12 illik orta təhsilə keçid...
Xəyallar
və reallıqlar
O
dövrki müəllimlərimiz iki illik müəllimlər
kurslarının məzunları idilər. Orta təhsilin
qarşısında duran vəzifə konkret idi
? Vətəni və xalqı sevən, bacarıqlı,
savadlı gənc nəsil yetişdirmək.
1950-60-cı
illərdə
müəllimlər necə işləyirdi?
Bu vəzifəni həyata keçirən
müəllimlərimizin əlində nə hansısa
hazır metodik vəsait, nə mobil telefon, nə internet, nə
də kompüter vardı. Bunların
əvəzində onların əlində mükəmməl dərsliklər,
sinəsində döyünən əsl müəllim ürəyi,
arxasında ona qayğı göstərən dövlət,
qarşısında onu sevən sadə, zəhmət
adamları vardı. Əminliklə deyə
bilərəm ki, təhsilimizin sonrakı illəri ilə
müqayisədə həmin dövr əsl intibah dövrü
idi. Həmin dövrdəki təhsilə
olan coşqun həvəs, məsuliyyət və tədrisin
keyfiyyəti ilə müqayisədə indiki orta təhsilimiz
nə vaxtsa coşqun selin axdığı yataqdakı
sızqa suyu xatırladır.
Hər fənn müəlliminin
özünəməxsus tədris üsulları vardı. Onlardan bəzilərinə diqqət yetirək.
Müxtəlif bitkilərin kök sisteminin xüsusiyyətlərinin
öyrənilməsi üçün müəllim şagirdlərə
ev şəraitində kiçik qablarda
arpa, buğda, noxud və s. mədəni bitkilərin əkilməsini
tapşırardı. Bitkilər boy atdıqdan
sonra şagirdlər dibçəkləri məktəbə gətirərdi.
Müəllim şagirdlərin gözləri
qarşısında, qablarda cücərmiş bitkini aralayar,
kök sistemini əyani şəkildə nümayiş etdirər,
köklərin quruluşunu, oxşar və fərqli əlamətlərini,
mineral maddələrin torpaqdan necə sorulduğunu, gövdəyə
necə ötürüldüyünü izah edər,
şagirdlərdən də eyni tərzdə davranmağı
tələb edərdi.
Şagird əkdiyi bitkini sol əlində
saxlayır, sağ əlindəki karandaşın ucu ilə
kök sistemini izah edirdi. Hava şəraiti imkan
verdikdə dərs məşğələlərimizin bəzilərini
məktəbimizin yaxınlığındakı çəmənlikdə,
yaxud meşə ətəyində, açıq səma
altında keçirərdik. Müəllim
çəmənlikdəki bitkilərə və
çiçəklərə istinadən onlar haqqında ətraflı
bilgilər verərdi. Məsələn, bitkinin
çoxalması, birillik və çoxillik bitkilər, göbələklər,
mamırlar və s. haqqında canlı müşahidələrə
əsaslanan bilgilər verirdi.
Ağac bitkiləri üzərində
xüsusi olaraq dayanırdı. Ağacın
əhəmiyyəti, onu ziyanvericilərdən qorumağın
yollarını izah edərdi. Yarpaqların
quruluşuna əsasən ağacın növünün fəqləndirilməsini
öyrənmək üçün müəllim əlinə
müxtəlif ağacların yarpaqlarını alar, həmin
ağacın yarpaqlarını əlimizdə saxlamağı
bizə də tövsiyə edərdi. Sonra
yarpağın quruluşu haqqında mükəmməl izahat
verərdi. Biz də öz növbəmizdə,
əlimizdəki yarpağa baxaraq, müəllimin dediklərini
izləyərdik. Müəllim müxtəlif
ağacların yarpaqlarının şəkillərini çəkməyi
və şərhini verməyi bizdən tələb edərdi.
Azərbaycan dilinin qrammatikası fənni müəllimimiz
dilimizin orfoqrafiya qaydalarına yiyələnməyimiz, onlardan
yazı mətnlərində yerli-yerində istifadə edə
bilməyimiz, yığcam (lakonik) cümlə qura bilməyimiz,
cümlə üzvlərinin cümlədə yerini
düzgün müəyyən edə bilməyimiz, onları
uzlaşdırmağı bacarmağımız, xitabın və
vasitəli nitqin cümlədəki yerindən asılı
olaraq müvafiq durğu işarələrindən
düzgün istifadə edə bilməyimiz və s. bilik və
bacarıqlara yiyələnməyimiz üçün müxtəlif
məzmunlu mətnlər əsasında çoxlu yoxlama
yazı işləri keçirərdi (VII sinif - 1951-ci il).
Məktəblər
arasında rəqabət
O dövrdə ənənə şəklini
almış maraqlı tədbirlərdən biri də müəllimlərin
rəhbərliyi ilə V-VII siniflərin qabaqcıl şagirdlərindən
ibarət məktəbimizin yığma komandasının bilik
yarışı keçirmək üçün qonşu kənd
məktəblərindən birinə qonaq getməsi idi.
Razılığa əsasən
yarış həmin məktəbin geniş sinif
otaqlarının birində, hər iki tərəfin
yarış iştirakçılarının gözü
qarşısında, tam sakit şəraitdə keçirilməli
idi. Əvvəlcə hər tərəfdən
bir nəfər olmaqla, 5-cilər yarışa
başlayardılar. Tərəflər 5 dəqiqə
ərzində, növbə ilə bir-birinə ən müxtəlif
səviyyəli suallar ünvanlayardılar. Qarşı tərəf sualı cavablandıra bilmədikdə
sualı verənin özü onu cavablandırmalı idi.
Bu ardıcıllıqla bütün
iştirakçı məktəblilər yarışda öz
biliklərini nümayiş etdirirdilər. Müəllimlər
öz qeydlərini edər, sonda qalib məktəblilər və
qalib məktəb müəyyən edilərdi. Bu yarış mühüm əhəmiyyət kəsb
edirdi.
Birincisi, öz doğma məktəbinə
öyrəşmiş şagird yad mühitdə
özünü səfərbər etmək vərdişinə
yiyələnirdi. Ikincisi, müəllim
şagirdlərinin yad mühitdə özlərini necə
apardıqlarını, biliklərini necə nümayiş
etdiklərini müşahidə edirdi. Üçüncüsü,
müəllimlər öz aralarında tədrisin keyfiyyətini
müqayisə edə bilirdilər.
Şagirdlərin hərtərəfli
inkişafına yönələn tədbirlərdən biri
müəllimimizin dərsin aparılmasını sinif əlaçılarından
birinə həvalə etməsi idi.
Müəllimlik edən şagird sinifdə
əyləşən müəllimin nəzarəti
altında, pedoqogikanın elementlərini ardıcıllıqla
icra etməyə çalışırdı. Dərsdən dərhal sonra müəllim öz
dublyorunun yanaşma tərzini təhlil edir, əlavə
tövsiyələr verərdi.
Xəritəni
əzbər bilmək bacarığı
Belə bir vəzifə iki dəfə
(VII sinif 1951-ci il) Coğrafiya və Orta əsrlər tarixi fənləri
üzrə mənə də həvalə edilmişdi. Müəllimlər şagirdlərin ədəbi-bədii
tədbirlərə qatılmasını da
planlaşdırırdılar. Məsələn,
məktəbimizin müəllim kollektivinin özlərinin təşəbbüsü
ilə Cəfər Cabbarlının “Sevil” əsərindən
səhnələşdirdikləri bir pərdəli tamaşada
Gündüz rolu mənə həvalə edilmişdi. Sevil rolunu isə Cəbr müəlliməmiz ifa
edirdi. Orta təhsilimin sonrakı mərhələsini
rayon mərkəzindəki on illik məktəbdə davam etdirdim.
Yeni məktəbimizdə ali təhsilli
müəllimlərə də rast gəlinirdi. Ali
təhsilli coğrafiya müəllimimiz şagirdlərdə
bu fənnə həvəs oyada bilmişdi.
Şagirdlər hansı dağın, çayın,
gölün, dənizin, kanalın, hətta meşələrin
hansı ölkədə, hansı qitədə yerləşdiyini,
az qala, əzbər bilirdilər (VIII sinif
1951-ci il). Hər bir şagird Avropa, Asiya və
Afrika qitələrini bir-birindən ayıran coğrafi məkanları
xəritəyə baxmadan, ardıcıllıqla
sadalamağı bacarmalı, sonra xəritədə həmin
ardıcıllıqla göstərməli idi.
Müəllimimiz dərslikdə olmayan məlumatlarla
da bizi bilgiləndirirdi. Məsələn, öyrəndiyimiz
xarici ölkələrin dövlət quruluşu, dövlət
başçısının və Kommunist partiyası sədrinin
kimliyi, hətta həmin dövlətlərin pul vahidləri
haqqında bilgiləri cib dəftərçəmizdə yazdırardı.
O, müəllim
deyildi, müəllim etalonu idi...
Cəbr, həndəsə və triqonometriya müəllimimiz
ali məktəbdə qiyabi təhsil alsa
da, öz işini yaxşı bilir, fənni şagirdlərə
sevdirməyi bacarırdı. O, həmişə deyirdi ki,
lövhədə misal həll edən şagirdin əlindəki
təbaşirin taxtada yaratdığı sürətli
taqqıltı səsi ona zövq verir (IX sinif 1952-ci il).
Müəllimimiz şagirdlərə fərdi
yaradıcılıq vərdişlərini aşılamaq
üçün dərsdən kənar seminar məşğələlərində
müxtəlif mövzular üzrə məruzə ilə
çıxış etməyi tapşırardı. Məsələn,
mənə “Düzbucaqlı Dekard koordinat sistemi və onun
praktiki əhəmiyyəti”, sinif yoldaşlarımdan birinə
“Viet teoremi və onun praktiki əhəmiyyəti”, başqa bir
sinif yoldaşıma “Loqarifmik və üstlü tənliklərin
həlli üsulları” və s. mövzular üzrə
çıxış etməyi tapşırmışdı.
Fəza həndəsi fiqurlardan - konus,
piramida, paralelepiped və prizmaya dair mövzuları öyrənərkən
müəllimimiz bizdən həmin fiqurların maketini
hazırlamağı və hazırladığımız
maketlər əsasında dərsi danışmağı tələb
edərdi. Biz qayçıdan, mətbəx
bıçağından, xamırdan (o vaxtlar
yapışdırıcı yox idi), paltar sapından,
kağızdan və ağac çubuqlarından istifadə edərək
həmin maketləri hazırlayardıq.
Yüksək mədəniyyətə,
gözəl nitq qabiliyyətinə malik olan ədəbiyyat
müəllimimiz haqqında unudulmaz xatirələrim var.
Əslində o, müəllim deyildi, müəllim etalonu idi. O, ədəbi
dilimizdə natiqlik bacarıqlarına yiyələnməyimiz
üçün çoxlu bədii əsər oxumağı,
sonra kollektiv şəkildə həmin əsərlərin
ideyası, ictimai əhəmiyyəti ətrafında
müzakirələr aparmağımızı tövsiyə
edər, bir çox müzakirələrdə özü də
iştirak edərdi. Müəllimimiz bədii
yaradıcılığa meylli şagirdlərə
qayğı ilə yanaşar, onların yazdıqları
kiçik hekayələri və şeirləri diqqətlə
oxuyar, bəyəndiyi şeir və hekayələrin məktəbimizin
divar qəzetində, rayon qəzetində, hətta “Azərbaycan
gəncləri” qəzetində dərc edilməsinə
yardımçı olardı.
Müəllimimiz yazı
bacarıqlarımızın da səviyyədə olmasına
çalışardı. O, ədəbi əsərlər
üzrə keçirdiyi yoxlama yazı işlərində, ilk
növbədə, məzmunun planının tərtibini tələb
edərdi. Plan 5-6 bənddən az
olmamalı, əsərin kompozisiyasına uyğun
ardıcıllıqla tərtib edilməli, hər bəndin
açması əsərin müəyyən hissəsinin məzmununu
əks etdirməli idi. Əslində,
düzgün və məzmunla plan, şagirdin əsəri
hansı səviyyədə mənimsədiyinin
güzgüsü idi. Bu mənada, müəllimimiz
deyərdi ki, düzgün plan tutan şagirdin biliyi, bəri
başdan, ən azı, dörd qiymətinə layiqdir.
Ədəbiyyat müəllimimiz mahir
deklomasiya ustası idi. Onun pafosla söylədiyi Füzuli qəzəllərini
sonralar respublikamızın məşhur incəsənət ustalarından
Müxlis Cənizadənin, Soltan Nəcəfovun canlı
ifasında, Kazım Ziyanın lent yazılarında dəfələrlə
dinləmişəm. Əminliklə deyə bilərəm
ki, ədəbiyyat müəllimimizin deklamasiya sənətkarlığı,
adını çəkdiyim sənətkarlardan nəinki zəif
deyildi, hətta bir çox hallarda üstün idi. Müəllimimiz şagirdlərə də deklomasiya
söyləməyin sirrini öyrədərdi. O, deyərdi
ki, yerli-yersiz əl-qol atmaq, hündürdən
qışqırmaqla diqqəti cəlb etməyə ehtiyac
olmamalıdır.
Müəllimimiz şagirdlərin
iştirakı ilə teatr səhnəciklərinin göstərilməsini
də unutmurdu. S.Vurğunun “Xanlar” əsərindən
hazırlanan bir pərdəli tamaşada Koba (Stalin) rolu mənə
həvalə edilmişdi. Maraqlıdır ki, bu ənənə
ali məktəbdə də davam etdirilirdi.
Üçüncü kursda (1957-ci il)
fakültəmizin bədii kollektivinin iştirakı ilə
S.Vurğunun “Vaqif” əsərindən hazırlanan bir pərdəli
tamaşada Qacar rolu mənə, Vaqif rolu qrup yoldaşıma həvalə
edilmişdi.
Kənddəki
su dəyirmanında fizika dərsi
Məktəbimizin fizika kabinetindəki əyani vəsaitlər
çox az idi. Fizika müəllimimiz
bu vəsaitlərdən elektrofor maşınından və
elektromaqnit induksiyası hadisəsini nümayiş etdirmək
üçün sabit maqnit, qalvonometr və sarğacdan istifadə
edərdi. Lakin müəllimimiz bununla kifayətlənməyib,
bizi məktəbimizdən çox da uzaqda olmayan, kiçik
güclü su elektrik stansiyasına ekskursiyaya aparardı.
O, elektrik stansiyasındakı cihazlar və avadanlıqlarla - su
turbini, elektrik generatoru, elektrik ölçü cihazları ilə
bizi tanış edər, suyun potensial enerjisinin turbinin kinetik
enerjisinə, turbinin kinetik enerjisinin generator vasitəsilə,
elektrik enerjisinə çevrilməsini, transformator vasitəsilə
işlədicilərə ötürülməsini əyani
olaraq izah edərdi. Bundan əlavə, yaxın kənddəki
su ilə işləyən dəyirmana da səfər edərdik.
Dəyirmanın su turbini ilə elektrik
stansiyasındakı su turbinin quruluşunu müqayisə edərdik
(X sinif 1953-1954).
Müəllimimiz bu tədbirlə kifayətlənməyib
bizi hava burosunun yüksəklikdə
quraşdırılmış metereoloji stansiyasına da ekskursiyaya
aparırdı. O, orada havanın cari durumunu-küləyin
istiqamətini, sürətini, havanın temperaturunu, rütubətliyini
atmosfer təzyiqini və s. kəmiyyətləri ölçən
cihazlarla bizi tanış edər,
ölçülən kəmiyyətlərə nəzarət
qaydaları haqqında ətraflı bilgilər verərdi.
Məktəbin maddi-texniki bazasının
kasadlığından irəli gələn çətinliklərə
baxmayaraq, müəllimlərimizin fədakarlığı, dərsliklərin
mükəmməlliyi, öyrədilən bilik və
bacarıqların, əsasən canlı həyat hadisələrinə
əsaslanması həmin dövrlərdə orta təhsilin
effektivliyini xeyli artırırdı.
Biz bu effektivliyin real faydasını ali
təhsilin ilk illərində hiss edərdik. Əbəs deyil ki, ali məktəbdə
fizika, nəzəri mexanika, ali riyaziyyat, elektrotexnika,
teplotexnika, hidravlika və s. fənlər üzrə müəllimlərimiz
öz mühazirələrində fikirlərini izah edərkən
“orta məktəbdən sizə məlumdur ki” ifadəsini
işlədirdi.
Sonrakı illərdə maddi-texniki bazanın təkmilləşdirilməsi,
bəzi məktəblərdə əmək təliminin, təcrübə
sahələrinin yaradılması təhsilin keyfiyyətini
daha da yüksəltdi. “Gənc konstruktor alətlər
dəsti”ndən yararlanan şagirdlər taxta məmulatlardan
sadə konstruksiyalar hazırlayırdılar. 60-cı illərdə
Sumqayıt şəhərində gənc aviatorların
hazırladıqları həvəskar təyyarələrin
sınaq uçuşlarının şahidi olmuşuq.
(Ardı var)
Məhəmmədəli
Xəlilov
Azadlıq.-
2014.- 5 may.- S.12.