31 Mart- azərbaycanlıların Soyqırım günü

 

Kökləri uzaqlara gedən nifrət

 

Erməni millətçilərinin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırımın uzun bir tarixi var. İsveçlə Rusiya arasında 1721-ci ildə sülh müqaviləsinin imzalanmasından sonra Rusiya çarı I Pyotr öz imperiya ehtiraslarını Qafqaza, Xəzəryanı ərazilərə yönəltdi. Bu cəhdlərin sonu 1723-cü ildə Bakının işğalı ilə nəticələndi.

Əsasən müsəlmanlardan ibarət olan yerli camaatın narazılığını və müqavimətini görən I Pyotr öz planlarını həyata keçirmək üçün, necə olur-olsun, Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini vacib sayırdı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları həyata keçirdi. 1768-ci ildə II Yekaterina ermənilərin himayə edilməsi barədə əmr imzalayır. 1802-ci ildə çar I Aleksandr H.D.Sisianova yolladığı məktubunda yazırdı: “Hər necə olur-olsun ermənilər Azərbaycanın buya digər xanlıqlarında istifadə olunmalıdır”. IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər dövlətlərini yaratmaq məqsədinə çatmaq üçün Rusiyanın imperiya siyasətinin həyata keçirilməsində alət rolunu oynadılar. Bu istiqamətdə ən dəhşətli hadisələr 1918-ci ildə baş verib. Həmin fəlakətlərin təşkilatçısı nankor ermənilərin qəddar lideri S.Şaumyan olmuşdur. 1917-ci ildə RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz İşləri üzrə Fövqəladə Komissar təyin edilmiş S. Şaumyan təyinatının ilk günlərindən mürtəce ideyalarını həyata keçirmək - azərbaycanlılara qarşı fəlakətlər törətmək üçün hər an fürsət axtarmışdır.

1917-ci ildə Rusiyada yaranmış gərgin ictimai-siyasi vəziyyət Cənubi Qafqazda da proseslərin dramatikləşməsinə rəvac verdi. Erməni millətçiləri Oktyabr çevrilişindən sonra keçmiş Çar Rusiyasına daxil olan bütün regionlarda öz hakimiyyətini bərqərar etməyə çalışan bolşeviklər ilə ittifaq yaradaraq, Azərbaycan xalqının keşməkeşli tarixində daha bir faciəli səhifə açmağa nail oldular.

Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa, “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi. Öncədən hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir.

 

Türk əhalisini soyqırım əmri

 

31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olanİsmailiyyəni” yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyalarını dağıtmış, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dağıtmışdılar.

Beləliklə, erməni terrorçularından təşkil olunmuş Bakı Kommunası bütövlükdə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə 1918-ci il martın 31-də bu mənfur planlarını bolşevik bayrağı altında reallaşdıraraq, Azərbaycanın ayrı-ayrı bölgələrində kütləvi qətllər həyata keçirdilər. Həmin günlərdə erməni millətçiləri tərəfindən törədilmiş vəhşiliklər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunub. Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda törədilmiş kütləvi terror aktları nəticəsində minlərlə azərbaycanlı məhz milli mənsubiyyətinə görə öldürüldü, onlarla kənd yandırıldı, bir sıra milli-mədəni abidələr dağıdılaraq məhv edildi. 31 Mart soyqırımının statistikası bu bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Təkcə Bakıda erməni terrorçuları tərəfindən öldürülənlərin sayı 30 minə çatmışdır. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə-yeksan edilmişdir. Şamaxı qəzasında 7 min nəfər öldürülmüşdür ki, onlardan 1653 nəfəri qadın, 965-i uşaq olmuşdur. Azərbaycanın tarixi ərazisi olan Irəvan quberniyasında

1920 ev yandırılmış, 131 min 900 nəfər isə qətlə yetirilib.

 

Xilaskar Qafqaz İslam Ordusu

 

Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu haraya çatmasa idi, bu qırğının miqyası daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk həlak olmuşdur. Onların məzarları dağüstü parkdadır, onlara ehtiram simvolu olaraq abidə ucaldılmışdır. 1948-1953-cü illərdə 100 min azərbaycanlının Ermənistan SSR-dəki tarixi yurdlarından qovulması, 1987-1989-cu illərdə Ermənistandan son deportasiya və nəhayət, erməni qəsbkarlarının torpaqlarımıza təcavüzü onların mənfur siyasətinin - uydurma, qondarmaBöyük Ermənistan” dövləti yaratmaq xülyası ilə bağlıdır. Təəssüf ki, ermənilərin yeritdikləri mənfur siyasət vaxtında beynəlxalq aləmdə lazımi səviyyədə ifşa olunmamış, xalqımıza qarşı törədilən bu soyqırıma siyasi, hüquqi qiymət verilməmişdir. Doğrudur, Azərbaycan Demokratik Respublikası 1918-20-ci illərdə ermənilərin törətdikləri soyqırımı tədqiq etmək üçün fövqəladə komissiya yaratmışdı. Komissiya 36 cildlik geniş material hazırlamışdı. Bu materialların ingilis, alman, fransız, rus, azərbaycan dillərində çap edilərək Qərb dövlətlərinə göndərilməsi nəzərdə tutulmuşdu. Lakin 1920-ci ilin 28 aprelində Sovet ordusu ADR-i süquta uğratdıqdan sonra həmin məsələyə xitam verildi.

Bütün bu cinayətlərə beynəlxalq ictimaiyyətin laqeyd münasibəti, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı növbəti soyqırım və deportasiya aktlarının törədilməsinə stimul verən əsas amillərdən biri olmuşdur. 1917-22-ci illər ərzində təkcə İrəvan Quberniyasının azərbaycanlı əhalisinin sayının 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə qədər azalması, 1948-ci ildə yüz min nəfərdən çox azərbaycanlının Ermənistandan deportasiya edilməsi dünyanın bütöv bir xalqa qarşı həyata keçirilən zorakılıq siyasətinə biganəliyinin nəticəsidir.

1998-ci ildən etibarən Azərbaycan Respublikası martın 31-ni dövlət səviyyəsində azərbaycanlıların genosidi günü kimi qeyd edir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Azərbaycanlırın kütləvi şəkildə qırılması, repressiyalara məruz qalması XX yüzilliyin dünya tarixinin faciəvi səhifələrindən biri hesab etmək olar. Bu faciələrin günahkarı “Böyük Ermənistan” yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün heç bir iyrənc vasitədən çəkinməyən erməni şovinizmidir.

 

Azadlıq.- 2014.- 31 mart.- S.10.