Rəsulzadənin Moskva yubileyindən

təhriflər yazan rus jurnalistinə cavabım

 

Ötən həftə fevralın 7-də “Azadlıq” qəzetində Yevgeniya Tulayevanın “Moskvada Rəsulzadənin adına yaraşmayan tədbir” adlı bir yazısı çap edilmişdi (təəssüflər ki, bu yazının dəqiq hansı mənbədən götürüldüyü və o jurnalistin isə şəxsiyyəti haqqında heç bir məlumat verilməyib). Əgər həmin tədbirdə iştirak və çıxış etməsəydim yəqin ki, yazıya belə təfərrüatı ilə cavab verməzdim. Ancaq bu yazının ölkənin aparıcı mətbuat orqanlarından biri olan “Azadlıq”da nəşri nəinki məni, eləcə də Moskvada yaşayan həmyerlilərimizi də narahat edib.

Bildirirəm ki, bu yubiley həqiqətən yüksək səviyyədə keçib və Moskvada Azərbaycanın aparıcı diaspor təşkilatları “Məhəmməd Əmin Rəsulzadə Məclisi”, “Azərros”, “Şəhriyar” və başqaları birlik və həmrəylik nümayiş etdirərək, M.Ə.Rəsulzadənin adına layiq tədbir keçirdilər. Mənbə olaraq “APA” agentliyinin Moskva müxbirinin və Türkiyənin “Cahan” agentliyinin Moskva təmsilçisinin hazırladığı, fotolarla çoxlu saytlarda yayınladığı məlumatlara baxmaq mümkündür. “APA”nın tədbirin yüksək səviyyədə keçirilməsi haqqında məlumatını fevralın 3-ü, yaxud 4-ü saylarında “Azadlıq” qəzeti də çap etmişdi (Bax: “Azadlıq” qəzeti, fevral sayları).

M.Ə.Rəsulzadənin Moskvadakı tədbirinə çoxdan hazırlıq işləri aparılırdı və hələ ölkə başçısı I.Əliyevin 22 noyabr 2013-cü il tarixli sərəncamı ortada yox idi. Tədbirin əsas təşkilatçılıq işini Moskvada 2004-cü ildən fəaliyyət göstərən “Məhəmməd Əmin Rəsulzadə Məclisi” reallaşdırırdı. Bu tədbirin hazırlığında azərbaycanlı həmyerlimiz, vətənpərvər dostumuz, tanınmış ziyalı və həmin Məclisin sədri Füzuli Fərəcovun isə xüsusi xidmətləri vardı.

Yubiley tədbirinin Moskvada azərbaycanlı xeyriyyəçi Şəmsi Əsədullayevin tikdirdiyi binada keçirilməsi nəzərdə tutulmuşdu (bu binada hazırda Tatar icmasının nümayəndəliyi yerləşir). Bu, həm də onunla əlaqədar idi ki, 1917-ci ildə Ümumrusiya Müsəlmanlarının Qurultayı burada keçirilmiş və M.Ə.Rəsulzadə həmin binada “Rusiya müsəlmanlarına ərazi muxtariyyəti ideyası”nı irəli sürmüş və böyük nüfuz qazanmışdı.

Tədbirin həmin binada keçirilməsi üçün tələb edilən 200ÿ000 (iki yüz min) rubl vəsaitin də ödənilməsində problem yox idi. Lakin yubileyin keçirilməsinə bir həftə qalmış icma rəhbərliyi müxtəlif bəhanələrlə binadakı zalı icarəyə verməkdən imtina etdi. Odur ki, məcburiyyət qarşısında qalan “Məhəmməd Əmin Rəsulzadə Məclisi” və digər diaspor təşkilatları icarə haqqı olduqca yüksək qiymətə olan “Prezident” hotelini seçdilər.

Və mən indi Yevgeniya xanımı dəvət edirəm ki, bir jurnalist olaraq araşdırsın görək, Tatar Icması niyə Ş.Əsədullayevin binasında tədbirin keçirilməsindən imtina etdi?

Indi isə Yevgeniya xanımın tədbir haqqında qeyri-obyektiv fikirlərinə münasibətimi bildirirəm və xanıma xatırladıram ki, baş verən hadisənin ictimai fikrə obyektiv, qərəzsiz çatdırılması jurnalistin başlıca vəzifəsidir. Mən üç ilə qədər Sankt-Peterburq Universitetində də oxumuşam və bizə Yevgeniya xanımın millətindən olan rus mütəxəssisləri - yəni hörmətli müəllimlərim (Komarov, Jirkov, Kovtun, mühazirələrini könüllü Moskvada dinlədiyim Zasurski) jurnalistikanı belə öyrədiblər, onlara çox minnətdaram.

Əvvəla, yubiley necə olmalıdır? Mən dəfələrlə rusların keçirdikləri yubileyləri müşahidə etmişəm və bu qənaətdəyəm ki, təbii ki, imkan çərçivəsində yubiley mərasimləri az fərqli olur. Yəni şəxsin haqqında məlumat verilir, portretləri, fotoları səhnədən asılır, fəaliyyəti müxtəlif formalarda dəvətlilərə təqdim olunur, onun haqqında kitablar, broşuralar, təqvimlər hazırlanır, musiqi səslənir, şeir oxunur, aktyorlar çıxış edirlər və s.

Həmin yubileydə isə bunların hamısı vardı. Əlavə də edirəm ki, tədbirə 500-ə qədər insan gəlsə də, zalın həcminə uyğun 300-ə qədəri tədbirə buraxılmışdı. Bəlkə də ilk dəfə idi ki, əksər diaspor təşkilatları və Azərbaycan səfirliyinin səlahiyyətli nümayəndələri, eləcə də Rusiya Federasiyasının Federal Məclisinin təmsilçiləri, digər rus millətindən olan ziyalılar burada iştirak edirdi.

Yevgeniya Tulayeva yazır: Ancaq təəssüf ki, hadisələrin necə inkişaf etdiyini görəndə bayram əhvalım yoxa çıxdı. Əvəzində gördüklərimdən və görmək istədiklərimi görmədiyimdən məyusluq yaşadım” (Bax: “Azadlıq” qəzeti, 7 fevral, 2014-cü il).

Elə həmin yazısında Yevgeniya xanım öz fikirlərini bu cümlələrlə təkzib edir: “Ancaq onu qeyd etmək lazımdır ki, təşkilatçılar mərasimin keçirilməsinə ciddi yanaşıblar və bu da məni sevindirdi. Musiqi kompozisiyaları səsləndi, fortepianoda ustalıqla ifa olundu, ”Dərviş" teatrının aktyorları “Arşın mal alan” tamaşasından bir parça təqdim etdis." (Bax: eyni mənbə).

Indi biz Yevgeniya xanımın hansı fikrinə inanaq: onun məyusluq yaşamağına, yoxsa təşkilatçıların işinə sevinməsinə?

Yubiley tədbirində Azərbaycan səfirinin olmaması və digər hansısa rəsmi şəxslərin də iştirak etməməsi məgər yubileyin aşağı səviyyəli olması deməkdirmi? Məgər Rusiya Prezidenti V.Putin Rusiyanın dövlət xadimi Pyotrun yubileyində, yaxud Puşkinin, Dostoyevskinin yubileyində iştirak etmirsə, bu tədbirin əhəmiyyəti azaldılmalıdırmı? Məntiqlə, yox!

Moskvadakı azərbaycanlılar bu tədbirə yüksək bir kübar mədəniyyəti ilə yanaşmışdılar. Və rus aktyorlarının təqdimatında M.Ə.Rəsulzadə şəxsiyyəti necə təsirli görünürdü? Tədbirin bütün iştirakçılarının rus dilində çıxışı da rus mədəniyyətinə bir hörmətin ifadəsi idi. Və mən də əsas məruzəçi olaraq tədbirdə 20 dəqiqə rus dilində məruzə edib, M.Ə.Rəsulzadənin fəaliyyətinin əsas məqamlarını açıqladım: Azərbaycan, Iran, Türkiyə, Polşa, Almaniya dövrü. Və bu çıxışımın həm oradakı ruslar, həm də azərbaycanlılar tərəfindən alqışlanması mənə böyük məmnunluq gətirdi.

Yevgeniya Tulayeva yazır: “Belə təəssürat yarandı ki, təşkilatçılar bu adı geniş yaymağı layiq bilməyiblər” (Bax: həmin mənbə).

Yenə qeyri-obyektiv yanaşma. Həmin tədbirdə zalın giriş hissəsində M.Ə.Rəsulzadənin fotosu olan rus dilində çap edilmiş “2014" təqvimləri, rus dilində mənim Bakıda nəşr edib apardığım ”Məhəmməd Əmin Rəsulzadə" foto-albomu (100 ədəd), yenə tədbir üçün “Məhəmməd Əmin Rəsulzadə Məclisi”nin dəstəyi ilə nəşr edilmiş “Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası” (100 ədəd) və şair-yazıçı Vüqar Əhmədin M.Ə.Rəsulzadə haqqında kitabı böyük şəxsiyyətə olan hörməti ifadə etmirdimi? Zalda M.Ə.Rəsulzadənin fotoları və rus dilinə tərcümə edilib lövhələrdə asılmış kəlamlarını isə xüsusi ilə qeyd edirəm: “Insanlara hürriyyət, Millətlərə istiqlal!”, “Bir kərə yüksələn bayraq, bir daha enməz!”.

Yevgeniya xanım əhəmiyyətini azaltmaq istədiyi tədbir haqqında yenə özünü təkzib edərək yazır: “Zala dövlət bayrağı gətirildi və milli geyimdə olan artist gözəl şəkildə vətənpərvərlik mövzusunda şeir oxudubununla da gur alqış qazandı”.

Bəs jurnalist xanımdan soruşmaq istərdim ki, dövləti qurmuş bir şəxsiyyətin yubileyində onun şərəfinə bayrağın gətirilməsi və vətənpərvərlik mahnısının oxunmasında uyğun gəlməyən nə var ki?

M.Ə.Rəsulzadə haqqında məlumat ala bilməməsindən “narahatlıq” keçirən jurnalist xanım elə özü yazır: “Daha sonra rus dilində Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinin əsas mərhələlərindən bəhs edən film nümayiş etdirildi”. Buraya əlavə edək ki, N.Yaqublu 20 dəqiqə, Rusiya Federasiyası Federal Məclisinin təmsilçisi Vladislav Şvetsov isə 25 dəqiqədən çox M.Ə.Rəsulzadə haqqında iştirakçılara məlumat verdilər. Bir yubiley üçün razılaşaq ki, bu yetərincədir.

Y.Tulayeva yazır: “Təəssüf ki, Azərbaycan ictimai təşkilatlarının rəhbərlərindən heç birinin çıxışını eşitmədim. Bu da tədbir üçün məntiqsiz idi”.

Jurnalist xanıma xatırladıram ki, yenə yanlışlıq edirsiniz. Tədbirin sonunda diaspor təşkilatları adından “Məhəmməd Əmin Rəsulzadə Məclisi”nin sədri Füzuli Fərəcov bir qədər geniş, “Rusiya Konqresinin təmsilçisi Ilqar Qasımov isə qısa çıxış edib, iştirakçılara təşəkkür etdilər (Bax: “APA” və lent.az-ın yaydığı məlumatlara).

Y.Tulayeva yazır: “Ümumiyyətlə tədbirin proqramı aydın deyildi. Üstəlik, dövlət xadiminə həsr olunmuş gündə diplommedallarla təltif etmə çox cılız və acınacaqlı mənzərə idi”.

Jurnalist xanım oxucuları çaşdırır və onlara düzgün məlumat vermir. Yubiley tədbirində M.Ə.Rəsulzadənin adını daşıyan fəxri diplomlar təntənəli şəkildə onun nəvəsi Rəis Rəsulzadəyə (özü iştirak edə bilməsə də), onun tanınmış tədqiqatçıları olan Ramiz Abutalıbova, bu sətirlərin müəllifinə, rus ictimaiyyətinin bir nümayəndəsinə və digərlərinə təqdim edildi. Və indi belə bir əhəmiyyətli hadisəni Y.Tulayevanın “acınacaqlı mənzərə” adlandırması məndə bu xanımın psixoloji durumuna şübhə yaradır.

Sonda qeyd edim ki, hər bir xalqın yetişdirdiyi böyük şəxsiyyətlər vardır. O şəxsiyyətlər öz xalqları üçün də, milliyyətindən və irqindən asılı olmayan insanlar üçünböyük xidmətlər göstərib, zəngin siyasi-mədəni irs qoyub bu dünyadan gediblər. O şəxsiyyətlərdən biri də “Insanlara hürriyyət, millətlərə Istiqlal!” şüarı və əməli fəaliyyəti ilə yaddaşlarda əbədi yaşayan Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadədir!.. “Insanlara hürriyyət, millətlərə Istiqlal!” şüarı ilə yaşamış insana sayğı ilə yanaşmağı hər bir millətin təmsilçisi bacarmalıdır.

 

QEYD: Bu yazı rus dilində də hazırlanıb və Rusiya mətbuatına da göndəriləcək.

 

Nəsiman Yaqublu,“Məhəmməd Əmin

Rəsulzadə Mərkəzi”nin sədri

 

Azadlıq.- 2014.- 19 fevral.- S.13.