Markesin ölümünə ağı
Tarixdə və ədəbiyyatda elə insanlar var ki, onlar bu dünyanın ağrısını canına çəkmək, zülmü, ağırlığı udmaq üçün dünyaya gəlmişlər. Ən qəribəsi budur ki, onlar ingilis, ispan, fransız, türk, rus... olmaqdan daha çox insandırlar. Və bu insanlar dünyanın bir günü dünyadan köçməli olurlar. Bax elə o vaxt göylərdən ulduzlardan, aydan, günəşdən bir dəhşətli ah səsi gəlir. Bəlkə də bu səs Allahın öz səsidir. Yox, onlar Allahın övladı deyil. Onlar bədənlərinə, ruhlarına Allahın alın təri çökmüş nadir insanlardır. Onları yaratmaq üçün yaradılmışlardır.
Bu gün gecənin və
ya gündüzün
hansı vaxtındasa biz son
illərdə yaddaşını itirmiş
dahi yazıçını, böyük insanı itirdik.
Yalnız Kolumbiya yox,
yalnız Latın Amerikası yox,
yalnız insanlıq da yox.
Bu yeri dolmayacaq
itki Allahın öz itkisidir. Büllur bir oyuncaq Allahın əlindən
sürüşüb dağa-daşa
çarpıldı. Oyuncaq
qırıldı və onun zərrələri
kainata dağıldı.
Allah öz
oyuncağını nə qədər çox
sevsə də, qanunlarını onlardan daha çox sevir. O sevimli oyuncaq düşməliydi,
sınıq-sınıq olmalıydı və zərrə-zərrə
kainata dağılmalıydı. Hər şey pozular, ancaq yaranan ölümlüdür.
Qanunu pozula və dəyişə
bilməz.
...Artıq 1400 ildir ki, dünyaya
peyğəmbər gəlmir. Peyğəmbərlərin gəlməsi
zərurətinin bitməsi, sona
çatması da bir qanundur. Ancaq Allah bəzən 100, bəzən 1000 ildən bir oyuncaq yaradır və bu oyuncaqla elə həqiqətləri
söyləyir ki, bu həqiqətlər
olmasa dünya öz zənginliyini, əsrarını,
möcüzəsini itirə bilər.
Əslində
möcüzə kimi yaradılan,
möcüzə kimi yaşayan
dünyanın içindəki sirri, təkrarsızlığı,
nadirliyi, faniliyi, əbədiyyəti
var olan yoxluğu, heç vaxt yox olmayan
yoxluğu, heç vaxt yox olmayan
varlığı öz bəndələrinə
xatırladan Allahın bəndələrinə söyləmək
istədiyinin bir zərrəsini o oyuncaqların sözü
ilə söyləməyi özünə borc
bilir. Allah
yaratdıqlarının arasında ən çox
insanı sevdiyi üçün
o oyuncaqları onlara
bağışlayır. Onlara yazı
yazdırır, bilinməyən səsləri verir,
rəngləri verir, onların
görünməyini göstərir və göstərdiklərini
maddiləşdirmək ecazı bağışlayır. Bir gün gəlir əlindən
salıb o oyuncağı da
sındırır. Ah çəkir - çünki dünyada elə
bir dil var
ki, onu yalnız Allah bilir.
Yox, mən sizə Qabriel
Qarsia Markesin əsərlərindən
uzun-uzadı danışmayacam. Hamının bildiyini
deyil, bəlkə heç
kəsin bilmədiyi bir-iki həqiqəti
söyləməyə çalışacağam.
Narkotikanın zirvədə olduğu Kolumbiyada bu şeytan kəşfini unutdurmaq,
yox etmək mümkünsüzdür.
İnsanlığın keçməli olduğu imtahanı nə futbol,
nə də karnaval sağalda
bilər.
Q.Markesin missiyası söz
ilə bu dəhşətli dərdi sağaltmaq idi. Ilahi, o bu sözləri hardan tapdı. Miflərdənmi, Servantestənmi,
Folknerdənmi, Kafkadanmı?
Bəlkə nənəsinin ona
söylədiyi nağıllardan?
Kədər dolu Qəraib
məhəllərindənmi? Sözə işgüzarlıq yükləyən
jurnalist Markeslə söz vasitəsilə zamanın istiqamətini dəyişən ilk partlayışla
qiyamət gurultusunu bir xətlə birləşdirən Markes
bir-birinə o qədər
yaxındır ki, sanki onlar bir
adamdır. Gündəlik adamlardan, hadisələrdən
yazan jurnalist Markes Stalinin əllərindən də,
Hitlerin Mussolinin, Pinoçetin əməllərindən
yazanda gerçəkçidir,
çəkdiyi diktator
rəsmləri həyatda
olanlardan daha yaxşı və ya daha pis
deyil. “Yüz
ilin tənhalığı”,
“Patriarxın payızı”
romanlarında, “Polkovnikə
məktub yoxdur” povestində və başqa povest və hekayələrində
Q.Markes yeni dünya və yeni insan yaradır.
Magik realizmin cilvəsindən, fantasmoqorik arayışlardan
çox danışmağa
ehtiyac yoxdur. Məlum olan odur ki, adam dünyanı dəyişdirmək yaradılmışlardandır.
Əti
ilə, sümüyü
ilə, Nobel nitqi ilə, müsahibliyi ilə real, ruhunun dolub-daşmağı ilə
fövqəladə bir
insandır. Insandır, yəni
yazıçıdır, yaradandır.
Yazılarının birində
o yazır ki, “Yazdığım hər bir sözlə döyüşürəm, lakin
təəssüf ki, bu döyüşlərdə
çox vaxt söz qalib gəlir...”
Bu dahi etirafının
içində başqa
bir müstəvinin, tamamilə başqa bir aləmin böyük adamı danışır. Bu adamı anlamaq üçün o müstəvini,
o missiyanı anlamalısan,
anlamasan da heç olmasa hiss etməlisən. Bizdən
olmayanları anlayıb
hiss etməyə çalışsaq,
dünyanın işləri
bir xeyli asanlaşar.
Dünyanı
qurtarmağa gələn
bir insan da dünyadan getdi. O, dünyanı durtardımı? Tək bir insanı,
bircə kəlmə sözü qurtaran insan da dünyanı
qurtaran sayılır.
Insanlığın və dünyanın
bu ağır və gözəl günündə Q.Q.Markesə
müsəlman duası
oxudum və ona fatihə verdim. Bu mənim
şərəf borcumdur.
Dünyanın başqa bir
yerində buddist insan, yaxud şaman
dinindən bir qadın, bir atəşpərəst, bir
katolik və bir dinsiz ateist
əlini öz Allahına və ya təbiətə uzadıb Q.Markesə rəhmət dilədi.
Nə fərq edər ki, biz quşların, ağacların, çiçəklərin
dilini bilmirik. Mən inanıram ki,
onlarda Markesi
öz dinlərinin duasını oxuyublar.
Bir
qapı örtülür,
bir qapı açılır. Bir nəfəs
gedir, bir nəfəs gəlir.
Və bir də heç
vaxt gəlməyəcək,
heç vaxt yazmayacaq. Q.Q.Markes qapısı var. Bu qapı insanlıq durduqca açıq olacaq. O qapıdan insan içəri insan, fikir, düşüncə,
hiss, həyəcan, ehtiras,
eşq gələcək.
Hər şey və hər kəs gələcək. Q.Q.Markesdən başqa. Allah rəhmət eləsin.
Hər
kəsin bioqrafiyası
var. Markesin taleyi. Yaddaşını insanlığın yaddaşına yazdı.
Yaddaşını itirdi. Tərtəmiz bir yaddaşla bu dünyanı tərk edib getdi. O dünyada o, bu dünya haqqında
heç bir şey danışa bilməyəcək. Hər
şeyi unutmuş tənha adam
nəhayət öz varlığını hiss edəcək.
Bəlkə, o dünya üçün
öz yenidən doğulduğunu anlayıb
yeni bir yaddaş yazmaq istəyəcək. Daha
yaddaşındakıları ağ kağıza
köçürməyəcək. O dünyada hər kəs bir-birinin ürəyini, beynini oxuduğu üçün yazıya
ehtiyac qalmayacaq. O dünyada ən xoşbəxt adam
olacaq. Yaşayıb öldüyü dünyanı tamamilə unutduğu üçün,
özünü belə
unutduğu üçün.
Dünyanın ən
gənc ölüsünü
orda heç kim tanımayacaq.
Nə onun fərqində olacaqlar, nə də o kimsənin fərqində olacaq.
Mənim
ruhlardan ibarət bir dünyam var. Bu dünyada mənim olmayan ruhları öldükdən sonra içimdəki güc o ölən haqda mif uydurur və
onu özününküləşdirir,
sonra da mənim dünyama gətirir. Mif uydurmaq
və mif qoşmaq o adamı dastanlaşdırmağın birinci
mərhələsidir. Sonra ruh dünyası vətəndaşlığı başlayır. Sonra mənim
Fişerim, mənim Füzulim, mənim Vidadim, Mənim Natiqim, Mənim Aydın Məmmədovum, indi də mənim
Markesim deyə bilirəm və dediyim anda da
ruhların dünyasının
vətəndaşı olduğum
fiziki-bioloji şəkildə
hiss edirəm.
P.S. Bu yazını nə zaman və nə
üçün yazdım?
Bu yazını 20 gün
öncə Markes xəstələnib xəstəxanaya
aparılarkən qələmə
aldım. Böyük ustadın ölümünü
fiziki şəkildə
hiss etdim. Duyduqlarımı yazmağa çalışdım.
Bu yazımı ölüm
haqqında deyil, ölümsüzlük haqqında
olduğuna inanmaq üçün yazdım...
20 avqust axşamı Putini pasxa mərasimində gördüm. Baxa-baxa dəhşətə gəldim. Bu adamın üzündə Allah qorxusundan əsər-əlamət belə yox idi. Hardasa bunu təbii hesab etdim. Ən dəhşətlisi bu idi ki, adam Allahdan zərrə qədər də utanmırdı. Üzündə Hitlerin, Stalinin nəfəsini hiss etdim və dəhşətli dərəcədə qorxdum. Özüm üçün yox. Çünki mən yaşlıyam. Lazım olduğundan da çox yaşamışam. 5 yaşındakı Ukraynalı qız üçün, 5 yaşlı Qarabağlı oğlan üçün, 5 yaşlı gürcü balası üçün, yaşı 5-ə yetişməmiş moldovan üçün, 5 yaşlı nəvəm üçün qorxdum. Və Markesin bir sözünü xatırladım. “Mən Allaha inanmıram, amma ondan çox qorxuram”. Ürəyimin bir yerində qəti inanıram ki, o yaddaşını itirmədən bir az öncə Allaha inanıb. İnandığı andan etibarən Allah qorxusu onun canından çıxıb gedib. Allahını tanıyan bu adam ona yollanmağa qərar verib. Qorxu, inam, güc, xəyal, eşq, xəyanət haqqında dünyaya dünyanın bilmədiklərini pıçıldayan Markes müsəlman olmasa da, rəhmətə layiqdir. Allah torpağını bol eyləsin...
Azadlıq.-2014.- 24 aprel.- S.12.