“Fəryad” filminin
kadrarxası
Baş
rolun ifaçısı Ceyhun Mirzəyevin izləyə bilmədiyi
film
«Ceyhun
dedi ki, «məni döyün», şil-küt elədilər
onu...»
Modern.az “Kadararxası” layihəsinə qaldığı yerdən davam edir. Bu həftə kadrarxasında Qarabağ müharibəsi haqqında çəkilmiş “Fəryad”ın quruluşçu operatoru, görkəmli sənətkar, Kənan Məmmədovdur. Həmsöhbətimlə birgə Ceyhun Mirzəyevin son sənət əsəri olan filmin kadraraxası məqamlarından bəhs edirik.
Arayış:
1946-cı ilin oktyabrın 9-da Bakıda doğulan Kənan Məmmədov 1957-ci ilə
qədər İçərişəhərdə
yaşayıb.
Balaca Kənan vaxtilə qonşu
olduqları “Ögey ana”
filminin quruluşçu
operatoru Xan Babayevin sənət dünyasından bəhrələnib,
bu münasibət onun
operator kimi uğur qazanmasında böyük
rol oynayıb. 1971-ci ildə Moskvada Ümumittifaq
Dövlət Kinematoqrafiya İnstitutunda A.V.Qalperinin
emalatxanasında kinooperator fakültəsinə daxil olub, 1976-cı ildə təhsilini bitirib, “Azərbaycanfilm” kinostudiyasında bədii
və sənədli filmlərdə quruluşçu
operator kimi fəaliyyətə
başlayıb. Eyni
zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərib. Əməkdar incəsənət xadimi, Respublika dövlət mükafatı
laureatıdır. 1996-2002-ci
illərdə Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində müəllim
kimi fəaliyyət göstərib, 2010-cu ildə
Avropa Kino Akademiyasının
üzvü seçilib.
Ailəlidir, 1 oğlu
1 qızı var. Oğlu
kinorejissordur, iki övladı var, 2 ildir ki, Kanadada
yaşayır. Qızı pianoçudur,
bir övladı var, babası Kənanın adını
daşıyır.
K.Məmmədov hazırda
C.Cabbarlı adına
Kinostudiyanın baş
operatorudur.
“Fəryad”ın yaradıcı
heyəti
“Fəryad” filminin hazırlıq prosesi 1992-ci ilin sonlarına təsadüf edir, çəkilişlər
isə 1993-cü ilin yanvar ayında başlayır. Filmdə “Ögey
ana” fimindəki İsmayılla “Fəryad”
filmindəki İsmayıl
eyni bir xarakterdə birləşdirilib.
Filmin
ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissor Ceyhun Mirzəyev, quruluşçu operator Kənan
Məmmədov, quruluşçu
rəssam Rafiz İsmayılov, bəstəkar
Cavanşir Quliyevdir. Rollarda Ceyhun Mirzəyev, Məlik Dadaşov, Hacı İsmayılov, Liana Qudadze,
Fikrət Məmmədov,
Nəcibə Behbudova və başqaları çəkilib.
Ceyhun Mirzəyevin Qarabağ dərdi...
Kənan Məmmədov:
“Bu günə qədər
Qarabağ savaşı
haqqında bir çox filmlər çəkilib. Ancaq məncə, ”Fəryad" filmindən yaxşısı yoxdur. 21
il keçməsinə
baxmayaraq “Fəryad” filmi bu gün
də maraqla baxılır. Çünki orda insan taleyindən söhbət gedir, mövzu şəxsiyyət üstündə
qurulub. Orda Qarabağ dərdini
ürəyinə həkk
edən Ceyhun Mirzəyev var. Buna görə
film mənim üçün
çox əzizdir.
Baxmayaraq
ki, filmi izləyəndə peşəkar
operator kimi bu gün onu başqa
cür görürəm,
çünki o vaxt indiki texnika yox idi. Sadəcə
o zaman bütün çətinliklərə baxmayaraq
film çəkilməli idi.
Təəssüf ki, C.Mirzəyev
filmi izləyə bilmədi".
Bu dəfə C.Mirzəyevə
yox deyə bilmədim
Kənan Məmmədov:
“C.Mirzəyevlə mən
bir nəslin nümayəndəsi idik, çox yaxın dost olduğumuzdan indi də onun xatirəsi
mənə əzizdir.
O həmişə istəyirdi
ki, birgə film çəkək, amma alınmırdı. ”Təhminə" filminin çəkilişləri yenicə
bitmişdi. Ceyhun bunu
bilirdi və bilirdi ki, hələ
yeni filmə də başlamamışam.
C.Cabbarlı adına
kinostudiyanın dəhlizində
məni tutub dedi ki, “Qarabağ
haqqında bir ssenari var, istəyirəm
birgə çəkək.
Mənə yox demə,
çünki bilirəm
ki, bu dəqiqə
əlində film yoxdur”.
Ssenarini oxudum və mənə maraqlı gəldi. Çünki filmin ssenarisi
real həyatda olan zabitdən bəhs edirdi. Savaş zamanı ermənilərə
əsir düşmüşdü.
Onu da bir neçə
erməni əsiri ilə dəyişmişdilər.
Ssenarilə tanış olduqdan
sonra görüşdük
və film haqqında uzun müzakirəmiz oldu ki, necə,
kimi çəkək".
Ceyhun Mirzəyevi rola uyğun görmədim
Kənan Məmmədov:
“Daha sonra sınaq çəkilişləri
başladı. Hətta Fəxrəddin
Manafov da sınaqlarda iştirak etdi. Çox da gözəl
alındı. Lakin günlərin
bir günü C.Mirzəyev, V.Mustafayev və mən görüşdük. Onda təklif
oldu ki, C.Mirzəyevi də sınaq çəkilişlərində
çəkək. Mən çox
təəccüb etdim,
çünki o rol üçün Ceyhun tam da uyğun deyildi.
Yəni boyu bəstə, kilo baxımından ağırlaşmış
və s. idi. C.Mirzəyev bildirdi ki, filmə
özü çəkilmək
istəyir. Amma mən
fikrimi demədim.
Çəkilişlər başladı, nəticə
çox gözəl oldu. Onun daxili iztirabları,
düşüncələri hamısı həqiqət
idi. Film çəkilməmişdən əvvəl onun təsvir sistemini qurmuşdum. Qərara gəldim
ki, filmi xronika səpkisində çəkmək lazımdır”.
Ceyhun haqda yanıldığımı
anladım
Bir
çox sənədli
film müəllifi olaraq
K.Məmmədov vaxtaşırı
regionlarımızda olur. Onlardan bir də Ağdamın
Abdal-Gülablı kəndi
idi. Hələ hadisələr baş
verməmişdən əvvəl
operator orada çəkilişlər
aparır; C.Mirzəyevin
boya-başa çatdığı
yerlərdə. Abdal-Gülablını ermənilər işğal
edəndə C.Mirzəyev
çox sarsılır.
Çəkiliş müddətində də o hadisələri təkrar, daxilən yaşayırdı və bu səbəbdən də rol uğurlu
alınır. K.Məmmədov deyir ki, çəkiliş
müddətində ilk olaraq
Ceyhunu rola uyğun bilmədiyim haqda yanıldığımı
anladım.
Filmdəki zirzəmi səhnəsi
Kardioloji xəstəxanada
çəkilib
Kənan Məmmədov:
“Filmin çəklilişləri
hardasa 8 aya yaxın vaxt aldı. C.Mirzəyev, R.İsmayılov və mən yer çəkilişi üçün axtarış
etdik. Qərara gəldik ki,
filmi Goranboyda Murovdağın ətəyində
çəkək. Beləliklə, 1993-cü ilin yanvar ayının
ortalarında çəkilişlərə
start verildi. O qış
həqiqətən də
çox sərt idi. 20 nəfərlik
çəkiliş qrupu
Naftalana ezam olundu. Pansionatın binasında bizə
yerlər verildi.
Çəkilişlər hamısı
Murovdağın ətəyində,
Qaraçinar, Zeyvə
kəndlərində, ”Rus Borisi" və “Erməni Borisi” adlanan yerdə oldu. Əvvəlcədən ora gedərək
təbiət çəkilişlərinin
yerini müəyyən
etdik və Bakıya qayıdaraq İsmayılın Xankəndində
saxlandığı evin
dekorasiyasını qurduq.
Pavilyonda rəssam böyük bir dekor qurdu, zirzəmiyə
girişin yeri müəyyən olundu və s. Amma zirzəmidə ermənilərin
olduğu yer Kardioloji xəstəxananın
zirzəmisində lentə
alındı".
Filmin başladığı
səpələnmiş meyit
kadrlarından söhbət
düşərkən operator filmdə heç bir xronikal kadrdan
istifadə edilmədiyini,
tam bədii film olduğunu,
ilk kadrdan başlayaraq sonuncuya qədər hamısının
quraşdırıldığını vurğulayır.
Kənan Məmmədov:
“Sənubər İsgəndərli
heç bir sınaq çəkilişi
aparılmadan çəkildi.
Çox bəyəndiyim aktrisa
olduğundan bir çox filmlərdə onu
çəkmişəm. S.İsgəndərlinin
filmə çəkilməsini C.Mirzəyev və mən qərara
aldıq. Uşaq isə kiminsə
uşağı idi, yəni hər
hansı tanınmışın övladı deyildi”.
Qar üstə yatanlar real Xocalı qaçqınları idi
Kənan Məmmədov:
“Yanvar ayında Murovdağın ətəyinə
təzə qar yağmışdı.
Çəkiliş üçün təzə
qar düşmüş
yer lazım olduğundan
mən hamıdan xahiş etdim
ki, qar üstündə
boş gəzinti olmasın. Filmin çəkiliş qrupu
Naftalanda real Xocalı
qaçqınları məskunlaşan pansionata
getdilər. Danışıqlar aparıldı, başa salındı ki, bu dəhşətlər barədə film çəkirik. Mən o
danışıqlarda olmadım. Filmin direktoru Q.Səfəroğlu sonra
mənə dedi ki, ”Kənan,
sən görərdin insanlar bu təklifi necə ciddi qəbul
etdilər".
“Ceyhun Mirzəyev hönkürtü ilə ağlayırdı”
Kənan Məmmədov:
“Çəkiliş üçün bizə
100-150 nəfər adam lazım idi. Deməli, 2 ”İkarus" uşaq, böyük hamısı öz
geyimində həmin təzə qar düşmüş yerə gəldi. Mən kameraya baxa-baxa insanları
qar üstündə hərəsini bir formada “səpələdim”.
Əlimdə meqafon
qışqırırdım ki, “filankəs
belə dön, o yana uzan” və s. Bir də gördüm kimsə hönkürtü
ilə ağlayır. Çevriləndə Ceyhunu
gördüm. Soruşdum
ki, “niyə ağlayırsan?” Dedi: “Bu insanlar
xilas olsa da, indi Xocalı dəhşətini
yenidən yaşayırlar”.
Kənan Məmmədov:
“O vaxt vətənpərvərlik
haqqında silsilə verilişlər gedirdi.
Mən də həmişə onu izləyirdim.
İnsanları Qarabağı azad
etməyə səsləyirdilər. Bir də
gördüm AzTV-də diktor
deyir ki, ”baxın Qarabağ savaşı zamanı çəkilən
kadrlardır, avtomatlar işləyir, BTR-lər
gəlir..." Donub qaldım. Bu kadrların hamısı “Fəryad”ın
kadrları idi..."
Kənan Məmmədov:
“Filmdə rus və gürcü
aktyorları da dəvət olunur. Operator bildirir
ki, reallığı
əks etdirməsi baxımından o aktyorlar seçilmişdi. Onların hamısının
səhnəsi müəyyən
olundu və 2 həftə ərzində
çəkilişlərini bitirib ölkələrinə
qayıtdılar. İsmayılın
həbsxanada olan səhnəsi o vaxtkı ”Bayıl" həbsxanasında çəkilib.
Onun döyüldüyü, işgəncə
verildiyi kameranı əvvəlcədən seçdik.
Həmin
kamerayla üz-üzə
bir kamera vardı, vaxtilə orada Stalin yatmışdı".
Kənan Məmmədov:
“C.Mirzəyevin ürəyi
xəstə idi, qan təzyiqi tez-tez oynayırdı. Təklif etdim ki, döyülmə səhnələrində
onu kaskadyor əvəz
etsin. O isə qəti şəkildə imtina etdi. Bildirdi
ki, ”bütün səhnələrdə
özüm çəkiləcəm. Özü də həqiqətən döyün məni, ki, təbii
alınsın". Ona İtaliyada istehsal olunmuş bronojileti,
üstündən də öz geyimini geyindirdik, “erməni”
bunu şil-küt elədi.
Amma bronojileti soyunanda bədənində izləri əməlli-başlı
qalırdı".
“Ögey ana”dan kadrların filmə salınması təklifi
Kənan Məmmədov:
“Bir gün zəng vurub dedi ki,
”sabah studiyada
görüşək sözüm var". Görüşdük,
“dedi ki, beynimə bir fikir girib.
İstəyirəm uşaq
İsmayılla buradakı İsmayılı birləşdirəm”. Bu haqda ətraflı
danışdı. Təklifini çox bəyəndim
və dedim çox emosional səhnə alına bilər və
alındı da.
Kənan Məmmədov:
“Erməni dilində səsləndirmə prosesini
o vaxt İrəvandakı Azərbaycan Dram Teatrının aktyorları Vidadi və indiki SOY
prodakşının rəhbəri Oktay
Əliyev həyata keçirdi. Yeganə olaraq Məlik Dadaşov
başqasının onun obrazını səsləndirməsindən
imtina etdi. Bildirdi ki, ”mənim səs
tembirimi kim burda səsləndirə bilər, özüm ermənicə səsləndirəcəm.
Siz həmin mətni erməni dilinə tərcümə
edin və azərbaycanca yazın,
qalanı sizlik deyil".
Kənan Məmmədov:
“Filmin qaralama
montajı bitmişdi, yəni hələ
axırıncı variant deyildi.
C.Mirzəyev filmi mənsiz montaj
etmirdi. Deyirdi ki, ”sən materialın içindəsən, montajda yanımda ol". Hər
şeyi məsləhətlə edirdik. C. Mirzəyev mart
ayının 5-də həmin C.Cabbarlı adına kinostudiyada gəlib dedi ki, “gəl gedək kassaya,
bəlkə məvacib verilir.
Yoldaşıma 8 Mart üçün
çəkmə almaq istəyirəm”. Ancaq kassa bağlı idi. Dedi: “Eybi
yox, 1-ci gün alaram. Mənim haqqımda veriliş
hazırlayıblar. ”Ceyhun Mirzəyev - rejissor və aktyor
haqqında", bazar günü
efirə verəcəklər. İndi gedirəm telestudiyaya,
görüm necə montaj
ediblər".
2-ci gün
görüşmək ümidi ilə
ayrıldıq. Şənbə günü
evdə çay içirdim,
telefon zəng çaldı. Q.Səfəroğlu
idi. Dedi: “Kənan,
möhkəm ol, faciə baş
verib, Ceyhun rəhmətə
getdi”. Sən demə, biz
ayrılandan sonra o telestudiyada olan vaxt halı pisləşir, evə aparırlar,
təcili yardım gələnə qədər isə keçinir. Onun ürəyi
partlamışdı".
Azadlıq.-
2014.- 30 iyun.- S.14.