“Sehrli xalat” Rəşidi Amerikaya “aparıb”
Filmin
kadrarxası ilə bağlı maraqlı məqamlar
Modern.az saytının “Kadrarxası” layihəsinin
növbəti qonaqları əməkdar mədəniyyət
işçisi Yusif Şeyxov və Solmaz Hətəmovadır. Onlar “Sehrli
xalat” filminin maraqlı məqamlarından, çəkiliş
meydanlarında baş verən məzəli anlardan və
çətinliklərdən danışır. “Sehrli xalat” filmi 1964-cü ildə istehsalata
buraxılıb. Filmdə uşaqlar
illüziyaçı İo Kio babaının vasitəsilə
sehr dünyasına səyahət edir, nağıllar aləminin
sevincini, marağını birgə yaşayırlar.
“Yüzlərlə
uşaq Zərifə Eldar, Rəşid
olmaq
üçün kinostudiyaya gəlmişdi”
Yusif Şeyxov: “Bir qayda olaraq filmlərə
uşaqları bağça və məktəblərdən
seçirdilər. Çəkiliş qrupunun
üzvləri, assistentlər, rejissor köməkçiləri
həmin yerlərə gedir, quruluşçu rejissorun
tapşırığına əsasən, uşaqlar
arasında seçim edirdilər. Bir
gün mənim də oxuduğum 23 saylı orta məktəbə
gəldilər. Sinif-sinif gəzib
uşaqlara baxırdılar. Məni də
həmin uşaqlar arasından seçdilər və
kinostudiyaya dəvət etdilər. 4 ya 5-ci
sinifdə oxuyurdum. O vaxt kinostudiya indiki Hökumət evi
ilə üzbəüz səkkizmərtəbəli
binaların yerində yerləşirdi. Mən
kinostudiyanın həyətinə gələndə orda
yüzlərlə uşaq gördüm. İndiki
kimi yadımdadır. Onların
hamısı bir neçə saniyəliyinə rejissorun
gözünün qarşısından keçirdi. Sonra
başa düşdüm ki, Əlisəttar müəllim
işarə ilə ”hə", “yox”
cavabını verirdi. Yəni, assistentlərinə bildirirdi ki,
bu uşaq sabah gəlsin, o biri gəlməsin.
Və beləcə mən sabah dəvət
olunanlar sırasına düşdüm. Ertəsi gün
uşaqların sayı xeyli az idi və
bizi fotosınaq çəkilişi gözləyirdi. Bizi qrimlədilər, saçımızı
daradılar, bir neçə fotomuzu çəkib əlaqə
telefonlarımızı aldılar. Bir
neçə gün sonra zəng vurub dedilər ki, “siz
fotosınaq mərhələsindən keçdiniz, indi kino
sınağına dəvət edirik”.
“Elə bildim ”çolka"ya görə bizi tənqid
edəcəklər"
Solmaz Hətəmova: “Mənim ”Sehrli
xalat" filminə çəkilməyim tam təsadüf
oldu. O vaxt 150 nömrəli rusdilli məktəbdə 6-cı
sinifdə oxuyurdum. Günlərin bir günü
bizə dedilər ki, məktəbə komissiya gələcək
hamı səliqəli olsun, mütləq saçınıza
bantik vurun. Biz də çox qorxurduq.
Bir də gördük direktorla bərabər iki
nəfər sinfə daxil oldu. Onlardan biri o
vaxt rejissor köməkçisi işləyən rəhmətlik
Hamlet Qurbanov idi. Mən də sinifdə
birinci partada otururdum. Elə fikirləşdim
ki, komissiya gəlib, bizi yoxlayır, nəsə irad bildirəcəklər.
Oturduğum yerdə yavaş-yavaş
aşağı əyildim ki, məni görməsinlər.
Onu da deyim ki, həmin vaxt qızların təzə-təzə
“çolka” kəsən vaxtları idi. Mən də kəsmişdim, amma anamdan xəbərsiz.
Fikirləşirdik ki, komissiya bunu görüb
bizi tənqid edəcək. Sonra başa
düşdük ki, film üçün uşaq axtarırlar.
Bizim sinifdən məni və Afət adında bir qızı
sınaq çəkilişi üçün kinostudiyaya dəvət etdilər.
İlk olaraq Afəti baş rola, məni isə
Səidə roluna çağırdılar. Biz foto və kino sınağını keçdik,
bir aya yaxın sınaq çəkilişləri oldu. Əvvəl anam sınaqlara getməyə icazə
vermirdi. Sonra birtəhər razılıq əldə
olundu. Səidə rolu balaca idi, məhz bu
səbəbdən evdə icazə verdilər. Həm də yay tətilində olacaqdı deyə,
valideynlərim bildirdi ki, tətil olduğu üçün
çəkilsin, məktəbdən də geri qalmaz.
Fotosınaqlar yekunlaşandan sonra Əlisəttar müəllim
mənə ssenarini verdi. Soruşdu
ki, “sən hansı rolda oynamaq istəyirsən”. Əslində bütün rolları, amma daha
çox Zərifə rolunu bəyənmişdim. Bu istəyimi
bildirəndə rejissor güldü və dedi ki, “Bədii
Şura səni elə Zərifə roluna təsdiq edib”. Sevindim, həm də düşündüm ki,
axı məni evdən qoymayacaqlar. Mənə bildirdilər
ki, sabah anamla birlikdə kinostudiyaya gəlim.
Əlisəttar müəllim anama baş rola təsdiq
edildiyimi və çəkiliş üçün icazə
istədi. Anam qərarsız idi, vaxtın dərslərimə
mane olmayacağını biləndə razılıq verdi. Çünki o istəmirdi
ki, mən dərslərimdən geri qalım. Həmin vaxt həm də musiqi məktəbində
oxuyurdum. Rejissor
sentyabra qədər çəkilişlərin
yekunlaşacağını deyəndə birtəhər
razılığa gəldi və mən filmə çəkildim".
Rəşid
roluna namizədlər sırasında
Yaşar
Nuri, Ramiz Əzizbəyli...
Yusif Şeyxov: “Kinosınaqda mən baş rol
üçün nəzərdə tutulmuşdum. Bu rola bir neçə namizəd
çağırılmışdı. Onların
arasında Azər Qurbanovla yanaşı, Yaşar Nuri, Ramiz
Əzizbəyli də vardı. O vaxt Yaşar Nuri, Ramiz
Əzizbəyli və Fuad Poladov Azərbaycan
televiziyasının uşaq ulduzları idi. Onlar
”Piri babanın nağılları", “Qaranquş” və
s. kimi verilişlərin qəhrəmanlarına
çevrilmişdi. Sınaq çəkilişlərinin
nəticəsində baş rola - “Rəşid”ə Azər
Qurbanov, “Eldar” roluna isə mən təsdiq olundum.
Uşaqların əksəriyyəti
rusdilli idi. Amma böyük aktyorların
hamısı azərbaycanca danışırdı. Maraqlı situasiya yaranmışdı. Deməli, uşaqlar Əliağa Ağayevə
replikanı rusca deyirdi, o azərbaycanca cavab verirdi. Yəni dialoqlar rus və Azərbaycan dillərində
gedirdi. Bəzən gülməli də
alınırdı, amma beləcə filmi
yekunlaşdırdıq. Çəkilişlər
bitdikdən sonra təbii ki, səsləndirilmənin
hamısı azərbaycanca gedirdi. Azər
azərbaycanca bilmədiyindən onu mən səsləndirdim,
məni isə Əminə Yusifqızı. Rəşid
rolunu səsləndirməyim Əlisəttar Ağayevin o qədər
xoşuna gəlmişdi ki, məni Moskvada Qorki adına
kinsotudiyaya apardı. Film dublyaj olunanda da istədi
ki ruscada da mənim səsim getsin. Amma həmin
dövr mənim elə vaxtıma düşdü ki,
alınmadı. Çünki bildiyiniz kimi
oğlan uşaqlarında 13-14 yaşında səs
sınır və bu bir neçə ay davam edir. Tərslikdən də mənim həmin dövrlərimə
düşdü".
“Böyük
adamlar kimi səhər 8-dən işə gəlirdik”
Filmin “Zərifəsi” də Eldar kimi çəkilişlərdə
əziyyət çəkdiklərini deyir :
“10-13 yaşlı uşaqlar idik. Çətin
idi təbii ki. Mən, Yusif, Almaz digər uşaqlardan 1-2
yaş böyük idik. Hamımız səhər
tezdən böyük adamlar kimi işə gəlirdik, ta
axşama qədər çəkilişlər davam edirdi.
Bu vaxt hamı tək gəlirdi, yəni çəkiliş
vaxtı valideyinlərimiz yanımızda olmurdu.
Mənim keçmişdə çəkilişim
yox idi. Gələcək və
ümumi çəkilişlərim olub. Ayın
səthindəki kadrların çəkilməsi
üçün Minskə yollandıq. Azərbaycandakı
kinostudiya köhnə idi, yenisi isə hələ tikilirdi deyə,
pavilyon sarıdan çətinliklər mövcud idi. Ona görə ayın səthindəki çəkilişlər
üçün ora gedəsi olduq. Minsk
kinostudiyasında çəkildiyimiz pavilyonun ərazisi 1200
kvadratmetr idi. Ordakı çəkilişlər
təxminən 1 ay davam etdi. Çətinliklər
çox oldu. Çəkisizlik səhnələrində,
raketlərdən düşməyimiz hamısı çətinliklə
başa gəldi. Filmdə
gördüyünüz raketlər kiçik maketlər idi.
Raketdən düşdüyümüz an, həm
qarşıdan həm də altdan çəkiliş zamanı
üst-üstə düşməli idi. Çox
çətin idi həqiqətən. Onu
gah qarşıdan çəkirdilər, gah altdan.
Mənim səhnələrimin olduğu
çəkilişlər 5 ay davam etdi. Azərin keçmişlə bağlı çəkilişləri
vardı deyə, onun çəkilişləri bir ay məndən
artıq oldu".
“Anam dedi
ki, ”bala, əldən gedirsən
axı..."
Yusif Şeyxov: “Əslində çəkilişdə
iştirak edən uşaqların hamısının təxminən
10-13 yaşı vardı. Kinostudiyada istehsalat
prosesi çox gərin və qrafik əsasında qurulur.
8 saatlıq iş günü, çöldə-bayırda
reallaşan natura çəkilişləri, yay ayları,
qızmar günəş altı... Hamısı
çox çətin idi. Təsəvvür
edin ki, azyaşlılar eyni zamanda fiziki əməklə məşğul
idi. Yadımdadır, biz hamımız
arıqlamışdıq, hətta anam deyirdi ki,
”daha səni çəkilişlərə
buraxmayacağam. Nə kino istəyirəm, nə
də başqa bir şey, sən əldən gedirsən".
Yusif Şeyxov deyir ki, indi özündə də
tamaşaçılar Xan sarayının harada olması ilə
maraqlanır:
“Hələ indiyə qədər məndən
soruşurlar ki, ”xanın sarayı
haradır, hansı saraydır?". Demək istəyirəm
ki, həmin saray kinostudiyanın əməkdaşlarının
quraşdırdığı dekorasiyalarda çəkilib.
Taxtadan, kartondan, fanerlərdən düzəldilmiş
pavilyon idi. Hansı ki, işçilər
onu saraya çevirmişdilər.
Film əsas etibarilə “Çkalov” parkı deyilən
(indiki Milli İncəsənət Muzeyinin
aşağısındaa, Qubernator bağı ilə üzbəüz
Niyazi küçəsinə gedən yoldakı bağ),
Göyçay rayonunda, Maştağa ilə Nardaran
arasındakı Ovdanda, Bakıda, İçərişəhərdə,
Minsk kinostudiyasında, İsmayıllının Cülyan kəndində
ekranlaşdırılıb.
Ekran əsərindəki ilk kadrlarda
Eldarın işıq dirəyinə çıxaraq naqilləri
bir-birinə bağlaması, işığın partlaması
həmin “Çkalov” parkında lentə alınıb. Əslində çətin bir səhnə deyildi mənim
üçün. Çünki, dirəyə
kameranın görməyəcəyi tərəfdən pillələr
qoyulmuşdu, yəni rahatlıqla ora
çıxıb-düşə bilirdim".
“Möhsün
Sənani bizə atalıq qayğısı göstərirdi”
Solmaz Hətəmova: “Çəkisizlik şəraitində
kosmik gəminin içərisində uçduğumuz yerdə
bizə korset tipli köynək geyindirmişdilər. Korsetə nazik, sap qalınlığında polad simlər
bağlanırdı. İşıq seli
altında simlər görünməz olurdu. Çətin idi, bəzən simlər
qırılırdı. Hər səhər
simləri kəmərlərə, kəmərləri də
yuxarıya bağlayırdılar. Amma biz o
çətinlikləri başa düşmürdük. Mənim üçün çox maraqlı idi.
Ümumi ab-hava çox yaxşı idi. Böyüklü-kiçikli hamı arasında olan
münasibət əla idi.
Deməli filmdəki ilk kadrlar -
uşaqların bayraqları asması, işıqları
quraşdırması Filarmoniya bağının yanında
idi. Təxminən iyul ayı olardı.
Həm də orada iri planlı çəkilişlər
olmuşdu. Bir tərəfdən
günün istisi, o biri tərəfdən isə
projektorların istisi vururdu. İri planlar
çəkiləndən sonra bizi yelləməyə
başlayırdılar. Möhsün Sənani
də bizimlə çəkilirdi, bizə qarşı ata
qayğısı göstərirdi. Hamı
bu fikirdə idi, çünki, onun nəvazişi daha çox
nəzərə çarpırdı. Öz avtomobilində bizi dənizkənarına
aparırıdı, bizə dondurma alırdı,
güldürürdü və s. Yorulanda, inciyəndə
könlümüzü alırdı".
Qaydalara əsasən, filmdə oynayacaq
bütün uşaqların valideynlərilə müqavilələr
bağlanıb. S.Hətəmovaya ilk qonorar veriləndə
isə anası onun üçün hələ də qoruyub
saxladığı bir yadigar alıb: “Yadımdadı, mənə
ilk qonorar veriləndə anam güldan aldı. Özü
də o vaxt bu güldanlar çox baha idi. Hətta
o boyda pulu güldana verdiyinə görə anamı
qınayanlar da oldu. Amma anam dedi ki, ”uşağın
öz qazandığı puldur. Aldım ki,
Solmaza yadigar qalsın". İndi fikirləşirəm,
anam nə yaxşı ki, o güldanı almışdı.
Mənim üçün çox yaxşı
xatirədir. İndi övladlarıma deyirəm
ki, bu, mənim 13 yaşımdakı qazancımdır".
S.Hətəmova deyir ki, övladları
kiçik yaşlarda olanda onlara nəyəsə görə
acıqlandığı zaman “Zərifə, gülümsə”,
hərdən işıqlar sönüb qaranlıq olanda
“Uşaqlar, qorxmayın, məndə fənər var” deyə
zarafat edirmişlər.
“Rəşid
heç cür gülə bilmirdi”
Əməkdar mədəniyyəti
işçisi bildirir ki, film rejissor ssenarisində necədirsə,
eləcə də çəkilib.
Yusif Şeyxov: “Səhnələr çətinliklə
alınırdı. Çünki
uşaqların sayı çox idi. Hətta
7-8 dubla çəkilən kadrlarımız da olurdu. Bəzən yaxşı alınırdı, tez
çəkilirdi. Mənim
üçün ən çətin yer çəkiliş
vaxtı deyil, səsləndirmə vaxtı oldu. Kadrların birində Rəşidlə Zərifənin
ayın səthində qaçdı-tutdu səhnəsi
vardı. Rəşid gülürdü.
Həmin gülüşü ifadə etmək məndə
heç cür alınmırdı. Əlisəttar
Atakişiyev çox əsəbiləşirdi. Dublyaj vaxtı yanımda
olan təcrübəli aktyorlar mənə gülməli əhvalat
və hadisə olmadan necə gülmək lazım olduğunu
öyrətdilər. Mənim üçün
filmdə ən çətin olan bu idi. Nəhayətdə
səslənmə Əlisəttar müəllimin istədiyi
kimi alındı. O, Azərbaycan kinosunun
nağılçısı, uşaqlarla da, böyüklərlə
də işləməyi bacaran bir insan idi.
Əliağa Ağayev, Antoli
Falkoviçin (İo Kio baba) hər ikisi böyük sənətkar
idilər. Anatoli sovet filminin “Derjinski”si
idi. Xüsusilə Möhsün Sənani
uşaqlara böyük qayğı ilə
yanaşırdı. Böyüklərin
hamısı biz yorulanda fikrimizi dağıtmaq, əyləndirmək
üçün əlləridən gələni əsirgəmirdi.
Onlar səhnədə, kinoda saç
ağartmışdılar. Amma biz balaca ,
həm də dözümsüz idik, tez yorulurduq. Həmçinin çəkiliş zamanı onlar necəsə
bütün təcrübələrini bizimlə
bölüşürdülər.
Filmdə bir neçə fokus məsələsi
vardı - qapının açılması, kiçik
şariklərin partlaması, mücrünün içindən
nələrinsə çıxması və s. filmin rəssamı
tərəfindən reallaşdırılmışdı.
Yadımdadır, tanınmış rəssam Rafiz İsmayılov
o vaxt deyirdi ki, 1960-cı illərin ikinci yarısında “Sehrli
xalat” filmi çəkildikdən sonra Ümumittifaq
Kinematoqrafiya İnstitutunda rəssamlıq fakultəsində
oxuyarkən həmin filmi onlar dərs vəsaiti kimi istifadə
edib. Quraşdırılmış səhnələrin
çəkilməsilə bağlı, xüsusilə ay
çəkilişləri, fokus səhnələri onlara misal
olaraq göstərilirmiş".
Solmaz Hətəmova: “Gələcəkdən bəhs edən
muzey çəkilişləri də kinostudiyanın
pavilyonunda ekranlaşdırılıb. Yəni
pavilyonumuzda dekorları dəyişərək gah saray edirdilər,
gah pioner sarayı, gah da muzey. Zərifənin
böyüyüb-kiçilməsi - fokus səhnəsi çətin
oldu mənim üçün. Hansı ki,
yeşiyin içindən çıxıram. Onu relslərin üzərinə qoyurdular uzaqdan
başlayaraq, kameranı yaxınlaşdıraraq çəkirdilər.
Həmin vaxt mən tərpənməməli
idim. Amma istər-istəməz çəkəndə
silkələnirdim, heç cür alınmırdı. Yadımdadır, həmin səhnənin çəkilişi
bir neçə gün davam etdi. Ümumiyyətlə,
çəkilişlərdə bir deyil, çox sayda uşaq
iştirak etdiyindən dublların sayı çox olurdu.
Mümkün deyildi ki, kadrlar 1-2 dubla çəkilsin.
Start işarəsi veriləndə bir də görürdün
uşaqlardan kimsə yorulub, kimsə meydandan çıxmaq istəyirdi,
kimsə gülümsəyirdi, düz dayanmırdı və
s. Belə çətinliklər də qaçılmaz idi”.
S.Hətəmova uzun illər keçməsinə
baxmayaraq filmdə çəkilən uşaqlardan bəzisilə
əlaqə saxladığını desə də, Amerikada
yaşayan Azər Qurbanovla (baş qəhrəman Rəşid
rolunun ifaçısı) heç cür münasibət qura
bilmədiklərini deyir:
“Hazırda uşaqlarla uzun illərdən
sonra heç olmasa sosial şəbəkələr vasitəsilə
əlaqə saxlaya bilirik. Azər
nəysə əlaqə yaratmaq istəmir. Digərlərilə əlaqə saxlamağa
çalışmışam”.
Azadlıq.- 2014.- 1 dekabr.- S.14.