Vətənə sığmayan adam

 

(Rüstəm İbrahimbəyovun 75 yaşına)

 

Müqəddəs olduğu qədər də dəqiq və səhih olan anlayışlardan biri də “Ana Vətən” qavramıdır. Bu birləşmənin tərsi də doğru və səhihdir - “Vətən Ana”. “Vətənə sığmayan adam” ifadəsinin anlamı Vətənin kiçikliyi, adamın böyüklüyü deyil, sığmazlığın, böyüklüyün ölçüsü olmaqla bərabər, həm də dühanın ölçüsünü, miqyasını ifadə edir.

Bu mənada Füzuli yalnız Azərbaycanın, türk-islam aləminin deyil, insanlığındır. Mirzə Fətəli yalnız Azərbaycanın deyil, bütün Şərqindir. Əli bəy Hüseynzadə və Məmməd Əmin Rəsulzadə yalnız Azərbaycan ictimai-siyasi fikrinin deyil, bütün Avrasiyanın, əslində dünyanındır.

Bu ifadədəki “sığmamaq” sözünün mənası missiyanın hüdudlarının ölçüsünü ifadə edir.

Modernləşmə çağında balaca Azərbaycanın yetirdiyi böyük adamlar - Mirzə Fətəli, Həsən bəy Zərdabi, Mirzə Cəlil, Sabir, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Üzeyir bəy Hacıbəyli, Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Xudu Məmmədov, Əbülfəz Elçibəy, Azad Mirzəcanzadə, Qara Qarayev... öz Vətənlərinə sığmadılar. Bu adları artırmaq da olar, azaltmaq da.

Ancaq söhbət yalnız adlardan deyil, bu adların simvollaşdırdığı qayədən, işdən, missiyadan gedir. Yeni ədəbiyyatın, sənətin, məfkurənin, düşüncənin, dövlətin, millətin əsasını qoymaq həm də insanlığı, dünyanı qorumaq, onun Allah verdiyi dəyərlərini hifz etməkdir.

Bu mənada öz vətənlərinə sığmayanlar var. Və yaxşı ki, çox şükürlər olsun ki, var. Bu insanlardan biri də Rüstəm İbrahimbəyovdur.

Nə üçün?

Birinci ona görə ki, Rüstəm bəy Stalin buzları əridikdən sonra köhnə Sovet məkanında yeni ədəbiyyatın, yeni düşüncənin toxumlarını əkənlərdən biridir. Bu uzun siyahıda adı olan Rüstəm İbrahimbəyov dünyanın Oskar adlı mükafatını alıb ki, bu mükafatı alan tək kişi kimi mədəniyyət tariximizə şərəf və şöhrət gətirib.

İkincisi, köhnə Sovet məkanının çox güclü kino sənəti olub. Bu çağdaş və etkin sənətin aparıcı şəxsiyyətləri rejissorlar, ssenaristlər, operatorlar və əlbəttə ki, aktyorlardır.

Rüstəm İbrahimbəyov bu böyük sənət məkanında, demək ki, dünyada ən ünlü beş-üç kinodramaturqdan - ssenaristdən biridir. Bunu söyləyənlər yalnız biz azərbaycanlılar deyil, bizi sevən və sevməyən millətlərdir - rusu da, gürcüsü də, ermənisi də, ingilisi də, fransızı da...

Dostun da, düşmənin də etiraf etdiyi adam seçkindir.

Bir az sonra biz Rüstəm bəyin əsərləri haqqında bilgi verməyə çalışacağıq. Amma sizi inandırıram ki, “Peyğəmbərin öz Vətənində hikməti olmaz” - ifadəsi həqiqəti deyil, keçiciliyin, müvəqqətiliyin qeyzini ifadə edir.

Peyğəmbərin hörməti dünyanı dolaşıb yenə öz Vətəninə dönür. Peyğəmbər Vətəni iman mərkəzi edibsə, bu ifadənin məcazi mənası da həqiqi mənadan uzaqda ola bilməz.

Öz Vətənindən getməyə məcbur olanlar Vətən torpağına doğmalarının yanına cismən dönə bilməsələr belə ruhən dönürlər. Dönməyə bilmirlər.

Nəhayət, Rüstəm İbrahimbəyov sənətkar olduğu qədər də ziyalıdır. Ziyalılıq hər şeydən öncə haqqın yanında olmaqdır.

Ziyalı qurban verən deməkdir. Bu qurbanlar olmasa, hər istedadlı adam bilgili, qabiliyyətli şəxs ziyalı ola bilməz.

Rüstəm bəyin Azərbaycanda baş verənləri, yaşadıqlarımızı görməsi və etiraz səsini qaldırması, haqqı söyləməsi ictimai fikrin orbitini və miqyasını dəyişir.

Dünyada elə fəlakətlər var ki, onların önünün kəsilməsi, insanlığın xilası böyük insanların, seçilmişlərin səsini qaldırması ilə həll olunur. Savaşların, qan-qadanın, təbii və ictimai fəlakətlərin, bəlaların önünün kəsilməsində bu amil çox önəmlidir.

Çağdaş dünyanın bəlalarından biri də totalitarizm, avtoritarizm və korrupsiyadır.

Rüstəm İbrahimbəyovu bu böyük bəlaya qarşı yönəldən Azərbaycandakı totalitar əxlaq və korrupsiya tüğyanıdır, hüquqsuzluq və ədalətsizlikdir.

Onun rəhbərlik etdiyi ziyalı qurumu xalqa və dünyaya gerçəyi söylədi və inanılmaz müqavimət, zor və təzyiqlə üz-üzə qaldı.

Siyasi təşkilat olmayan ziyalı qurumunun həqiqət səsi dünyaya yayıldıqca, xalqı təlatümə gətirincə, fitnə-fəsad, həbs və min bir oyun işə düşdü.

Rüstəm bəy siyasətçi olmasa da, siyasi addım atmağa məcbur oldu və Milli Şura yaratdı. Bu Şura 1918-ci ildə Azərbaycanı istiqlala aparan Məhəmməd Əmin Rəsulzadə modelinin yeni zamanda yeni ifadəsi oldu.

Azərbaycandakı işləri üçün ayrılan Rüstəm bəyə Vətənin qapıları qapandı. Prezident seçkilərində Rüstəm İbrahimbəyovun qazana biləcəyi Azərbaycan korrupsioner hökumətini də, dünyanın mənfəət dairələrini də ciddi şəkildə narahat etdi. Rüstəm bəyin təkliyi ilə Milli Şura manevr etməyə məcbur oldu və görkəmli elm xadimi Cəmil Həsənli Milli Şuranın sədri seçildi və aparıcı siyasi partiyaların dəstəyi ilə seçkidə qələbə qazandı. Fəqət seçki oyununun ustası olan bu rejimin, Rusiyanın və mənfəətpərəst Qərbin dəstəyi və yardımı ilə İlham Əliyev prezident “seçildi”.

Rüstəm İbrahimbəyov da, Cəmil Həsənli də, demokratik partiya liderləri də vaxtilə yazdığı “Ultimatum” pyesindəki acınacaqlı vəziyyəti yaşamalı oldu.

Böyük dövlətlərin böyük oyunları, kiçik dövlətləri məhkum vəziyyətdə saxlayırsa, bu faciənin çarəsini tapmaq olduqca çətindir.

Bu çətinliyi ədəbiyyatda, sənətdə həll etmək çətin deyil, həyatda bu problemi çözmək daxili faktorlardan daha çox xarici faktorlarla bağlıdır. Əgər bu xarici maraqlarda strategiyalar toqquşursa, bu situasiyada daxili faktorların rolu önəmli şəkildə azalır.

Müharibə amili, məğlubiyyət sindromu, azad seçki məhdudiyyəti, korrupsiya hakimiyyəti bu vəziyyəti daha da çıxılmazlaşdırır. Qışdan sonra yazın gəlməsi nə qədər qanunauyğundursa, totalitar rejimdən sonra demokratik rejimin gəlməsi o qədər qanunauyğundur. Bu gerçəyə inananlardan biri, bəlkə birincisi Rüstəm İbrahimbəyovdur. Çünki uzun illərin yaradıcılıq axtarışları, dünyada baş verən proseslərin virtual-bədii proyeksiyasının təhlili ağır problemlərin, o cümlədən istiqlal, demokratiya problemlərinin həlli üçün ən mühüm amillərdən biridir. Ədəbi müstəvi siyasi müstəvinin, savaş-barış müstəvisinin açarıdır desək, səhv etmərik.

Elçibəy “Qarabağ probleminin həlli Təbrizdən keçir” deyərkən bir böyük həqiqəti ifadə edirdi. Bizcə, Qarabağ probleminin də, demokratiya və insan haqlarının çözülməzlərinin də həlli yazıçının qələmindən, rəssamın fırçasından, heykəltəraşın tişəsindən keçir.

Şəhidin ruhunun da, əsgərin qəlbinin də, siyasətçinin zəkasının da bu qələmə, fırçaya, tişəyə ehtiyacı var.

Rüstəm İbrahimbəyov hələ gənc yaşlarından bu həqiqəti  anlamış və insanın daxili azadlığı uğrunda, haqq-ədalət naminə mücadiləyə 70-ci illərdən başlamışdır.

...Rüstəm bəy rus dilində yazır. Təhsili, daxil olduğu təhsil mühiti də rusdillidir. Amma Rüstəm bəyin ürəyi təpədən dırnağa Azərbaycan türkcəsindədir. Azərbaycanla nəfəs alan Rüstəm bəy “insanda insanlığı tərənnüm edən” (Anar) nadir sənətçilərdəndir. Onun “9-cu Xrebtovıda”, “Unudulmuş avqust”, “Park”, “Ad günü”, “Nəğmə dərsi”, “Ezamiyyətdə” əsərlərinin çağdaş nəsrimizin şah əsərlərindən sayılması təsadüf sayılmaz.

“Ultimatum” pyesi dövrün ideoloji yarlıklarına ilk ciddi etiraz və Məmməd Əminin qurucusu olduğu Azərbaycan Demokratik Cümhuriyyətinə Sovet dövründə yazılmış ilk obyektiv baxışın bədii ifadəsidir.

Təhsili etibarilə mühəndis, kibernetik olan Rüstəm bəyin elmi-texnoloji düşüncəsi bədii müstəvidə bariz şəkildə ifadə olunur. Ancaq bu ifadə birbaşa deyil, fikir sürətində, məntiqi analizdə, seçmə-dəyərləndirmə əməliyyatında öz əksini tapır.

Müxtəlif mövzu və janrlarda yazılmış əsərlərin mərkəzində zamanın ağrılı problemləri, daxili aləminin mürəkkəblikləri, görüntü mərkəzli nəsr poetikası, geniş tutumlu, dinamik, sərrast ssenari mədəniyyəti dayanır.

“Bir Cənub şəhərində” filmi (ssenari müəllifi R. İbrahimbəyov, rejissor Eldar Quliyev, operator Rasim Ocaqov) neorealizmin Azərbaycan Sovet gerçəkliyində ilk təzahürüdür.

Ruhən narahat olan Rüstəm bəyin zahiri sakitliyi, güclü yumor hissi, əkinçi zəhmətkeşliyi hər bir yaradıcı üçün nümunədir.

“Altmışıncılar” adlı ədəbi cərəyanın avanqardlarından olan Rüstəm bəy Sovet məkanında metropol qrupunun önəmli insanlarından biridir.

Əqidə təmizliyi, nəslindən-kökündən ədalət duyğusu və Allahın verdiyi istedad Rüstəm bəyin ən böyük sərvətidir.

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş filmlər sırasında “Səhranın bəyaz günəşi” (V.Yejovla birgə, “Mosfilm”) və “Çekist haqqında povest” (“Odessa” kinostudiyası) filmlərini göstərməmək olmaz.

Biz Rüstəm İbrahimbəyovun yaradıcılığı haqqında saatlarla, günlərlə danışa bilərik. Amma buna ehtiyac, məncə, yoxdur.

Mən Rüstəm bəyin haqqında yazılan yazılardan birindən bir fikirlə sözümü bitirmək istəyirəm. “Ziyallıq nə deməkdir? Hər şeydən əvvəl, bu təhsilin səviyyəsi yox, xüsusi həyat tərzidir, yalnız şəxsi maraqla yaşamamaq bacarığıdır. Əsl ziyalı dövrlərin əlaqəsini yaradır. O mənada ki, ziyalı özünü nəsillərin nəhayətsiz zəncirvari əlaqələrinin üzvü hesab edir. Yüksək və asan olmayan vəzifələr...” (“Literaturnaya qazeta”dan).

Görkəmli sənətkarın belə bir ziyalı olduğuna kim şübhə edə bilər?!

1981-ci il plenumunda vurulan böyük yazıçıların içində Rüstəm İbrahimbəyovun da adı var.

Dünən də, bu gün də Rüstəm İbrahimbəyov haqqında ədalətsiz, insafsız, dinsiz yazılar az yazılmamışdır.

Ancaq yel qayadan nə aparar ki?!

Dünyada heç bir güc istedadını, vicdanını, insansevərliyini, ədalətini, əzmini, şərəfini əlindən ala bilməz.

Dünyamiqyaslı mədəniyyət xadimlərinin yerini, mövqeyini kiçiltmək istəyənlər yalnız özlərini kiçildirlər, öz acizliklərini, düşkünlüklərini göstərirlər.

Zaman Rüstəm İbrahimbəyovun üzünə açıqdır.

Cansağlığı, mücadilə əzmi, yaradıclıq uğurları arzulayırıq böyük sənətkarımıza.

 

Tanrı onu qorusun!

 

P.S.Dostları, hətta, yaxın keçmişin dostları ondan üz çevirib. Hər gün zəng edənlər, hər gün süfrə başında sağlıq üyüdənlər yoxa çıxacaq. Kimisi qorxusundan, kimisi daxili kompleksindən, kimisi də yaltaqlıq sindromundan.

Rüstəm bəy üçün fərqi yoxdur. Yazıçı həmişə tənhadır. Bir də ki, qoyunun sahibi var, qurdun Allahı. Unutmayaq ki, Azərbaycan gerçəkliyi dünya gerçəkliyi deyil.

 

Kamil Vəli Nərimanoğlu

 

Azadlıq.- 2014.- 5 fevral.- S.7.