AXC hökumətinin generalı
Uzaq ellərdə tanınan alim Sadıq bəy Ağabəyzadə
Azərbaycan Xalq Cümhuriyyətinin
görkəmli simaları
arasında bir çox elm adamları var ki, onlar
yaşadıqları dövrün
şərtləri ilə
bağlı ya elmi fəaliyyətlərini
ardıcıl davam etdirə bilməmiş, ya da başladıqları
işlər obyektiv səbəblərdən yarımçıq
qalmışdır. Belə şəxsiyyətlərdən
biri də AXC hakimiyyəti dövründə
Azərbaycanın 21 döyüş
generalından biri olan Sadıq bəy Ağabəyzadədir.
General-mayor
rütbəsində olan
Sadıq bəy Azərbaycan Xalq Cümhuriyyəti Daxili işlər nazirinin müavini olmuşdur. O, bu vəzifəyə
ölkədə çox
mühüm əhəmiyyətli
hadisələr baş
verdiyi bir zamanda, 1918-ci ilin 23 oktyabrında təyin edilmiş, tutduğu vəzifədə 1919-cu ilin
dekabr ayına qədər fəaliyyət
göstərmişdir. Təyin olunduğu
vəzifədə o, bir
çox tarixi hadisələrin şahidi
olmuş, bu hadisələrdə xüsusi
rol oynamışdır.
Həmin
dövrdə Sadıq
bəy Ağabəyzadə
tərəfindən polis işçi
rütbələrinin təsnifat
sistemi işlənib hazırlanmışdır. Bəhs edilən 1919-cu ildə Azərbaycanda polis
işçilərinin ümumi
sayı 9661 nəfərə
çatmışdı ki,
onların 498-i 1-ci rütbəli
şəhər polisi,
5089-u 2-ci rütbəli şəhər
polisi, 242-si 1-ci rütbəli
post polisi, 243-ü isə
2-ci rütbəli post polisi
idi.
Azərbaycan televiziyasının
1999-cu ildə tarixi şəxsiyyət haqqında
çəkdiyi “Çinarlı
şəhərin generalları”
filmində onun həyat yolu və fəaliyyəti ilə bağlı çox maraqlı faktlar əks olunur.
1919-cu il oktyabrın
əvvəlində, hökumətin
tapşırığı ilə Sadıq bəyə Batumi şəhərində
ABŞ prezidentinin şəxsi
nümayəndəsi general Ceyms Xarbortu qarşılamaq həvalə
olunmuşdur. Sadıq bəy
oktyabrın 4-dən 10-na kimi
prezident nümayəndəsini
müşayiət etmiş
və onu mühafizəçi ilə
təmin etmişdir.
Bakıya gələrkən general Xarbort məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin evində qonaq olmuşdur. Şahidlərin söylədiyinə görə, general Xarbortun
gəlişinə həsr
olunmuş ziyafətlərin
birində, o, müəyyən
səbəblərdən ziyafətdə
iştirak etməyən
Sadıq bəyin sağlığına xüsusi
tost demişdir. Rəsmi qonaq öz tostunda
qeyd etmişdir ki, Sadıq bəy yüksək intellektual imkanlara malik olan bir
insandır və o, hərbçilər arasında
belə yüksək təhsilli və maraqlı insana rast gəlməmişdir.
Amerikalı qonağın sözlərində böyük
həqiqət var idi. Sadıq bəy Sankt-Peterburq şəhərində hərbi
məktəb oxumaqla bərabər, Şərq
dilləri institutunu da bitirmişdi. O, yüksək elmi bilikləri, böyük dünyagörüşü və
intellekti olan bir şəxs idi ki, bu
cəhətləri onu
hər zaman fərqləndirirdi. Ağabəyzadənin
adı illər sonra Lvov universitetində türk dili, fars, ərəb
dilləri, ərəb
qrammatikası, islamşünaslıq
fənləri tədris
edən, polyak dilində türk dili dərsliyi, elementar ərəb dili qrammatikası (fonetika və morfologiya) kitabı nəşr etdirən bir alim kimi
anılacaqdı.
“Türkmən Ləhcəsi”
üçün Buxara
əmirinin mükafatı
Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının
15-də Bakı quberniyasının
Göyçay şəhərində
dünyaya göz açmışdır. O, 1883-cü ildə Bakı Real məktəbini bitirmiş,
məktəbi bitirdikdən
sonra Peterburq şəhərində II Konstantinov
hərbi məktəbinə
daxil olmuşdur. Hərbi fəaliyyətə 1886-cı ildə
başlayan gənc azərbaycanlı Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində
xidmət etməyə
başlamışdır. Amma elmə böyük marağı olan Sadıq bəy 10 il
sonra, 1896-cı ildə
uğurla imtahan verərək, Baş ştab nəzdində,
Sankt-Peterburq şəhərində
Şərq dilləri
institutuna qəbul olmuşdur. Bu institutu
da bitirdikdən sonra, o, 1899-cu ildə hərbi xidmət keçmək üçün
Türküstan vilayətinə
göndərilmişdir. Amma
1913-cü ildə Sadıq
bəy xəstəliyinə
görə general-mayor rütbəsində
istefaya çıxmış
və elmi fəaliyyətlə məşğul
olmağa başlamışdır.
Əslində, Ağabəyzadə Türkmənistanda hərbi
xidmət keçdiyi müddət ərzində,
şərqşünas alim
kimi xalq rəvayətlərinin, dastanlarının
və əfsanələrinin
toplanması ilə məşğul olmuşdur. O, böyük əmək nəticəsində
“Türkmən Ləhcəsi”
dərsliyini nəşr
etdirmişdir. Bu xidmətinə görə
Buxara əmiri onu xüsusi fərmanla mükafatlandırmışdır.
Səhhəti ilə əlaqədar
təqaüdə çıxdıqdan
sonra isə Sadıq bəy əmin idi ki,
hərbi karyerası başa çatdıqdan sonra ömrünün qalan hissəsini öz doğma şəhəri Göyçayda
keçirə biləcək.
Amma çox insanlar kimi, I Dünya Müharibəsi onun da həyatını dəyişir. Hərbçi andına sadiq qalan general könüllü
olaraq müharibəyə
yollanır. O, əvvəl
Qafqaz, sonra isə Ukrayna cəbhəsində döyüşlərdə
iştirak edir. Nəhayət, 1916-cı ildə Sadıq bəy istədiyi kimi, öz vətəninə qayıdır və Göyçay şəhərində
valideynlərinin yanında
yaşamağa başlayır.
Qürbətdən qürbətə uzanan yol...
“Vikipedia”nın yazdığına görə,
Azərbaycan Xalq Cümhuriyyəti süquta
uğradıqdan sonra Sadıq bəy ailəsi ilə birlikdə Türkiyəyə
mühacirət etmiş
və ailəsi ilə birlikdə İstanbulda yaşamışdır.
Daha sonra o, Parisə köçmüş
və iki il Sorbonda
fars və türk dillərindən dərs demişdir.
Amma Parisdə yaşadığı müddətdə
şərqşünas alim
taleyin ağır zərbəsinə məruz
qalmışdır. Onun sevimli həyat
yoldaşı Gülya
dünyasını dəyişmişdir.
O, Parisin müsəlman
qəbiristanlığında dəfn olunmuşdur.
Həyat yoldaşının vəfatından sarsılan
alim Parisi tərk etmək qərarına gəlmişdir. Beləliklə o, 1927-ci ilin fevral
ayında Ziqmunt Smoqojevskinin dəvəti ilə Lvov şəhərinə
köçmüşdür. Alim bura köçdükdən
sonra Lvov universitetinin fəlsəfə fakültəsində
işləmiş, az sonra Lvov Ali ticarət məktəbində türk,
fars və ərəb dillərini tədris etmiş, eyni zamanda polyak
və Ukrayna dillərini öyrənmişdir.
Bu dövrdə Sadıq bəy Ağabəyzadə Ziqmunt
Smoqojevski və V.Kotviçlə birlikdə
şərqşünaslıq məktəbinin özəyini
təşkil etmişlər.
Həmin
məktəb sonralar Lvovsko-Peterburqskiy adlandırılmışdır.
Bu illər o, Lvov universitetində
bir sıra fənləri, o cümlədən
türk dili (müasir və əski), fars,
ərəb dilləri,
ərəb qrammatikası,
islamşünaslıq fənlərini
tədris etmişdir.
Ağabəyzadə 1931-ci ildə polyak dilində özünün türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qrammatikasını (fonetika
və morfologiya), (Ovqusta Peryenin “Yeni ədəb dili qrammatikası” ikinci nəşr əsasında yazılmış)
nəşr etdirmişdir. Sadıq bəy eyni zamanda Lvov şəhərində
bir çox tələbələr yetişdirmişdir.
Onlara Teofil Bolodimirski, Maryan Leviski, Omelyan Prisak, Tadeus Leviski, Frantişek Maxalski və başqalarının adlarını
misal göstərmək
olar.
İkinci Dünya müharibəsi zamanı faşistlər işğaldan
sonra qocaman alimi öz mənzilindən
çıxarmışlar. Alim soyuq və şəraitsiz bir yerdə yaşamaq məcburiyyətində qalmışdır.
Azərbaycanlı alim və
ilk demokratik cümhuriyyətin
generalı Sadıq bəy Ağabəyzadə
1943-cü ildə ağır
xəstələnmiş, 9 oktyabr 1944-cü ildə
Lvov şəhəri azad
olunduqdan sonra vəfat etmişdir. Alimi son günlərində kimsəsiz
buraxmayan tələbəsi
Olqa Bak və ailəsi ondan öz qayğılarını
əsirgəməmişlər.
Ağabəyzadə Lvovda, Liçakovski
qəbiristanlığında dəfn edilmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 31 yanvar.- S.14.