Azadlıq elə də qorxulu məfhum deyil

 

«Biz yalnız həqiqəti deyə bilirik, yalan danışa bilmirik; bundan sonra da, çətin ki, dəyişə bilək»

 

“Azadlıq”ın müsahibi tanınmış ifaçı, Azərbaycan repinin yaradıcısı Anar Nağılbazdır.

 

- Anar bəy, repə gəlişiniz 1988-ci ilə - etirazlar dövrünə təsadüf edib. Repin kökündə də etiraz var. O dövrdə başlamağınız doğrudan da mı təsadüf idi?

- Incəsənətə meylliliyim 1988-ci ildən başlayıb. Ancaq repə gəlişim 1990-cı ilin sonuna təsadüf edir. O vaxt Ukraynanın Yalta şəhərində uşaq düşərgəsinin kinoxronikası var idi. 15 yaşımda olanda ilk dəfə orda çıxış etdim. Bakıya qayıdanda düşündüm ki, bunu teatrda tətbiq edim. 1991-ci il iyulun 28-də Rəşid Behbudov adına Mahnı Teatrında bir neçə kompozisiya ilə çıxış etdim. Maraqla qarşılandı. Düşündüm ki, bunun ayrıca bir canlı klip şou-teatrını yaradım. Bu şou-teatrda hip-hop rəqs qrupu fəaliyyət göstərirdi. Rəqs qrupuna Miri Yusif rəhbərlik edirdi. Dram qrupumuzda bir çox aktyorlar fəaliyyət göstərirdi. Mahnılara uyğun səhnəciklər qururduq, rəqs qrupu oynayırdı, aktyorlar mahnıya uyğun pontomim, bəzən də ciddi rollar ifa edirdilər. Ilk mahnılarımız “Bivəfa”, “Qəribə həyat”, “Salam, gənclər”, “Malakan”, “Kasıbların mahnısı”, “Köhnə kişilər” idi.

- Yəni repə gəlişiniz incəsənətə meylli olmağınızla əlaqədardır, dövrlə bağlı deyil...

- Ümumiyyətlə, mən fəal uşaq olmuşam. Dörd yaşımdan əlim qələm tutub, hekayələr, nağıllar, şeirlər yazmağa başlamışam. Hətta ilk yazdığım dəftərçəni hələ də saxlayıram. Artıq 6 yaşımdan kiçik hekayə, nağıllarla çap olunmağa başlamışam. Görünür, “Nağılbaz” təxəllüsü burdan qaynaqlanır. “Pioner” jurnalı, “Azərbaycan pioneri” qəzeti, Ukraynanın “Pionera” jurnalında, Rusiyanın bir neçə qəzet, jurnallarında da rusca nağıl, hekayələrim çap olunurdu. Hər həftə ən azı 1-2 nağıl, hekayəm ayrı-ayrı mətbu orqanlarda işıq üzü görürdü. Tez-tez həmyaşıdlarımdan məktublar alırdım, cavablandırırdım. Vaxt keçdikcə artıq həmin yaşıdlarımla dostlaşmağa başlayırdım. Onların bəziləri ilə hələ də münasibət saxlayıram. Məktəbi bitirindən sonra artıq “Kirpi” jurnalında yazılarım çıxırdı, daha sonra atamın təsis etdiyi “Naxçıvan” qəzetində müxbir kimi işlədim. Bununla yanaşı teatrlarda da çıxış edirdim. Əliağa Vahid, Əhməd Cavad rollarını ifa etmişəm. Yeri gəlmişkən, Əhməd Cavad rolunu ilk dəfə mən canlandırmışam.

- Sizdən sonrakı reperlər bu janrı Sizdən öyrəndilər. Bəs Sizÿkimdən öyrəndiniz?

- Rep küçə mədəniyyəti sayılırdı. Rep sözünün ingilis dilindən birbaşa tərcüməsi “çırtma” deməkdir. Bu, ritm üzərində söz demək qabiliyyətidir. Mən repi ilk dəfə MC Hamer, Dr Alba kimi məşhur reperlərdən eşitmişəm. Repə daha çox regi janrında oxuyanlar müraciət edirdilər. Mən də musiqini sevdiyimdən bu yeniliyə maraq göstərməyə başladım.

- Indi repə müraciət edənlərin çoxunun geyim tərzi, seçdiyi musiqi daha çox diqqət çəkir. Rep yarandığı kökdən - azad söz deməkdən nə qədər uzaqlaşıb?

- Rep əslində azad mədəniyyətdir. Azad mədəniyyət dedikdə elə azad geyim tərzi də nəzərdə tutulur. Elə reperlər var ki, onlara enli şalvarla, boyunlarına qalın zəncirlər taxmaqla oxumaq rahatdır. Bu, həm də həmin dövrün dəbi idi. Şəxsən mənə kostyumda rep demək rahatdır. Çoxları buna görə məni qınaya bilər. Amma kostyumda rep demək mənim azad söz demək qabiliyyətimi əlimdən almır.

- O dövrü dəqiq deyə bilmərəm, amma indiki dövrdə azad söz demək, ciddi söz danışmaq nəinki gəncləri, hətta yetkin insanları da yormağa başlayıb. Sizcə, bu nə ilə bağlıdır?

- Mən indiki dövrün gənclərini aktiv hesab edirəm. Çünki siz gənclərin artıq azad sözə hörməti var, azad geyimi, mədəniyyəti qəbul edirsiniz. Bu, çox sevindirici haldır. Azadlıq elə də qorxulu məfhum deyil. Azad sözdən heç kim qorxmasın. Sadəcə təhqirlərə yol vermədən, dövlətçiliyə, bayrağımıza, gerbimizə, himnimizə, konstitutiyamıza xələl gətirmədən bunu etmək yaxşı olar.

- Görəsən, repin ritmik notları olmasa, neçə nəfər ona qulaq asardı?

- Mənimçün repdə birinci - ideya, fikir, söz önəmlidir. Sevimli bəstəkarımız Cavanşir Quliyev repi “yarımjanr” adlandırmışdı. Bununla bağlı Cavanşir müəllimlə mübahisələrimiz də olmuşdu. Repdə musiqi elə də vacib deyil. Insanın kodu sözdür. Çatdırmaq istədiyi fikri sözlə ifadə edə bilir. Bir-iki not istifadə olunur ki, bu, repə bəzək verir. Amma rep notsuz da keçinə bilər.

- Azərbaycanda belə bir fikir formalaşıb ki, rep gənclərin marağıdır. Xarici reperlərin, məsələn, Eminemin 40-dan çox yaşı var. Azərbaycanda da Siz bu fikrə qarşı canlı nümunəsiniz. Nəyə görə bizdə repi gənclik həvəsi kimi görürlər?

- Çünki bizdə repin özü gəncdir. Xaricdə azadlıq düşüncəsi 300 ildir formalaşıb. Ona görə onlar hər bir işdə azadlığa normal baxırlar. Düşünürəm ki, bizdə də müəyyən vaxtdan sonra hər şey axarına düşəcək.

- Haqsızlığa etiraz edən hər hansı ifa müəllifinə mənəvi rahatlıq bəxş edir. Bəzən bu mənəvi rahatlıq fiziki narahatlıq bahasına qazanılır. Necə düşünürsünüz, mənəvi rahatlıq fiziki narahatlığı üstələyə bilirmi?

- Insanlar düzgün anladıqda, məncə, qınaq obyektinə çevrilmə təhlükəsi yoxdur. Əgər dinləyici səni anlayırsa, deməli, bu iş alınıb. Sadəcə, insanlar anlamalıdır ki, sosial mövzuda yazmaq siyasi yanaşma deyil. Bəzən mənəvi cəhətdən kasıb olan insanlar bunu anlamır. Istər məmur olsun, istərsə də adi vətəndaş. Bəzən elə olur ki, kiminsə oxumağı, yazmağı həmin anlamayan insanların xoşuna gəlmir və hər hansısa tədbirdə və ya küçədə o insanı görüb hücüm etməyə, hətta döyməyə başlayırlar. Bayaq da qeyd etdiyim kimi, təhqirə yol vermədən, dövlət rəmzlərini təhqir etmədən istədiyin mövzuda yaza bilməlisən.

- Sizcə, mənəvi rahatlığı fiziki narahatlıqdan üstün tutan insanların sayı nə vaxtsa çoxalacaqmı?

- Belə insanların sayı artıq artır. Onların çoxu da gənclərdir. Düşünürəm ki, hələ artacaq da. Bu, məni çox sevindirir.

- Sizin dövrünüzdə reperlər ölkəmiqyaslı problemləri dilə gətirməklə rahatlıq tapırdılar. Indi isə xırda məişət problemlərindən yazırlar. Bu nə ilə bağlıdır: əvvəlki kimi açıq-aşkar etirazdan çəkinirlər, yoxsa artıq məişətdən yazmaq onlara daha çox rahatlıq gətirir?

- Şəxsən mən özüm haqda deyə bilərəm ki, gələcəkdə məqsədim bir birlik yaratmaqdır. Konkret nə vaxt, bilmirəm, amma yəqin ki, yaxın illər ərzində bu baş tutacaq. Bu, alternativ musiqilərlə məşğul olan, azad düşüncə sahibli gənclərin birliyi olacaq. Seminarlar keçiriləcək, tanınmış insanlar cəlb oluncaq. Müxtəlif mövzulara toxunulacaq. Məsələn, repdə söyüş lazımdırmı? Sözsüz, mövzu tək rep olmayacaq, dünya praktikasına nəzər yetiriləcək, ümumi fikirlər formalaşdırmağa çalışacağıq. Mütləq deyil ki, hamı bu ümumi fikirlərə əməl etsin, sadəcə, fikir mübadiləsi ediləcək. Düşünürəm ki, fikir mübadiləsi insanları inkişafa aparır.

- Deyirlər, şagird müəllimindən çox bilməsə, inkişaf getməz. Repdə müəllim Siz oldunuz. Şagirdləriniz necə, hər hansısa məqamda sizi üstələyə bildi?

- Tanınmış gənc ifaçılar var ki, məni özlərinə müəllim hesab edirlər. Halbuki mən şəxsən onlara müəllimlik etməmişəm. Onlar isə məndən dinlədiklərini, öyrəndiklərini deyirlər. Mən özüm də onlardan çox şey öyrənirəm. Bu gün öz yolu, dəst-xətti olan çox yaxşı reperlərimiz var. Qaraqan, Promete, Ziqzaq, Expert, Yapon və başqalarının adını çəkə bilərəm. Uran artıq bizim dövrün reperlərindən sayılır, on ildən çoxdur ki, bu işlə məşğuldur. Onu artıq “zabit” adlandırırıq. Sadəcə olaraq bu sənətin qayğıya ehtiyacı var. Məncə, hip-hop mədəniyyətinin klubu yaranmalıdır. Çünki bura axın çoxdur və yetəri qədər istedadlı gənclər var.

- 25 il əvvəl “ət baha, yağ baha” oxudunuz. Bunu ifa etmək sizə baha başa gəlmədi ki?

- 1994-cü il fevralın 2-si gənclər günü elan olundu. Həmin gün Respublika Sarayında prezidentin iştirakı ilə dövlət səviyyəsində tədbir keçirildi. Mən də ifaçı kimi dəvətli idim. Tədbirdə həmin siz dediyiniz misralar olan “Kasıbların mahnısı” ifa etmək istəyirdim. Ovaxtkı Mədəniyyət nazirimiz Polad Bülbüloğlu və Sarayın direktoru Fərhad Babayev buna qarşı çıxdılar. Yalnız son anda mən fonoqram lentini dəyişdim. Heydər Əliyevin və digər rəsmilərin qarşısında “Çörək baha, ət baha, yağ baha” misralarını - yəni, “Kasıbların mahnısı” oxumağa başladım. Mahnı alqışlarla müşayiət olundu, gülüşlə qarşılandı, elə gülüşlə də qəbul olundu...

Bu mahnını ciddi qəbul edənlər də olub. Nənəmin qonşusu televizorda mahnını eşidəndən sonra gedib deyib ki, deyirlər, çörək, ət, yağ bahalaşıb, öz qulaqlarımla eşitdim, indicə televizorda bir oğlan deyirdi.

- Repi Azərbaycana gətirməyiniz bir yenilik idi. Yəni insanlar Sizdən yenilik görməyə öyrəşiblər. Son işiniz tanınmış repçi Promete ilə oldu. Başqa duetləriniz də olacaqmı ?

- Keçən il “De gəlsin” meyxana çempionu Fariz və uzun illər Almaniyada yaşamış incəsənətə meylli xanım Iradə Isakova ilə duetimiz oldu. Bu duetlə R&B musiqisinin rep və meyxana ilə sintezini həyata keçirdik. Bu bir ilk idi və düşünürəm ki, maraqlı alındı. Növbəti duetim də Iradə xanımla olacaq. Mahnı “Azərbaycan qadını” adlanır. Məncə, bu duet yetərincə maraqlı alınacaq.

- Anar bəy, son repinizdə maraqlı misralara rast gəlirik. Üsullardan danışmısınız. Necə düşünürsünüz, üsullar daha çox yaxşı işlər həyata keçirmək üçün tətbiq olunur, yoxsa qüsurları örtmək üçün?

- Üsullar əslində hər şeyin yaxşılaşmağına görə tətbiq olunmalıdır. Indi insanların, xüsusən gənclərin və yuxarı kürsülərdə əyləşənlərin savadı, dünyagörüşü geniş olmalıdır ki, bizi təkcə bu gün və ya sabah yox, bir neçə il sonra da nələrin gözlədiyini müəyyən edə bilsinlər. Işsizlik aradan qaldırılmalıdır, uşaqlar ac qalmamalıdır, körpələr atılmamalıdır, heç kəs - müəllimlər, həkimlər, polislər qarışıq - rüşvət almamalıdır. Bunlar hamısı maddi çətinliyin törətdiyi fəsadlardır. Bizim məqsədimiz bu problemləri aradan qaldırmaq üçün müəyyən vasitə, üsullar axtarıb tapmaq olmalıdır.

- Yəni düşünürsünüz ki, üsullar yaxşı işlərə tətbiq olunmalıdır, nöqsanları örtməyə yox...

- Bunlar əsasən özbaşına adamlar tərəfindən həyata keçirilən işlərdir və bu, dövlətimizin adına xələl gətirir. Düşünürəm ki, belə insanlar uzaqlaşdırılmalıdır. Daha çox işini yaxşı bilən insanlar xalqımız üçün gün ağlamalıdır.

- Son klipinizdə “həqiqət” yazısı payladığınız kağızda ünvan haranı göstərirdi?

- Biz xalqa həqiqət paylayırıq. Hər zaman çalışmışıq ki, düz sözü, həqiqəti deyək. Bu, ailəvi tərbiyə mexanizmindən irəli gəlir. Biz yalnız həqiqəti deyə bilirik, yalan danışa bilmirik. Bundan sonra da, çətin ki, dəyişə bilək.

 

Nihal

 

Azadlıq.- 2014.- 19 fevral.- S.13.