“Pərvanə kimi yandı könül narə desinlər...”

 

Şirvanın gözəl səsli bülbülü...

 

Azərbaycan musiqi mədəniyyətinin inkişafında Şirvan muğam məktəbinin də özünəməxsus yeri var. Milli musiqimizi gözəl sənəti ilə zənginləşdirən və ona yeni rənglər qatan klassik muğam ifaçılığının görkəmli nümayəndələrindən biri də xanəndə Mirzə Məhəmmədhəsəndir. Onun həyat və yaradıcılıq yolu da kitablardan oxuduğumuz bir hekayəti xatırladır. Mirzə Məhəmmədhəsən şamaxılı mesenat Mahmud ağanın sarayında təşkil olunan muğam məclislərində püxtələşmiş, dövrünün məşhur xanəndələrindən biri kimi tanınmışdı.

 

O, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada çox məşhur idi. Özəl səsli sənətkar muğam məclislərində Hacı Hüsü, Əbdülbağı Zülalov kimi ustad xanəndələrlə də yarışardı. Mirzə Məhəmmədhəsən muğamatı və poeziyanı dərindən bilir, şeirlər yazardı və buna görə də onu “Mirzə” çağırırdılar.

Mirzə Məhəmmədhəsən “Şur”, “Şüştər”, “Hümayun”, “Rast” muğamlarını, xüsusilə “Mənsuriyyə” zərbi muğamını böyük məharətlə oxumuşdu. O, “Sarıtorpaq şikəstəsi”nin və bir çox təsniflərin yaradıcısı hesab olunur. 1916-cı ildə onun “Nalə” adlı şeirlər kitabı çap olunmuşdu.

Məşhur xanəndə şirvanlı Mirzə Məhəmmədhəsən İsmayıl oğlu 1851-ci ildə Şamaxı şəhərində yoxsul dabbaq ailəsində anadan olub. O, ilk təhsilini mədrəsədə almış, burada fars və ərəb dillərini öyrənmişdi. Xanəndə olmaq uşaqlıqdan gözəl səsi olan Məhəmmədhəsənin ən böyük arzusu idi. Onun bu arzusuna çatmağında məşhur şirvan xanəndəsi Kərbəlayı Əkbərin böyük rolu olmuşdu. Kərbəlayi Əkbər məşhur musiqişünas Mahmud ağanın sarayında yaşayır və xanəndəlik edirdi. O, bir gün sarayın yaxınlığında yaşayan Məhəmmədhəsənin gözəl səsini eşidir və istedadına heyran qalır. Uşağın atası ilə görüşüb söhbət etmək qərarına gəlir. Atasına məsləhət görür ki, oğlunun musiqi təhsili almasına icazə versin. Kərbəlayi Əkbər gənc Məhəmmədhəsənin müəllimi olmuş, ona muğam və təsnifləri öyrətmişdi.

Mirzə Məhəmmədhəsənin məlahətli səsi və ifaçılıq sənəti öz dövrünün bir çox görkəmli mədəniyyət xadimlərinin diqqətini cəlb etmişdi. Xanəndənin müasiri olan şair Seyid Əzim Şirvani də Mirzə Məhəmmədhəsənin səsinə və sənətkarlığına heyran olmuş və ona yüksək qiymət vermişdi. Bir gün bahar fəslində Seyid Əzim Şamaxı bağlarını gəzərkən Mirzə Məhəmmədhəsənin məlahətli səsini eşidir və bədahətən deyir:

 

Əqlimi əlimdən nə gülü yasəmən aldı.

Nə sünbülü reyhan, nə bağu çəmən aldı.

Davud məgər zində olub dəhrdə, Seyyid,

Arami-dilim sövti-Məhəmmədhəsən aldı.

 

 

35 il muğamla bir yolda

 

Böyük müğənni Cabbar Qaryağdı oğlu da Mirzə Məhəmmədhəsənin xanəndəlik məharətinə yüksək qiymət vermişdi. O, öz xatirələrində Mirzə Məhəmmədhəsənlə görüşünü və öz təəssüratlarını belə ifadə etmişdi: “...Məhəmmədhəsəni 1888-ci ildə Bakıda olduğum vaxt Şamaxılı Hacı Əli Abbasın uşaqlarının toy məclisində görmüşdüm. O, toya tarzən Topal Məhəmmədqulu ilə gəlmişdi. Mən də yoldaşım tarzən Sadıqla dörd gecə həmin toyda iştirak etdim. Onun çox bilikli və gözəl səsə malik olduğunu orada yəqin etdim. Məzkur Məhəmmədhəsən el xanəndəsi olmaqla, bütün camaatın hüsn-rəğbətini qazanmışdı”.

Görkəmli maarif xadimi Camo Cəbrayılbəyli də Məhəmmədhəsənin oxumağından aldığı xoş təəssüratı belə xatırlayır: “19-cu əsrin axırları idi. 10-12 yaşında idim, yaxın qohumlarımdan birinin toyu idi. Toyu o zamanın məşhur xanəndəsi Mirzə Məhəmmədhəsən idarə edirdi. Mən onu ilk dəfə bu toyda gördüm. Xalq musiqisinə, muğamata, xüsusən tar çalmağa böyük həvəsim var idi. Məşhur xanəndənin oxumasını və ondan az məşhur olmayan tarzən Mehdiqulunun çalmasını ürək döyüntüsü ilə gözləyirdim. Yaxşı yadımdadır. Məclis əhli Mirzədən (yəqin ki, hörmət əlaməti olaraq xalq onu ancaq ”Mirzə" deyə çağırırdı.) “Çahargah” oxumasını xahiş etdi. Mirzə “Çahargah” muğamını Seyid Əzim Şirvaninin:

 

Güş qıl, ey ki, bilirsən özünü vaqifi-kar,

Agah ol, gör ki, nədir naleyi-ney, nəğmeyi-tar.

 

misraları ilə başlanan məşhur müxəmməsi ilə başladı. Yanıqlı xallar, şirin gəzişlər məclisdəkiləri valeh etmişdi. Muğamın hissələri arasında bir-birindən oynaq cazibədar təsniflərin oxunması dinləyicilərlə bərabər mənə xüsusi ləzzət verirdi. Mirzənin oxuması iki saata qədər çəkdi. Lakin məclis əhli doymamışdı. Onun gözəl səsini dübarə eşitmək istəyirdilər".

Mirzə Məhəmmədhəsən 35 il xanəndəlik etmiş, Azərbaycan musiqisinin təbliğində böyük xidmətlər göstərmişdi.

 

Zülmətə düşüb Mirzə Məhəmmədhəsən ağlar...”

 

Ömrünün son illəri ağır ehtiyac içində keçən, gözlərinin işığını itirən, qulaqları tutulan böyük sənətkarın 1916-cı ildə nəşr olunanNaləkitabçasında son günləri belə təsvir olunub:

“...Bədbəxtlik deyilmi ki, dünyanın hər bir neməti ilə zövqiyab olmuş Mirzə Məhəmmədhəsən indi kor kar olub, güşənişini izlət məşəqqət olmuşdur. İndi ona heç kəs hörmət etmir. İndi o, müstəqi-ehsan olmuşdur. Əvət, bədbəxtdir o adam ki, ömrünün əvvəli əziz, axırı rəzil olsun”.

Onun şeir yaradıcılığına həsr edilmiş həmin kitabçayaBir neçə sözsərlövhəli giriş məqaləsi, 192 misradan ibarət məsnəvi, 9 beytlikDesinlərrədifli qəzəl daxildir. KitabçanınNaləadlandırılması da təsadüfi deyil. Burada Məhəmmədhəsənin ağır ehtiyac içərisində yaşadığı günlərdə qəlbindən qopan ah-naləsi, fəryadı öz ifadəsini tapıb. O, öz şeirlərinin birində yazmışdı:

 

Tuti qəfəsində deyibən bir vətən ağlar,

Zülmətə düşüb Mirzə Məhəmmədhəsən ağlar...

 

Məhəmmədhəsən öz şeirlərində ürək ağrısı ilə yazırdı:

 

Karlıq, korluq göründü məndə,

Təqsirim nədir düşdüm kəməndə...

Bu qədər fələkdə naz olurmu,

Bir başa iki qapaz olurmu?!

İki qulağım, iki gözüm yox,

Bu mərhəmətə mənim sözüm yox.

 

Məhəmmədhəsənin şeirləri içərisindəDesinlərrədifli qəzəli daha məşhurdu. Bu qəzəl uzun illərdən bəri xanəndələr tərəfindən oxunur. Cabbar Qaryağdı oğlu oxuduğu muğamlarda Mirzə Məhəmmədhəsənin qəzəl şeirlərindən çox istifadə etmişdi. Seyid Şuşinski isə müğənnininNaləkitabçasını həmişə qoltuq cibində gəzdirərmiş.Desinlərrədifli qəzəlində şair-xanəndə Məhəmmədhəsən həyatının qüssəli keçməsindən, gününün qara olmasından, işığa həsrət qalmasından, bir sözlə, həyatının ah-nalə içərisində keçməsindən şikayətlənirdi:

 

Pərvanə kimi yandı könül narə desinlər,

Bülbül-qəmini güldən ötür xarə desinlər.

Göz yaşı töküb sübhə kimi, eylərəm əfqan,

Dil yarələnib, yarələrim yarə desinlər.

 

Azərbaycan musiqi mədəniyyəti tarixində öz yeri, öz rolu olan məşhur xanəndə söz ustadı Mirzə Məhəmmədhəsən 1917-ci ildə Şamaxıda vəfat edib.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 27-28 yanvar.- S.14.