İbrahimbəyovun
başıbəlalı “İstintaq”ı
Moskvanın
qərarı: «Aparın filmi öz ölkənizdə göstərin»
Modern.az saytı “Kadrarxası” layihəsini davam
etdirir. Bu həftə kadraraxasında uzun illər keçməsinə
baxmayaraq, hadisələri bu günümüzlə səsləşən
“İstintaq” filminin yaradıcılarından biri, əsl sənətkar
Rafiq Qəmbərovdur. Arayış: 1947-ci ilin 31 dekabrında
Qroznı şəhərində anadan olmuş Rafiq Əli
oğlu Qəmbərov 1966-1971-ci illərdə Moskvada
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq
fakültəsində L.B.Kosmatovun emalatxanasında təhsil alıb.
Bir neçə il Rusiyada Samara kinoxronika studiyasında, sonralar
“Azərbaycanfilm” kinostudiyasında bədii və sənədli
filmlərin quruluşçu operatoru olub. Bir neçə filmdə
fotoqraf-rəssam kimi də çıxış edib. 1998-ci ildə
Azərbaycanın Fotoqrafçılar Birliyini yaradıb və
2007-ci ilə qədər bu təşkilata rəhbərlik
edib. Hazırda portret fotolarının çəkilməsilə
daha çox məşğuldur. İki övladı, bir nəvəsi var.
“İstintaq” filmi 1979-cu ildə lentə
alınıb. Filmdə ölkədə baş verən
ictimai-siyasi məsələlər, insanları narahat edən
problemlər öz əksini tapıb. O dövr
üçün SSRI tərkibində olan bir ölkədə
korrupsiya, banditizmə film həsr etmək çətin məsələ
idi. Bütün çətinliklərə
baxmayaraq, Rasim Ocaqov bu missiyanı öz üzərinə
götürür və uğurlu bir film ərsəyə gətirir.
Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov,
quruluşçu rejissor Rasim Ocaqov, quruluşçu operator
Rafiq Qəmbərov, rejissor Ramiz Əliyev, quruluşçu
rəssam Fikrət Bağırov, bəstəkar Emin
Sabitoğludur. Baş rollarda Həsən Məmmədov,
Aleksandr Kalyagin, Şəfiqə Məmmədova, Yelena Smirnova,
Yevgeni Lebedev və başqaları çəkilib. 1980-ci ildə filmin yaradıcı heyətinə
Düşənbədə keçiriliən XIII Ümumittifaq
kinofestivalıda baş mükafat, 1981-ci ildə isə SSRI
Dövlət Mükafatı verilib.
Filmin
ssenarisi real həyat
hekayəsindən qaynaqlanıb
1977-ci ildə Rüstəm İbrahimbəyov “İstintaq”
filminin ssenarisini təqdim edəndə bu tandemin - ssenarist R. İbrahimbəyov
və quruluşçu rejissor R.Ocaqovun çəkdiyi “Ad
günü” filmi o qədər böyük uğur
qazanmışdı ki, onlara etmad edilirdi.
Rafiq Qəmbərov: “Rasim Ocaqov ”İstintaq"a
qədər cəmi 3 film çəkmişdi. İlk
dəfə “Qatır Məmməd” filmini çəkdi. Sonra “Tütək səsi”, 3-cü filmi isə “Ad
günü” oldu. “İstintaq” filmi bizim ilk
birgə işimiz idi. Ssenari ilə tanış
olduqdan sonra onun qaynaq mənbəyini soruşdum. Rasim müəllim söylədi ki, “Rüstəm
Ibrahimbəyovun bir dostunu həbs ediblər. Rüstəm həmin dostunun yanına türməyə
gedib-gələndə onların müəyyən söhbətləri
oldu. Söhbətin əsasında da ssenari
yaranıb”.
Maraqlıdır ki, film çəkilməzdən
əvvəl R.İbrahimbəyovun eyni adlı povesti əsasında
Dövlət Dram Teatrında tamaşa da səhnəyə
qoyulub.
Rafiq Qəmbərov: “Həmişə də mənə
maraqlıdır ki, niyə bu fakt heç yerdə öz əksini
tapmayıb. Rasim Ocaqov rejissor kimi ömründə
bir dəfə teatrda tamaşa qoyub. Azərbaycan Milli Dram
Teatrının səhnəsində ”Istintaq"
adında tamaşa oynanılıb. Pyesin müəllifi
Rüstəm Ibrahimbəyov idi. Filmdən
qabaq səhnədə qısa müddət tamaşa
oynanılıb. Baş rollarda
tanınmış aktyorlar Məlik Dadaşov və Hamlet
Xanızadə olub. Tamaşa çox
maraqlı idi. Aktyorlar rollarını
özünəməxsus manerada yaratmışdı və
obrazlar çox inandırıcı alınmışdı.
Film istehsala buraxılanda əksəriyyət elə
bilirdi ki, elə bu pyesin filmini çəkəcəklər və
baş rollarda da həmin aktyorlar oynayacaq. “Istintaq”
tamaşasında təqsirləndirilən şəxs rolunda
Hamlet Xanızadə oynayırdı, müstəntiq rolunda isə
Məlik Dadaşov. Çox da
inandırıcı alınırdı".
“Əvvəlcə
baş rollara Həsən Məmmədov
və
Hamlet Xanızadə təsdiq edildi”
Film təsdiq edilir və kinossenari
yazılmağa başlanır. Rasim
Ocaqov hamıya bildirir ki, çoxlu sınaq çəkilişləri
aparılacaq.
Rafiq Qəmbərov: “Əvvəlcədən bilirdik ki,
Gülya roluna Şəfiqə Məmmədova çəkiləcək.
Rasim müəllimin ona çox böyük
inamı və etmadı vardı.
Bədii Şura və Rasim Ocaqovun qərarı
ilə baş rola (müstəntiq) Həsən Məmmədov,
təqsirləndirilən şəxs roluna isə Hamlet
Xanızadəni təsdiq etdi. Həftənin
cümə günü Bədii Şuranın
toplantısında qərar açıqlandı və çəkiliş
qrupu olaraq bildik ki, növbəti həftənin 1-ci
günü çəkilişlərə başlanacaq. Rollar təsdiq edilib, kostyumlar, rekvizitlər çəkiliş
qrupu tam hazır vəziyyətdədir, çəkiliş
yerləri təyin olunub".
Rasim
Ocaqovun ani
qərarı hər şeyi alt-üst etdi
Çəkliş günü Rasim Ocaqov
kinostudiyaya gəlmir. Narahat olan heyət bununla
bağlı müxtəlif reaksiyalar verir. Rafiq Qəmbərov: “İkinci
rejissor Ramiz Əliyevdən nə baş verdiyini soruşdum.
Ramiz dedi ki, ”Rasim Bakıda yoxdur". Məətəl qaldım. Ramiz mənə dedi
ki, “Rasim filmə çəkilməyə başqa aktyorlar dəvət
etmək üçün şənbə günü qəfildən
Moskvaya uçub”. Bu, bizim üçün
tamamilə gözlənilməz oldu. Bir
neçə gündən sora Rasim Moskvadan qayıtdı.
Bizi yığıb dedi ki, sınaq çəkilişlərinə
diqqətlə baxıb və aktyorların gözəl,
ifalarına heç bir iradı yoxdur. Daha sonra “amma daxilində
nəsə belə bir fikir yarandı ki, seçimim düz
deyil” dedi. Hamımız bu
çıxışın nə ilə nəticələnəciyini
intizarla gözləyirdik. Rasim Ocaqov elan
etdi ki, filmdə müstəntiq rolunda SSRI-də o zaman
çox məşhur olan aktyor Aleksandr Kalyagini çəkəcək.
Təqsirləndirilən şəxs rolunda isə
Həsən Məmmədovu görür. Bu
qərarla çəkiliş heyətində tamamilə
başqa bir ab-hava yarandı".
Kalyagin
Rasim Ocaqovla şərt kəsir
Məşhur sovet artisti ilə
danışıqlar asan keçmir. A.Kalyagin
həddən çox çəkilişlərdə
olduğuna və teatrda oynadığına görə,
xüsusi vaxt qarafikinin yaradılmasını istəyir.
Rafiq Qəmbərov: “Ssenari ilə tanış olduqdan
sonra Kalyagin bildirmişdi ki, sınaq çəkilişləri
aparmadan onu filmə çəkəcəklərsə, o zaman
razılıq verəcək. ”Istintaq" filminə
qədər Kalyagin Bakıda olmamışdı. Kalyaginin daha bir şərti çəkilişlərin
onun xüsusi qrafikinə əsasən həyata keçirilməsi
oldu. Qərara alındı ki, onunla
bağlı səhnələri bir dəfəyə 2-3 günə
çəkilsin. Kalyagin həm də israr
etmişdi ki, ona rahat olması üçün çəkiliş
pavilyonları “Azərbaycanfilm” kinostudiyasında yox, Moskvada
hansısa bir studiyanın ərazisində tikilsin. “Yalnız o zaman mən böyük məmnuniyyətlə
sizin filmdə çəkilərəm” demişdi. Rasim
müəllim onun bütün şərtlərinə əməl
etdi, razılıq verdi, rəhbərlikdən
çətinliklə də olsa icazə aldı".
Rafiq müəllim bildirir ki, Rasim Ocaqovun
istəyi üzərinə filmin aktyor heyətindən
çıxarılan Hamalet Xanızadə filmdə çəkilməməsini
ömrünün sonuna qədər heç vaxt büruzə
verməyib. Amma görünən o olur ki,
aktyor bu hadisədən çox məyus olubmuş.
Rafiq Qəmbərov: “Filmin çəkilişi
sözün əsl mənasında ağır oldu.
Çünki Kalyagin zəng vururdu ki, ”5-ci
gün gecə Bakıya gələcəm, 2-ci gün gecə
qayıdacam Moskvaya". O Bakıda olduğu
müddətdə əlimizdən gələni edir,
mümkün qədər çox çəkiliş
aparırdıq. Pavilyonları quruluşçu rəssam
Fikrət Bağırov Moskvada “Qorki” adına
kinostudiyada tikmişdi. İki aya yaxın Moskvada
yaşadıq. Bütün pavilyon çəkilişləri
adətən gecə saat 21:00-da başlayıb səhərə
qədər gedirdi. Kalyagin tamaşadan
çıxıb gəldiyinə görə çəkilişlər
gecə olurdu. Elə olurdu ki, 1 həftə
heç nə çəkə bilmirdik, Kalyagini gözləyirdik.
Bütün bunlara baxmayaraq film vaxtında təhvil
verildi".
“Moskvada
filmi qəbul etmədilər”
Rafiq Qəmbərov: “Çəkiliş bitəndən
sonra Rasim Ocaqov onu montaj elədi və təhvil verilməsi məqamı
yetişdi. Məhz bu zaman böyük problemlər
oldu. Kinostudiyanın Bədii Şurası
filmi qəbul etdi və bildirdi ki, bəzi əyri-əskikləri
var. Məsləhət olundu ki, Moskvaya aparıb orda SSRI
Kinomatoqrafiya İttifaqında göstərək. Rasim Ocaqov və Rüstəm İbrahimbəyov filmi
Moskvaya apardılar. İttifaq filmi qəbul
etmədi. ”Aparın filmi öz ölkənizdə
göstərin" dedilər. Bildirdilər
ki, “SSRI-də korrupsiya adında bir şey yoxdur”. Filmdəki mövzu elə açıq çalarlala
əks olunmuşdu ki, bu onları qorxudurdu və buna görə
də qəbul etmirdilər. Onu da bildirdilər
ki, əgər filmi ümumittifaq ekranına təhvil vermək
istəyiriksə, o zaman təqdim etdikləri 40-a yaxın
düzəlişi yerinə yetirməliyik. Rasim kor-peşman Bakıya qayıtdı".
Rafiq Qəmbərov: “Filmə cüzi dəyişiklik
edildi və Rasim müəllim onu yenidən Moskvaya apardı.
Orada filmə ”birinci dərəcə"
verərək təsdiq etdilər. “1-ci dərəcə”
o demək idi ki, film SSRI ekranlarına çıxacaqdı və
nüsxələrin sayı mindən çox olacaqdı.
Beləcə SSRI-nin bütün şəhərlərində
film nümayişə icazə aldı. Filmin
belə uğuru sırf Heydər Əliyevin adıyla
bağlıdır.
“Kalyagin məşhur ”O-o-dur"
nidasını elə həyəcanla qışqırdı
ki, ağzından qan gəldi..."
Film faktik olaraq Bakıda və Moskvada
çəkilib. Filmdəki zindan Moskvada
pavilyonda tikilib. Rafiq Qəmbərov: “Həsən Məmmədov
və Aleksandr Kalyagin çox tez bir müddətdə dil
tapdılar. Aktyorlar o dərəcədə
bir-birini başa düşürdülər ki, him-cimlə,
göz-qaşla anlaşırdılar. Bəzi
səhnələrdə Rasim Ocaqov Kalyagindən daxili
emosiyalarla danışmasını tələb edirdi. O
isə bildirdi ki, ”Rasim müəllim, bir az
səbr edin, kulminasiya nöqtəsini görəcəksiniz. Mən bu rolu o qədər dəqiq dərk edib mənimsəmişəm
ki, bilirəm harda neyləməliyəm".
Söhbət sonuncu görüş səhnəsindən
gedirdi. Filmdə müstəntiq Seyfi
toya gedəcəyindən istintaqa kostyumda gəlir və Murada
bildirir ki, bu son görüşləridir. Həmin səhnə
çəkiləndə Kalyagin rola uyğun olaraq möhkəm
əsəbiləşdi: “Səndən soruşuram odur?! Buna
görə sən onu müdafiə edirsən?!”.
Epizodun birinci dublu çəkiləndən
sonra Kalyagin icazə istədi. Səhnənin
arxasına keçdi, tüpürdü və ağzından
qan gəldi. Rola o qədər hakim idi, o dərəcədə
özünü daxilən sıxmışdı ki, hətta
boğazından qan da gəldi. Ona yarım
saat vaxt verildi ki, özünə gəlsin. Çünki boğazında kiçik damarlar
partlamışdı. Özünə gələndən
sonra Rasim müəllim ona bildirdi ki, “indi bildim ki, sən niyə
səbr etməyimi istəyirdin”.
Rafiq Qəmbərov: “Şəfiqə xanımla Kalyagin
çox yaxşı tərəf-müqabil oldular. Hər aktyor filmdə öz dilində
danışırdı. Heç bir problem
yaranmadı. Şəfiqə xanım da
Kalyaginin miqyasını bilirdi. Ona görə
də çəkiliş müddətində heç bir
problem olmadı. Filmdəki uşaqlar bir
neçə uşaq arasından seçilmişdi. Heç biri aktyor ailəsindən deyildi”.
“İstintaq”
filminin sonu müəmmalı bitir,
tamaşaçı bilmir Murad öldü ya qaldı?
Rafiq Qəmbərov: “Filmin hansı sonluqla bitməsi
tamaşaçıların ixtiyarına verilib. Tamaşaçı
yaxşı, pis sonluğu düşünməkdə sərbəstdir.
Bildiyiniz kimi, həbsə düşən adamdan
intihar edə biləcəyi bütün əşyalar
alınır. Müstəntiqə onun intihar xəbəri
veriləndə, o soruşur ki, ”onda ip
hardandır?". Murad həbsə düşəndə
onu özü ilə götürüb gizlətmişdi.
Operator filmin sonluğunun açıq
qalmasının təfərdarı olduğunu bildirir. Bu bir növ ümid yeri deməkdir. Qoy tamaşaçı fikirləşsin ki, bəlkə
ölmədi, bəlkı sağdır. Biz
hamımız başa düşürük ki, bu film indi də
aktualdır. Bu günümüzlə səslənir".
Rafiq Qəmbərov: “Kalyaginin uşaqlarla çəkməçiyə
gəldiyi yer ”Baksovet"də, “Axundov
bağında” çəkilib. Çəkməçi
rolunda Ağadadaş adlı gözəl aktyor oynayıb.
Hər bir aktyor çox inandırıcı
obraz yaratmışdı bu filmdə.
Muradın uşaqla dənizin kənarında
qaçdıqları yer Novxanı çimərliyi idi. Yaxın olduğuna görə oranı
seçmişdik. Murad öz ailəsilə
dincəlir. Orada sanki azad quş kimi
oğlu ilə uçurlar".
”Azərbaycan"
hotelinin girişində
əməli-başlı toy təşkil etdik"
Rafiq Qəmbərov: “Birinci işimiz idi. Filmdə
improvizasiyalar az oldu. Ilk birgə
işimiz olmasına baxmayaraq, Rasim Ocaqov mənim təkliflərimə
müsbət reaksiya verirdi. Hansısa təklifi
bəyənməyəndə isə onu elə tərzdə
deyirdi ki, adamın ruhu da incimirdi. Mənə bir dəfə
tapşırıq verdi ki, Muradın kamera yoldaşı
başını qaldırıb havaya baxacaq və deyəcək
ki, ”azadlığın xüsusi havası
var". Rasim müəllim bildirdi ki, “buna
uyğun kadrlar seçməyi sənin öhdənə
buraxıram”. 2-3 gün əl
kamerasını götürüb şəhərə getdim.
Kadrları çəkəndə
çalışırdım ki, insanlar kameranın çəkdiyini
hiss etməsin ki, kadr təbii alınsın. Onu xüsusi sənədli film kimi çəkdim və
filmə əlavə etdik.
Bir də filmdə toy səhnəsində
atanın rəqsi zamanı qızın iri planda
görünüşü var. Təəccüblə
atasına, sonra bəyə baxır. O epizodu xəbərsiz
çəkmişdik. Həmin qız aktrisa
deyildi. O vaxt “Azərbaycan” hotelinin girişində əməli-başlı
toy təşkil etdik. Yemək-içmək hər
şey təşkil edildi. Ordakı insanlar
hamısı dəvət olunmuş adamlar idi. Özümün 7-ci filmim olsa da, Rasim Ocaqovla ilk
filmimiz idi deyə, çox həyəcanlı idim.
Ssenaridə yeganə olmayan epizod Kalyaginin
ağır addımlarla uzaqlaşmasıdır. O addımlar
həqiqətin səsi idi. Müstəntiq Seyfiyə vəd
etdikləri ev verilmədi, bütün
çətinliklər onun üzərinə
çökdü. Amma buna baxmayaraq o, həqiqət
uğrunda mübarizədən əl çəkmədi.
İndi də az da olsa var elə adamlar..."
Azadlıq.- 2014.- 23 iyun.- S.14.