Cümhuriyyət banisinə şaxtalı havada isti məhəbbət

 

Milli Şura Rəsulzadənin doğum gününü izdihamlı yürüş-mitinqlə qeyd etdi

 

Demokratik Qüvvələrin Milli Şurası ötən gün Azərbaycan Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illiyini onun doğma kəndi Novxanıda, abidəsi önündə qeyd etdi. Havanın qarlı-şaxtalı olması, marşurutların vaxtı-vaxtında işləməməsi belə M.Ə.Rəsulzadəni anım mitinqini keçirməyə mane olmadı.

 

Biz “Əsrin müqaviləsi”ni imzalayanları yox,

“Əsrimizin Siyavuşu”nu yazanı seçdik”

 

Dövlət himnin oxunmasıyla başlanan mitinqi giriş sözü ilə AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn açdı. Şaxtalı, soyuq havada  Rəsulzadəni yad etməyə gələnlərə təşəkkürünü çatdıran İlham Hüseyn bildirdi ki, əslində yağan qar təbiətin onları dəstəkləməsidir: “Rəsulzadə fikirlərin adamı idi. Bu hakimiyyət Rəsulzadəni unutdurmq istəsə də, mümükün olmayacaq. Çünki, o, bizim qəlbimizdə özünə əbədi heykəl qoyub. Rəsulzadə öləndən sonra yaşamağın nümunəsini yaradıb. Bu gün bu insanların bu abidənin önünə toplaşması Rəsulzadə şəxsiyyətinin böyüklüyünün əyani sübutudur. Təəssüf olsun ki, biz bu məkanı ziyarətə gələndə ulu öndərimizə xoş müjdə verə bilmirik. Əminəm ki, bir gün gələcək, biz bu abidənin önündə dayanıb deyəcəyik ki, ey ulu öndər, biz sənin istədiyin kimi bir Azərbaycan qurmuşuq.

Bu hakimiyyət bizə bir yol göstərib. O da ildə 5 dəfə tikilib-sökülən asfalt yollardır. Rəsulzadə isə bizə vətəndaş olmağın, ləyaqətli həyat yaşamağın yolunu göstərdi. Dostlar, Rəsulzadə olmaq çətindir, amma mümkündür. Öz mübarizəsində, əqidəsində sədaqət andı içibbu andı ölənə qədər pozmamaq Rəsulzadə olmağın müqəddiməsidir. Biz “Əsrin müqaviləsi”ni imzalayanları yox, “Əsrimizin Siyavuşunu yazanı seçdik. Məqsədimiz bu ölkəni ucuz adamların əsarətindən qurtarmaqdı. Biz xoşbəxtik ki, bizim əfsanə, nağıl deyil, həqiqi, real liderimiz var”.

 

“Nə Sovet hökuməti, nə də sülalə hakimiyyəti

Rəsulzadəni xalqın gözündən sala bildi”

 

Çıxış edən AXCP sədri Əli Kərimli dedi ki, Rəsulzadə bu dünyaya Azərbaycanı tanıtmaq, Azərbaycan ideyasını formalaşdırmaq, Azərbaycan Xalq Cümhuriyyətini qurmaq üçün gəlmişdi: “Bu gün bu fədakar insanlar Azərbaycan dövlətinin qurucusunun xatirəsini anmaq üçün bura gəlirlər. Azərbaycan müstəqil, dövlət olmazdı, əgər Rəsulzadə başda olmaqla bizim şərəfli babalazımız lazım olan məqamda, lazımi qərarları verməsəydilər. Bu gün bu qədər insan bu şaxtada, bu qarda bura gəlməklə yalnız bu böyük şəxsiyyətə öz ehtiramını ifadə etmir, həm də buradan böyük Rəsulzadənin simvolu olduğu dəyərlərə, Azərbaycan dövlətinə, Azərbaycanın bayrağına, himninə, Azərbaycan cumhuriyyət ideyalarına və nəhayət Rəsulzadənin ideoloqu olduğu azadlıq ideyalarına öz səadaqətini, sevgisini nümayiş etdirir. Azərbaycan xalqına və bütün dünyaya buradan bu mesajı çatdırır. Eşq olsun Azərbaycan xalqına!”.

AXCP sədri qeyd etdi ki, Məhəmməd Əmin Rəsulzadənin taleyi həddindən artıq mürəkkəb olub: Allah bir tərəfdən bütün ömrünü onun istədiyi işə həsr etməsinə, Azərbaycan davası üçün çalışmasına şans yaradıb, amma o biri tərəfdən həyatı böyük məhrumiyyətlərlə yaşayıb. 71 illik ömrün 40 ilini Azərbaycandan kənarda yaşamaq məcburiyyətində qalıb. Doğmaları, özü, ailəsi həddindən artıq böyük məhrumiyyətlər yaşayıb və eyni zamanda Azərbaycan tarixində öz bədxahları tərəfindən, Azərbaycanın düşmənləri tərəfindən ən çox böhtana, şərə, mənəvi terrora məruz qalmış insan da bu böyük kişi olub. Amma nə 70 il Sovet hökumətinin apardığı bu şər, böhtan kampaniyası, nə də ondan sonra hakimiyyəti zəbt etmiş sülalə hakimiyyətinin apardığı böhtan, şər kampaniyası bu böyük oğlunu Azərbaycan xalqının gözündən sala bildi. Ona görə də əmin olun ki, siz fədakar, qədir bilən, haqqı nahaqdan ayırmağı bacaran bir xalqın övladlarısınız. Azərbaycan xalqı hər zaman öz oğullarına dayaqdır, haqqa dayaqdır, ədalətə dayaqdır, Rəsulzadə ideyalarına dayaqdır. Azərbaycan xalqı gerçəkdən də uca xalqdır. Eşq olsun bu xalqa!”.

Əli Kərimli Rəsulzadənin missiya adamı olduğunu söylədi: “O, 19 yaşından Azərbaycan davasına başladı və harada olmağından asılı olmayaraq, hansı şəraitdə olmağından asılı olmayaraq, hansı şəraitdə olmağından asılı olmayaraq Azərbaycanı sevib, Azərbaycan üçün çalışdı və Azərbaycan deyə-deyə dünyanı tərk etdi. Çünki, elə o bu dünyaya Azərbaycanı tanıtmaq üçün, Azərbaycan ideyasını formalaşdırmaq üçün, Azərbaycan Xalq Cümhuriyyətini qurmaq üçün gəlmişdi. Ona görə də o bu misraları hər zaman sevə-sevə deyirdi. Bizbu 130 illik gündə, birlikdə, Rəsulzadənin səsinə qoşularaq onunla birlikdə, hamımız ucadan deyək:

Sən bizimsən, bizimsən durduqca bədəndə can,

Yaşa yaşa çox yaşa, ey şanlı Azərbaycan!”.

 

“Azərbaycan hökuməti 20 ilə

Rəsulzadənin kim olduğunu dərk etdi”

 

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, Rəsulzadə Azərbaycan dövlətini ilk olaraq quran şəxsdir: “Azərbaycan sözünü Azərbaycan dövlətçiliyinə gətirən şəxs olduğuna görə bizim dövlət babamızdır. İnanclarımızı bayrağında əks etdirdiyinə görə, bu üçrəngli bayrağı Azərbaycan üçün təsis edəndə sizdən öncəki nəsil “Heçdən bir bayraq yapdı” dedi və onu Azərbaycan göylərinə dikərək “Bir kərə yüksələn bayraq bir daha enməz” söylədi. Adamlar adam olanda, öz böyük dədələrinə, dövlət dədələrinə, din dədələrinə və inanc dədələrinə həmişə hörmətlə yanaşırlar. Adam olmayanda isə təbii ki, adam dədəsini tanımır. Əgər bu gün Rəsulzadənin 130 illiyi qeyd olunursa, biz bundan həm sevinirik, həm də deyirik ki, nəhayət ki, Azərbaycan hökuməti 20 ilə dərk etdi ki, Rəsulzadə kimdir”.

 

“Rəsulzadəyə ən böyük ehtiram onun

yaradıcılığını öyrənmək və təbliğ etməkdir”

 

Tanınmış vəkil Aslan İsmayılov gənclərə üzünü tutaraq Rəsulzadəyə ən böyük hörmət, ən böyük ehtiram onun yaradıcılığını oxumaq, öyrənmək və təbliğ etmək olduğunu söylədi: “Səhər tezdəndən sosial şəbəkələri izləyirdim görüm nə qədər adam ziyarətə gələcək. Bir çoxlarımız Ukraynada baş verənlərə baxıb təəssüf hissi ilə yazırdıq ki, 20 dərəcə şaxtada Ukrayna xalqı mübarizə aparır. Bu gün sizin hər birinizlə fəxr edirəm. Hər birinizə təşəkkür edirəm. Əminəm ki, bu cür gəncləri olan xalq istədiyinə nail olacaqdır. Rəsulzadə ilə bağlı cavanlardan xahiş edirəm, ona ən böyük hörmət, ən böyük ehtiram onun yaradıcılığını oxumaq, öyrənmək və təbliğ etməkdir. Bir hüquqşünas kimi deyim ki, bu gün Azərbaycana başçılıq edənlər, o cümlədən hüquqi savadı olmayanlar izah edirlər ki, insan haqları bizim daxili işimizdir. Ona qarışan olmaz. Rəsulzadənin BBC-yə bir müsahibəsi var. Orda deyir ki, insan haqları ümumbəşəri bir problemdir. Dünya ancaq 80-90-cı illərdə qəbul etdi ki, insan haqları ümumbəşəri bir problemdir”.

 

“Millətin qəlbini fəth etmək

ancaq böyük dahilərə nəsib olur”

 

Son çıxışçı Milli Şura sədri Cəmil Həsənli oldu: “Yığışmışıq bu müqəddəs ocağa, ey azadlıq aşiqləri! Ey müqəddəs ruh, bu gün, belə havada, gör hüzuruna nə qədər səni sevənlər toplanıb. Millətin qəlbini fəth etmək, millətin fikrini fəth etmək, ancaq sənin kimi böyük dahilərə nəsib olur. Eşq olsun sənə! Eşq olsun Məhəmməd Əmin Rəsulzadəyə! Sevgili gənclər, bu gün Azərbaycanın taleyində və tarixində çox möhtəşəm bir fikir adamının, qurucu babanın, ideoloqun, bütün həyatı Azərbaycana xidmətin nümunəsi olan böyük bir liderin anım mərasiminə toplaşmışıq. Azərbaycan tarixi, onun 130 illik bir mərhələsi bütövlükdə Rəsulzadənin keçdiyi həyat yolunun millətə, dövlətə, xalqa xidmət etməyin nümunəsidir. Rəsulzadə harda oldusa, nə gördüsə gördüyü bütün işlərdə örnək, nümumə oldu. Nəinki öz zamanında, ondan sonra da Rəsulzadə yalnız dünən hadisəsi deyil. Yalnız bu günün hadisəsi deyil. Rəsulzadə Azərbaycanın milli dirilik konsepsiyasıdır. Nə qədər ki, Azərbaycan var Rəsulzadə olacaq. Nə qədər ki, Rəsulzadə var, Azərbaycan olacaq. Eşq olsun belə böyük liderə”.

 

***

 

Çıxışlar bitəndən sonra Milli Şura üzvləri Rəsulzadənin Novxanı məzarlığında uyuyan əzizlərinin qəbrini ziyarət etdilər.

 

***

 

Milli Şuarnın yürüş-mitinqindən əvvəl isə Müsavat Partiyası və tərəfdarları Rəsulzadənin abidəsi önündə anım tədbiri keçiriblər.

 

Ramin Deko

 

Azadlıq.- 2014.- 1 fevral.- S.8-9.