Birinci dünya
müharibəsi və erməni məsələsi
Soyqırım kartı ilə oynayan ermənilərə tutarlı cavab
Bir ay öncə İsveçin məşhur Lund universitetində
ingilis dilində nəşr olunan “Middle East Critique” dərgisinin
“Birinci Dünya müharibəsi, Orientalizm ve Ermeni Məsələsi” adlı özəl sayı nəşr
olunmuşdur. Mayın 23-də işıq üzü
görmüş xüsusi nəşr Orta Şərqdə Birinci
Dünya müharibəsinin gedişi və nəticələrini
əhatə edir. “Middle East Critique” bütün
dünyada Yaxın Şərq məsələləri üzrə
ən nüfuzlu nəşrlərdən biri sayılır və
jurnalın xüsusi buraxılışının Birinci
dünya müharibəsi illərində Osmanlı dövlətinə,
onun siyasətinə, mədəni və humanitar həyatına,
Qafqaz cəbhəsində apardığı hərbi əməliyyatlara
həsr edilməsi uzun müddət soyqırım kartı ilə
oynayan erməni diasporunun rahatlığını pozmuşdur.
Xüsusi
buraxılışın materialları, orada yer almış
yüksək elmi səviyyəli məqalələr Qərb
elmi və ictimai dairələrinə Osmanlı
imperatorluğunda 1915-ci ildə baş verənlərin
gerçək tərəflərləri haqqında məlumat
verir, yalana bürünmüş erməni miflərini
dağıdır və
üzərini toz basmış həqiqəti yeni biçimdə
elmi və ictimai müzakirəyə gətirir. Məhz bu
uğuruna görə dərginin özəl sayının ermənilər
arasında, xüsusilə soyqırım iddialarında
barışmaz mövqe tutan erməni diaspor təşkilatları
arasında narahtçılıq yaratdığını təxmin
etmək olar. Elə bu səbəbdən, dərgidə dərc
olunmuş məqalələr yəqin ki, geniş müzakirələrə
səbəb olacaq. Niyə? Ona görə ki, dərginin
özəl sayında işıq üzü görmüş
9 məqalə Birinci dünya müharibəsi illərində
Osmanlı dövlətinin yeritdiyi siyasətin,
apardığı hərbi əməliyyatların və Şərqi
Anadoluda alovlanmış milli-etnik və dini qarşıdurmaların
gercək mənzərəsini yaratmışdır. Bir
qayda olaraq ermənilər 1915-ci il hadisələri ilə
bağlı tarixi müzakirələrdən yayınır və
uydurduqları soyqırım əfsanələrini daha
çox siyasi bir model kimi təqdim etməyə
çalışırlar. “Middle East Critique”-in
özəl sayı tarix müstəvisində belə bir suala
aydın cavab verir: 1915-ci ildə Şərqi Anadoluda baş
verənlər soyqırımmı, yoxsa savaş zamanı
öz dövlətinə qarşı üsyan etmiş
insanların ölkənin bir yerindən digər bir ərazisinə
tehcirimi? Fikrimizcə, hadisələrin
gercək mənzərəsini ortaya qoymaq üçün bu
prinsipial məsələyə aydınlıq gətirilməsi
zəruri bir məsələdir.
Xüsusi
buraxılışa İran
və Yaxın Şərq ölkələri üzrə
tanınmış tədqiqatçı professor Eric Hooglund
ön söz yazmışdır. Yeri gəlmişkən,
professor Hooglund “Middle East Critique” dərgisinin redaktorudur. Onun
müasir İran tarixi ilə
bağı çox maraqlı əsərləri var. Regionu
yaxşı tanıyan Eric Hooglund kimi bir alimin özəl saya
ön söz yazması nəşrin
etibarlılığına yaxşı bir zəmanətdir.
Professor Hooglunda görə, “soyqrım” ifadəsini 1960-cı
illərin sonlarında ilk dəfə Sovet İttifaqı 1915-ci il hadisələrini qiymətləndirərkən
işlətmişdir. Onun fikrincə, bu, “soyuq müharibə”
dövründə Qərbi Avropa və ABŞ-la
qarşıdurmasında təbliğat məqsədlər
üçün Sovetlərə lazım olub. Bir
sıra erməni tarixçiləri bu termini ilk dəfə
hüquqşünas Rafael Lemkinin istifadə etdiyini yazırlar.
Əslində, söhbət termindən daha çox, məhz
onun siyasi məqsədlər üçün istifadə edilməsindən,
siyasi təzyiq alətinə çevrilməsindən gedir və
bu baxımdan professor Hooglund haqlıdır. Soyqırım termini dövriyyəyə gəlməzdən
əvvəl onu ifadə edən bütün kəlmələr
SSRİ Xarici İşlər
Komissarlığının 1945-ci ilin avqust ayının 18-də
hazırladığı “Sovet-Türk münasibətlərinə
dair” geniş arayışda yer almışdır (Bax: Rusiya
Federasiyasının Xarici Siyasət Arxivi, fond 06, siyahı 7,
qovluq 47, iş 762, vərəq 13-18).
Jurnaldakı yazılar ABŞ-dakı Utah Universitetinin
professoru Hakan Yavuzun “Orientalizm ”Qoxunc
Türk" və soyqırım" (Orientalism, the “Terrible
Turk” and Genocide) məqaləsi ilə açılır. Məqalədə
100 il bundan əvvəl başlanmış
Birinci dünya müharibəsi illərində Türkiyədə
baş vermiş hadisələrin tarixi mənzərəsi
yaradılmış və orientalizm fonunda “Qorxunc Türk”
obrazının uydurulmasının səbəbləri
araşdırılmış, habelə belə uydurmaların
təbliğati məzmunlu olduğu ortaya qoyulmuşdur.
Professsor Hakan Yavuz türklərin “mədəniyyətin
düşməni” kimi təqdim edilməsinin hərbi-siyasi səbəblərini
göstərməklə yanaşı, son onilliklərdə bu
yanaşmanın ayrı bir formada guya “erməni
soyqırımı” törədilməsi fonunda ictimai
şüura yeridilməsinin pərdəarxası məqamlarına
da aydınlıq gətirir. Müəllif “Qorxunc Türk”dən
uydurma erməni soyqırımına gedən prosesin maraqlı
tarixşünaslıq icmalını yaratmış, “Qorxunc
Türk” obrazının yaradılması, onun ilkin “mətnləri”,
uydurma mənbələrin az sonra erməni məsələsi
üçün siyasi məzmun kəsb etməsinin
ardıcıllığını izləmiş, ermənilərin
Şərqi Anadoluda türk əhalisinə qarşı
törətdiyi məzalimin görməzliyə
vurulmasının siyasi anlamını izah etmişdir.
Yeri gəlmişkən professor Yavuz bəy üç il əvvəl Peter Sluglettlə Utah
universitetinin nəşriyyatında “Müharibə və
diplomatya: 1877-1878-ci illərin rus- türk müharibəsi və
Berlin müqaviləsi” adlı 610 səhifəlik çox dəyərli
bir kitab nəşr etmişdilər.
Dərginin özəl sayında ikinci
yazı Bazel universitetində çalışan doktor Murat
Kayaya məxsusdur. Doktor Kaya maraqlı bir
mövzuya, Birinci dünya müharibəsi ərəfəsində
Türkiyənin siyasətini müəyyən edən Gənc
Türklərin dünyagörüşünün,
mentalitetinin formalaşmasında Qərbin təsirinin
araşdırılmasına toxunmuşdur. Müəllif
fikirlərini əsaslandırmaq üçün XX əsrin əvvəllərində
nəşr olunmuş Osmanlı mətbuatının
materiallarından və gənc türklərin xatirə ədəbiyyatından
geniş istifadə etmişdir. Məqalədə
Hüseyn Cahid, Ahmed Hilmi, Ahmet Rıza, Kazım Karabekir paşa
və digərlərinin xatirələrində, “Şurayi Millət”,
“Türk” və digər mətbuat orqanlarında Qərbin
Osmanlı imperatorluğuna siyasi, iqtisadi və mədəni
müdaxiləsi, ölkədə millətçilik
ideyalarının yayılması və digər məsələlər
haqqında mülahizələr
irəli sürülmüşdür. Dərginin
maraqlı məqalələrindən biri də Birinci dünya
müharibəsi ərəfəsində baş vermiş Balkan
müharibələrinin tarixinin yazılmasının səciyyəvi
cəhətlərini əhatə edir. Onun
müəllifi Ankaradakı Orta Doğu Texnik Universitetinin beynəlxalq
əlaqələr bölümünün əməkdaşı
Ebru Boyardır. Müəllif, demək
olar, Balkan müharibələrinin türkçülüyə
təsiri barədə indiyə qədər yazılanlardan fərqli
bir yanaşma ortaya qoya bilib. Bu müharibələr
haqqında geniş yayılmış fikirlərin əksinə
olaraq, Ebru Boyar belə hesab edir ki, Balkan müharibələri
nəticəsində pantürkizm üstün dövlət
ideologiyasına çevrilmədi. Müəllif
öz fikir və mülahizələrini dövrün ədəbiyyatı
əsasında əsaslandırmağa
çalışmış və Birinci dünya müharibəsi
ərəfəsində Balkan müharibələrinin türk
ictimai fikrinə təsiri, türkçülük
ideologiyasının gercək durumu və təkamülü
prosesini ortaya qoymuşdur. Balıkesir
Universitetinden olan araşdırmaçı Yücel Yigit “Təşkilati-Mahsusa
və Birinci dünya müharibəsi” adlı məqalə ilə
“Middle East Critique”-in özəl sayında
çıxış etmişdir. Türk
tarixçiləri Təşkilati-Mahsusa və onun Birinci
dünya müharibəsində rolu haqda çoxlu maraqlı
araşdırmalar aparsalar da, Yücel Yigitin özəl sayda
yer almış məqaləsi öz orijinallığı ilə
seçilir. Məqalə Təşkilati-Mahsusa ilə
bağlı 4 mühüm məsələyə
aydınlıq gətirir: təşkilatın yaranma
dövrü, onun casusluq orqanı, yoxsa sayıqlıq qrupu
olması, siyasi və hərbi müstəvidə təşkilatın
təkamülü və Birinci dünya müharibəsində
onun rolu. Müəllif yarımmüstəmləkə
vəziyyətinə düşmüş Osmanlı dövlətində
Təşkilati-Mahsusanın kiçik hərbi güclə
ölkənin sərhədlərinin qorunmasında
mühüm rol oynadığını, bir sıra gizli əməliyyatlarda
iştirak etdiyini göstərmişdir.
İzmir İqtisad Universitetinin
araşdırmaçısı Ozan Arslan özəl
saydakı məqaləsində Rusiya imperiyasının
Osmanlı üzərində gözlənilən qələbəsinin
geniş təhlilini vermişdir. Məqalə Birinci
dünya müharibəsi dövründə Anadolunun Şərqində,
Qafqazın cənub-Qərbində, İranın şimal-qərbində,
Qara dəniz sahillərində və bütövlükdə
Qafqaz cəbhəsindəki hərbi əməliyyatların
ruslar üçün Osmanlı İmperatorluğunun
çökdürülməsi və Şərq məsələsinin
həllinə hesablandığını ortaya qoyur. Müəllifin
fikrincə, 1914-1916-cı illərdə rus qoşunları bəzi
uğurlu hərbi əməliyyatlar keçirsələr də,
lakin bu məhəlli döyüşlər rusların
arzularını doğrultmadı, 1917-ci ilin fevral inqilabı
isə az sonra Rusiyanın Qafqaz cəbhəsinin
dağılması ilə nəticələndi. Məqalədə erməni könüllü birliklərinin
Şərqi Anadoludakı fəaliyyəti, dinc əhaliyə
qarşı törətdiyi vəhşiliklər də öz əksini
tapmışdır.
Araşdırmaçı Ozan Arslan doğru olaraq erməni
drujinalarının Rusiya tərəfindən təşkil
olunduğunu və silahlandırıldığını, Tiflis və İrəvanda
onların formalaşdırıldığını, Qafqaz cəbhəsində
erməni “könüllülərinin” daha çox dinc türk
əhalisinə qarşı istifadə edildiyin ortaya
qoymuşdur. Bu faktlar “erməni
soyqırımı” haqqında yalanların ifşası, gercəklərin
acı mənzərəsini əks etdirir.
Sinqapur Milli Universitetinin Orta Şərq İnstitutunun
əməkdaşı Peter Sluglett 1917-1921-ci illərdə
Britaniya, Osmanlı və Rusiya imperiyalarını Qafqaz və
Şimali İrandakı siyasətini qələmə
almışdır. Müəllif Birinci dünya müharibəsinin
sonunda Qafqaz və Bakı uğrunda böyük dövlətlərin
planlarını və bu planların həyata keçirilmə
yollarını araşdırmış, İranda Britaniya və
Rusiya ziddiyyətlərinin tarixi mərhələlərini,
ölkənin Rusiya və Britaniya arasında nüfuz dairəsinə
bölüşdürülməsi, Cənubi Qafqazda milli
dövlətlərin yaranması kimi maraqlı məsələləri
əhatə edə bilmişdir. Məqalənin
“Osmanlılar, ruslar və ermənilər” adlı bölməsində
1801-ci ildən başlayaraq hər iki imperiyanın ermənilərə
münasibətdə siyasəti təhlil edilmişdir. Sluglett XX əsrin əvvəllərində,
xüsusilə 1905-1906-cı illərdə Qafqazda erməni
müsəlman qarşıdurması və xüsusilə
qanlı Bakı hadisələri haqqında maraqlı
mülahizələr irəli sürür. Onun təbirincə,
Rusiyanın Qafqaza ermənipərəsət vali
(Vorontsov-Daşkov) təyin etməsi ilə ermənilər
Peterburq trəfindən ram edildi və erməni millətçi
partiyaları Rusiyanın əlində Osmanlı
imperatorluğunda qarışıqlıq salmaq
üçün bir vasitəyə çevrildi. Peter Sluglette görə, 1914-1915-ci illərin ilk hərbi
kampaniyalarında erməni dəstələri rusların
“uğurlarında” əhəmiyyətli rol oynadılar və
“on minlərlə müsəlmanın ölümündə
iştirak etdilər”. Onun fikrincə, ermənilərin
Şərqi Anadoluda pozuculuq əməlləri 1915-ci ilin
aprelində verilmiş tehcir qərarından xeyli əvvəl
başlamışdı. İstanbul Universitetinin professoru
Mehmet Arısan Qərbdə geniş tanınan üç
müəllif: Britaniya kardinalı Con Henri Nyuman, siyasi lideri
Uilyam Gladston və İstanbuldakı Amerika səfir Henri
Morgentaunun əsərlərinə görə XIX əsrin sonu
XX əsrin əvvəllərində Osmanlı
imperiyasının və onun müsəlman əhalisinin vəziyyətini
təhlil edir. Müəllifin qənaətinə
görə, bu əsərlər müxtəlif dövrlərdə
yazılsalar da, ideya baxımından bir-birini tamamlayır və
xüsusilə Morgentaunun hekayələri erməni
soyqırımı haqqında əfsanələrin
yayılmasında başlıca rol oynayır.
Söz hekayələrdən
düşmüşkən onların tarixi mənbə kimi
istifadə edilməsi və onların müqayisəli təhlili
Qərbi Miçiqan Unuversitetində çalışan Mustafa
Kemal Mirzelerin topludakı məqaləsində
araşdırılır. Müəllif haqlı olaraq qeyd edir ki,
erməni soyqırımı iddiaları daha çox rəvayətlər
üzərində qurulub və Qərb tədqiqatçıları
böyük həvəslə ermənilər tərəfdən
söylənilən rəvayətlərə maraq göstərirlər. Lakin erməni məzalimi haqqında
türklərin xatirələri Qərblilər
üçün elə də cəlbedici görünmür. Halbuki, Şərqi Anadolunun müsəlman əhalisinin
xatirələrində yalnız düşmənçilik
deyil, bir vaxtlar onların xristian ermənilərlə mehriban qonşuluq şəraitində
yaşadıqları və Birinci dünya müharibəsi
başlayandan sonra bu “dostların” birdən-birə düşmən
cəbhəsinə keçdiyinə dair maraqlı məqamlar
vardır. Mustafa Mirzeler bu hekayələrin
həqiqətin bərpa olunması üçün əhəmiyyətinə
toxunaraq qeyd edir ki, şifahi mənbələr və folklor
materialı kimi türk hekayənəvisləri tərəfindən
deyilənlərin elmi dövriyyəyə cəlb edilməsi zəruri
bir addım olardı. Toplu professor Ömər Turanın
“Birinci dünya müharibəsinin türk
tarixşünaslığı” məqaləsi ilə
tamamlanır. Orta Doğu Texnik Universitetinin professoru Ömər
Turan öz məqaləsində Birinci dünya müharibəsi
haqqında türk tarixşünaslığının elmi mənzərəsini
yaratmış və onu mərhələlər üzrə təhlil
etmişdir. Müəllif haqlı olaraq bildirir ki, Türk
tarixçiləri uzun müddət milli mücadilə
tarixinin cazibəsinə düşdüyü
üçün, Birinci dünya müharibəsinin Türkiyə
ilə bağlı epizodları diqqətdən kənarda
qalmışdır. Müəllif məqalədə
bu sahədə uğurlar qazanmış yeni tarixçilər
nəslinin üzərində xüsusi şəkildə
dayanır və məhz onların araşdırmalarında
Birinci dünya müharibəsi dövründə Osmanlı
dövlətinin hərbi, siyasi, diplomatik və iqtisadi siyasətinin
dərin elmi mənzərəsinin
yaradıldığını qeyd edir.
9 elmi
araşdırmadan ibarət olan xüsusi buraxılış
mükəmməl bir kitab təsiri bağışlayır.
Ən başlıcası isə, bu nəşrin çox
zamanında ortaya çıxmasıdır. Uydurma
erməni soyqırımının 100 illiyi ilə
bağlı müxtəlif erməni cəmiyyət və təşkilatlarının
hazırlıq tədbirləri görüldüyü bir
vaxtda türklər gərəkli işi gördülər və
belə mükəmməl bir elmi nəşr ortaya qoydular. Ümid edirik ki, 1915-ci ildə Şərqi
Anadoluda baş vermiş ağrılı hadisələr
haqqında zaman-zaman uydurulmuş yalanların tarixin səhifələrindən
təmizlənməsi istiqamətində “Middle East Critique”-nin
bu ilin may ayında nəşr olunmuş özəl sayı
uğurlu başlanğıcdır. Görüləsi
işlər isə hələ qarşıdadır.
Cəmil
Həsənli,
Professor
Azadlıq.-
2014.- 24 iyun.- S.11.