“Güllələnmə
təxirə salınır”
On ilə
çəkilən film
“Güllələnmə
təxirə salınır”da tərəf müqabil olan
aktyorlar Fuad Poladovla Məlik Dadaşov real həyatda
küsülü idi... Həyat onları özgə cür
yaşamağa və tanınmağa məcbur etmişdi. Zaman
o kəslərin taleyinə biganə idi, cəmiyyət o
adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə
insanların köməyinə çatmaq üçün qəribə
bir yol seçmişdilər... “Kadrarxası” layihəsində
bu həftə “Güllələnmə təxirə
salınır” filminin yaradıcılarından biri, uzun illər
mediadan uzaq duran, istedadlı operator Rafiq Əliyev
danışır.
Arayış: Rafiq Cəfər oğlu Əliyev
1953-cü ildə Bakı şəhərində doğulub.
Orta məktəbi bitirdikdən sonra Bədən Tərbiyəsi
İnstitutuna daxil olub. Moskvada Dövlət
Kino Komitəsinin kursunu, daha sonra isə Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun
kinooperatorluq fakültəsini bitirib. 37 yaşında ailə
quran operatorun iki övladı var.
Rafiq Əliyev ANS telekanalında baş
operator kimi çalışıb, “Bakıfilm”in direktoru olub. Hazırda fotoqrafiya ilə məşğuldur.
Film çəkmək üçün çox
darıxdığını deyən müsahibim
quruluşçu operator olduğu filmlərindən ən
çox “Sahilsiz gecə”ni bəyəndiyini
deyir. Baxmayaraq ki, onu izləyənlər filmi
birmənalı qarşılamayıb, buna görə hətta
onu qınayanlar da olub. Uzun müddət müxtəlif vəzifələrdə
çalışmış operator iş zamanı
üzüyumşaqlıq etdiyini indi başa
düşdüyünü, prinsipial olmadığı
üçün bir az peşmanlıq
duyduğunu bildirdi.
“Güllələnmə təxirə salınır”
filmi 1941-1945-ci illər Böyük Vətən Müharibəsindən
sonrakı cəmiyyətdə
“qanuni oğrular”dan bəhs edir. Filmdə
onların kasıblara arxa durduğu, müharibə zamanı ər
və qardaşını itirmiş qız-gəlinlərin
namusunu qoruduğu ön plana çəkilib. Hüquqi baxımdan bu cavanlara “oğru”
damğası vurulsa da, camaatın əksəriyyəti
onların bu hərəkətinə haqq qazandırır.
Filmdə həmin gənclərin cinayət
xarakterli xeyirxah əməllərindən söz
açılır. 1993-cü ildə
çəkilişlərinə başlanan film uzun fasilədən
sonra 2003-cü ildə tamamlanaraq ekranlara çıxıb.
Film üzərində işləyənlər: ssenari
müəllifləri İsi Məlikzadə, Ələkbər
Muradov, quruluşçu rejissor Ələkbər Muradov,
quruluşçu operator Rafiq Əliyev, quruluşçu rəssam
Fikrət Bağırov, bəstəkar Xəyyam Mirzəzadədir.
Rollarda Faud Poladov, Nəsibə Zeynalova, Məlik
Dadaşov, Cahangir Novruzov, Kübra Əliyeva, Suğra
Bağırzadə, Zilli Namazov, Murad Muradov (Ələkbər
Muradovun oğlu) və başqaları çəkilib.
“Xan”
Əmircanın real qəhrəmanı olub
Rafiq Əliyev: "Ələkbər Muradovla yaxın
dost idik. Onun Aydın adlı əmircanlı
qohumu incəsənəti çox sevirdi. Aydın
müəllimin yaşadığı Əmircan kəndində
“Xan” adlı real “vorzakon” olub.
Ələkbər Aydın müəllimin istəyi və
rəhbəri olduğu “Aydın-Istehsalat Mərkəzi”nin sponsorluğu ilə həmin real qəhrəmana
həsr olunmuş film çəkmək qərarına gəldi.
Kinostudiyada hamı bilirdi ki, biz dostuq.
Aydın müəllim Ələkbərə filmin çəkilməsi
üçün müraciət edəndə, o da mənə
birgə çalışmaq təklifini verdi.
1993-cü il idi, biz birlikdə
“Dovjenko” Kinostudiyasına getdik. Çünki, o
vaxt Azərbaycanda filmə lazım olacaq əsaslı vasitələr
yox idi. Bir həftə ərzində orada
qaldıq, müqavilə bağladıq və geri
qayıtdıq. Biz Ukraynaya gedəndə
çox ağır bir dövr idi. Orada elə
bir vəziyyət idi ki, insanlar, hətta kinostudiyanın
işçilərindən də bəziləri səkilərdə
oturub əlinə düşəndən satırdı. Bakıya qayıdandan sonra tezliklə çəkilişlərə
başaldıq. Onu da deyim ki, sponsor pul verəndə
çəkiliş edirdik, pul bitəndə çəkilişlərmiz
də dayanırdı.
İsi Məlikzadə, Xəyyam Mirzəzadə,
Ələkbər Muradov və mən Ələkbərgildə
“Xilə qutab”ı yeməyə getdik. Qonaqlıq
zamanı da filmin müzakirəsi gedirdi. Ssenarini
İsi Məlikzadə yazırdı film üçün
musiqini isə Xəyyam Mirzəzadə bəstələyəcəkdi.
“Xan” rolu üçün ilk olaraq Ələkbər
aktyor Tofiq Qarayevi çəkməyi
düşünürdü. Amma sonra Fuad Poladovu
çəkməyi qərar verdi. O vaxt “Gənclər
teatrı”nın rejissoru Hüseynağa
Atakişiyevlə Ələkbər Muradov taniş idilər. Aktyorlar həmin teatrdan seçildi".
Operator söhbət zamanı maraqlı
bir nüansa da toxdundu. Sən demə, bu filmin çəkilişi
zamanı Fuad Poladov və Məlik Dadaşov küsülü
olub:
“Filmə dəvət alan bu iki aktyor
bir-birilə danışmırdı. Lakin bunun
onların roluna hər hansı bir təsiri olmadı. Çünki həm Fuad, həm də Məlik
istedadlı, təcrübəli və böyükÿ
aktyorlar idi.
Zərgərin həyat
yoldaşını canlandırmaq üçün filmə
Kübra Əliyeva dəvət olundu. Kinostudiyanın
musiqi redaktoru, bəstəkar Rauf Əliyev prodüsser mərkəzi
yaratmışdı. Çəkilişlərin
təşkilatçılığına bilavasitə Rauf
Əliyev rəhbərlik edirdi.
Sonra Cahangir Novruzov filmə dəvət olundu,o da anası Nəsibə Zeynalovanı filmə
gətirdi. Elə həmin məqamda Nəsibə
xanım üçün bazar səhnəsi
yazıldı".
Rafiq Əliyev: "Müəyyən müddətə
çəkilişlər davam etdi. Lakin
1994-cü ildə sponsor Aydın müəllim müflis oldu.
Bu səbəbdən də film
yarımçıq qaldı. O vaxt
düşünmürdüm ki, film sonda alınacaq. Çünki maliyyə vəsaiti
olmadığından filmin plyonkaları “Dovjenko”
Kinostudiyasında qalmışdı. 1993-cü il ərzində nə çəkdiksə,
çəkdik. Qalanı qaldı, hərə bir tərəfə
dağıldı...
Artıq 2002-ci il idi. Mən
o dövrdə Almaniyada idim. Ələkbər
mənə zəng vurub bildirdi k, “sən Bakıya gəlməlisən,
çünki səndən başqa plyonkanın yerini bilən
yoxdur”.
Düzü o vaxt Alamaniyada işə
düzəlmişdim, vəziyyətim də yaxşı idi,
bir sözlə, qayıtmaq istəmirdim. Nə isə, çox götür-qoydan sonra gələsi
oldum. Bakıya gələndə məlum
oldu ki, artıq filmin növbəti çəkilişləri
üçün qrup hazırdır. Ələkbər
Muradov Mədəniyyət və Turizm Nazirliyilə
razılığa gəlib ki, filmi tamamlasın. Neqativlər Ukraynada qaldığından onları
götürmək lazım idi. Kinsotudiyanın
direktor müavini Azər müəlimlə Ələkbər
birlikdə Ukraynaya getdilər. Üstündən 8 il keçmişdi artıq. Plyonkları
necə geri alacaqdıq? O müəmmalı idi. Nə isə uzun axtarışdan sonra neqativin
itmiş hissələri tapıldı, göbələk xəstəliyindən
təmizlənib yuyuldu və surəti çapa verildi.
Məsələ burasındadır ki, ilk
dəfə “Dovjenko”ya gedəndə yerdə çoxlu
plyonkalar gördüm, soruşdum ki, bu plyonkalar niyə burda
qalıb? Bildirdilər ki, bu filmi çəkən
studiyanin pulları yoxdur deyə, gəlib plyonkanı
aparmırlar. Sən demə “Güllələnmə
təxirə salınır” filmini də bu aqibət gözləyirmiş.
Mən Bakıya gələndə
artıq filmin əvvəl çəkilən hissələri
montaj edilmiş, hətta səsləndirilmişdi də".
“Bütün
çəkilişlər realdır,
pavilyon
çəkilişləri olmayıb”
Rafiq Əliyev: "Əsas etibarilə filmin çəkilişləri
Bakıda, Əmircan kəndində olub. Filmdə
Xan obrazının uşaqlığını canlandırmaq
üçün oğlan uşağı lazım idi. Ələkbərin oğlu Muradın da yaşı
uyğun gəldiyindən rola onu çəkdik. O artıq
indi özü professonal rejissordur. Xan uşaq
olanda ilk dəfə həbsxanaya düşür və
başını qaldırıb Günəşə baxır.
Həmin epizod və eyni zamanda filmin
başladığı, Xanın tabutunun vətəninə
aparıldığı epizod da “Şüvəlan” həbsxanasında
baş tutdu. Filmdə isə ora Sibir həbsxanası
kimi göstərilir".
Xanın dəfn olunma epizodunun çəkilişi
zamanı istifadə olunan maşınların haradan
tapılmasına gəldikdə isə operator bildirdir ki, bunun
üçün Dövlət Yol Polisinə müraciət
ediblər.
Rafiq Əliyev: "O vaxtkı DYP-yə müraciət
etdik. Nə qədər köhnə
maşın vardısa, hamısının
siyahısını götürdük. Siyahını
assistentə verdik, o da başladı bir-bir həmin adamlara zəng
vurmağa. Çox sayda “Pobeda”
sürücüləri gəldi. Onlara
bunun müqabilində qonorar da verildi. Filmdə
istifadə edilən maşınların əksəriyyəti
həmin epizodda Əmircan qəbristanlığında lentə
alındı".
Bazar səhnəsinə gəldikdə isə
bunu Əmircan məscidinin yanındakı boşluqda həyata
keçirirlər. Kinostudiyadan
avadanlıqları gətirərək elə oradakı boş
ərazidə əsl bazar düzəldirlər.
Rafiq Əliyev bildirir ki, filmdə
ayrı-ayrı səhnələr kimi lentə alınan yerlərin
çoxu əslində eyni məkanda müxtəlif yerlərdir.
“Xanın Laləzara söz atan adama zəhər
içirtdiyi yer, montyorun işıq düzəltməsi, pilləkən
səhnəsi İçərişəhərdən
yuxarı, ”Park" küçəsindəki
binalardan birində (keçmiş “Azərinform” fotoxronikasinin
yaxınlığındakı binada) çəkilib.
Çörək zavodu ilə
bağlı olan səhnə isə “Kubinka”dakı 3 nömrəli
çörək zavodunda lentə alınıb.
Zavod müdiri roluna əslində Mirzə
Babayev çəkilməli idi. Sonra necə
alındısa, həmin rola gəncəli aktyor Kahin
Bünyatov çəkildi".
Kinooperator onu da vurğulayır ki,
bütün çəkilişlər real səhnələrdir,
pavilyonda hər hansı çəkilişlər olmayıb.
Filmdəki son səhnələrdən sayılan qatar səhnəsini Ələkbər Muradov, Məlik
Dadaşov və Fikrət Bağırov rayonlardan birinə gedərkən
yolda lentə alırlar.
Rafiq Əliyev: "Ələkbər Muradov çox
istedadlı adam idi. Adi bir
şeyə belə, yaradıcı yanaşırdı. Həm də antikvar həvəskarı idi. Çox qədim mis qablar, fotoaparatlar, kameralar
yığırdı.
Xanın anasının yanına gəlməsi
səhəsi Əmircanda Ələkbərin qohumunun evində
çəkildi. Çünki, onun evindəki
bütün mebellər antik idi. Ələkbərin
xoşu gəlirdi belə mebellərdən, hətta çəkiliş
vaxtı deyirdi ki, “bu mebeli o tindən götür, elə
götür ki, yaxşı düşsün”.
Otaq çəkiliş üçün
çox balaca idi deyə, çətinlik yaranırdı, dərinliyi
götürmək olmurdu. Otaqda
canlılıq yaratmaq üçün təklif etdim ki, pərdə
tərpənsin, canlılıq yaransın.
Xanın Laləzara söz atan adama zəhər
verdiyi epizodda ölüm olacaqdı deyə, həyəcanı
artırmaq üçün lampanın tərpənməsi
lazım idi. Elə çəkilişdə də belə
etdik.
Hamam səhnəsini isə “Fantaziya”
hamamında çəkdik. Orda da
isti suyun axması həyəcanı artırmaq
üçün idi.
Gənclərin maşınla un kisələri
payladıqları epizodu Əmircanda, Suraxanıda çəkdik.
Əslində maşın hərəkət
etmirdi".
Deyilənə
görə, realda Xan varlı
adamları qarət edərək kasıblara əl tutub
Rafiq Əliyev: "Doğrusu filmi çəkəndə
fikirləşmirdik ki, bu qədər maraq doğurar. Ələkbər həmişə mənə deyirdi
ki, “sənin xəbərin yoxdur eyy, bu filmi hər yerdə bəyənirlər”.
Bəli, mənim xəbərim yox idi,
çünki, tədbirlərdə iştirak etməkdən
xoşum gəlmirdi".
Film çəkilən müddətdə
Məlik Dadaşov, Nəsibə Zeynalova, filmin rəssamı
Fikrət Bağırov, ssenari müəllifi İsi Məlikzadə
vəfat edir.
Rafiq Əliyev: "Filmdəki pullar hamısı düzəltmə
pullar idi. Toplu səhnələrin çəkilişi
üçün, xüsusilə bazar epizodunda şəhərdən
kömək gəlmişdi, həm də çoxlu rus
qadınları tapıb bir plyonkaya çəkmişdik.
İçərişəhərdə zərgəri
götürüb apardıqları epizodun çəkilişi
zamanı mən işdə yox idim. Bu zaman
qısa çəkiliş vaxtı kadra kondisioner də
düşüb. Həmişə də
zarafatla deyirdim ki, bir gün işə gəlməmişəm
deyə, gör nə çəkmisiz.
Kinoteatr səhnəsini isə kinostudiyada
direktorun otağında çəkdik. Dostların tələyə düşdüyü
yer o vaxtı məşhur olan “Əmircan univermağı”dır.
Həmin yerə kaskadyor
çağırdıq. “Gəncəli Adış” və
“Eynəkli”nin vurulduğu səhnənin
çəkilişi zamanı filmin sponsoru Aydın müəllim
də orda idi. Pilləkənlərdən
yıxılma səhnəsində Cahangir Novruzov (Gəncəli
Adış) qərara gəldi ki, “mən özüm oynayacam,
kaskadyor lazım deyil”. Həqiqətən
də oynadı. O epizod 3-4 dubla çəkildi. Hər aktyor o rolu özü oynamazdı. Amma yuxarıdan yıxılma səhnəsini kaskadyor
Əli canlandırdı.
Məhz həmin epizodda gənclərin
ölüm səhnəsindəki yağışı
yanğınsöndürənlər
“yağdırırdı”. Gecənin
yarısı idi, avadanlıqlar vasitəsilə yolu da
bağlamışdıq ki, rahat işləyə bilək".
İstedadlı operator bildirir ki, filmdə
görünən musiqi alətləri milliliyi göstərmək,
vətənə bağlığı anlatmaq
üçün istifadə edilib.
Rafiq Əliyev: "Ələkbər Suraxanıda
boş bir qaraj tapmışdı. Polkovniklə
(Məlik Dadaşov) Xanın (Fuad Poladov) son dialoq qurduğu səhnə
həmin qaracda lentə alınıb. Həmin
epizodda polkovnik Xana həbs olunacağı xəbərini verir.
Xan isə ondan möhlət istəyir: “Həbsxananın
borşunun iyi təzəcə getmişdi burnumdan, mənə
bir gün vaxt ver, sabah özüm gələcəm
vağzala”.
Polkovnik razılıq verir: “Mən sənə
inanıram”. Beləcə Xan yenidən və çıxmamaq
üzrə həbsxanaya geri dönür..."
Azadlıq.-
2014.- 21 iyul.- S.14.