Şuşa - strateji şəhər
Şuşa qalası 1750-1751-ci illərdə salınıb. Qarabağ tarixçilərinin yazdığına görə, 1750-ci ildə Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın tikintisinə başlandı və işlər 1756-1757-ci illərdə başa çatdırıldı. Pənahəli xan Şuşanı özünə paytaxt edib möhkəmləndirmiş, qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.
1751-ci ildən
sonrakı siyasi hadisələrdə həmişə
Şuşa şəhərinin adı
çəkilir. Şuşa qalası əsası
qoyulduğu gündən bir
çox hücumlara
sinə gərmiş, qanlı döyüşlərin şahidi olmuşdur. “Qarabağnamə” müəllifləri göstərirlər
ki, XVIII əsrin 50-ci illərində Pənahəli
xan Şuşa
qalasının möhkəmləndirilməsi ilə məşğul
olarkən 1751-ci ildə Iran şahı Məhəmməd
Həsən xan Qacarın qoşunu
Qarabağa hücum etmiş və şəhəri bir aya qədər
mühasirədə saxlamışdır. Lakin
qalanın möhkəm istehkamları Iran
şahını mühasirədən əl çəkib geri qayıtmağa məcbur etmişdi.
Bir neçə il sonra isə, 1758-ci ildə Urmiya
hakimi Fətəli xan
Əfşar böyük ordu
ilə Qarabağ xanlığı üzərinə
hücuma keçmiş,
6 ay Şuşa
qalasını mühasirədə saxlamış, ancaq ala bilməmişdi. Bu fakt onu
göstərir ki, Şuşanın
alınmaz qalaları və bürcləri cəmi bir neçə ay və il ərzində tikilib başa çata bilməzdi.
Azərbaycanın
görkəmli maarifçiləri A.A.Bakıxanov və
F.B.Köçərli öz əsərlərində
Şuşa şəhərinin Pənah xan tərəfindən “təmir və
binasının vaqe olmasından” söhbət
açmışlar. Deməli, Şuşa
XVIII əsrdə, həm də boş yerdə
yox, daha qədim
tikililərin özülü
üstündə yenidən bərpa edilmişdir.
Şuşanın bir çox
köhnə bina və küçələri
Pənahəli xanın dövründə təmir olunmuşdur.
İngilis səyyah və
alimləri C.Morye və R.Burter
Şuşanın qədimliyi ilə bağlı dəyərli
mülahizələr söyləmişlər. C.Moryenin
fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni
olmuşdur. R.Burter isə
yazır ki, “Şuşada
Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki
kimi daş binalar, daş döşəməli
geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları var”. Bütün bunlar
Şuşanın hələ çox qədimdən
mövcud olması haqqında fikir söyləməyə əsas verir. Qədim Şuşa
haqqında Azərbaycan SSR Elmlər Akademiyasının 1981-ci
ildə nəşr olunmuş məruzələrinin
7-ci sayında, Ə.B.Şükürzadənin “Qarabağ xanlığının şəcərə
cədvəli” məqaləsində deyilir:
“Pənah xan monqollar tərəfindən
dağıdılmış qədim Şuşanın yerində
1751-ci ildə yeni şəhər
saldı”. Deməli, Şuşa hətta
XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən
olmuşdur.
Şuşa XVIII əsrin ikinci
yarısında Azərbaycanın qədim şəhərləri
sırasında yenidən öz yerini tutmuş, eləcə
də Yaxın Şərqə, Türküstana
və Avropaya gedən karvan
yolları ayrıcında yunu,
xalçası, ipəyi, dərisi, parçası və çini qabları ilə dünya
bazarları miqyasına
çıxmış, istehsal
etdiyi sənaye və kənd təsərrüfatı
məhsullarını Tehran, Təbriz, Istanbul, Bağdad, Səmərqənd,
Moskva, Həştərxan kimi
böyük şəhərlərdə sataraq regionda yetərincə
tanınmış və bununla da böyük şöhrət
qazanmışdı.
İstehsal prosesinin sürətlə inkişafı şəhərin
iqtisadiyyatının möhkəmlənməsinə kömək
etmiş, əhalinin sosial
vəziyyətinə müsbət təsir göstərmişdi.
Bu dövrdə Şuşada
bir sıra əzəmətli məscid, mədrəsə
və karvansaranın tikilməsi də məhz onun
xarici bazarlardan götürdüyü qazanc
sayəsində mümkün olmuşdu.
Şuşa qalası uzun illər
boyu Azərbaycanın Qarabağ
xanlığının paytaxtı olmuşdur.
XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi
sürətlə çoxalmış və Şuşa
Azərbaycanın mühüm şəhərlərindən
birinə çevrilmişdi. Hələ Pənahəli
xanın dövründə şəhərdə böyük tikinti işləri
aparılırdı. Pənahəli xanın ölümündən
sonra Ibrahimxəlil xanın (1763-1806-cı
illər) dövründə Qarabağ
xanlığı daha da
gücləndi. Xanlığın ərazisində
Əsgəran, Ağoğlan qalaları, Şuşa qalasının hasarı və s. diqqətəlayiq, strateji
əhəmiyyətli qalalar tikilmişdi. Şəhər qısa müddət
ərzində xeyli böyümüş,
təbii gözəlliyi, hündür
binaları və möhtəşəm qala
divarları ilə diqqəti cəlb etmişdi.
XVIII əsrin 80-ci illərində
şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkildi. Bu dövrdə
şəhərdə çoxsaylı sənətkar məhəllələri
yaranır, ticarət daha sürətlə
inkişaf edirdi.
Şuşalı tacirlər Təbriz, Tehran,
İsfahan, Moskva və başqa şəhərlərlə ticarət
əlaqələri saxlayırdı. Şəhərdə “Pənahabadi”
adlı gümüş sikkələr zərb
edilirdi.
XIX əsrin
birinci yarısında şəhər əhalisinin
sayı ətraf regionlardan ora
gələn peşə sahibləri, alim və
sənətkarların hesabına 20 minə
çatmışdı. 1809-cu ilin məlumatına
görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı
fəaliyyət göstərirdi. Bu da ən
azı 1500 sənətkar demək idi. Tarixi mənbələrdə XVIII əsrin sonu, XIX əsrin əvvəllərində
artıq Şuşada çoxlu
manufakturanın və 2 mindən çox
sənətkarın fəaliyyət göstərdiyi bildirilir.
Məşhur rəssam
V.Vereşagin Şuşanı görəndən
sonra yazmışdı: “Bu
şəhərin evləri düzgün
formalı, qəşəng və hündür
olub, çoxsaylı və gözəl pəncərələrlə
işıqlandırılır. Qayalıqlar qoynunda
yerləşən bu şəhər elə
həmin qayalıqlardan götürülmüş
daşlardan tikilmişdir.
Şəhərin bütün
küçələrinə enli daş plitələr döşənmiş,
evlərin damları tirlərdən düzəldilmişdir”.
1832-ci ildə Şuşa qəzasında fəaliyyət
göstərən sənaye obyektlərinin sayı belə idi: ipək parça istehsal edən 42 müəssisə; pambıq parça toxuyan 28 karxana; 20 gön-dəri zavodu;
1 kərpic və 1 sabun zavodu;
3 boyaqxana sexi. XIX əsrin 60-cı illərində Şuşada
illik ticarət gücü
78 milyon rubla bərabər
olan ipəksarıma fabrikləri fəaliyyət
göstərirdi ki, çox
keçmədən həmin müəssisələrin illik istehsal gücü 117 milyon rubla çatmışdı. Şəhərdə
17 məhəllə, onların hər birinin
məscidi, bulağı və hamamı vardı.
Şuşada Bazarbaşı deyilən yerdən Şeytanbazara qədər uzanan
üstüörtülü ticarət mərkəzi
və şəhərin əsas küçəsi Rastabazar adlandırılırdı.
Rastabazarın sıra ilə düzülən və
daşları bir-birinə qurğuşunla
bərkidilən sütunlardan, tağlardan ibarət səkiləri başdan-başa örtülü olduğundan
bütün fəsillərdə quru və təmiz qalırdı. Küçənin
ortası ilə nəqliyyat vasitələri hərəkət
edirdi. Orta əsr Şərq üslubunda
zövqlə tikilən bu bazar
həm də şəhərə xüsusi
yaraşıq verirdi. Şuşanın
ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik
iri bazar meydanı ilə
tamamlanırdı. Şəhərin Meydan
deyilən əsas meydanı Rastabazar
küçəsi boyunca tikilmiş
ibadətgah və ticarət təyinatlı tikililərdən,
birmərtəbəli dükanlardan, ikimərtəbəli
karvansaradan və qoşa
minarəli yaraşıqlı cümə məscidindən
ibarət idi. XX əsrin əvvəllərində
şəhərdə 1464 dükan qeydə
alınmışdı ki, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla
çatmışdı.
Şuşanın
gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə, çox
mühüm strateci əhəmiyyətli
qala olması ilə fərqlənməsini
də bir sıra tədqiqatçılar
dəfələrlə bildirmişlər. XIX əsrdə
yaşamış Qarabağ tarixçisi Əhməd bəy Cavanşir yazır: “Cənub tərəfdən,
Girs dağından Şuşaya
bir nəzər saldıqda ətəklərində
bu şəhərin yerləşdiyi
alınmaz qaya ilə şəhərin
yarımdairəvi görünüşü
duman arasından içərisində maye qaynadıldığına görə buxarlanan nəhəng bir mis qazanı xatırladır... Cənub-şərq
tərəfdən Şuşanı sıldırım
qayalı dərə əhatə edir”.
1903-cu ildə Tiflisdə
nəşr olunmuş “Vestnik
Kavkaza” jurnalının 43-cü səhifəsində
göstərildi ki, “Şuşanın görünüşü orta
əsr Avropa şəhərlərini
xatırladır. Bu şəhərin
tacirləri ipək-barama alverində üstün
mövqeyə sahib olub,
Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi
saxlayırlar”.
“Qafqaz”
qəzetinin icmalçısı 24 may
1868-ci il tarixli şərhində
göstərirdi: “Şuşa gündən-günə
yox, saatdan-saata böyüyür, onun
ticarəti inkişaf edir,
şəhər əhalisi varlanır. Bura
hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə,
şəhərdə 25 min əhali
yaşadığını cəsarətlə söyləmək
olar”. O illərdə Qafqazın siyasi-inzibati mərkəzi olan
Tiflisdə əhalinin sayı 60776-a, Yelizavetpolda
(Gəncə) 36485-ə, Şamaxıda 29525-ə, Bakıda isə
14897-ə çatırdı.
1873-cü
ildə Vyana şəhərində
açılmış beynəlxalq sərgidə
Şuşanı təmsil edən nümayəndələr də
iştirak etmiş və
onların sərgidə nümayiş
etdirdikləri eksponatlar xaricilərdə dərin
maraq oyatmışdı. 1882-ci ildə I.Drozdov, “Kavkazski sbornik” kitabında yazırdı: “Şuşa Yelizavetpol
quberniyasının qabaqcıl
şəhərlərindəndir. O, ticarətdə və
gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində yaşayan
625 min 599 adamın 24 min
522 nəfəri Şuşanın payına düşür”.
ardı var
Elçin Əhmədov, Qarabağ
Araşdırmalar
Mərkəzinin müdiri
Azadlıq.-
2014.- 8 may.- S.11.