“Sovetski”nin tanınmış musiqiçilər ailəsi
Onlar da
köhnə məhəllələrə ədalətlə
yanaşılmasını istəyirlər
Son
günlər Bakının “Sovetski” məhəllələrində
fotokamera ilə küçələrin, binaların şəkillərini
çəkən jurnalistlərə tez-tez rast gəlmək
olur. Ilk vaxtlar yerli sakinlər bunu narahatlıqla
qarşılayırdısa, indi hamı üçün bu mənzərə
adiləşib. Artıq sakinlər özləri də buna
maraq göstərir və əraziyə gələn mətbuat
işçilərinə məmnuniyyətlə şərait
yaradırlar. Hətta sakinlər də öz evlərinin şəkillərini
çəkir, ata-baba yurdunu heç olmasa fotolarda qoruyub gələcək
nəsillərə çatdırmağı
düşünürlər...
ANN.Az-ın müxbiri də “Sovetski” ərazisindəki
Çingiz Mustafayev küçəsində fotoçəkiliş
apararkən təsadüfən küçənin 11-ci
dalanındakı evlərdən birində qonaq olub. Onu evə
dəvət edən ailə, demə, tanınmış
musiqiçilər ailəsiymiş. Müxbir ailənin
başçısı Rafiq Məmmədov və xanımı
Raziyə Şirinova ilə həmsöhbət olub; söhbətin
əsas mövzusu “Sovetski” məhəllələrinin taleyi
olsa da, Rafiq bəy və Raziyə xanımın sənətdə
keçən ömür yoluna da nəzər salınıb.
Rafiq Məmmədov peşəkar tar
ifaçısıdır, ömrünün 50 ilini bu sənətə
həsr edib. Məşhur tarzən Əhməd Bakıxanovun tələbəsi
olub. Elə 30 il ustadının adını daşıyan xalq
çalğı alətləri ansamblında
çalışıb. R.Məmmədov tardan başqa, ud və
sazda da çalır. Indiyədək bir çox məşhur
sənətkarlarla birlikdə çalışıb. Görkəmli
xanəndələr Xan Şuşinski, Əlibaba Məmmədov,
Islam Rzayev, tarzən Həbib Bayramov və digər sənətkarlarla
çəkdirdiyi fotoları fəxrlə bizə göstərir
və bildirir ki, vaxtilə Zeynəb Xanlarovanın
ansamblında da tarda ifa edib. Indi təqaüddə olsa da Rafiq
bəy yenə də sənətinin başındadır;
öz təcrübəsini gənclərdən əsirgəmir,
tar ifaçılıq sənətinin incəliklərini
onlarla bölüşür.
Raziyə Şirinova isə opera müğənnisi və
aktrisadır; əməkdar artistdir. A.Zeynallı adına
Bakı Musiqi Texnikumunda qocaman xanəndə Seyid
Şuşinskinin kursunda təhsil alıb, daha sonra
Azərbaycan Dövlət Incəsənət Institutunu
bitirib. Hələ tələbə ikən “Lalə” qızlar
ansamblının, sonra Azərbaycan Dövlət
Filarmoniyasının solisti olub. Daha sonra Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrına solist vəzifəsinə qəbul
edilib. Teatrda çalışdığı illərdə bir
çox yaddaqalan obrazlar - “Əsli və Kərəm”də
Əsli, “Aşıq Qərib”də Şahsənəm,
“Şah Ismayıl”da Ərəbzəngi, “Gəlin qayası”nda
Tutu, Əmiqızı, “Leyli və Məcnun”da Məcnunun
anası və başqa rollarda çıxış edib.
R.Şirinova konsert müğənnisi kimi də böyük
uğur qazanıb. Raziya xanım 2005-cı ildən Prezident təqaüdçüsüdür.
Sənətdə olduğu illər ərzində respublika
televiziyası və radiosunda ifa etdiyi muğam, xalq və bəstəkar
mahnıları tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanıb. Həyat yoldaşı Rafiq bəylə
birlikdə Qarabağ müharibəsinin ilk illərində cəbhə
bölgələrində keçirilən konsertlərdə də
iştirak edib. Indi də əsgərlərimiz
qarşısında və digər konsertlərdə
çıxış edir, sənətini yaşadır.
Bu qısa tanışlıqdan sonra, söhbət əlbəttə
ki, ailənin sakini olduğu “Sovetski” məhəllələrinə
gəlib çıxıb. Raziyə xanım deyib ki, bu ərazidə
1980-ci ildən yaşayırlar. Onların üç
övladının hər biri musiqiçidir. Hazırda ailə
doqquz nəfərdən ibarətdir. Yaşadıqları ev
XIX əsrin axırlarında tikilmiş binadır. Bu ev, bu
küçə nə qədər qədim, nə qədər
köhnə olsa da, doğmadır; burada ömürlərinin ən
əziz günlərini keçiriblər. Lakin hazırda
“Sovetski”nin sökülməsi planları onların da
rahatlığını pozub. Raziyə xanımın fikrincə,
Bakının köhnə məhəllələri
qorunmalıdır, çünki bu tarixdir. Deyir ki, Istanbulun
Taksim meydanında hətta uçuq-sökük evlərin də,
tarixdir deyə, necə qorunub-saxlanmasının şahididir.
“Əlbəttə, insanların mənzil şəraiti
yaxşılaşdırılmalıdır, ancaq bunun
üçün qədim məhəllələri necə gəldi
sökmək də olmaz” - deyən R.Şirinovanın sözlərinə
görə, həm də sökülməli olan evlərin
sakinlərinə ədalətlə
yanaşılmalıdır. Əks təqdirdə, hər
kvadratmetr üçün təklif olunan 1500 manat kompensasiya ilə
kimsənin mənzil şəraiti yaxşılaşmaz.
Söhbətə qoşulan Rafiq bəy qeyd edib ki,
Bakıya turistlər gələndə ilk növbədə
şəhərin köhnə məhəllələrini
soruşur, ziyarət etmək istəyirlər. Əgər bu məhəllələr
ləğv edilərsə, o zaman köhnə Bakıdan
heç nə qalmaz, tariximiz silinər; üstəlik,
insanların öz evindən
könüllü-könülsüz köçürülməsi,
mülkiyyətinin dəyər-dəyməzinə qiymətləndirilməsi
heç anlaşılan deyil.
R.Məmmədovun sözlərinə görə, “JEK”
işçiləri onların da evinin sahəsini
ölçüblər, ancaq həcmini
açıqlamırlar. “JEK” işçiləri bunu yalnız
ailə köçməyə rəsmi razılıq verəcəyi
halda açıqlayacaqlarını bildiriblər. “Tutaq ki, mən
rəsmən köçə razılıq verdim və bunu
imzamla təsdiqlədim... Bəlkə, evimin sahəsi bilərəkdən
az hesablanıb, ya da səhv salınıb, bəs onda necə
olacaq” - deyə, sual edir Rafiq müəllim. Onun fikrincə,
indiyədək bu məhəllələrdən köçməyə
razılıq verənlər ya evinin sahəsi böyük
olanlar, ya da şəhərdə əlavə mülkü
olanlardır. Yerdə qalanlar üçün isə indiki
şərtlər qətiyyən əlverişli deyil və bu
şərtlər daxilində kimsə evini satmayacaq. “Əgər sakinlərin
problemlərinə diqqətlə və fərdi şəkildə
yanaşılsa, onlar əziyyət çəkməzlər” -
deyən Raziyə xanım sonda onu da əlavə edib ki, yeni mənzilə
köçmək xoş hissdir və hamının arzusudur.
Indiyədək bir çox sənət dostlarının yeni mənzillə
təmin edilməsi sevincini bölüşmüş Raziyə
xanım vurğulayıb ki, özü də bu xoş
anları yaşamaq arzusundadır, lakin yeni mənzil şəraiti
də ürəkaçan olsun gərək.
Azadlıq.-
2014.- 13 may.- S.14.