Biz tarixi yaradanların

tarixi dəyişəcəyinə inananlarıq!

 

Azərbaycan Xalq Cəbhəsi xalqın iradə və əzminin ifadəsidir

 

25 il bundan əvvəl 16 iyulda keçirilən Azərbaycan Xalq Cəbhəsinin təsis qurultayı istər siyasi, istər ictimai, istərsə də təşkilati və iqtisadi baxımdan çox böyük bir rol oynadı. Qurultayda idarə heyətinin hesabatı, maliyyə hesabatı, “Azadlıq” qəzetinin hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı və AXCP sədrinin siyasi məruzəsi dinlənildi.

 

Bu təsis qurultayı siyasi əhatə dairəsinə, təhsil gücünə, o zamankı ali hakimiyyət orqanlarına olan münasibətinə, yaranmış və yaranacaq problemlərin çözümünə münasibət baxımından ortaya yeni və fərqli vizyon qoymaqla, Azərbaycan Xalq Cümhuriyyətinin təsisindən sonra ən böyük siyasi hadisə kimi tariximizə daxil oldu. Azərbaycan Xalq Cəbhəsi fenomeni sovet rejiminə qarşı mübarizənin ilk təşkilati gücü və beynəlxalq miqyasda tanınan və böyük hörmət bəslənilən güc olaraq ortaya çıxdı.

Azərbaycan Xalq Cəbhəsi quru yerdə yaranmamışdı. Yeraltı çaylar kimi illər boyu üzə çıxa bilməyən bu milli ruh və daxili güc zaman-zaman toplanaraq ortaya çıxmışdı. Azərbaycanda modernləşmənin təməlini qoyan Mirzə Fətəli Axundov, Azərbaycan Milli Mətbuatının təməlini qoyan Həsən bəy Zərdabi, Azərbaycan Milli Ideologiyasının formalaşmasında əvəzsiz rolu olan Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin, Mirzə Cəlilin, Sabirin, Üzeyir bəyin və əlbəttə ki, Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının düşüncə və qeyrətinin fəaliyyət və zəhmətinin nəticəsi olaraq ortaya çıxa bilmişdi. Müasir dövrdə ədəbiyyat və mənəviyyatda önəmli rol oynayan Mikayıl Müşfiq və Hüseyn Cavid, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza, Sabir Rüstəmxanlı və adlarını çəkmədiyim onlarla mübariz fikir adamı bu prosesin məğzində duran insanlar olublar. Burada mən Heydər Hüseynovun, Xudu Məmmədovun adını, həmçinin Azərbaycan Xalq Cəbhəsinin öndəri Əbülfəz Elçibəyin adını da xüsusilə qeyd etmək istəyirəm. Bu böyük hərəkatın Məhəmməd Əmin Rəsulzadə və Elçibəy Hərəkatı adlandırılması tamamilə təbiidir. Heç təsadüfi deyil ki, istiqlal uğrunda vuruşan bu təşkilatın demokratiya mübarizəsi bu gün də davam etməkdədir.

Yarandığı gündən Xalq Cəbhəsi ayrı-ayrı siyasi partiyalara, sosial qurumlara, Dağlıq Qarabay probleminə, Azərbaycanın güneyi məsələsinə, din və inanc probleminə, etnik problemlərə, iqtisadi sahədə önəmli vəzifələrə elə bir təməl qoyub ki, bu təməl keçən 25 il ərzində dəyişən situasiya, şərtlər və ictimai-siyasi, mədəni, iqtisadi, sosial, hərbi durum kontekstində təməl düşüncələrini qoruyub saxlamaqdadır. Imperiyaya qarşı mücadilə ön planda olsa da, insan haqları, mədəni haqlar, hərbi vəzifələr qətiyyən köhnəlməyib, zaman-zaman yenilənərək, zamanın ruhunu ifadə etdiyi kimi, bu gün də ifadə etməkdədir.

Bu problemlərin müəyyənləşdirilməsi və həllində Elçibəyin rolu müstəsnadır. Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının ideoloji təməlini qoruyub saxlamaqla bərabər, onu zamanın ruhu ilə zənginləşdirmək, yeni təcrübə zəminində gəlişdirmək Elçibəy və onun silahdaşlarının missiyası kimi ortaya çıxıb. Xalq Cəbhəsi yarandıqdan sonra 90-cı illərdə Azərbaycan xalqının dünyanın ən mübariz xalqı kimi tanınması və qəbul edilməsi Azərbaycan Xalq Cəbhəsinin misilsiz xidmətlərinin canlı ifadəsi olaraq dəyərləndirilməlidir. Başqa sözlə, Xalq Cəbhəsi xalqın ruhunu, milli duyğularını, əzmini və qeyrətini istisnasız şəkildə ifadə etməklə, onu istiqamətləndirməklə böyük missiyanı yerinə yetirə bilmişdi.

Elçibəyin Xalq Cəbhəsində yetişdirdiyi və rəhbərlik etdiyi siyasi məktəb yeni siyasi görüşün, yeni əxlaqın və mənəviyyatın ifadəsidir. Nəcəf Nəcəfovun “Azadlıq” qəzetinin simasında yeni mətbuat yaratma yolundakı əzmi və qeyrəti unudulmazdır. Əli Kərimlinin Azərbaycan Xalq Cəbhəsi Hərəkatının qorunmasında və partiyalaşma sürəcindəki fəaliyyəti, Xalq Hərəkatının doğma övladı olan Müsavat Partiyası və Isa Qəmbərin, onun silahdaşlarının fəaliyyəti, həmçinin onlarla siyasi mücahidin fəaliyyəti və əzmi Azərbaycan Xalq Cəbhəsinin tarixi rolunun və funksiyasının təsdiqidir.

Köhnə kommunistlərin və hakimiyyəti fəth etmiş fürsətcillərin, öz əski leksikonlarını unudaraq, Azərbaycan Xalq Hərəkatının liderinin və onun silahdaşlarının dili ilə onların müqəddəs sələfi Məhəmməd Əmin Rəsulzadənin dili, üslubu və terminologiyası ilə danışması, onları formal şəkildə olsa da, əxz etməsi bu qələbənin bir başqa şəklidir.

Tarixin yolu dolanbacdır. Yaxın tarixdə yaşanan ziddiyyətləri, dövlətçilik tarixində yol verilmiş ağır qüsurların yaratdığı zorluqları, həbsləri, gənclərə və qadınlara qarşı zülmləri, demokratik fikrə qarşı dözümsüzlüyü və qəddar düşmənçiliyi göstərməmək olmaz. Ancaq bunu da qeyd etməmək olmaz ki, xalq istiqlal yolunda iradəsini təsdiq etmişsə, bu yolun geri dönüşü yoxdur. Hər cür yeni Avrasiyaçılıq siyasəti Azərbaycan xalqının istiqlal yolunu dəyişə bilməz. Yaşanan çətinliklər, problemlər, demokratiya və insan haqları uğrunda mübarizənin yolunu dəyişə bilməz, onu sarsıda bilməz. Azərbaycan millətinin gələcəyinin müəyyənləşməsində, Qarabağ probleminin həllində, korrupsionerlərlə mübarizədə Azərbaycan milləti heç bir zaman taviz verməyəcəkdir.

Tarixdə Azərbaycan Demokratik Cümhuriyyəti, dünənimizdə Azərbaycan Xalq Cəbhəsi hərəkatı, bugünümüzdə Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və başqa qardaş siyasi qurum və təşkilatlar bu mücadilənin önündə olub və olacaq. Şübhəsiz ki, yetişməkdə olan yeni siyasi gənclik, məhbəs həyatı keçirməyə məcbur olan mücahidlər, vətəndən uzaqda yaşamaq məcburiyyətində qalmış mühacirlər bu böyük ictimai-siyasi hərəkatın mərkəzində olacaq və gələcəyin məramnaməsini yazacaqlar.

Biz tarixi yaradanların tarixi dəyişəcəyinə inananlarıq!

 

Kamil Vəli Nərimanoğlu

 

Azadlıq.- 2014.- 16 iyul.- S.10.