Sumqayıt olayları: Heç vaxt heç bir yerdə deyilməyənlər
Sumqayıt hadisələrinin
ildönümü yaxınlaşır. Illərlə bu hadisənin
başvermə səbəbini və təfərrüatını
ölkə və dünya ictimaiyyətinin bilməsi
üçün KIV-lərdə məlumat yaymaqla, sonralar isə
2010-cu ildə yazılmış kitabın yayılması ilə
məşğul olmuşam. Bundan sonra da vətəndaşlıq
borcumu yerinə yetirməklə fəaliyyətimi davam etdirəcəm.
Bu dəfə isə dövlət ittihamçısı
olduğum Sumqayıt hadisələri ilə bağlı
gördüyüm işlərdə nələrlə
qarşılaşdığımı, ölkə ictimaiyyətinin,
xüsusilə hakimiyyət dairələrinin fəaliyyətimə
münasibəti barədə yazmaq qərarına gəldim.
Bunun səbəbi hansısa inciklik deyil, çünki
gördüyüm işləri kimlərinsə xoşuna gəlmək
üçün yox, Vətənim, Millətim
üçün görmüşdüm.
Novruz Məmmədov da məndən soruşdu ki...
Məşğul
olduğum cinayət işi ilə bağlı məhkəmə
baxışında qarşılaşdığım çətinliklərlə,
o dövr səlahiyyət sahiblərinin cinayətə bərabər
məsuliyyətsizliyindən “Sumqayıt SSRI-nin süqutunun
başlanğıcı” kitabında yazdığımdan bir
daha həmin hadisələrə qayıtmaq istəmirəm.
Indi deyəcəklərim kitabın yazılmasından bir az əvvəl
və xüsusilə kitab nəşr olunandan sonra baş verənlərlə
bağlıdır. Iş üzrə hökm elan olunduğu
gündən 1996-cı ilə qədər heç kimin xəbəri
olmadan özümlə götürdüyüm ittiham aktı
və işlə bağlı olan qeydlərimi gizlətməkdən
başqa çarəm qalmamışdı, çünki Azərbaycan
dövlətinin taleyi, özünü qoruma gücü hələ
bəlli deyildi. 1996-cı ilin fevral ayından başlayaraq hər
il hadisələrin ildönümü ərəfəsində
“Azadlıq”, “Yeni Müsavat” qəzetlərində və “ANS”
telekanalında hadisələr barəsində, öz təşəbbüsümlə
müsahibələr təşkil edirdim. Nəhayət, 18
fevral 2010-cu il tarixdə “ANS” telekanalında “Cümə
axşamı Sevinc Osmanqızı ilə” verilişində
iştirak etdim. Həmin verilişdə özümlə
götürdüyüm ittiham aktını, qeydlərimi nümayiş
etdirib bildirdim ki, artıq hadisələrdən 20 ildən
artıq vaxt keçib, hadisələrin şahidləri, o
cümlədən mən yaşlanmışıq,
bütün bunları araşdırmaq lazımdır, sonra gec
olacaq... Bu illər ərzində susan cəmiyyət sanki
oyandı. Mənə yüzlərlə zəng edən, hadisələrin
təfərrüatı ilə maraqlananlar oldu. Təxminən
bir həftə sonra bir tədbirdə təsadüfən
görüşdüyüm Prezident Administrasiyasının
xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
da məndən soruşdu ki, həmin verilişdə dediklərim
doğrudurmu? Bəli cavabı alan kimi xahiş etdi ki, dediklərimlə
bağlı Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevə
məktub hazırlayıb ünvana çatdırılması
üçün ona verim. Həmin gün məktubu
hazırlayıb verdim. Bir müddət sonra ictimaiyyətə
məlum olan Zülfüqarlılar işi ilə bağlı
Prezident Administrasiyasının hüquq mühafizə
orqanları ilə iş şöbəsinin müdiri Fuad
Ələsgərovla telefonla danışmaq üçün
katibəsinə zəng etdim. Bir az sonra gözləmədiyim
halda F.Ələsgərov mobil telefonuma zəng edib məni qəbul
edəcəyini bildirdi və gələndə özümlə
Sumqayıt hadisələri ilə bağlı materialları
da götürməyimi xahiş etdi. Həmin gün baş
tutan görüşdə əsas məsələ Sumqayıt
hadisələri oldu. Uzun sürən izahatdan, mübahisədən,
niyə bu günə qədər rəsmi müraciətimin
olmadığı ittihamından sonra bildirdim ki, onsuz da bu
iş Sizlər üçün maraqlı deyil, ona görə
xahiş edirəm ki, mənim başqa işlə bağlı
şikayətimi dinləyəsiniz. Fuad Ələsgərovun
cavabı məni çaşdırdı və qəbul etməsinin
səbəbini aydınlaşdırdı. Fuad Ələsgərov
bildirdi ki, nahaq yerə belə düşünürsüz, məhz
bu məsələ ilə bağlı cənab Prezident bizi bu
günlərdə topladı, Sumqayıt hadisələrinin tam
araşdırılması üçün hamımıza
tapşırıq verdi və biz bu işlə ciddi məşğuluq.
Bir neçə gün sonra Fuad Ələsgərov yenidən
mənə zəng edib bildirdi ki, cinayət işinin materiallarını
Azərbaycanda tapa bilməyiblər və buna görə onlar
tərəfindən hüquq mühafizə orqanlarının
işçiləri Rusiyaya göndərilib, ancaq Moskvada da tapa
bilmədiklərindən işçilər Stavropola yola
düşüblər. Əvvəllər Stavropol diyarında
məhkəmə sədri işlədiyimdən məsələdə
kömək etməyimi istədi. Qətiyyətlə bildirdim
ki, cinayət işinin materialları ya Ali Məhkəmədə,
yaxud Respublika prokurorluğunda olmalıdır. Bildirildi ki, Ali Məhkəmədə
yoxdur, ancaq yenə axtararlar. Iki gündən sonra Fuad Ələsgərov
zəng edib təşəkkür etdi və bildirdi ki, cinayət
işinin materialları Respublika prokurorluğunun arxivində
tapılıb, ancaq xüsusi əhəmiyyət kəsb edən
video kasetlər məhv edilib. Hakimiyyətin yüksək
rütbəli məmurlarının məsələyə bu
cür yanaşması məni çox sevindirdi. Fikirləşdim
ki, nəhayət Sumqayıt hadisələrinin əsl mahiyyəti
açılacaq və bütün dünyada Azərbaycan
xalqına atılmış böhtan ifşa olunacaq. Ancaq
sevincimin ömrü qısa oldu...
“Xalq qəzeti”ndən rədd cavabı
14 mart 2010-cu il tarixdə,
var gücü ilə Sumqayıt hadisələrinin ədalətli
araşdırılmasını əngəlləyən, elan
etdiyi hökm ilə məhkəmə dövrü aşkar
olunan faktları gizlədən, prosesə sədrlik etmiş,
çıxardığı sifarişli hökmlərə
görə hüquq müdafiəçisi Leyla Yunus tərəfindən
məşhur “zolaqlı mantiya”ya layiq görülmüş
Ali Məhkəmənin keçmiş hakimi Mənsur Ibayevin
imzası ilə “Xalq qəzeti”ndə “Aslan Ismayılov öz
günahlarını ört-basdır etmək
üçün şantaca əl atır” başlıqlı
bir səhifəlik yazı çıxdı. Həmin gün
“Xalq qəzeti” təkzib, yaxud müsahibə vermək istəyimə
rədd cavabı verdi. “Azərbaycan” qəzetinin baş
redaktoru Bəxtiyar Sadıqova müraciətimdən sonra qəzetin,
səhv etmirəmsə, Rəşad adlı əməkdaşı
məndən Sumqayıt hadisələri və “Xalq qəzeti”ndəki
materialla bağlı bir səhifəlik geniş müsahibə
götürdü. 3 gündən sonra müsahibə
yoxlanılması üçün mənə göndərildi.
Sonradan müsahibə dərc edilmədiyinə görə
baş redaktorla əlaqə saxladıqda bildirildi ki, problemi
yuxarılarla həll edim. Bundan sonra bu məsələ ilə
bağlı heç kimlə əlaqə saxlaya bilmədim.
Artıq 2010-cu il aprel ayının sonu idi. Övladlarıma
mənə böhtan atıldığını və kitab
yazmaq fikrimi açıqladım. Qeyd edim ki, buna qədər
ölkədə tanınmış bir neçə jurnalistə
məndə olan bütün materialların surətini təqdim
edib bu barədə kitab yazmalarını xahiş etmişdim.
Söz verənlər çox olsa da heç bir iş görülməmişdi.
Övladlarım bir neçə xarici dil bildiklərindən
onlardan internet vasitəsi ilə dünyada Sumqayıt hadisələri
ilə bağlı çap olunmuş bütün
materialları tapıb azərbaycan dilinə tərcümə
etmələrini xahiş etdim. 1 ay 10 gün bütün ailə
üzvlərim gecə-gündüz bu işlə məşğul
olduq. Oğlanlarım Vaqif, Ziyəddin gecə-gündüz
arxiv materiallarını axtarıb tapır, tərcümə
edir və kompyuterdə yığırdılar. Həyat
yoldaşım öz arxivimdə olan materialları
toplayırdı. Vaqif ev üçün printer, skaner aldı.
Həmin günlər evimiz nəşriyyata
oxşayırdı. Gün ərzində 4-5 saat
yatırdıq. Ilk günlər evdə deyəndə ki,
kitabı 28 May Müstəqillik gününə
yekunlaşdırmalıyıq, etiraz edən olmasa da, hamı
gülümsəyirdi ki, bu qədər materialın içindən
ilin axırına çıxsaq yaxşıdır. Ancaq
hamı gecə-gündüz işləyirdi, çünki bu
işin mənim üçün həyatım qədər
vacib olduğunu bilirdilər. Hər dəfə o günlər
yadıma düşəndə təəccüblənirəm
ki, hamımızda o qədər güc, həvəs haradan
yaranmışdı və bir daha əmin oluram ki, sağlam ailə
sağlam ideya ətrafında birləşəndə onların
qarşısında duracaq maneə yoxdur! Mayın ilk günlərindən
Vaqiflə, Ziyəddin işlərinin azaldığından bu
kitabla bağlı sayt yaratmağı təklif etdilər. Təklif
sözarası olduğundan “özünüz bilərsiniz” ifadəsi
ilə kifayətləndim. Ancaq 26 may 2010-cu ildə kitabın təqdimatı
zamanı gördüyüm www.sumgayit1988.com saytının
heç də kitabdan az əhəmiyyətli
olmadığını anladım. Oğlum Vaqifin dostunun
atasının mətbəəsi olduğundan mayın 14-ü
və ya 15-i material mətbəəyə təqdim olundu.
Kitabın 28 maya qədər təqdimat mərasimi keçiriləcəyini
bildirən oğluma deyilən sözlər yadıma
düşəndə bu gün də özümü gülməkdən
saxlaya bilmirəm. Vaqifə demişdilər ki, ay bala normal
adamlar 5 ilə kitab yazır, ən azından 5 ay əvvəl
də çapa təqdim edirlər. Ancaq anormallar 1 aya kitab
yazıb 10 günə də onu çap edib təqdimatını
keçirmək istəyərlər. Bütün mətbəə
işçilərinin fədakarlığı nəticəsində
kitab mayın 25-i gecə hazır oldu.
26 mayda “Hyatt Regency” otelinin Quba zalında ölkənin
100-ə yaxın tanınmış şəxslərinin
iştirakı ilə təqdimat mərasimi keçirildi. Təqdimatda
iştirak edən Milli Məclisin üzvləri Qənirə
Paşayevə, Rəbiyyət Aslanova, Səməd Seyidov, Vahid
Əhmədov, Gültəkin Hacıyevə, Nəsib Nəsibzadə,
ziyalılar Şirməmməd Hüseynov, Cəmil Həsənli,
Çapay Sultanov, akademiklər Teymur Bünyadov, Rafiq Əliyev,
Ramiz Rövşən, Rüstəm Ibrahimbəyov, rəhmətlik
Anar Məmmədxanov və adlarını çəkmədiyim
digər şəxslər kitabın erməni təbliğatına
qarşı xüsusi əhəmiyyətini qeyd etdilər.
Oğlanlarım tərəfindən yaradılan sayt da həmin
gün tədbir iştirakçılarına təqdim edildi.
Az müddət sonra məni Xarici Işlər Nazirliyinə dəvət
edib kitabın bir çox dillərə tərcüməsi
üçün razılığımı, yayılması
üçün çap olunmuş kitablardan istədilər.
Dünya şöhrətli kinorejissor Rüstəm Ibrahimbəyov
kitabın əsasında, Qazaxıstan Prezidenti Nursultan
Nazarbayevin sifarişi ilə çəkdiyi “Köçərilər”
filmindən də, möhtəşəm film çəkmək
istəyini bildirdi, razılığımdan sonra “Prokuror
imperiyaya qarşı” filminin ssenarisini yazdı və Mədəniyyət
və Turizm Naziri Əbülfəz Qarayevlə
görüşüb çəkiliş xərclərinin
ödənilməsi üçün rəhbərliyə
müraciət etmək razılığını aldı.
Ardı
var
Aslan
İsmayılov
Azadlıq.-
2014.- 12 fevral.- S.6.