«Mixaylo» kinoteatrı
partladandan sonra
ağlayırdı»
Ştoka
Sreçko:”Bəzi tapşırıqları yerinə yetirmək
«Mixaylo» üçün ağır idi…
«Mixaylo» üçün dinamit hardan gəlirdi?
...Adam
boyu hündürlüyündə daş
parçalarının arasında gəzişirik. Daşların çıxarıldığı dərəyə
baxanda isə adamın başı gicəllənir - 30-40 metr
aşağıda ekskavatorlar işləyir. İtaliya və Sloveniyanın sərhəd bölgələrində
belə daş karxanalarının bəziləri yüz ildir fəaliyyət
göstərir. «Bax köməkçiləri
«Mixaylo» üçün dinamiti belə karxanalardan oğurlayıb
gətirirdilər. Onda bəzi karxanalar
dayanmışdı, anbarlarda süxurları dağıtmaq
üçün istifadə olunan çoxlu dinamit vardı».
Bunu bizə Bruno Kavçiç deyir. Mehdi Hüseynzadə haqqında əvvəlki
yazılarımızı oxuyanlar onu yaxşı
tanıyır, 85 yaşı var, müharibə vaxtı
partizanların kuryeri - rabitəçisi olub.
Əfsanəvi qəhrəman, Azərbaycanın
igid oğlu Mehdi Hüseynzadəyə - «Mixaylo»ya
İtaliyanın Obçina şəhərindəki
kinoteatrı partlatmaq üçün istifadə etdiyi
bombanı hazırlamaqda kömək edib.
Bizim «Şkoda» avtomobili beş dəqiqə
sonra karxananın həyətini tərk etməli olur,
mühafizə xidməti özünü yetirir. Mən, Bruno
Kavçiç, yenə də «Mixaylo» haqda əvvəlki
yazılarımızdan sizə tanış olan Sloveniyanın
Nova Qoritsa bələdiyyəsinin məmuru Andrey Kampara və tərcüməçi
xanım Lukeriya Kobyevqlava kəndinə yollanırıq.
Gizli
«bomba sexi»
Sloven dilindəki ifadəylə desək,
«Mixaylo»nun «postaya»larından, yəni gizli dayanacaqlarından
biri də Kobyevqlava kəndində yerləşib. Bruno Kavçiç qabaqda, biz də arxasınca ikimərtəbəli
evin birinci mərtəbəsindəki kiçik otağa daxil
oluruq. Otağa gül dibçəkləri,
yeşiklərdə cücərdilən müxtəlif bitkilər
yığılıb. Bruno Kavçiç: «Onda bu
dibçəklər yox idi, ortaya bir stol qoyulmuşdu,
partlayıcını həmin stolun üstündə
yığırdıq.
Torbalara müxtəlif cür tozlar,
başqa materiallar doldururduq, sonra dinamit əlavə edirdik».
«Dobr dan». Ev sahibləri
bizi slovencə, «Gün aydın» deyib qarşılayır.
İndi bu evdə 90-a yaxın yaşı olan və
infarktdan sonra çətinliklə danışan Herman Ostroujko
öz həyat yoldaşı Mayda Kermol ilə birgə yaşayır.
Hermangil ailədə beş
uşaqmışlar, onun dörd bacısından ikisi
partizanların rabitəçisi olub. Ataları
erkən dünyasını dəyişdiyi üçün
anası onları tək böyüdüb, amma imkanlı ailə
olduqları üçün korluq çəkməyiblər.
Ev sahibəsinin o vaxt 55 yaşı olub, anası
ukraynalı olduğu üçün rusca da danışa
bilirmiş. Bundan başqa, «postaya»da qalan
partizanlara yemək də hazırlayırmış.
Partizanlar ikinci mərtəbədəki otaqlarda
yatırmışlar, amma onların alt qatda toplaşıb
bomba düzəltdiyini heç ev sahibəsinin
rabitəçi qızları da bilmirmiş. Rabitəçi
qızların vəzifəsi həm də «Mixaylo»nun alman
zabiti formasını gizlətmək idi.
Həmsöhbətlərim
danışır ki, «Mixaylo» burda iki həftə qalıb və
bu müddət ərzində rabitəçilər ona
ismarışlar aparıb-gətiriblər.
«Mən də
«Mixaylo»nun ağladığını görmüşəm»
«Şkoda»mız dolanbac dağ
yollarıyla bizi Kobyevqlavadan Krayna Vas kəndinə aparır. Bəxtimizdən hava yaxşıdır, yollar
sürüşkən deyil, maşının pəncərəsindən
yazın ilıq nəfəsi duyulur. Buraların
bəzəyi olan dağ meşələri hələ əlvan
yaz libasını geyməyib. Amma
çayların rəngi ilin dörd fəsli adamı heyrətləndirir.
Havadan asılı olaraq çay suları gah mavi rəngə
çalır, gah yaşıl, gah da çəhrayı...
Əlbəttə, müharibə vaxtı
partizanların beş ulduzlu otel keyfiyyəti
axtarmağa nə vaxtları vardı, nə də niyyətləri.
Krayna Vasdakı «postaya»da bizi inəklər
«qarşılayır». Bura elə müharibə vaxtı da
tövlə olub, ev sahibləri deyir ki, o
vaxt tövlədə indikindən az - 7 inək vardı.
«Mixaylo» və dəstəsi
üçün tövlənin sol tərəfinə ağac
yarpaqları töküb üstünə mələfə sərərmişlər. Gecələmək üçün tövlənin
seçilməsi təsadüfi deyildi, burda ehtiyat
çıxış var idi. Almanlar darvazanı döyərsə,
ev sahibi partizanlara xəbərdar edəcək,
onlar da dal qapıdan evin arxasındakı küçəyə
çıxacaqdılar.
Tövlə ikimərtəbəli evin birinci qatında
yerləşirdi, inəklərin altını təmizləyən
ev sahibi Ştoka Sreçkonun onda 11 yaşı vardı, bu evdə
anası, qardaşı və bacısı ilə birgə
yaşayırdı:
«Biz hamımız «Mixaylo»nu çox
sevirdik. Həm bir insan kimi, həm də
partizanlar arasında hamıdan məşhur olduğu
üçün».
Ştoka Sreçko deyir ki, onların kəndi
partizanların diversiya törətdiyi Triyest və Obçina
şəhərlərinə başqa «postaya»lardan daha yaxın
olduğundan «Mixaylo»gil burda tez-tez gecələyirdilər. Obçinadakı kinoteatrı, Triyestdəki yeməkxananı
partlatmağa da burdan gediblər. Ş.Sreçkonun
sözlərinə görə, bəzi
tapşırıqları yerinə yetirmək «Mixaylo»
üçün ağır idi, gəlib ağlayırdı:
«Mən də bir dəfə onu ağlayan
görmüşəm».
Nə ağlamaq? Qulaqlarıma
inanmayıb tərcüməçidən bir də xahiş
edirəm ki, «Mixaylo»nun niyə ağladığını dəqiqləşdirsin.
Ştoka Sreçko deyir ki, kinoteatr kimi obyektlərin
partladılmasını nəzərdə tutur:
«Orda
başqa adamlar da ola bilərdi».
Məlumatlara görə,
Obçinadakı böyük açıq kinoteatr alman zabitlərinin
də sevimli istirahət yeri idi və partlayış zamanı
müxtəlif rəqəmlərə görə, orda 120-yəcən
alman zabiti həlak olub. Obçinanın mərkəzində
yerləşmiş həmin kinoteatr artıq mövcud deyil,
onun yerində indi bir cərgədə dükanlar, bərbərxana,
qəzet köşkü və başqa obyektlər yerləşir.
«Mixaylo» Triyestdə alman zabitlərinin
tez-tez getdiyi kazinonu, nasistlərə xidmət edən «Il
Pikolo» qəzeti redaksiyasını və mətbəəsini də
partlatmışdı. Bundan başqa…
Nasistlərin
ürəyinə saplanan xəncər
...1944-cü il. Adriatik
dənizinin sahilləri. İtaliyanın
şimalı. Nasistlər Triyest şəhərinin
mərkəzindəki ən gözəl binalardan birini özlərinə
qərargah seçmişdilər. Qərargahdakı
partlayış nasistlərin düz ürəyinə saplanan xəncər
idi.
Partlayışda ölənlər
arasında xeyli yüksək rütbəli zabit vardı.
Partlayış birinci mərtəbədəki restoranda törədilmişdi...
Keçən əsrin əvvəllərində
tikilən belə gözəl üç mərtəbəli
hündürtavanlı daş binalardan Bakıda da çoxdur. Onu bir alman qrafı tikdirib, amma övladı
olmadığı üçün Triyest şəhərinə
bağışlayıb. İndi bura
konservatoriyadır. İmtahan getdiyi
üçün bizdən çəkilişi tez
yekunlaşdırmağı xahiş edirlər.
Birinci mərtəbənin quruluşuna
sonradan dəyişiklik edilib, restoran ləğv edilib, foye
genişləndirilib, divarlara konservatoriyanın dərs cədvəlləri
vurulub, kiçik oranjereya yaradılıb.
«Mixaylo»nun alman zabiti paltarında gəlib
törətdiyi həmin partlayışda müxtəlif rəqəmlərə
görə, 150-yəcən alman zabiti həlak olub.
Çox ciddi qorunan bir binada törədilən
bu partlayış faşistləri elə qəzəbləndirmişdi
ki, onlar qisas olaraq onlarla sloven partizanını binanın mərmər
pilləkan sürahisindən asmışdılar - birinci mərtəbədən
üçüncü mərtəbəyə qədər.
Əlbəttə, bu, qəzəbdən
başqa həm də yerli əhalini «Mixaylo»ya qarşı
kökləmək cəhdi idi.
Nasistlər həm də «Mixaylo»nun
başına qoyduqları mükafatın məbləğini
getdikcə artırırdılar. Bruno
Kavçiç deyir ki, 300 min marka fantastik məbləğ
idi. Müharibə vaxtı yer şumlamaq
üçün istifadə olunan öküzün biri təxminən
min marka idi. Onun sözlərinə görə, bu, elə
bir vaxt idi ki, bir çox insanlar ancaq bayramlarda ət alıb
yeyirdilər, bir öküzü olan isə artıq varlı adam sayılırdı. «Mixaylo»nun
başına 300 öküz dəyərində mükafat
qoyulmuşdu. Amma slovenlər öz qəhrəmanlarını
dünya malına satmadılar.
«Mixaylo»
haqda dördüncü yazının sonu
...Uşaqlıqda müharibə haqda sənədli
filmlər veriləndə məni televizordan «kəlbətinlə
də qoparmaq» olmazdı. Bu, həm oğlan
uşağının silaha, savaşa təbii meyli idi, həm
də bəşəriyyət tarixinin ən qanlı
müharibəsinin təsəvvürəgəlməz dəhşətlərinin
«maqnit qüvvəsi». Məni ən
çox sarsıdan isə alman təyyarələrinin «qara-qara»
bombaları ağına-bozuna baxmadan sovet şəhərlərinə-kəndlərinə
yağdırması idi.
Amma sovet kinoxronikalarına baxarkən «bir
pioner olaraq» məndə heç vaxt belə bir sual
yaranmamışdı ki, bəs alman şəhərləri
bombardman ediləndə, görəsən, orda nə qədər
qadın, uşaq ölüb? Məsələn,
tarixdən məlumdur ki, ABŞ və Britaniya
aviasiyasının Drezdenə reydləri 40 minəcən şəhər
sakininin həyatına son qoyub...
O vaxt bizim üçün cəbhənin o
tayındakıların hamısı bir idi - ilanın
ağı, qarası kimi...
Bəli, bu müharibədir! Amma görəsən,
hansı tərəfdə vuruşmasından asılı
olmayaraq o, pilotlardan kimsə döyüş
tapşırığını yerinə yetirəndən
sonra sənin kimi ağlayıbmı, «Mixaylo»?..
Müharibənin hər üzünü
gördün, döyüşdün, ağır yaralandın,
əsir düşərgəsindən keçdin, alman
bayrağı altında xidmət etməyə məcbur oldun,
partizanlara qoşuldun - insan həyatının yerə
düşən giliz qədər dəyərsizliyinə
şahid oldun. Müharibənin «məntiqiylə» sənin
ürəyin gərək daşa dönəydi...
Mənim üçün o göz yaşları qəhrəmanlığın
ali mərhələsidir. (azadliq.org)
Nasistlərin Triest şəhərindəki
qərargahı olmuş bina. Mixaylo bu binanın
1-ci mərtəbəsindəki yeməkxananı partladıb
Bruno Kavçiç. Obçinadakı
kinoteatrı partlatmaq üçün bombanı hazırlamaqda
«Mixaylo»ya o, kömək edib. Bizə öz evinin
eyvanındakı «müharibə muzeyi»ni
göstərir
Kobyeqlava
kəndi
Ştoka Sreçko deyir ki, «Mixaylo» üçün bəzi
obyektləri partlatmaq ağır idi
Andrey Kampara deyir ki, nasistlər yeməkxanadakı
partlayışdan sonra onlarla partizanı pilləkən
sürahisindən asmışdı
Rövşən
Qənbərov
Azadlıq.- 2014.- 2 dekabr.- S.13.