvar.- S.14.