Rüstəm İbrahimbəyovun “Özgə

ömür” filminin kadrarxası

 

Məşhur Aleksandr Kalyagin Bakıda çəkiliş heyətini çətinə salıb

 

Modern.az saytının "Kadrarxası" layihəsində bu dəfə məşhur rus aktyor Aleksandr Kalyaginin oynadığı “Özgə ömür” filmindən söhbət açılır. Quruluşçu operator Kənan Məmmədov filmin ayrı-ayrı kadrlarının çəkildiyi məkanlar, aktyor seçimi, baş verən çətinliklərdən danışır.

 

Arayış: 1946-cı ilin oktyabrın 9-da Bakıda doğulan Kənan Məmmədov 1957-ci ilə qədər İçərişəhərdə yaşayıb. 1954-1965-ci illərdə orta məktəbdə oxuyub. 1971-76-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb, “Azərbaycanfilm” kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru kimi fəaliyyətə başlayıb. Eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərib. Əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı Laureatıdır. 1996-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetində müəllim kimi fəaliyyət göstərib, 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilib.

“Özgə ömür” filmi 1987-ci ildə yazıçı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal edilib. Film institut rektorunun yaşadığı ikili həyat tərzindən, baş verənlərin fonunda daxili iztirablarının yavaş-yavaş onu məhv etməsindən bəhs edir. “Özgə ömür” filmi ekranlara çıxdıqdan sonra böyük tamaşaçı rəğbəti qazanıb.

Fariz Əmiroviçin (A.Kalyagin) sevgilisi rolunu canlandıran aktrisa İrina Kupçenko 1987-ci ildə ən yaxşı epizodik rola görə SSRİ Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Nika” prizinə layiq görülüb.

Ekran əsərinin quruluşçu rejissoru Rasim Ocaqov, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssam Rafiz İsmayılov, bəstəkar Emin Sabitoğlu, filmin direktoru Aydın İmranidir.

Rollarda Aleksandr Kalyagin, Fəxrəddin Manafov, Muxtar Manıyev, İrina Kupçinko, Liya Əhədcəqova, Mübariz Əlixanlı, Çingiz Mustafayev, Şüküfə Yusupova, Nuriyyə Əhmədova, Hacı İsmayılov, Hamlet Xanızadə və başqaları çəkilib.

 

“Rasim Ocaqovla çalışmaq sürpriz oldu”

 

Quruluşçu operatorla Rasim Ocaqovun ilk işi “Ad günü” filmindən başlayıb. “Özgə ömür” filminə operator olaraq dəvət alması isə K.Məmmədov üçün gözlənilməz olub.

Kənan Məmmədov: “Rasim Ocaqovla ilk dəfə ”Ad günü" filmində görüşdük. Həmin filmdə ikinci operator vəzifəsini icra edirdim. Uzun illər tanışlığımız, yaxşı münasibətlərimiz olmasına baxmayaraq birlikdə hansısa filmdə işləməmişdik.

1986-cı ilin yay aylarından biri idi. Hava isti olduğundan hamı küçələrə axışırdı. Mənsə evdə tək oturmuşdum. Birdən qapı döyüldü, Rasim Ocaqovla birlikdə çalışan Aydın Imrani içəri girdi. Bir az nigaran qaldım, görəsən nə olub, deyə düşündüm. Dedi heç bir problem yoxdur, hər şey qaydasındadır, sadəcə Rasim müəllimin tapşırığına əsasən bizə gəlib: “Rasim müəllim tapşırdı ki, təcili Kənanı tap. Ssenarini ona ver oxusun, sabah saat 10:00-da kinostudiyada olsun”.

Ssenari həmin bu filmin ssenarisi idi. Səhər 4-ə qədər oxudum, tanış oldum. Ssenarinin adı “İz” idi. Çox bəyəndim və sabahı günü kinostudiyaya getdim. Rasim müəllim otağında məni gözləyirdi. Görüşdük və biz ssenari haqqında geniş müzakirə apardıq. Mən ssenarini çox bəyəndiyimi, orijinal, qeyri-adi bir film alına biləcəyini söylədim. Bu zaman Rasim müəllim bildirdi ki, “onda bir yerdə işləyək”. Sözün düzü, bu təklif mənim üçün gözlənilməz oldu. Çünki, Rasim Ocaqov filmlərində həmişə operator Rafiq Qəmbərovla birgə çalışırdı. “Ad günü” filminə qədər onlar bir yerdə işləyiblər. Amma niyə sonra mənimlə işləmək istədi, onu bilmirəm, düzü, heç maraqlanmadım da. Razılaşdıq və beləcə 1986-cı ildə hazılıqlara start verildi.

Filmin adının dəyişdirilərək “Özgə ömür” adlandırılması birbaşa qəhrəmanın yaşadığı ikili həyatla bağlı oldu. Yəni görünən həyatla yanaşı, onun görünməyən bir həyatı da var. İstədik ki, yaşananlar eyni zamanda filmin adında da öz əksini tapsın".

 

“Kalyaginlə işləmək böyük hadisədir”

 

K.Məmmədov aktyor A.Kalyaginlə işləməyi yaradıcılığının ən böyük uğurlarından sayır.

“Mən filmə gələndə artıq Aleksandr Kalyagin baş rola təsdiq edilmişdi. Onun Rasim Ocaqovla çox yaxın münasibətləri vardı. Onların işbirliyi hələ ”İstintaq" filmində Seyfi rolu ilə başlamışdı. Onların çox isti münasibətləri vardı ki, hətta Kalyagin Rasim müəllimin təklif etdiyi epizodik rollardan belə, imtina etməmişdi. Kalyaginin sifət quruluşu, bığı elədir ki, bir az da geyiminə əl gəzdirəndə azərbaycanlılardan seçilmirdi. Söhbət təkcə xarici oxşarlıqdan deyil, həm də daxili oxşarlıqdan gedir. O çox böyük aktyor idi. Kalyagin dünyanın hansı bölgəsində yerləşməsindən asılı olmayaraq, istənilən studiyanın yaraşığı ola bilən aktyordur. Bir var aktyor ömründə 3 kitab oxuyur, nəsə öyrənir, bir də var aktyor sanki dünyaya istedadla gəlir, hər şeydən başı çıxır. Kalyaginlə birgə işləmək mənim bioqrafiyamda bir hadisə idi. Baxmayaraq ki, film 1986-cı ildə çəkilib bizim indiyə qədər münasibətlərimiz qalır. Mən hər dəfə Moskvaya gedəndə ona zəng vururam, o da böyük canfəşanlıqla mənə cavab verir və dərhal məni teatra dəvət edir. Moskvaya səfərlərim çərçivəsində onun teatrdakı bütün tamaşalarını izləmişəm. Hazırda Kalyagin öz teatrını yaradıb.

“Özgə ömür” filmində Kalyaginlə çiyin-çiyinə Fəxrəddin Manafov, Nuriyyə Əhmədova, Muxtar Manıyev, Hacı İsmayılovla yanaşı, Liya Əhədcaqova və İrina Kupçinko kimi gəlmə aktirsalar da çəkilib.

Aktrisaların hər ikisi çox talantlı, məsuliyyətli idilər. İrina Kupçinko isə çox böyük sənətkardır. O, bu filmə görə “Nika” təqdimatında ikinci dərəcəli rol ifaçısı kimi birinci yer aldı. Bir dəfə Moskvada ezamiyyətdə idim. İşlərimlə bağlı “Mosfilm”in studiyasına getdim. Böyük dəhlizin tinində İrina Kupçinko ilə rastlaşdıq. O məni gördü, çox sevindi və mən mükafat münasibətilə onu təbrik etdim. Həmin vaxt ayaqüstü qısa söhbətimiz oldu. Dedim ki, bizim üçün sevindiricidir ki, “Özgə ömür” filmində rol almısız. O isə bunun müqabilində bildirdi ki, “mən sizi təbrik edirəm, çünki, sizin filmə çəkildiyimə görə mən o mükafata layiq görülmüşəm. Mənim filmdəki uğurum sizlərlə bağlıdır”.

Prorektor rolunda oynayan Fəxrəddin Manafov Azərbaycanın ən yaxşı kinoaktyorlarından biri və mənim ən yaxın dostumdur. Onu kinoya Rasim Ocaqov gətirib. O, Rasimin filmlərində böyüyərək püxtələşib və xalq artisti adına da layiq görülüb".

 

AzərTAc-ın binasında kino...

 

Kənan Məmmədov: “Bütün çəkilişlər Bakıda aparıldı. Ilk çəkilişlər yay vaxtına təsadüf etmişdi. Həmin vaxt Kalyagin ailəsilə birlikdə Bakıya gəlmişdi. Necə deyərlər, həm ziyarət, həm ticarət... Həm filmə çəkilirdi, həm də ailəsilə birlikdə sanatoriyaların birində dincəlirdi. Ümumi çəkilişlər isə pavilyon və naturda gerçəkləşdirildi. Onun evi, həyat yoldaşıyla sözlərinin çəp gəlməsi, böyük gəlini ilə söhbəti - hamısı kinostudiyanın pavilyonunda dekorasiyada qurulmuşdu.

Filmin ilk kadrlarında Fariz Əmiroviçin liftin qarşısında oğluyla qarşılaşması, sərxoş kişinin liftin düyməsini tapa bilməməsi səbəbindən çıxardığı səslərdən onun qorxması, pilləkənlərdən yıxılaraq vəfat etməsi, ümumiyyətlə, blokla bağlı səhnələrin hamısı “Nizami” kinoteatrı ilə üzbəüz yerləşən indiki AzərTAc-ın binasıdır. Onu da deyim ki, Fariz Əmiroviçin oğlu rolunda rəhmətlik Çingiz Mustafayev çəkilmişdi. Kiçik bir rol idi".

 

Kalyagin çəkilişə gəlməyib...

 

Müsahibimiz deyir ki, müəyyən hissələr çəkilib istirahət müddəti başa çatdıqdan sonra Kalyagin ailəsi birlikdə Moskvaya qayıdır.ÿ

“Bundan sonra o, mütəmadi olaraq Bakıya gəlib-getməyə başladı. Gəlirdi, 3-5 gün çəkilirdi, qayıdırdı. Xüsusi olaraq demək istəyirəm ki, belə bir hal çəkiliş qrupu üçün əziyyətli idi. İşə bağlayırsan, birdən aktyor gələ bilmir, vacib məsələ üzündən qayıdası olur və s. Bu zaman bütün işçi qurupu ritmdən çıxır, işə yenidən adaptasiya olmaq çətinləşir.

Belə günlərin birində Kalyagin Rasim Ocaqova zəng vurub dedi ki, müəyyən müddətə heç cür gələ bilməyəcək.

Bu vaxt əsas çəkilişlərdən olan rektorun kabineti və onun dəhlizinin çəkilişləri hələ qalmışdı. Qərar qəbul olundu və təxminən 8 nəfərlik bir qrupla biz Moskvaya getdik. O cümlədən Fəxrəddin Manafov da bizimlə idi. Rəssam Rafiz İsmayılov Qorki adına kinsotudiyanın üçüncü pavilyonunda rektorun kabineti və dəhlizi dekorasiyasını qurdu. Ekranda gördüyünüz həmin kabinet sadəcə dekor idi. Və yeganə obyekt idi ki, Moskvada çəkilmişdi. Kalyaginin çalışdığı institut isə indiki Pedoqoji Universitet idi".

Operator deyir ki, filmdə çəkilən dəcəl uşaqların ikisi də bakılı olub.

“Birini xatırlamıram, amma o biri uşaq indi də mənimlə qonşudur. Bizdə ikinci rejissor kimi çalışan Rafiq Dadaşovun oğludur. Rafiq müəllimlə Rasim müəllim bacanaq idi. Mən sonra həmin uşağı ”Fəryad" filmində də çəkmişdim".

 

Kolyaginin maskası hazırlanıb

 

Kənan Məmmədov: “Baş qəhrəman Fariz Əmiroviçlə vida mərasimi Aktyor evində çəkilib. Amma tabutun çıxarılaraq dəhlizlə aparılması Statistika Komitəsində lentə alınıb. Moskvada ölən məşhur adamların maskası hazırlanır. Həmin vaxt biz də Kalyaginin maskasını düzətdirmişdik. Maska xüsusi plastik materialdan hazırlanmışdı. Hətta kadrların birində üzü də görsənir, baxan elə bilir ki, tabutda uzanan Əmiroviç özüdür. Liliyanın insanların arasında, Əmiroviçin arxasınca ağlamasını uzun fokuslu əl kamerası ilə çəkdim. Yəni hər hansı, relsin, arabanın üstündə deyildim. Liliyanın keçirdiyi iztirabları göstərmək, tamaşaçıya o hisləri yaşatmaq üçün bilərəkdən həmin metodu seçdik. O, gah camaatın arasında itir, gah sağa, gah sola baxır, təşviş içində idi. Ordakı insanlar isə kütləvi səhnə üçün dəvət olunmuşdular.

Çəkiliş prosesində Kalyaginin Nuriyyə Əhmədovadan çox xoşu gəlirdi. Hətta yadımdadır, Kalyagin Rasim Ocaqova dedi ki, “sənin necə gözəl, istedadlı, talantlı aktrisan var. O çox möhtəşəm oynayır. Onu tez-tez filmlərə çəkmək lazımdır”. Bu söhbəti imkan düşdükcə danışanda Nuriyyə xanımın da çox xoşuna gəlirdi".

 

“Kupçinka tam sakitlik istədi

onun gözlərindən yaş süzüldü”

 

Kənan Məmmədov: “Liliyanın ağlaması xüsusi bir iş idi. Biz çəkilişə gəldik. Əmiroviçlə vida mərasimi zəif işıqda çəkildi. Kinoda qaranlıq şərti anlayışdır. Yəni qaranlıq olsa da, baxan tamaşaçı orda təsvir olunanları görməlidir. Aktyor evində mərasim səhnəsi çəkildi. Qaldı Liliyanın (İ. Kupçinka) ağlamaq səhnəsi.

Biz çəkilişi aparanda Kupçinka Bakıda deyildi. Amma bilirdik ki, həmin saatlarda o təyyarəyə minir. Çəkiliş bitəndə mən kameranı onun səhnəsi üçün qurdum. Bu vaxt mənə çatdırdılar ki, o artıq təyyarədən düşüb. Onu qarşılamağa bizim assistent getmişdi. Aktrisanın cəmi bir günlük çəkilişi qalmışdı. O, çəkilib yenə də Moskvaya qayıdacaqdı. Biz hər şeyi məşq etdik. Mən onu ön planda çəkirdim. Kamera qurulub, işıqlar hazır idi, yalnız ÿdüyməni basmaq qalıb. Kupçinka dedi ki, “mən tam sakitlik istəyirəm”.

Bilirsiz ki, filmdə ağlamağı qlisirinlə də etmək olar. Amma aktrisa bundan imtina etdi. Beləcə çəkiliş üçün hər şey hazır oldu. Onlar Rasim müəllimlə söhbətlərini etdilər. Hər kəs fonda oturana diqqət kəsilmişdi. Aktirsa əvvəldən dedi ki, “Kənan, mən barmağımla işarə edəndə sən başla”. Kütləvi səhnənin çəkilişi bitsə də, tabut hələ də ortada idi. Onu da deyim ki, tabut orijinal idi. Bir də gördüm Kupçinka mənə barmağı ilə işarə etdi. Biz onun uzun kadrını çəkdik. O ağlamağa başladı. Həmin kadr bir dubla çəkildi. O, yavaş-yavaş kövrəldi və gözündən yaş süzüldü. O, tam sakit ağlayırdı, hönkürtü yox idi. Rasim Ocaqov mənə demişdi ki, elə işıqlandır ki, aktrisanın gözündən düşən yaşlar ekranda görsənsin. Çəkdik və tam istədiymiz kadrlar alındı".

K. Məmmədov çəkilən, lakin efirə getməyən kadrların olmadığını deyir: “Çünki, Rasim müəllim çox dəqiq insan idi. Xüsusilə hazırlıq dövrünə çox önəm verirdi. Rejissor ssenarisində nə yazılmışdısa, o da çəkildi. Mən onunla 4 filmdə çalışmışam. Hələ yadıma gəlmir ki, hansısa kadr sonradan çəkilsin, ya da hansısa epizod kinoya daxil olunmasın.

O, heç vaxt özündən, işindən razılıqla danışmazdı, nə də əla alınan bir iş üçün çox tərif deyərdi. Ondan bunu soruşmaq da çətin idi. Xasiyyəti belə idi.

Amma bir dəfə filmi Moskva telekanllarından birində nümayiş etdirirdilər. Film bitdikdən sonra evə zəng gəldi. “Alo” dedim. Rasim Ocaqov idi. Filmə baxıb-baxmadığımı xəbər aldı. Dedim ki, baxdım. Dedi “Kənan, ”Özgə ömür" filmi operator kimi sənin ən yaxşı, ən uğurlu filmindir".

 

Azadlıq.- 2014.- 8 dekabr.- S.14.