“Dəli Kür”də
Moskvanı
narahat edən epizod
Əbdül Mahmudov filmin pərdəarxası məqamlarından danışır
“Kadrarxası” layihəsində bu dəfə “Dəli Kür” filmidir. Modern.az-a bu filmin pərdəarxası məqamlarından aktyor və rejissor Əbdül Mahmudov danışır. “Dəli Kür” filmi 1969-cu ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında lentə alınıb. Filmin ssenari müəllifi İsmayıl Şıxlı, quruluşçu rejissor Hüseyn Seyidzadə, rejissor köməkçiləri Əbdül Mahmudov və Ramiz Əliyev, quruluşçu operator İqor Boqdanov, quruluşçu rəssam Nadir Zeynalov, bəstəkar Cahangir Cahangirov, səs operatoru Akif Nuriyev, redaktor İsa Hüseynov olub.
Rollarda
Ələddin Abbasov, Eldar Əliyev, Vladislav Kovalkov, Məlik
Dadaşov, Leyla Bədirbəyli, Liya Eliava, Zemfira Sadıqova, Məmməd
Bürcəliyev, Elçin Şıxlı, Fikrət
Əliyev, Ceyhun Mirzəyev, Reyhan Müslümova, Zemfira İsmayılova, İsmayıl Osmanlı, Ənvər Həsənov,
Məmməd Əlili, Qorxmaz Əlili, Mirzə Babayev, Nəsibə Zeynalova və
başqaları çəkilib.
“Kinematoqrafçılar dedi ki,
gedin öz-özünüzü öldürün”
Əbdül Mahmudov:
“Nəsr janrı Azərbaycan ədəbiyyatı
üçün xarakterik bir janr deyil. İstər sovetləşmə
dövründə, istər ondan əvvəl, istərsə də
sonralar Azərbaycan torpaqları yadellilərin diqqət mərkəzində
olub. Təsadüfi
deyil ki, bu proses indinin özündə də davam edir. Qarabağ məsələsi, müsəlman-xristian
fundamental qarşıdurmaları,
işğalçılıq, deportasiya siyasəti elə-belə
məsələlər deyil. Hansı ki,
indi də aktuallığını qoruyub saxlayan problemi İsmayıl
Şıxlı çox yüksək səviyyədə
öyrənib, çox ustalıqla qələmə alıb.
Əsərdəki hadisələr Şəmşəddin
mahalında (indiki Qazax-Ağstafa) cərəyan edir. Burda həqiqət ondan ibarətdir ki, sovetləşmə
dövrünə qədər olan mərhələ, Azərbaycana
qarşı planlı şəkildə böyük bir maraq
Pyotrun vəsiyyətindən irəli gələrək,
yavaş-yavaş reallaşdırılırdı. Bunun da nəticəsi sovet hökuməti, şura
hökuməti, sonra da itirilən torpaqlarımız, mədəniyyətimiz,
repressiya və s. oldu. Ona görə də
filmdə olan Çernyayevski xətti, bir rus demokratının
Azərbaycana gəlib, elmə maraq göstərməsi, zəhmət
və xərc çəkməsi çox müsbət bir
hadisə idi”.
Əbdül Mahmudov deyir ki, Azərbaycanın mədəni
işğalı mərhələli şəkildə
başlayıb və onun da arxasında böyük imperiya
maraqları dururdu: “Həmin məsələ də filmdə
çox açıq şəkildə öz əksini
tapmışdı, amma bu izi itirmək üçün o
vaxtkı senzura həmin epizodun filmdən
çıxarılmasını tələb etdi. Bu mənada filmin əsas məğzini yaradan səbəblərdən
biri də Azərbaycana məxsus ərazilərin məhz
silahlı təcavüz yolu ilə işğal
olunmasını göstərmək idi. Bu
da filmdə öz əksini tapmışdı. O vaxt
Zaqafqaziyada bu işə rəhbərlik edənlər içərisində
kazakların adı çəkilsə də, əslində elə
ruslar idi. SSRİ Kinematoqrafiya Komitəsində Zusiva soyadlı
bir xanım vardı. O epizodun çıxarılmasında əsasən onun
rolu böyük oldu.
Filmin çəkilişləri
böyük zəhmət hesabına başa gəlmişdi. Kür çayının qırağında,
“Qarayazı” meşəsində çox ağır çəkilişlər
aparmışdıq. Detonasiya sistemi,
ağır pirotexnika yüksək səviyyədə istifadə
olunmuşdu. Rəhmətlik Hüseyn
Seyidzadə də kütləvi, dava səhnələrini
çox yüksək səviyyədə təsvir etmişdi.
O belə səhnələri yüksək zövqlə çəkməyi
bacaran rejissor idi. Epizodları olduğundan daha
açıq, aydın etmişdi. Birmənalı
şəkildə Cahandar ağanın torpaqları
işğal olunur. Kazaklar hər şeyi
zor gücünə mənimsəmək istəyirlər.
Həmin yerdə olan Cahandar ağanın adamları onlara
müqavimət göstərir, Cahandar ağanın da həmin
adamlara dəstək verməsi və nəhayət həmin
atışmada Cahandar ağanın öldürülməsi...
Bu səhnə çox müzakirə
olundu. Zusiyeva açıq-aydın
bildirdi ki, yoldaşalar, nə edirsizsə edin, gedin özünüz-özünüzü
öldürün. Qətiyyən icazə
verə bilmərik ki, kazaklar, rus əsgərləri azərbaycanlılara
güllə atsın və işğalçı kimi qələmə
verilsinlər.
O vaxt hər şey planlı şəkildə həyata
keçirilirdi. Film hazır olandan sonra onu dəyişmək
üçün əlavə sərmayə də verdilər.
Mən indi düşünürəm ki, Sovet
hökuməti öz ideologiyasına lazımi qədər vaxt
da, sərmayə də ayırırdı. Əlindən gələni də əsirgəmirdi.
O cümlədən də Cahandar ağanın ölüm səhnəsi.
Hansı ki, cılızlaşdırıldı.
Guya Cahandar qaçırdığı arvada
görə, qadının adamları qisasçılıq zəminində
ağanı güllələyib.
Kinostudiyanın müdiri Adil İsgəndərov
o vaxt buna qarşı nə qədər mübarizə
apardı. Belə olan təqdirdə filmin
bağlanma təhlükəsi meydana çıxdı.
Cahandar ağa kazak
başçısını qamçıladıqdan sonra
kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir.
Lakin sovet kinotənqidçiləri bunu qəbul
etməyərək bildirdi ki, necə olursa olsun, bir azərbaycanlı
rusu döyə bilməz, rus da azərbaycanlını
öldürə bilməz. Buna görə
də rejissor məcburən həmin səhnəni kəsdi,
sonda Allahyar Cahandarı öldürdü, çox gözəl
çəkilən filmin sonluğu bərbad hala gətirildi.
Kazak başçısını oynayan məşhur
aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da, kinoda
onun obrazını görə bilmirik.
Film tamaşaçıların da hələ
də başa düşə bilmədiyi eybəcər bir
forma aldı. Çox heyf ki, film həmin
epizodla bir növ şikəst oldu".
Filmdən çıxarılan həmin epizodun
“Qızıl fond”da saxlanılmasına dair məlumatlar olsa da,
bu öz təsdiqini tapmayıb: “Epizod ”Qızıl
fond"da saxlanılır" deyilməsi mənim
üçün qaranlıqdır. Çünki,
o vaxtki senzura elə idi ki, filmə daxil olmayan lentlər
yandırılaraq müəyyən ölçüdə
gümüş alınırdı. Ona
görə də həmin epizodun saxlanmasına görə
kiminsə o vaxt belə bir riskə getməsinə inana bilmirəm.
Əgər doğurdan da olsaydı bu gün onu
ortaya çıxarmaq olardı".
Elçin
Şıxlının ilk rolu
Filmin ssenarisi İsmayıl
Şıxlıya məxsus olduğundan onun oğlu, hazırda
Azərbaycan jurnalistikasında öz imzası ilə
tanınan Elçin Şıxlı da rol alıb. Kiçik Elçin atasıyla birlikdə çəkilişlərə
gələn zaman ona uyğun rollarda iştirak etməsi məqsədəuyğun
görülür. Və beləcə
Elçin Şxılı kinoda ilk rolunu oynayır. Bu həm də onun son rolu olur. Çünki
o, aktyorluq sənətini davam etdirmir.
Kiçik Elçin dublyajda və Qazaxda
çəkilən natura səhnəsində iştirak edir. Mollaxanadakı epizod isə “Azərbaycanfilm”
kinostudiyasının pavilyonlarından birində çəkilib.
Kiçik Elçini görən rejissor Hüseyn Seyidzadə
tapşırır ki, tez aparın o uşağı qrimləyin,
çəkilişə hazırlayın, mən bu səhnədə onu
da çəkəcəyəm. Beləcə
Elçin Şıxlını qrimləyib səhnə
üçün hazırlayırlar. Rejissor balaca
Elçinə başa salır ki, “motor” deyiləndə
hamı o yan-bu yana qaçaraq,
qışqıracaq, onda sən də qaçıb hoppanarsan
divardakı rəflərdən birinin üstünə və
kamera sənə yaxınlaşanda “əqrəb, əqrəb!”
deyib qışqırarsan. Hüseyn Seyidzadə
necə tapşırırsa, o da rolunun öhdəsindən eləcə
gəlir.
Əbdül Mahmudov: “Qori semanirayasında uşaqlarla
bağlı səhnələrin hamısı kinostudiyanın
pavilyonunda çəkilib. Ordakı uşaqların əksəriyyəti
indi tanınmış aktyorlardır: Ənvər Həsənov,
Ceyhun Mirzəyev, Fikrət Əliyev, Qorxmaz Əlili, Telman
Əliyev (Hadı). O vaxt kinostudiyada uşaqlar
üçün aktyor ştatı vardı. Bizə
lazım olan uşaqları toplamaq üçün məktəbləri
gəzirdik.
Həmin səhnədə lampa
asıldığı təsvir olunub və hamı
qaçanda bir uşaq hoppanıb həmin lampadan asılı
qalır. O görüb, bəlkə də
tanımadığınız uşaq bizim Qorxmaz Əlilidir. Onun atası da Molla Sadığın köməkçisi
rolunu oynayan balaca kişi idi".
Rejissor deyir ki, Zemfira Sadıqova (Mələk) Kürdə
paltar yuduğu səhnə zamanı bərk xəstələnir,
hətta hərarəti qalxır. Titrlərdə
adı keçən, amma oynadığı rol filmdən
çıxarılan Yusif Vəliyev çətinliklə də
olsa, dərman tapıb gətirir. Səhəri
gün isə çəkilişlər qaldığı yerdən
davam etdirilir. Yaz ayları olduğundan su
çox soyuq imiş. Buna görə də
aktirsa xəstələnmişdi.
Yeri gəlmişkən, aktrisa Zemfira
Sadıqova aktyor Yusif Vəliyevin həyat yoldaşı idi.
“Filmdəki
atların qiyməti
350 min
dollara yaxın idi”
Əbdül Mahmudov deyir ki, hər at ekrana
yatımlı olmur, efirdən yaxşı təsir
bağışlamır. Mükəmməl effekt
almaq üçün isə Cıdırdan xüsusi
seçilmiş atları filmdə çəkirdilər.
Əbdül Mahmudov: “İki cür atlar var: kənd
atları və Cıdır atları. Hər at
ekran üçün yararlı, yatımlı, gözəl
olmur. Kənd atları əksərən
yük vasitəsi kimi istifadə edildiyindən efirdən
yaxşı görünmürlər. Bir də
var ekrana yaraşan, xan, bəy üçün olan minik
atları. O atları Cıdırdan müqavilə yolu ilə
götürürdük. O cümlədən də ”7 oğul
istərəm", “Axırıncı aşırım”, “Nəsimi”
filmlərindəki atların hamısı Cıdırdan
müqavilə yolu götürülmüşdü. Onlar çox baha başa gələn epizodlar idi.
Nəzərə alın ki, mehtərin öz
qiyməti, baytar həkimlərin öz qiyməti, atın
özünün gündəlik xərci vardı. Nəhayət atın yeməyi, saxlanma məsələsi,
hamısı böyük vəsait tələb edirdi. “Qaçaq Nəbi” filmindəki boz atı Şəki
atçılıq zavodundan götürmüşdük.
Həmin atın qiyməti 350 min dollar idi. Ata bir şey olsaydı, kinostudiya həmin məbləği
at sahiblərinə ödəməli idi. Boz ata 4 nəfər
məxsusi adam qulluq edirdi. Ümumiyyətlə
Cıdır atları və xidmət edənlər, eləcə
də onların çəkiliş meydanına
aparılması və gətirilməsi hamısı
böyük maddiyyat hesabına başa gəlirdi. Bir at üçün 4-5 aktyorun pulu verilirdi. “7
oğul istərəm” filminin
çəkilişi zamanı “Canik” dediyimiz Fazil Salayev “Azəbaycanfilm”in
direktoru Adil İsgəndərova dedi ki, Adil müəllim, o
pulu ki, ata verirlər mən istəyirəm at olum. O zaman
çox gülmüşdük. Ondan sonra Adil
müəllim çox çətinliklə Mərkəzi
Komitədən aktyorlar üçün “stavka” aldı. Buna baxmayaraq, atların qiyməti yenə də baha
idi.
Filmdəki epizodun mahiyyətindən,
xarakterindən asılı olaraq atlarla bağlı olan səhnələr-yıxılması,
əzilməsi, döyüş səhnələrində
aktyorları kaskadyorlar əvəz edirdi".
“Dəli
Kür”də Novruz bayramı
ilk dəfə
ekrana təmtaraqla çıxarıldı
Rejissor bildirib ki, məhz ilk dəfə olaraq bu filmdə
Novruz bayramı ekranlara çıxarılıb: “Bildiyiniz kimi
bu bayrama dini bir don geyindirib yasaq etmişdilər. Mən hətta
1962-ci ildə baş tutan ilk Novruz bayramının
iştirakçısı olmuşam. O vaxt tələbə
idik. Görkəmli dövlət xadimi
Şıxəli Qurbanovun böyük təşəbbüsü
ilə ilk dəfə Azərbaycanda Novruz bayramı meydan səviyyəsində
keçirilmişdi. Bundan sonra bayram
donduruldu. Nəhayət Adil müəlliminin
kinostudiyaya gəlişilə bayram filmlərdə əks
olunmağa başladı. İsmayıl
Şıxlının əsərindəki Novruz bayramı
Hüseyn Seyidzadəyə onları ekranlaşdırmaq
üçün əsas verdi. Hüseyn müəllim də belə səhnələrin
mahir qurucusu olaraq çox yüksək səviyyədə təşkil
etdi. Həmin epizodu Dədəgünəş
kəndində qurduq. Hər çey
hazır olanda çəkilişlər başladı. O
səhnənin çəkilişi isə 1 həftəyə
baş tutdu. O çəkilişə 3 dəfə Adil müəllim
o vaxtkı mədəniyyət naziri Məmməd Qurbanov, Mərkəzi
Komitənin şöbə müdirlərilə gəlib
tamaşa etdi. Siz təsəvvür edin ki,
Moskvada o cür möhtəşəm filmin təhvili vaxtı
Novruz bayramı səhnəsinə necə xüsusi maraq
göstərildi. O qədər gözəl münasibət
vardı ki, hamısı ağzını açıb təəccüblə
tamaşa edirdi. Məhz bu filmdən sonra
geniş, təmtaraqlı səhnələr çəkilməyə
başladı. İlk dəfə
papaqatdı, yumurta döyüşdürmə kimi ənənələrimz
filmdə təsvir olunmuşdu.
Orda balaca uşaqla Çernyayevskinin
dialoqu olan səhnədə uşaq deməli idi ki,
çünki bizdə papağı olmayan kişilərə
pis baxırlar. Gördük ki, bu bir az
“ağ” oldu. Məlum olduğu kimi söhbət
Çernyayevskidən gedirdi, hansı ki, Azərbaycana maarifləndirmə,
xoş niyyətlə gəlmişdi. Elə buna görə
də mətn dəyişdirilərək, uşaq “papaq pay
qoymaq üçündür” dedi.
O vaxt çox adam Novruz haqqında
çox şeyi bilmirdi. Bildiyiniz kimi, bayram 4
çərşənbədən ibarətdir. Hər çərşənbənin öz mahiyyəti
var. Biz o çərşənbələrin mahiyyətini
açmağa çalışdıq. 4
çərşənbə həm də 4 fəsilə
işarədir. Bircə mənim indi bəyənmədiyim
Keçəllə, Kosadır. Görün
Yeni ildə Şaxta baba nə gözəl işlər
görür. Qar qızla birlikdə
uşaqlara hədiyyə paylayır. Amma bizim Keçəllə
Kosa qapı-qapı gəzib pay “dilənir”. Mən
bunu qəbul etmirəm. O vaxt kinoda təsadüfi şeylər
az olurdu. Çünki hər
şey ciddi, peşəkar səviyyədə işlənilib
hazırlandıqdan sonra texniki tərəfi həyata
keçirilirdi. Ideoloji təbliğat,
aktyor oyunu baxımından heç bir əlavədən
söhbət getmirdi".
İsmayıl
Osmanlının faytonu
Əbdül Mahmudov: “Məmmədəlinin (aktyor İsmayıl
Osmanlı) faytonu da real fayton idi. Teatrdan fərqli
olaraq, kinoda hər şey göz qabağında olduğundan
reallıq qorunub saxlanmalı idi. Onu təhrif etmək, dəyişmək
tamaşaçını aldatmaq mümkün olan iş deyil. Həmin fayton indi də kinostudiyada durur. Bunun üçün bizim rəssamlar, dekoratorlar
vardı. Faytonun hansı dövrə aid
olmasını dəqiq öyrənib eskizlərlə işləyib
hazırlamışdılar. İndiyə qədər həmin
faytona zarafatla ”İsmayıl Osmanlı
faytonu" deyirdik. O vaxt bir maşında, ya faytonda çəkiliş
aparılırdısa, öncə onun içi göstərilməli
idi. Ondan ötrü “lapet” deyilən bir şey
vardı. Aktyorlar onun üstündə
arabaya, maşına mindirilirdi. Əslində
burda da belə olmuşdu. Araba böyük
bir lapetin üstünə qoyulmuşdu. Hərəkət
edən lapet idi, fayton isə yerində qalmışdı.
Çünki, orada həm faytonun böyük planlı çəkilişi
vardı, həm də Məmmədəli ilə Çernyayevskinin
Novruz bayramı barədə söhbəti. Qonaq deyir ki, niyə belə tələsirsən?
Məmmədəli cavab verir ki, bizdə bayram
axşamında adət belədir ki, gərək hamı evdə
olsun.
Çəkilişlər əsasən
yaz-yay fəslində həyata keçirilmişdi. Öncə burdakı çəkilişləri kənara
qoyub Çuxuryurdda çəkiləcək səhnələri
reallaşdırmaq üçün 2 ay sərf etməli
olduq".
Tamaşaçılar filmdə ecazkar
musiqinin şahidi olurlar. Əbdül Mahmudov deyir ki, filmin musiqisi
sırf Cahangir Cahangirovun adıyla bağlıdır: “Bu mənada
Azərbaycan xalqının bəxti çox gətirib. İstənilən sahədə zaman-zaman çox
kaloritli ustadları olub. Cangir Cahangirov da
onlardan biri idi. O dövrdə Cahangir bəylə
yanaşı, Fikrət Əmirov, Xəyyam Mirzəzadə,
Arif Məlikov, Tofiq Quliyev, Rauf Hacıyev, daha kimlər, kimlər
vardı...
Həm də filmin taleyini rejissor həll
edir. Bu filmin də rejissoru təsadüfi adam
olmadığından Azərbaycan kinosunu, musiqisini, tarixini
çox gözəl bildiyindən hər bir detala diqqət
edirdi".
Azadlıq.- 2014.- 3 noyabr.- S.14.