Çətindir göyü sevib,
qayıdıb yerin olmaq
Və yaxud bu belə olmamalıydı
Ruhu
bədənində əziyyət çəkən, ahı
dilində sözlərə çevrilən, ruhu günahkar
canında özündən xəbərsiz qəfəs
içində olan bir adamdı o. Onu tanıyanlardan heç
biri onu tərk etməz, amma yanında qalmağa da səbri,
gücü çatmaz. Sahib olduğu tək şey
sözdü. Sözdən başqa həç nəyi yoxdu
onun. Heç bir şey onun içindəki uçurumu
doldurmaq gücündə deyil. O “sən azad olasan deyə, əl
çəkdim azadlığımdan”
pıçıltısıyla göyü sevib, yerin adamı
olmağın faciəsini yaşamağa məhkum olmuş bir
şairdi.Və şairlik də onun üçün
özünü gizləməyin başqa bir yoludu. Hamı
görsənmək üçün, o isə özünü
gizlətmək üçün yazır. O ən çətin,
çıxılmaz vəziyyətdə, son yolun bitdiyi yerdə
belə, üç yol bilir - təslim olmaq, susmaq və
qiyam...
Mənə yaddı, üsyan, qiyam,
Düşmənə də çətin
qıyam...
Mən ayrılıq adamıyam,
Qoşul mənə, çıxaq gedək.
söyləsə də, o təslim olanları, susanları yox, qiyamçıları sevdi. Və ona görə də, yazdı ki:
Sözümdə
qiyamət pərdəsi,
Çək pərdəni,
dua elə.
Dua elə, arxasından
Görünəcək
Tanrı belə...
- Hörmətli Rüstəm müəllim! - Ilk olaraq gec-gec olsa da, “Azadlıq” qazetinə, “Tək adam”a göndərdiyiniz yazılara görə sizə təşəkkür eləyirəm. Və sonra da, birbaşa soruşmaq istəyirəm, - “Azadlıq” qəzeti sizin üçün nə deməkdir?
- “Azadlıq” zülmətdə
yanan bir
şamdı... Qaragüruhun fəth eləyə
bilmədiyi sonuncu qaladır... Namuslu, ləyaqətli
adamların görünmək istədiyi, əks tərəfin
vurub sındırmağa
çalışdığı bir güzgüdü. Deyəsən, bir az poetik,
bir az da
təmtəraqlı səsləndi axı. Ancaq
bunlar içimdən gələn fikirlərdi.
Bu şamın nə vaxtsa
sönəcəyi, bu güzgünün
nə vaxtsa sındırılacağı
qorxusu həmişə üzüb
məni. Təskinliyim də budu ki, bu heç
vaxt olmayacaq.
- AYB-nin qurultayında sizi görmədik.
- Ağır xəstə olduğum üçün
gedə bilmədim. Getməməyimə də peşiman deyiləm. Qurultaydan
əvvəlki gün dəvətnaməmi,
mandatımı və qurultayda məruzə
ediləcək hesabatlar çap
olunan kitab
almışdım. Bu qurumun
nə qədər boş və mənasız
olduğunu indi daha çox anladım.
- Siz hələ 1996-cı ildə mərhum prezident H.Əliyevin yanındakı müşavirədə demişdiniz ki, belə bir quruma ehtiyac yoxdu.
- İndi də o fikirdəyəm. Mən o
qurumdan Ə. Əylisli
haqqında verdiyi bəyanatı oxuyanda elə qorxmuşdum
ki. Istənilən yaradıcı
adamın fikri ilə razılaşmamaq, qəbul
etməmək olar. Ancaq...
Bu bəyanat YB-nin bəyanatından
daha çox, 1937-ci
ildə NKVD-nin verdiyi ölüm hökmünə
oxşayırdı. Hələ gənclər (haqlı və
haqsız olsalar da)
haqqında verdiyi bəyanatları,
açıqlamaları demirəm.
- Sizin R. Rövşənlə dost olduğunuzu bilirəm. Onun çıxışına münasibətinizi bilmək istəyirəm.
- Başqalarının
fikrinə hörmətlə yanaşmağı öyrənməliyik.
Onun da üstünə
hücum çəkməyi qaragüruhçuluq əlaməti hesab eləyirəm. Ancaq bir şey də var - uman yerdən küsərlər.
Onu sevən oxucuları onu
başqa cür - öz istədikləri kimi
görmək istəyirlər. Bu da oxucuların haqqıdı.
Ən
ağrılı olan odur
ki, ədəbi nəsillərin mübarizəsi
YB ilə ondan kənarda qalan,
ondan nəsə umanların mübarizəsinə
çevrilib. Bu
mübarizəni kənara qoyub, YB-ni unutmağı, yaradıcılıqla məşğul
olmağı ən düzgün yol hesab eləyirəm.
- Rüstəm müəllim! Hardasa oxudum ki, Mədəniyyət və Turizm naziri Ə.Qarayevin qurultaydaki çıxışına irad tutmusunuz.
Elədi.
İndi yenidən çox
hörmətli Mədəniyyət nazirimizə üz tutub demək istəyirəm
ki, Azərbaycan ədəbiyyatı
haqqında düşüncələrini bir
yana qoyub, Səməd
Səmədovun Qurban Pirimov
haqqında söylədiyi təhqiramiz ifadələri oxusun və Azərbycan mədəniyyətini incəsənətin üz qarası olan bu cür adamlardan
təmizləsin. Mən onda onun ədəbiyyatımızın vəziyyəti
haqda söylədiyi fikirlərə
hörmətlə yanaşaram.
- Bayaq xatırlatdığım müşavirədə siz, “Azərbaycanda nə qədər yaltaq, məddah, ləyaqətsiz şair-yazıçı varsa, onların hamısının adından təkbaşına Azərbycan xalqından üzr istəyirəm” söyləmişdiniz. Bir xeyiri oldumu?
- Sadəcə olaraq onların sayı bir
az da artdı, vəssalam!
- Niyə axı?
- Çünki bu məmləkətdə
yaltaqlıq üçün münbit şərait var.
Ancaq çox şükür ki, Azərbaycanda
yaltaqlığı da hörmətdən
salıblar. Bu bizim
xeyrimizədi. Yaltaqlıq deyəsən, dəbdən düşür, artıq bir
işə yaramır.
- Müsahibələrinizin birində demişdiniz ki, “Qanun” nəşriyyatında sevgi şeirlərinizdən ibarət kitabınız çapa hazırlanır. Sevgi və ya sevda nədi sizin üçün?
- Siz bilirsinizmi ki, şairlər əsl aşiqlər
olmayıb heç vaxt?
Onlar yaşanmalı olanı sözə
çevirdilər. Söz də ki, hər şeyin tabutudur. Sevda sözə
çevrildisə, bitdi. Ona
görə də, mənim yazdığım sevgi
şeirlərinin sayı o qədər də
çox deyil.
Sevgi əslində insanın əşya və
hadisələri dəfələrlə olmadığı kimi görməsi vəziyyəti, durumudur. Sevgi mənə
görə, həm də bir dindir (xristianlıq, islam kimi). Ancaq yanlış bir dindir, çünki
allahı yoxdu. Sevgi daha çox bir az da
buddizmə oxşayır. Axı onun da allahı yoxdu.
- Bir az da aydınlaşdırın.
-Sevgi xristianlıq və islamdaki kimi günahla mübarizə deyil, buddizmdəki acı və əzabla mübarizədir. Sevgidə əzab-əziyyət, həsrət, acı var. Sevgidə günah yoxdu.
- Sevgidə günah yoxdusa, bəs onda günah dediyimiz şey nədir?
- Günah
bəndə ilə tanrı arasındakı məsafənin ölçüsüdür. Günah
bu məsafədən başqa
heç nədi. Günahın ölçüsü bu məsafənin
ölçüsünə bərabərdir.
Bir də mənə elə gəlir ki, günah həm də insanın tanrının yazdıqlarını pozmaq cəhdidir. İnsan tanrının onun üçün yazdığı qəzavü-qədərlə, taleylə razılaşmaq istəməyəndə günaha girir. Burda tanrımı, bəndəmi günahkardı, bilmirəm.
- Tanrını günahlandırmaq, çox qəribədir...
- Mən dindar adam deyiləm. Ancaq dini kitablarda
“Mən bəndələri yaratdım ki,
mənə ibadət etsin, məni
tanısınlar” deyən allahı qəbul eliyə bilmirəm.
Görəsən, cənnət, cəhənnəm, iblis - bu boyda
məzhəkə təkcə Tanrıya onu
tanımaq üçünmü
lazımdır? Yəni allah bu boyda eqoistmidir.
Mən tanrının Musanın, Isanın, Məhəmmədin
anlatdığı kimi bir
tanrı olduğuna heç
vaxt inanmadım. Belədirsə,
onda Allahın düşməni
adlandırılan Iblisin gizlində onun dostu olduğuna
inanmaqdan başqa əlacımız
qalmır. Çünki bu
boyda oyunu
şeytansız oynamaq mümkünsüz
olardı. Mən elə fikirləşirəm ki,
Allah bu cür nağıllardan yuxarıdadı.
- Bəs insandakı allah sevgisi?
- Bu sevgi dindarların,
möminlərin uydurduğu
riyakarlıqdan başqa bir
şey deyil. Mən həmişə
düşünmüşəm ki, insanda allah sevgisi
yox, allahdan qorxmaq düşüncəsi, onu
dərk eləmək istəyi ola bilər.
Və mən onu dərk eləməyin tərəfindəyəm.
Çünki bir şeyi dərk eləmək istəyi, elə onu sevmək deməkdi.
- Allaha olan münasibətiniz?
- Bircə cümlə
ilə demək istəyirəm - Nə yaxşı ki, o var!
Və nə yaxşı ki, insan zülmə və zalıma qarşı tək
deyil. Ancaq mənim dediyim allah sizin
düşündüyünüz allah deyil!
Allah tək olduğundan əsa
Musanın, İncil və
çarmıx İsanın, Quran da Məhəmmədin
tənhalığından başqa bir şey deyil.
Mən sevdiyim şeydən heç
vaxt qorxmadım, qorxduğum
şeyləri də heç vaxt sevmədim.
Bir şeyi sevib həm də, ondan qorxmaq gülməlidi, məncə. Allah mənim dərk eləmək istədiyim
ucalıqdı.
- Siz bəşəri dəyərləri uydurulmuş dəyərlər adlandırırsınız. Niyə?
- Böyük mənada həqiqətin, haqq və ədalətin tac
qoyub taxta oturduğu zaman heç vaxt olmayıb. Biz bunu olduğu
kimi qəbul eləsək, bəşəri
dəyərlərin uydurulma olduğunu, insanın özünü
qorumaq cəhdindən başqa
bir şey
olmadığını görəcəyik. Və
mən belə düşünürəm ki,
böyük bəşəri dəyərlər
olan haqq - yalanla doğrunun, ədalət
zülm və yazıqlığın, səxavət
- xəsisliklə bədxərcliyin, sevgi
- şəhvətlə ismətin, qəhramanlıq - qorxu ilə dəliliyin, qanunlar
- anarxiya ilə əmin-amanlığın
ortasında olan və onlardan törəyən dəyərlərdir.
Və bu dəyərlərin heç biri “Özü özündə bir
şey” deyil, törəmə,
uydurulmuş dəyərlərdir. Bütün bu böyük dəyərlərə
qarşı dayanan şər isə o dəyərlərdən fərqli olaraq özü
özündə bir şeydi
və daha doğrusu öz mahiyyətidir.
Bu boyda böyük
bəşəri dəyərlər tək olan
şərin qabağında dayana bilmirsə,
insanlar bu dəyərlərə
yenidən baxmağa, bu
dəyərləri yeniləməyə borcludular.
Ancaq nə cür?
Bunu mən də özün
üçün hələ ki, aydınlaşdıra bilməmişəm. Ancaq nələrsə mütləq dəyişməlidir.
- Bu cəmiyyətdə nəyi əsaslı bəla hesab eləyirsiniz?
- Sosial ədalət prinsipinin
pozulmasını, əxlaqi dəyərlərimizin KIV-də, televiziyalarda gözdən salınması,
fahişəliyin çiçəklənməsi, cəzasızlıq,
oliqarxiyanın qeyri-şərtsiz hakimiyyəti...
Hamının olanın tək-tək adamların əlində
cəmlənməsi... Bu bu
gün deyilsə də, gələcəkdə
fəlakət gətirəcək səbəb olacaq.
- Qayıdaq ədəbiyyat söhbətinə. Yazanlar o qədər çoxalıb ki, gerçək söz ortada yiyəsiz, yetim qalıb. Böyük “sözün” taleyi necə olacaq?
-
Acıncaqlıdır, olduqca
acınacaqlıdır. Cəmiyyətdə formalaşan
sürü psixologiyasının
dumanı, hisi-pası sözün də
üstünə çöküb. Ütülü, sırtıq, sürtük
sözün bazarı çiçəklənməkdədir.
Televiziya ekranlarından “divanı” sinəsində
bərq vuran evdar
xanımların, cildlikləri qoltuğa
yerləşməyən sifətindən yağ
daman harın kişilərin ət ürpədən
“nəğmələri” Azərbaycan oxucusunu
abır-həyadan salıb. Görünür
ki, cəmiyyətdəki nadanlıq və
xaos bu cür
“ədəbiyyatın” çiçəklənməsinə
şərait yaradır. Bu cür
xaosun içində oxucunun
nəyisə saf-çürük eləməyə
gücü çatmır, və bu cür “ədəbiyyatla”
tərbiyə olunan bir
nəsil yetişir. Bu
nəsil də cəhalət və nadanlığın simvoluna çevrilir. Bunun ağrısını biz
sonralar hiss eliyəcəyik.
Ancaq bunu dərd eləməyə dəyməz.
Çünki bu cür çirkabın qarşısında Ilham Tumas, Aqşin,
Qan Turalı, Kəramət Böyükçöl, Elşad
Ərşad oğlu, Aqşin
Evrən, Əsəd Qaraqaplan, Qismət, Mətləb
Ağa, Şəhriyar Gerani,
Mövlud Mövlud, Elmin Nuri və s.
adını sadalamadığımız sözə namusla yanaşan, onu ucalıqdan düşməyə qoymayan, böyük bir ədəbi gənclik dayanıb. Bütün hallarda onlar həqiqi sözü yetim qalmağa qoymazlar.
- Bu arada, Rüstəm müəllim, aradan bir il keçir, avqusta az qalır. Ötən avqust sözlərinizi yaralamadı ki?
- Yaralı yerimə toxundunuz, keçən il bu milləti sevdiyimə, bu millətə olan sevgimə görə, mənə ölüm hökmü çıxarılmağı, qəzet və televiziya ekranlarından ünvanıma deyilən hədyanlar, hədələr məni çox incitdi. Uzun müddət heç nə yaza, düşünə bilmədim. Sevgisinə və sevdiyinə görə ittiham olunmaqdan ağır bir şey yoxdu yer üzündə. Ancaq keçdi getdi. Mirzə Cəlil deyirdi ki, sən sözünü sənə qulaq asmayanlara söylə.
- Bəlkə də sualım sizə və oxucularımız üçün anlaşılmaz olacaq, bir az da qəribə görünəcək. Hardasınız, görmədiyimiz, bizim Rüstəm Behrudi?
- Bu, bu gün
həyatımda mənə ünvanlanan ən
ağır sualdı. Hardayam, varammı,
yoxammı?
Mən bütün həyatım boyu
tanrının yazdığı yazı ilə çilingağac oynadım. Yenildiyim
də oldu, qalib
çıxmağım da. Ancaq bu yaşımda
anladım ki, şairlər öz talelərinin əbədi sürgünləridirlər.
Sürgündə yaşamaq həbsdə
olmaq deyil,
azadlığın başqa bir forması, hətta azadlıqdan da yuxarıda olan bir anlayışdır. Daha
doğrusu, bu hissin dilimizdə ancaq bir qarşılığı var
- əbədi sərgərdanlıq. Yəni bütün qapıların üzünə
bağlanması. Və yaxud günlərin
bir günü o bağlı qapıların
hamısının sənin üzünə birdən
açılması. Və onda da o qapıların heç birindən keçməmək qərarı,
imtina duyğusu...
Yəni günlərin
bir günü
anlayırsan ki, getməyə yerin, qalmağa yurdun yoxdu. Və dünya çox
balacadı.
Mən
indi o duyğunu yaşayıram. Ancaq
günlərin bir günü
o açıq qapılara gözümün
ucu ilə baxmadan belə
dönəcəyəm, bu, möhtəşəm
bir dönüş olacaq. Siz onu
görəcəksiniz.
Ancaq indi bu
əbədi sürgün və sərgərdanlıq
mənə harda olduğumu
düşünməyə imkan vermir. Və mən bu vəziyyətimdə
belə heç nədən şikayətlənmirəm.
- Rüstəm müəllim, söz adamı olaraq, nəyi həyatınızın ən böyük faciəsi hesab eləyirsiniz?
- Ömrü sovurub-sovub,
Bəxti qapıdan qovub,
Çətindir göyü sevib
Qayıdıb yerin olmaq.
Göyü sevib, qayıdıb yerin olmağımı. Bunu
heç vaxt
özümə bağışlaya bilmirəm. Bu mənim faciəmdir. Bu
belə olmamalıydı.
- Bir şair, fikir və düşüncə adamı kimi, ən böyük istəyiniz?
- Adamları şeytanla, şeytanı da
Allahla barışdırmaq. Və kənardan
durub pıçıldamaq:
- Necədi
düşmənsiz yaşamaq, əfəndilər?!
Azadlıq.-
2014.- 10 iyul.- S.13.