“Gün keçdi”də hansı kadr etiraz doğurub?

 

Həsən Məmmədovun təkidilə ssenarinin sonluğu dəyişdirilib

 

Modern.az saytının təqdimatında “Kadrarxası” layihəsi davam edir. Budəfəki müsahib əməkdar incəsənət xadimi, aktyor, ssenarist, rejissor Fikrət Əliyevdir. “Gün keçdi” filmi yazıçı Anarın “Gürcü familiyası” hekayəsi əsasında ekranlaşdırılıb. Yazıçı bu hekayə əsasında “Gün keçdi”nin ssenarisini yazdıqdan sonra quruluşçu rejissor Arif Babayev belə bir film çəkmək qərarına gəlib. Filmdə iki gəncin nakam məhəbbətindən söhbət açılıb. Eyni zamanda baş verən hadisələr fonunda o vaxtkı Bakının ab-havası canlandırılıb.

 

Uşaqlıq illərində biri-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Filmdə keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi öz əksini tapır. Bu keçmiş və gələcək “məkan” arayışında təqdim edilən, keçmişdən gələn bir məhəbbət hekayətidir. Xüsusi çərçivələrlə verilən geniş “geridönüş” səhnələrindən ibarət olan bu müəllif filmi insanda bir nostalgiya duyğusu da oyadır.

Film üzərində işləyənlər quruluşçu rejissor Arif Babayev, recissor Fikrət Əliyev, quruluşçu operator Rasim Ismayılov, quruluşçu rəssam Elbəy Rzaquliyev, bəstəkar Emin Sabitoğlu, direktor Yusif Yusifzadədir.

Musiqilərin mətni Vaqif Səmədoğluna, ifalar isə Flora Kərimova və Mirzə Babayevə məxsusdur.

Rollarda Həsən Məmmədov, Leyla Şıxlinskaya, Həsənağa Turabov, Çingiz Əlioğlu, Sədayə Mustafayeva, Muxtar Avşarov, “Qaya vokal kvarteti” və başqaları çəkilib.

 

Həsən Məmmədovun istəyi...

 

Həsən Məmmədov hələ sağlığında deyirdi ki, filmdə əsaslı dəyişiklik olub. Belə ki, sevgililərin Oqtaygildə görüşü zamanı nəzərdə tutulan sevgi səhnəsi aktyorun təkidilə çəkilməyib. Ssenarinin sonluğunu Həsən Məmmədov qəbul etmədiyindən nəticədə müəlliflər ssenariyə dəyişiklik etmək məcburiyyətində qalıb. Həsən Məmmədovun dediklərindən:

“Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun olmayan bir səpgidə olmalı idi. Yəni ifadəmə görə üzr istəyirəm, ssenariyə əsasən Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralarını özündə əks etdirən kadr olmalı idi. Mən həmin kadra qəti surətdə etirazımı bildirdim və xəbərdarlıq etdim ki, əks halda çəkilişdən imtina edəcəyəm. Doğrusu, mənim sözüm eşidildi və ssenari adi sonluqla başa çatdı. Bilirsinizmi, əslində sonluğun açıq-saçıq formada başa çatdırılması filmin uğursuzluğuna səbəb ola bilərdi. Bir də ki, o cür maraqlı kadrlardan sonra Azərbaycan kişisinə yaraşmazdı ki, başqasının həyat yoldaşını evinə gətirsin. Inanın ki, o cür filmə heç kim maraq göstərməzdi də. Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı auditoriyasına təqdim olundu”.

 

Dövr və İçərişəhər problemi

 

Filmin rejissoru Arif Babayev təbiiliyi sevdiyindən “Gün keçdi” filmi ilə Azərbaycan kinolarında illər uzunu davam edən sterrotip görüntüləri natura əvəz etməyə başlayıb.

Fikrət Əliyev: “Mən bu filmdə ikinci rejissor kimi çalışmışam. Mənim işim foto, sınaq çəkilişləri, hətta aktyor seçimində quruluşçu rejissora kömək etmək idi. Təbii ki, aktyorların seçiminin təsdiq olunması quruluşçu rejissorun ixtiyarında idi.

Film o vaxtkı qaydalara əsasən təxminən 1 ilə ərsəyə gəldi. Çəkilişlər Içərişəhərdə, Bakının mərkəzi küçələrində, Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonunda həyata keçirlib.

O dövrdə filmə 1 il vaxt verilirdi. 2 ay rejissor ssenarisinin yazılması, 3 ay hazırlıq dövrü, 4 ay çəkiliş, 3 ay isə montaj və tamamalama işlərinə həsr olunurdu. Əgər film verilən vaxta hazır olmasaydı, studiya mükafat almırdı, növbəti il üçün çəkiləcək filmlərin sayını azaldırdılar. Bu səbəbdən hamı çalışırdı ki, film vaxtında təhvil verilsin.

Mənim Arif Babayevlə ilk işim “İnsan məskən salır” filmindən başlayıb.

Daha sonra “Uşaqlığın son gecəsi” və nəhayət “Gün keçdi” filmində birlikdə çalışmışıq.

Arif müəllim özü Içərişəhərdən idi. Evləri Şirvanşahlar sarayının yaxınlığında yerləşirdi. Bu səbəbdən də yer ona doğma idi. Həm də o vaxt Anar ssenarini yazanda Içərişəhər problemi vardı: “sökülsün” yoxsa “qalsın”. Buna görə də filmdə həmin problemə toxunulur. Bundan çıxış edərək Anar ssenarini yazdı, Arif Babayev də filmi çəkdi. Rasim Ismayılovun operatorluğu da çox peşəkarcasına idi".

 

Oqtayın iş yeri Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyində idi

 

Fikrət Əliyev bildirir ki, Oqtaygilin iş yerinin təsvir olunduğu Tikinti Idarəsinin binası hazırda qarşısında “Azad qadın” heykəlinin olduğu binadır: “Yəni indiki Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyinin yerləşdiyi bina. Filmin çəkilişləri 16 mərtəbəli şüşə binanın 10, 13, 14 və 15-ci mərtəbələrində reallaşıb. Arif Babayev çox xoşlayırdı ki, dekorasiyaları bir növ naturaya çıxartsın. Çox sevirdi ki, təbiilik qorunub saxlanılsın. Yəni ən azından natura ilə bağlılıq olsun, fon hər zaman işlək olsun. Oqtayla Əsmərin kafedəki söhbətləri də belə kadrlardan idi. ”Azdrama"nın yanındakı bir kafedə çəkmişdik, hansı ki, indi sökülüb.

Ümumiyyətlə, bütün film çəkilişlərində söz-söhbət olurdu. Ayrı-ayrı aktyorlar var idi ki, kollektiv də, rejissor da ondan razı qalırdı. Həsən Məmmədov belə aktyorlardan idi. O, elə bir insan idi ki, hansı filmdə çəkilibsə, heç kəsə maneçilik törətməyib, başağrısı verməyib. Təbii ki, evdə də söz-söhbət olduğu kimi, çəkiliş meydanında da olurdu. Kim deyirsə ki, sözsüz çəkiliş olub, yalandır. Çünki aktyorların hərəsi bir ailədən, müxtəlif ab-havadan çıxıb. Amma buna baxmayaraq Həsən Məmmədov çox bacarıqlı bir insan idi, işini çox sevirdi. Çəkilişə vaxtında gəlib, vaxtında da hazır olardı. Kostyumunu geyinib, qrimini edib hazır oturardı. O vaxt bəzi aktyorlar vardı ki, çəkilişə çağırırdıq. Deyirdilər filankəs gəldi, amma axtarıb tapmırdıq. Bir də görürdün ki çayçıdadır. Deyirdin çəkiliş başlayıb. Deyirdi “bir stəkan da içim gəlirəm”.

Belə, adamı bezdirən aktyorlar olub, hansı ki, rejissora hətta bütün çəkiliş qrupuna qan uddururdu.

Leyla Şıxlinskaya da çox istedadlı xanım idi. Filmlərdə təzə çəkilən vaxtları idi. Çox da gözəl münasibətlərimiz vardı. Heç bir kaprizini də hiss etməmişdim. Çox mədəni, alicənab, yerini bilən idi. Həsən Məmmədov və Leyla Şıxlinskya çox gözəl tərəf müqabili idilər. Ikisi də istedadlı insan olduğundan səhnələrin uğurlu alınmasında əlindən gələni əsirgəmirdilər".

 

“Narazılıq yarandı deyə

Moskvadan montajçı çağırıldı”

 

Fikrət Əliyev: “Film çəkilən müddətdə kinostudiyanın direktoru Adil Isgəndərov idi. Arif  Babayev filmi geninə-boluna çəkmişdi. Ürəyi nə istəmişdisə, etmişdi, material həddindən çox idi. Filmi bir neçə variantda yığımaq olardı. Ona görə də, bir az pərakəndəlik yaranmışdı. Tək Anar müəllim deyil, rejissorun özünün də narazı qaldığı məqamlar vardı. Recissor özü çəkibsə, o demək deyil ki, hər şey superdi. Bəzən olur ki, hər şeyi istədiyi kimi çəkən recissor özü belə, nəticədən  narazı qalır. Çəkir, alınmır, çəkir, razı qalmır və s.

Buna görə də Moskvadan montajçı Alla Abramova gəldi. Azərbaycanda olduğu 2 ay ərzində kinostudiyada işlədi. Filmi bircə-bircə “söküb” yenidən “yığdılar”.

Düşünürəm ki, çox gözəl bir film alındı. Bu film əsl ekran əsəri, adam arasına çıxarılan, əxlaqı, tərbiyəni özündə təcəssüm etdirən bir filmdir.

Mümkün deyil ki, çəkiliş bitsin və çəkilən bütün kadrlar efirə getsin. Çox az hallarda olardı ki, filmdə material çatışmazlığı olsun. Adətən bütün səhnələr gen-bol çəkilir. Əgər efirə gedəcək kadrlar 100 metr olmalıydısa, çəkiliş zamanı bunu 150 metr edirdilər ki, kəsib doğrayanda çətinlik olmasın. 50 metri kəsib 100 metrə salmaq lazım gəlirdi.

Əvvəllər improvizasya az olurdu. Xüsusilə komediya filmlərində daha çox rast gəlinirdi. “Gün keçdi” kimi romantik ab-havalı filmlərdə isə məsləhətləşmələr olurdu. Yəni olur ki, aktyor, rejissor və operatorla birlikdə məsləhətləşmə aparırdı ki, bəlkə “bu mizanı dəyişib belə edək”, “filan sözü bu cür deyim” və s. Ancaq bu cür.  O indidir, aktyor gəlir çəkiliş meydanına istədiyini edir. Bilmirsən film çəkilir, yoxsa bazardır.

Elə vaxt olurdu ki, gözləmədəyin bir anda hansısa kadrı çəkib filmə daxil edirdik. Sübh çağı günəşin çıxması, gəmi-filan təsadüfi alınan bir səhnələrdən idi.

Məsələn, “Əhməd hardadır” filmində Şirin (Şeyxzamanov) yolu keçmək istəyəndə avtomobillər hərəkətdə idi deyə, rəhmətlik dedi ki, əşşi bu maşınlar məni vuracaq. O an təsadüfən bir motosiklet gəldi. Az qaldı ki, kişini vursun. Motosikletdəki iki gəncə nə qədər fitləsələr də, geri qayıtmadı. Bax, o da təsadüfi kadr idi".

 

“Qaya kvarteti”nin məşhur dövrü

 

Dövrün maraqlı xüsusiyyətləri filmlərdə də təcəssüm edir.

Fikrət Əliyev: “O vaxtkı filmlərin maraqlı xüsusiyyətləri vardı. Fikir versəniz həmin filmlərin əksəriyyətində şəhərdən kadrlar gedirdi. Xüsusilə də küçədə su maşınları olmalı idi. Su maşını getməsəydi belə, həmin küçəni yuyurdular. Yol təmizlənirdi, sonra çəkiliş həyata keçirilirdi. O vaxt televiziyalarda yeni verilişlər yaranırdı. Arif Babayev özü kinoya televiziyadan gəlmişdi. Telestudiyada bir növ çəkiliş üsulları başqa cür olurdu. ”Qaya" qrupunun ifası da recissorun istəyilə baş tutdu. O vaxt üçün bu qrup çox məşhur idi. Ona görə də Arif üməllim onları filmdə çəkmək qərarına gəldi. Qayanın mahnısı, “Malakan” bağındakı fiqurlar hamısı bir növ televiziya üslubuna yaxın idi. Rejissor onu çox ustalıqla reallaşdırmışdı.

Əvvəl hər şey asan başa gəlirdi. Film çəkilişi üçün hara üz tuturduqsa, bizə qapılar taybatay açıq olardı. Kimsə “gözün üstə qaşın var” deməzdi. Az hallarda olardı ki nəsə çətinlik yaranardı. Bu çəkiliş zamanı da hər şey asanlıqla başa gəldi. O vaxt belə idi ki, hər hansı bir obyektdə, küçədə çəkiliş aparmaq üçün ya “Baksovet”ə, ya “Raykom” katibinə müraciət edirdik. Həmin dövrlədə kino adı eşidən kimi hamı böyük məmnuniyyətlə razılıq verirdi. Hər hansı küçədə çəkiliş üçün asanlıqla maşınların hərəkəti dayandırılardı və s. O vaxt “Qaya” qrupu çox populyar idi deyə Arif Babayev onlardan da istifadə edi. Rejissorun təklifləri olsa da, əsasən mahnı məsələsini bəstəkar həll edirdi.

Əgər biz rayona çəkilişə gedirdiksə, rayonun girişinə yazıb vururdular ki, Azərbaycan kino işçilərinə salamlar olsun. O vaxt bizi belə qarşılayırdılar. Aktyorların hər hansı bölgəyə gedişi bayram havası yaradırdı. O vaxt kinoya böyük maraq və hörmət vardı.

Əsmərlə Oqtayın hava limanındakı çəkilişi də maraqla qarşılanan səhnə idi. Istər aerodrom işçiləri, istərsə də ətrafdakı insanlar hər bir şeydə bizə kömək etməyə çalışırdılar. Filmdə istifadə edilən təyyarə üçün heç bir qəpik də ödənilmədi. Yəni o vaxt üçün təyyarəni, onun ətrafını çəkmək çətin bir şey deyildi. Hər cür şərait yaradılmışdı. O, bu gündür ki, hara gedirsən deyirlər “mənə nə, kino çəkirsən pulumu ver”.

Təyyarə səhnəsində əlavə insanlar yox idi, adamların hamısı kinostudiyanın işçiləri idi. Gözləmə zalındakı çəkilişdə olan adamlar da bizim işçilər idi. Bizə ayrılan vaxt ərzində çəkilişimizi etdik, hər hansı bir narazılıq da olmadı".

 

“Qartopu səhnəsi tam təsadüf idi”

 

Film çəkilən zaman Bakıya yağan qar təsadüfən maraqlı bir səhnənin yaranmasına səbəbə olub.

Fikrət Əliyev: “Əsmərlə Oqtayın qartopu oynaması səhnəsi ssenaridə yox idi. Həmin kadrlar Tofiq Bəhramov adına Respublika Stadionu tərəfdə (Zooparka yaxın) bir parkda lentə alındı. Bakıya qar yağmışdı. Arif Həsənlə Leylaya zəng vurub təcili çağırtdırdı. Təsəvvür edin ki, gecə qar yağıb, səhər də hər tərəf ağappaqdır. İki aktyor kinostudiyaya gəldi. Çəkiliş heyətilə birlikdə İçərişəhərə getdik. Və onların gənclik səhnəsini beləcə ekspromt şəkildə çəkdik.

Camalla Əsmərin toy mərasimi isə ssenaridə olan bir səhnə idi. Arif müəllimin evinə yaxın Içərişəhərdə, Şirvanşahlar sarayının aşağısında çəkildi.

Filmdə daha bir ekspromt səhnə Əsmərin qayıdışıyla bağlı olub.

Belə ki, sevgililərin aeroportdan evə getməsi üçün avtomobildə şəhərdəki gəzintisi zamanı motosikletdəki adamlar təsadüfi adamlar olub. O vaxt “motorolellər” (motosiklet) təzə çıxmışdı. Şəhərdə məşhur idi. Rejissorun bu motosikletdən xoşu gəlirdi deyə, təsadüfi, ssenaridə olmayan bir kadr da çəkdik.

Filmdə bir səhnə vardı. Aktyor rejissoru qane etmədiyindən mənə dedi ki, Fikrət, gəl bunu sən oyna. Mən də razılşadım. Düzü epizodik rol idi, indi də tam xatırlamıram. Bakı küçələrinin təsviri gedirdi, mən də guya kiməsə əl edirəm.

İlk dəfə yeraltı keçid Azərbaycan kinoteatrından bulvara tərəf gedən yerdə olub. Söhbət indiki “Torqovı” ilə bulvarı birləşdirən keçiddən gedir. Əsmərin “klas-klas” oynadığı yer də, sevgililərin pilləkəndə oturub söhbətləşməsi də orada ekranlaşdırılıb.

Əsmərlə Oqtayın film izləmək üçün kinoteatra getməsi də real kinoteatrda çəkilib. Ümumi planda çəkiliş etmək asan idi, amma ekranın özünü çəkmək texniki tərəfdən çox çətin idi.

İzlənən filmin kadrlarının çəkilən filmə salınması üçün həmin səhnəni plyonkya köçürdük, ayrıca ekran düzəltdik. Çünki kadrlar üst-üstə düşmürdü, sinxron alınmırdı. İndi hər şey asanlaşıb. Bir növ ekranı pəncərə kimi düzəltdikdən sonra kinoteatrda izlənən filmi proyeksiyadan ora buraxdıq".

Film nakam məhəbbətin saflığının təcəssümü ilə bitir. Böyük tamaşaçı sevgisi qazanan filmə 2-ci kateqoriya verilib".

 

Azadlıq.- 2014.- 11 noyabr.- S.14.