12 illik orta təhsilə keçid... .
Xəyallar
və reallıqlar
Hər
bir təhsil sisteminin üstünlüyü onun ölkədə
maddi nemətlər bolluğunun yaradılmasında, vətəndaşların
rifah halının yaxşılaşdırılmasında və
ölkənin müdafiə qüdrətinin yüksəldilməsindəki
nailiyyətlərilə ölçülür. Istər
respublikamızda, istər keçmiş ittifaq çərçivəsində,
istərsə də dünya miqyasında verdiyi töhfələrə
görə XX əsrin son 70 ilini 10 illik orta təhsil erası
adlandıra bilərik.
10 illik
orta təhsil sisteminin nailiyyətləri
10 illik orta təhsilə əsaslanan təhsil
sisteminin nailiyyətlərinin sadalanması imkan xaricində
olduğundan onların çox cüzi bir hissəsini
xatırlamaqla kifayətlənəcəyik.
Hələ Böyük Vətən müharibəsinin
gedişində, o dövr üçün ən mükəmməl
döyüş maşını olan “T-34" seriyalı
tankların, ”Yak" və “Il” seriyalı qırıcı təyyarələrin,
gələcəkdə qitələrarası ballistik raketlərin
əcdadı hesab olunan, “Reaktiv qvardiya minaatanı”nın
(Katyuşa) kəşfi və istifadəyə verilməsi,
müharibənin sonunda atom silahına yiyələnməklə
dünyaya meydan oxuyan ABŞ dövlətinin hegemonluğuna
sovet mütəxəssislərinin öz atom silahını
yaratmaqla, çox qısa vaxt ərzində son qoyması o
dövrdəki elmi-texniki tərəqqinin nailiyyətlərindəndir.
Müharibədən sonra ölkənin, o cümlədən
respublikamızın iqtisadiyyatının dirçəlməsində
ali məktəblərin yetişdirdiyi
yüksək ixtisaslı kadrlara böyük ehtiyac var idi. Bu sırada Azərbaycan Sənaye Institutunun (indiki
Neft Akademiyası) yetirmələri mühüm rol
oynayırdı. “Ikinci Bakı” adlandırılan
Işimbay neft yataqlarının (Tatarıstan), Xəzər dənizində
“Neft daşları” neft yatağının, Şərqi Sibirdə
zəngin neft və qaz yatağının (Rusiya
Federasiyası), Kür çayı vadisində “Şirvanneft”
neft yatağının, Manqışlak neft
yatağının (Qazaxıstan) kəşfində və
istifadəyə verilməsində bu institutun yetirmələrinin
əməyi şəksiz idi.
Təsadüfi deyil ki, respublikamızın ali məktəbləri sırasında
yalnız bu institut, “Qırmızı əmək
bayrağı” ordeni ilə təltif edilmişdi.
Sonralar Sovet kosmonavtikasının inkişafında şərəfli
əməyi olan, həmyerlimiz, Sosialist Əməyi Qəhrəmanı,
general-leytenant Kərim Əli oğlu Kərimov da bu institutun yetirməsi idi.
Respublikamızda Mingəçevir su
elektrik stansiyasının, Sumqayıt sənaye rayonunun,
xüsusilə o dövr üçün ən qabaqcıl
texnoloji avadanlıqla təchiz edilən Boru prokatı zavodunun
istifadəyə verilməsi 40-cı illərin sonu, 50-ci illərin
əvvəlində əldə edilən mühüm nailiyyətlərdəndir.
Ölkədə elmin sürətlə
inkişafı sonrakı illərdə atom enerjisinin dinc məqsədlərlə
istifadəsinə, atom elektrik stansiyalarının, atom buzqıran
gəmisinin, atom sualtı qayıqların, səs sürətindən
iti uçan təyyarələrin inşası ilə nəticələndi.
50-ci illərin sonunda dünyada ilk dəfə
o vaxtkı ölkəmizdə - SSRI-də Yerin süni peyki
kosmosa çıxarıldı, kosmosun tədqiqinə start
verildi. Bunun ardınca dünyada ilk dəfə
bizdə insan övladı kosmosa çıxarıldı,
planetlərin və Ayın tədqiqinə başlandı.
60-70-ci illərdə sovet mütəxəssislərinin
nailiyyətlərinin sorağı Hindistandan, Yaxın Şərqdən
gəlirdi. Layihə mərhələsindən
başlayaraq, texnoloji avadanlıqların hazırlanması,
yerində quraşdırılması, sınaqdan keçirilməsi
şərti ilə Türkiyənin Iskəndərun və
Iranın Isfahan şəhərlərində nəhəng
metallurgiya kombinalarının, Misirdə Nil çayı
üzərində nəhəng Asuan su elektrik
stansiyasının inşası kimi mürəkkəb
elmi-texnik, mühəndislik məsələlərini uğurla
həll edə bilən mütəxəssislər ordusunun
yetişdirilməsi 10 illik təhsil bazasına əsaslanan
Sovet təhsil sisteminin danılmaz nailiyyətlərindəndir.
Hələ 50-ci illərin sonunda
haqqında əfsanələr söylənilən elektrik
yarımkeçiriciləri 70-80-ci illərdə sürətlə
inkişaf etdirildi, mikroprosessorlar texnologiyasına nail olundu,
kompüter erası başlandı.
Mövcud çətinliklərə baxmayaq, məktəbimizin
10-cu sinfini bitirən 32 şagirddən 10 nəfəri elə
həmin il respublikamızın müxtəlif
ali məktəblərinin əyani şöbələrinə
daxil oldular. Bunlardan 2 nəfər Dövlət Universitetinin
tarix və filologiya fakültələrinə, 2 nəfər
pedaqoji institutun Azərbaycan dili və ədəbiyyatı
fakültəsinə, 1 nəfər Bədən Tərbiyəsi
Institutuna, 2 nəfər Azərbaycan Xarici Dillər Institutunun
Fransız dili fakültəsinə, bu yazının müəllifi
də daxil olmaqla, 3 nəfər Azərbaycan Sənaye
Institutuna daxil oldu.
Onların hamısı daxil olduğu ali
məktəbləri müvəffəqiyyətlə bitirib, əmək
fəaliyyətinə başladılar.
Gəlin, əyri oturaq, düz
danışaq. 10 illik orta təhsil üzərində qurulan
təhsil sisteminin bu nailiyyətlərini görə bilməməyi,
onu layiqincə dəyərləndirə bilməməyi, guya
müasir tələblərə cavab vermədiyinə istinad
edərək, əsassız olaraq onu təftiş etməyi,
korafəhmlik, yaxud ən azından, ədalətsizlik
adlandırmayıb, nə adlandıraq?
Orta təhsilimiz
müstəqillik illərində
Respublikamız müstəqillik
qazandıqdan sonra orta məktəb dərsliklərinin yenidən
hazırlanması zərurəti yarandı. Bu, sovet dönəmindəki dərsliklərin məzmununun
müstəqil respublikamızın dövlətçilik
prinsiplərilə uzlaşmaması ilə izah edilirdi. Bu
hal “Tarix” və “Ədəbiyyat” dərslikləri
üçün keçərli olsa da, məzmunu hakim
quruluşun siyasətindən asılı olmayan “Fizika”,
“Kimya”, “Biologiya”və s. dərsliklər üçün
keçərli deyildi. Buna baxmayaraq, bütün
fənlər üzrə dərsliklərin “Milli dərsliklər”
adı altında yenidən hazırlanmasına başlandı.
Dərsliklərdəki
çatışmazlıqlar
Dərslik yazmada zəngin təcrübənin
olmasına baxmayaraq, hadisələrin sonrakı inkişafı
bütün müsbət gözləntiləri alt-üst etdi,
sovet dönəmində rus müəlliflərin tərcümə
dərsliklərindən və hazır metodik vəsaitlərdən
bəhrələnməyə alışmış təhsil
başbilənlərimizin bu işin həyata keçirilməsində
acizliyi üzə çıxdı.
Yaranmış vəziyyətdən maksimum yararlanan səriştəsiz
müəlliflərin “Milli dərsliklər” adı altında
hazırladıqları, hər hansı sistematikaya əsaslanmayan,
bir çox hallarda həyat həqiqətləri baş-ayaq
salınan, şagirdlərin yaş xüsusiyyətlərini nəzər
almayan dərsliklərinin sayı yağışdan sonra bitən
göbələklər kimi çoxalmağa başladı.
Bir neçə fakta müraciət edək:
I-IV siniflərdə tədris edilən “Həyat bilgisi”
dərsliklərinin məzmununu “Əlifba”, “Ana dili”, “Botanika”,
“Zoologiya”, “Insanın anatomiyası və fiziologiyası”,
“Astronomiya”, “Fiziki tərbiyə”, “Ekologiya”, “Coğrafiya” və
s. fənlərin predmetindən adda-budda, “şparqarka”
sayağı seçilmiş mövzular təşkil edir.
V sinifdə tədris edilən “Ata yurdu” dərsliyinin məzmununu
“Ədəbiyyat”, “Azərbaycan tarixi” və digər fənlərin
predmetindən seçilmiş mövzular təşkil edir.
Halbuki, “Həyat bilgisi” və “Ata yurdu” dərsliklərinin
varlığından və yoxluğundan asılı olmayaraq,
tədris proqramına uyğun olaraq bu mövzular mənsub
olduğu fənlə birlikdə, növbəsi yetişdikcə
təhsilin müvafiq pilləsində daha ətraflı tədris
edilir (edilməlidir).
I-VI siniflərdə tədris edilən,
“Riyaziyyat” dərsliklərinin məzmununu cəbr, fizika,
müstəvi həndəsəsi, fəza həndəsəsindən
sistemsiz şəkildə seçilmiş mövzular təşkil
edir.
VIII sinifdə tədris edilən “Azərbaycan
dili” dərsliyində məzmun natamamlığı o həddə
çatıb ki, fənn müəllimi dərsi izah etmək
üçün iki müxtəlif müəlliflər qrupunun
hazırladığı dərsliklərdən istifadə etməli
olur və şagirdlərə də bu yanaşmanı
tövsiyə edir.
V sinifdə “Təbiyyətşünaslıq”, X sinifdə
“Iqtisadiyyatın əsasları”, “Insan və cəmiyyət”
(bu fənlər mənə institutun 4-cü kursunda öyrəndiyimiz
“Siyasi iqtisadın əsasları” və “Marksist fəlsəfəsinin
əsasları”nı xatırladır) dərsliklərini də
bu sıraya aid etmək olar.
Gözlənilirdi ki, respublikamızın müstəqilliyinin
verdiyi imkanlardan (məsələn, təhsilin 1-ci pilləsinin
9 il olması) yararlanaraq, sovet dönəmindəki
dərsliklərə xas olan qüsurlardan azad, müasir tələblərə
cavab verən və vahid sistematikaya əsaslanan dərsliklər
işlənib hazırlanacaq.
Lakin hadisələrin sonrakı axarı
göstərdi ki, nəinki müasir tələblərə cavab
verən, hətta rus müəlliflərinin dərslikləri
bazasında, Azərbaycan məktəblisini qane edə biləcək,
ortabab səviyyəli dərsliklərin də
hazırlanması mümkün olmadı. Əvəzində məsələn, fizikanın
başına çatı salındı, istənilən səmtə
sürükləndi, fənnin təliminə bir neçə
sarsıdıcı zərbə vuruldu.
Fənnə vurulan 1-ci sarsıdıcı
zərbə, hər-hansı pedaqoji və metodoloji əsas
olmadan, çoxillik təcrübə nəzərə
alınmadan, fənnin 6-cı sinifdən tədrisindən
imtina edilməsi oldu.
20 il ötdükdən sonra,
2013-cü ildə fənnin yenidən 6-cı sinifdən tədrisinə
qərar verilməsini hansısa elmi araşdırmanın nəticəsi
kimi deyil, hansısa təklifin nəticəsi olduğunu
düşünsək, yanılmarıq.
Göründüyü kimi, ucu
“etibarlı” əllərdə olan ala çatı, təhsilimizi
hələ uzun müddət sola-sağa sürükləyəcək. Fizika fənninə
vurulan ikinci sarsıcıdı zərbə isə müstəqillik
illərində yazılan dərsliklərdə
mövzuların seçimində sovet dönəmindənqalma
“hər şeydən bir az” prinsipinin qorunub
saxlanması ilə yanaşı, “dərədən-təpədən”
prinsipinin də əlavə edilməsi oldu. Nəticədə
fənnin məzmunu xeyli qəlizləşdi.
Fənnə vurulan 2-ci zərbənin nədən
ibarət olduğunu təsəvvür etmək
üçün geniş təfsilata varmadan 7-ci sinfin “Fizika” dərsliyinin
(M.Murquzov və b. “Fizika”-7, Ümumtəhsil məktəblərinin
7-ci sinifləri üçün dərslik. Bakı nəşr 2008) I və II fəsillərinə
diqqət yetirmək kifayət edər.
Dərsliyin məzmununun 30 faizini təşkil edən bu
iki fəsildə fizikanın “Mexanika”, “Molekulyar fizika və
istilik hadisələri”, “Elektrik və maqnit hadisələri”,
“Rəqslər və dalğalar”, “Optika”, “Kvant fizikası”,
“Atom fizikası”, “Nüvə fizikası”, hətta “Astronomiya”
və “Kimya” dərsliklərinə aid anlayışlar “hər
şeydən bir az”, “dərədən-təpədən”
prinsipləri əsasında toplanaraq, fizika ilə ilk
tanış olan şagirdlərin qarşısına
çıxarılıb.
Bir neçə nümunəyə diqqət edək: Dərsliyin
9-cu səhifəsində “Molekulyar fizika və istilik hadisələri”
şöbəsinə aid olan qaynama və buxarlanma hadisələrindən
ötəri bəhs edilir (şəkil 7). Nəzərə
alınmır ki, şagird bu hadisələrdən xeyli əvvəl
materiya, materiyanın formaları, cismin yerdəyişməsi,
sürət, təcil, təzyiq, atmosfer təzyiqi,
molekulyar-kinetik nəzəriyyənin müddəaları,
istilik hadisələri, temperatur, maddənin aqreqat halları və
s. fiziki anlayışlar haqqında yetərli bilgilərə
malik olmalı idi.
Dərsliyin 16-cı səhifəsində “Astronomiya” dərsliyinə
aid Günəş və Ay tutulmaları, fizikanın “Həndəsi
optika” şöbəsinə aid ötəri bəhs edilən
anlayışlar və hadisələr, planetlərin hərəkət
qanunları, işıq hadisələri haqqında təsəvvürü
olmayan şagirdlərin qarşısına
çıxarılır.
Dərsliyi 29-cu səhifəsində
“cismin kütləsi”, 44-cü səhifəsində “Enerji”
haqqında təriflər verilir. Nəzərə
alınmır ki, şagird bu anlayışları dərk etmək
üçün, ilk növbədə, yerdəyişmə,
sürət, təcil, ətalət hadisəsi, sıxlıq,
qüvvə, iş və digər kəmiyyətlər
haqqında yetərli bilgilərə malik olmalı idi.
Fənnə vurulan 3-cü
sarsıdıcı zərbə mövzuların seçiminin,
təhsil pillələrarası və pillədaxili
bölgüsünün hər hansı meyara əsaslanmaması,
7-ci, 8-ci, 9-cu siniflərdə tədris edilən
mövzuların 10-cu, 11-ci siniflərdə təkrar tədris edilməsidir.
Məhəmmədəli
Xəlilov
(ardı var...)
Azadlıq.-
2014.- 12 may.- S.14.