Erməni operator “Yol əhvalatı”nı
zay plyonkaya çəkmişdi
«Kadrarxası»
rubrikasının növbəti filmi «Yol əhvalatı»dır
Film gənc sürücü Mustafanın Zümrüdlə məhəbbətindən bəhs edir. Onlar evlənmək arzusundadırlar. Ancaq oğlan qızın atasının, daha doğrusu, “işbaz”, alverçi Qurbanın heç ürəyincə deyil... Filmin ssenari müəllifi Asim Cəlilov, quruluşçu rejisssor Teymur Bəkirzadə, operator Şərif Şərifov, Ələsgər Ələkbərov, rəssam Fikrət Əhədov, bəstəkar Polad Bülbüloğlu, səs operatoru Vladimir Savin, bədii rəhbər Eldar Şengelayadır.
Rollarda
Səyavuş Aslan (Qurban), Vaxtanq Pançulidze (Mustafa), Həmidə
Ömərova (Zümrüd), Kamil Məhərrəmov
(Paşa), Yaşar Nuriyev (Makintoş), Hacı İsmayılov (Mürşüd), Sofa Bəsirzadə
(Sona), Ceyhun Mirzəyev (İbadulla),
Yusif Əlizadə (Fərid), Adil İsmayılov (təyyarəçi), Məmmədkamal
Kazımov (Şəmsi), Eldəniz Zeynalov (şikayətçi) və
başqaları çəkilib.
Asim Cəlilovun
yazdığı ssenaridə bir çox əhvalatlar real hadisələrdən
qaynaqlanıb. Məsələn, təyyarə ilə
maşının toqquşması səhnəsinə müəllif
həqiqətən də yaşadığı ərazinin
yaxınlığında şahid olub.
“...Qızım deyir
ki, ata, bunun yarlığı əllə tikilib. Okazıvaetsa
bu, heç ərəbski də deyil, nə bilim, nə
zibilskidi...”
Filmdə Fərid
obrazını canlandıran rejissor, aktyor Yusif Əlizadə:
- Mən filmdə rejissor assisenti kimi işləyirdim. Quruluşçu rejissor Teymur Bəkirzadə idi.
Fəridi oynamaq üçün dostum,
müğənni Elxan Əhədzadə dəvət
olunmuşdu. O çəkilməli idi, paltarlarını
da əvvəlcədən hazırlamışdıq. Ancaq Elxan həmin gün çəkilişə gəlmədi.
Aydınlaşdırdıq ki, o bizdən xəbərsiz
qastrola gedib. Səfər qəfil baş tutduğu
üçün bunu demək imkanı da olmayıb. Buna
görə də ikinci rejissor Rafiq Dadaşov dedi ki, Elxan
yoxdursa, Yusif Əlizadəni çəkək. Mənim
də imtina etmək şansım olmadı. Çünki başqa aktyorlar da gəlmişdi,
çəkiliş mütləq olmalı idi. Rolum çox yaxşı alındı, rejissor
razı qaldı.
“- Qurban dayı, atamın goru üçün fransuzski
idi...
- Yalansa, fransuzki ilan vursun dilindən..."
Filmin əsas qəhrəmanı
Mustafanı oynayan aktyor Vaxtanq Pançulidzeni
Gürcüstandan mən gedib gətirmişdim. Deməli, ünvanın öyrəndim, birbaşa
evinə getdim. Yuxudan oyatdım, ssenarini əlinə
verdim, dedim ki, sən sadəcə bunu oxu. Əlavə
etdim ki, Teymur Bəkirzadə səni kinoda görüb
çox bəyənib. Bu filmdə çəkiləcəksən,
oxu və gəl.
“Mən onun əyri ayaqlarından raqatka düzəltməsəm,
atamın oğlu deyiləm”
Teymur müəllim nədənsə, onu
xoşlayırdı, filmdə görmüşdü. O zaman
Gürcüstanda azərbaycanlılarla bağlı “İlk məhəbbət”
adlı film çəkilirdi. Filmdə baş qəhrəmanı
- azərbaycanlı obrazını Vaxtanq Pançulidze
oynayırdı. Yaratdığı azərbaycanlı
obrazını Teymur müəllim çox bəyəndi.
Həmin rola mən də sınaqdan
keçmişdim. Siyavuş Aslan mənim həmin
rola çəkilməyim üçün çox təkid
edirdi. Bəlkə də mən filmdə
rejissor assisenti idim deyə Teymur Bəkirzadə istəmədi.
Vaxtanqın boyu Həmidədən
çox qısa idi. Çəkiliş
zamanı bəzi yerlərdə onun ayağının
altına daş qoyurduq ki, boy fərqi bilinməsin.
“- Camaat şir-pələng saxlayır, bu nədi ə...
- Dəymə, atamın yadigarıdır..."
Hava çox isti idi, çətinlik
çəkirdik. Xristian məzarlığında
gözətçinin anbarında etdiyimiz çəkilişlərdə
istidən nəfəsimiz kəsilirdi. Paşa
rolunu oynayan Kamil Məhərrəmovun yanı məftilə
batır, həmin səhnəni biz qəbirstanlığın
emalataxanasında 50-60 dərəcə tempuraturda çəkmişik.
Həmin səhnə əslində əvvəlcədən
planlaşdırılmışdı. Kamilin
şalvarının altından rezin bağlamışdıq.
Ancaq gözlədiyimizdən də bərk
yıxıldığından, məftildən biri hətta
şalvarından içəri keçmişdir.
Sizə bir əhvalatı da
danışım. İkinci operatorumuz Robert
Silanyan erməni idi. O, plyonka gətirməyə gedərkən
fabrikin baş mühəndisi demişdi ki, bu partiya plyonkalar
qüsurlu çıxıb. Erməni operator da
deyib ki, eybi yoxdur, biz onu elə edərik ki, brak olmaz. Həmin o plyonkaya görə biz filmi iki dəfəyə
çəkmək məcburiyyətində qaldıq. Erməni başımıza oyun açdı. O
qəsdən belə plyonka gətirmişdi. O zaman bizim
labarotoriya dayandığı üçün filmin assisentlərindən
biri Tiflisə getmişdi. Orada plyonkanı
aşkarlayanda demişdilər ki, bu partiya plyonkaların
hamısı brakdır. Tiflisdən zəng
etdi ki, dayanın, bəs lentlər zaydır. Biz sonradan məcburən yeni lentlər gətirdik,
obyektlərin çoxunu təzədən çəkdik.
Erməni operatoru cəzalandırmadılar. Bir-iki söz deyildi, vəssalam.
“...Rəhmətliklər yığıb məni
boğaza...”
Maşının
xarab olması səhnəsi Biləcəri körpüsündə
çəkilib. Pirotexnik maşında
texniki nasazlıq yaratdı ki, kiçik partlayış olsun.
Çəkiliş qrupu elə bilirdi ki, mən
maşın sürə bilmirəm. Daha
onlar bilmirdilər ki, mən keçmiş avtomexanikəm.
Bununla bağlı bir çox filmlərdə
kaskadiyorluq etmişəm.
Daha sonra qəbiristanlıqda etdiyimiz
çəkilişdə Qurban Mürşidə deyir e, “Ala,
xortda da”, bax, həmin filmdə Hacı İsmayılov
doğurdan da çəkiliş zamanı yatmışdı.
“Sizi Bura yığmaqda məqsədim odur
ki, sizinlə işləmək çox çətindir. Sizdən adam olmayıb, olmaycaq...”
Qoyunların təyyarəyə mindirilməsi
səhnəsini Xaçmazın aeroportunda çəkmişik. Daha sonra həmin təyyarəni söküb, gətirib
Əhmədlidə “Ukrayna” dairəsi
yaxınlığındakı Neapol küçəsində
quraşdırdıq. Yuxarıdan
buraxdıq, yerə doğru gəlib maşınla toqquşdu.
Həmi an çəkilişlərimizi
etdik. Maşının evin içinə girməsi
səhnəsi isə İnqilab küçəsindəki
kiçik uçuq bir evdə çəkilib.
“Qayınanam üçün kalqotka almalı idim...”
Filmdə Zümrüdü oynayan aktrisa Həmidə
Ömərova:
- Asim Cəlilovun ssenarisi əsasında məzəli
komediyaya çəkiləndə mən heç bilmirdim ki, tərəf
müqabillərim kimlər olacaq. Keçən il təxminən bu vaxt Mədəniyyət
Nazirliyindən mənə zəng etdilər ki,
Gürcüstanla canlı körpü yaradılır. Biz “Skype” vasitəsilə Vaxtangla danışdıq.
İlk dəfə neçə ildən sonra onu gördüm.
Siyavuş Aslanın xatirəsinə həsr
olunan bir veriliş, telekörpü idi. Mən orada elə
bildim ki, bu aparıcıdır, ağ
saçlı kişi idi. Biləndə ki Vaxtanqdır, dedim,
biz bu qədərmi yaşa dolmuşuq. Çox
təsirləndik, o artıq babadır.
“Bura bax, Səfərəli, qoyun var sərgiyə
göndərirlər, qoyun da var, burada qalır”
Ən çox baxılan, kassa uğuru
qazanan filmlərimizdən biri idi. Bu, bədii
film kimi Teymur Bəkirzadənin ilk və son işi oldu.
Vaxtanq boyca məndən balaca idi. Onun elçi gəlmək istəməsi ilə
bağlı etiraf səhnəsini Bakının köhnə məhəllələrindən
birində çəkdik. Teymur müəllim
orada baxıb gördü ki, oğlanın boyu məndən
balacadır, onun ayağının altına daş qoydu.
Filmdə Zümrüd utancaq qızdır,
oğlan bunu deyəndə o naz edir, aşağı baxır,
sevincini gizlətməyə çalışır. Bu hissəni oynayarkən başımı
aşağı salanda Vaxtanqın ayağının
altındakı daşı görürdüm, məni dəli
gülmək tuturdu, çəkiliş edə bilmirdik.
Axırda Teymur müəllim dedi ki, kameraları
söndürün, Həmidə gülüb qurtarsın, sonra
çəkilişə davam edək. Hər dəfə
də Vaxtanqdan buna görə üzr istəyirdim ki,
bağışla, məndən asılı deyil, situasiya
gülməlidir. Film iki aya çəkildi,
vaxtında təhvil verdik.
“Proizvodstvenni travma” almışam axı...
O zaman cavan idim, itlərdən çox qorxurdum. Teymur müəllim canlı alınsın deyə,
çəkiliş yerinə bir neçə it gətirmişdi.
Həmin səhnə çox təbii
alındı. Deyirdim ki, bu səhnəni
tez çəkin qurtarın.
“Daha sonra Mayakda etdiyimiz bir çəkilişdə,
içəridə bir səhnə var idi ki, Zümrüd
qaçmaq istəyir. Çünki atası onu
aldadıb, dəniz kənarında yaşayan
dayısının yanına aparmışdı. Orada onu bağlı qapılar arxasında
saxlayırdılar. Bir sözlə, olan-bitəni
anlayan Zümrüd qaçmaq üçün variantlar
axtarır. Ora qaçır, bura
qaçır, görür ki, qapılar bağlıdır.
Həmin səhnələrə ”Qafqaz əsiri"
filmində də rast gəlmək olar. Buna
görə də plagiatlıq olmasın deyə, rejissor həmin
səhnələri kəsib götürdü.
“Tarix budu e, student qədeş”
Mürşüd rolunun ifaçısı Hacı İsmayılov:
- Ssenaridən kənar improvizasiyalar çox olurdu. Çünki filmdə nəhəng, profesional
aktyorlar çəkilirdi və onlara bu baxımdan sərbəstlik
verilmişdi. Məsələn, filmdə bir yer var,
Yaşar Nuri (Makintoş) deyir ki, “axı biz niyə çestni
adamla işləyirik ki...” həmin an Siyavuş Aslan (Qurban)
onun başına bir qapaz vurub, “Çestni-ne çestni yoxdur
bu dünyada...” deyir. Bax, bu, ssenaridə yox idi, Yaşar Nuri
bunu qəfildən dedi və Səyavuş da ona
qarşılıq verdi. Bu,
rejissorun xoşuna gəldiyi üçün həmin səhnəni
saxladı.
Maraqlı əhvalatlardan biri də
Siyavuşun tavanın içində oturması idi. Deməli, qəbiristanlıqda çəkilişimiz
gedirdi. Hamımız çox ac idik. Kamil müəllim də yaxınlıqda
yaşayırdı. Dedi ki, gedim evdən yemək gətirim.
Qayıdanda bir tava badımcan-bibər dolması
gətirdi. Tavanı qoyduq stulun
üstünə ki, çəkiliş bitəndən sonra
sonra yeyək. Birdə nə görsək,
yaxşıdır - Səyavuşun fikri özündə
olmayıb, oturub tavanın üstündə. Üst-başını da pis günə qoydu, yemək
də zay oldu. Həmin gün ac qalsaq da,
xeyli güldük.
Azadlıq.- 2014.- 5-6 iyul.- S.12.