Şir evdən getdinin baş qəhrəmanı bir ailəyə faciə yaşadıb

 

Rejissoraktyor filmin kadrarxası məqamları barədə nələr danışdı?

 

Modern.az saytının “Kadrarxası” layihəsi “Şir evdən getdifilmi ilə davam edir. Müsahiblər rejissor Akif Rüstəmov və aktyor Elxan Cəfərov uzun illər uşaqların böyük maraqla izlədiyi filmin ərsəyə gəlməsi zamanı yaşanan çətinliklər, maraqlı hadisələrdən söhbət açıblar. “Şir evdən getdifilmi yazıçı Yuri Yakovlevin eyniadlı nağıl-povesti əsasında ekranlaşdırılıb. Filmdə uşaq dünyası, onun saflığı, körpələrin heyvanlarla dostluğu əks olunub. 1977-ci ildə ekranlaşdırılan əsər böyük tamaşaçı marağına səbəb olub.

 

Filmin quruluşçu rejissoru Rasim İsmayılov, rejissorlar Akif Rüstəmov, Ramiz Əliyev, quruluşçu operatorları Rasim İsmayılov, Şərif Şərifov, quruluşçu rəssam Firəngiz Qurbanova, heyvan təlimçiləri Lev Bərbərov və Nina Bərbərova (Kinqin sahibləri), T. Filatova, A. Qorin, filmin direktoru İnessa Safronova, bəstəkar Tofiq Quliyev, mahnıların mətninin müəllifi Yuri Yakovlev  Alla Axundova, mahnıları ifa edənlər isə Flora Kərimova və Mirzə Babayevdir.

Rollarda Yuri Senkeviç, Sergey Yurski, Elxan Cəfərov, Vsevolod Abdulov, Şükufə Yusupova, İnarə Quliyeva, Lidiya Povetkina, Almaz Əhmədova, Səfurə İbrahimova, Yaşar Nuri, Süsən Məcidova, İbrahim Ləmbəranski, Cəmilə Muradasilova, Fazil Salayev, Nadir Əsgərov, Ələsgər Məmmədoğlu, Kamil Məhərrəmov, Əli Haqverdiyev, Tanilə Əhmədova, “Kinq 2" (şir), ”Rada" (fil) və başqaları çəkilib.

 

3 məşhur uşaq

 

Şir evdən getdi” filmində oynayan baş rol ifaçıları 3 uşaqdan Elxan Cəfərov hazırda məşhur aktyor, rejissordur. İbrahim Ləmbəranski Əliş Ləmbəransikinin nəvəsidir, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqidir. O, 2011-ci ildən etibarən, Quba hadisələri başda olmaqla bir çox siyasi motivli olaylarda dövlət ittihamçısı kimi məşhurlaşıb. Digər uşaq isə Cəmilə Muradasilova görkəmli bəstəkar Tofiq Quliyevin nəvəsidir.

 

Aya 100 rubl qazanırdım”

 

Elxan Cəfərov: “5 yaşından etibarən Azərbaycan kinostudiyasına müntəzəm gəlib-getdiyimdən ora mənim üçün doğma bir məkana çevirildi. 8 yaşında ilk dəfə Eldar QuliyevinSevinc buxtası" filmində susatan oğlanı canlandırdım. Rasim İsmayılov həmin filmdə quruluşçu operator idi. Elə oldu ki, həmin filmdə oynadığım kiçik epizodla Rasim müəllimin xoşuna gəldim və bu səbəbdən də bir il sonra məni “Şir evdən getdifilminin sınaq çəkilişlərinə dəvət etdi. Uğurla həyata keçirilən sınaq çəkilişlərindən sonra mən bu filmdə çəkilmək üçün təsdiq olundum".

Şir obrazını canlandıran Senkeviç o vaxt  Moskvanın tanınmış, istedadlı aktyorlarından idi. Amma Elçin Cəfərov azyaşlı olduğundan bunun fərqinə varmayıb: “Senkeviç çox rahat tərəf-müqabili idi. Mən o vaxt anlamırdım, amma indi başa düşürəm ki, öz yaşına görə çox istedadlı idi. Bütün aktyorlar, çəkiliş qrupunun üzvləri bir-birilə çox mehriban, bir növ ailə kimi idik”.

Çəkilişləri 6 ay davam edən iki hissəli filmdə uşaqlara qonarar da verilib. O vaxtın normativlərinə uyğun olaraq Elxan Cəfərov aya 100 rubl qazanıb.

 

Vsevolod Abdulov qəzaya düşdü

 

Akif Rüstəmov: “O vaxt eyni zamanda SSRİ Dövlət TelevizyaRadio Komitəsinin sifarişi ilə il ərazində ən azı 2-3 film çəkilirdi. ”Şir evdən getdi" filmiMoskva tərəfindən sifariş edilən filmlərdən idi.

Obrazları canlandıranlar əsasən M.F.Axundov adına Azərbaycan Dövlət OperaBalet Teatrının balet artistləri və Bakı şəhəri Nərimanov rayonu 83 saylı uşaq bağçasının uşaqları idi. 83 saylı uşaq bağçası ilə müqavilə bağlandı və bunun əsasında da çəkilişləri etdik.

Amma baş rollarda çəkilən uşaqlar sınaq çəkilişləri əsasında müəyyən edildi.

Elxan Cəfərov, İbrahim Ləmbəranski, Cəmilə Muradasilova birmənalı olaraq filmə təsdiq olundu.

Qayda belədir ki, uşaq filmə çəkilirsə, 15 yaşında olsa belə, müqavilə onun valideynlərilə bağlanırdı. Burda da bütün valideynlərlə müqavilə bağlandı. Təxminən onlara aylıq olaraq 100 rubl verildi.

Moskvanın sifarişi olduğundan rus aktyorların çəkilməsi təbii idi. Şir roluna dəvət alan Senkeviçlə yanaşı, 3 nəfər də sınaq çəkilişinə çağırıldı. Mən “Mosfilm”də idim. Senkeviç Teatr Institutunu yenicə bitirmişdi, həmin gün başqa film üçün sınağa çağrılmışdı. Söhbətləşdik, onun üzündə rola uyğunluq hiss etdim deyə, axtardığımız aktyor olduğunu anladım və filmə dəvət etdim. O da razılıq verdi. Digər 3 nəfər isə Aleksandr Abdulov, Vsevolod Abdulov, bir  Toqonko teatrından Medvedyev idi. 4 nəfər sınaqdan çıxarılsa da, 2 nəfərin üstündə dayandılar: VsevolodSenkeviç. Filmə isə Senkeviç təsdiq olundu. Vsevolod baş rolda olmasa da, Zooparkın baxıcısı roluna çəkildi. Ovçu rolunda oynayan Sergey Yurski də görkəmli aktyor idi. Onu Leninqraddan dəvət etmişdik".

Rejissor söhbət əsnasında V. Abdulovun çəkilişdən sonra başına gələn avtomobil qəzasını xatırlayır: “Vsevolod Abdulovla bağlı xoşagəlməz hadisə də yaşandı. O, Moskvada teatrda işlədiyindən Bakıda qalmırdı, çəkilişdən-çəkilişə gəlib-gedirdi. Bir dəfə bildirdi ki, özJiquli"si ilə gəlmək istəyir. Gəldi, çəkilişlər oldu, amma qayıdanda qəzaya düşdü. Xəsarət aldığından xəstəxanaya yerləşdirildi. Amma bir tərəfdən bəxtimiz onda gətirdi ki, Vsevolodun 2-3 günlük çəkilişi qalmışdı. Işləri təxirə salmamaq üçün onu dublyorla əvəz etdik. O vaxt radio-televiziyada çalışan Davud müəllim vardı. Oxşarlıqları çox  idi deyə, Vsvolodun yerinə onu çəkdik. Kameranı elə qurmuşduq ki, heç dublyor olduğu hiss olunmadı".

 

Şir mənim üçün pişik kimi bir şey idi

 

Elxan Cəfərov deyir ki, uşaq olduğundan heyvanların təhlükəsi haqqında düşünmür, heç nədən çəkinmirmiş: “Uşaq olduğumdan heyvanlardan qorxmurdum. Şir mənim üçün pişik kimi bir şey idi. Onun vəhşi heyvan olduğunu ağlım dərk etmirdi. Yəni, düşünmürdüm ki, o mənə hücum edə bilər, parçalaya bilər.

Amma bir məsələni deyim ki, məni şirdən gizlədirdilər. Çəkiliş vaxtı mənim şirlə çox əlaqəm olmadı. Qısa, həm də cəmi bir kadrda şirlə birgə səhnəmiz var. O da ki, yolun kənarında yanğınsöndürən maşını gözlədiyimiz yerdir. Başqa  heç bir kadrda şirlə birgə olmamışıq. Fillə isə ümumiyyətlə görüşmədim.

İndinin özündə mən pişiyi, şiri, ümumiyyətlə heyvanların hamısını sevirəm. Mənim üçün balaca pişik dünyanın ən gözəl heyvanıdır".

 

Ailə faciəsinə səbəb olanKinq 2"

 

Akif Rüstəmov: “Şir və fillə çəkilişdən əvvəl məşq edirdik. Xüsusi küçələr axtarıb tapırdıq, bəzən küçələrdə hərəkəti dayandırırdıq. Təbii ki, polislər bizə köməklik edirdi. Çəkiliş müddətində heyvanlarla bağlı hər hansı təhlükə baş verməsə də, şir hərdən ”dəcəllik" edirdi. Bəzən verilən tapşırıqları yerinə yetirmirdi deyə, çəkilişləri təxirə salası olurduq. Bəzən verilən tapşırıqları yerinə yetirməyəndə sahibi məsləhət görürdü ki, çəkilişi saxlayaq.

Onu da deyim ki, “Kinq 2" həm də ”Dədə Qorqud" filmində çəkilib. Yadımdadır bir gün şir meydandan qaçdı. Həmin vaxt çəkilişlər kinostudiyanın həyətində olduğundan onu tutmaq çox da çətin olmadı.

Bu filmdə də Bərbərovlar ailəsi, onların assistentləri hamısı bizimlə birlikdə çəkiliş meydanında olurdu. Çünki şir Bərbərovlarla bir evi paylaşdığından onların sözlərinə qulaq asırdı. Həmin dövrdə mətbuatda bu haqda çox yazıldı, şirlə bir evdə yaşamağın təhlükəli olduğu deyildi, amma ailə öz məqamından dönmədi, nəticədə də isə fəlakət yaşandı".

Bərbərovlar ailəsinə məxsus olan şirin maraqlı, həm də faciəli tarixçəsi var. Belə ki, ailə başçısı Lev Bərbərov heyvan həvəskarı olduğu üçün evində müxtəlif vaxtlarda 2 şir saxlayıb: “Kinq 1" və ”Kinq 2". Bu filmdəki “Kinq 2" idi.

Ailə gəzintiyə çıxan zaman zooparkda xəstə vəziyyətdə olan şiri görübonu öz evlərində saxlamaq üçün icazə istəyib. Razılıqdan sonra şiri evinə aparan Bərbərovlar onun sağalması üçün əlindən gələni edib. Adı mətbuatda tez-tez hallanan şir ailə ilə birlikdə “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” adlı filmə dəvət olunub. Kinq xüsusi təyyarə ilə Sankt-Peterburqa aparılıb. “Kinoulduz” dövlət himayəsində olduğundan onun üçün kombinatdan hər gün ət gətirilib. Hər şeyin qaydasında getdiyi bir vaxtda günlərin bir günü şirin baxıcısı Saşa çəkiliş (“İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri”) aparılan məktəbin böyük pəncərələri alma bağına açılan idman zalında “Kinq”lə futbol oynayırmış. Saşa bir anlıq şiri tək qoyub, özünə çay süzməyə gedib. Bağdan keçən Valentin Markov adlı bir nəfər pəncərədən “Kinq”ə baxmağa başlayıb. O, şiri müxtəlif hərəkətlərlə qıcıqlandırıb. Şir adamla oynamaq məqsədilə onun üstünə atılıb. Markovu gözləyən qız isə şirin onu parçalamaq istədiyini düşünərək kömək çağırıb. Hadisəyə müdaxilə edən polisKinqi güllələyərək öldürüb. Bərbərovlar baş verənlərdən sarsılsa da, onlara hədiyyə edilən şir balası ilə təskinlik tapıblar. OnaKinq 2" adını verərək, özlərilə birgə evdə saxlayıblar. Bu şir də məşhurlaşmağa başlayıb. Beləcə ”Şir evdən getdi" filminə dəvət alıb. Lakin 1978-ci ildə Lev Bərbərovun ölümü ilə Nina Bərbərovaya şiri saxlamaq çətin olub. Günlərin bir günü şir özünü pis aparmağa başlayıb, qəfil Ninaya hücum edib. Oğlu 14 yaşlı Roma anasına hücum edən şirin xaltasından dartmağa başlayıb. Başından yaralanaraq şirin əlindən qaçan Nina hamamda gizlənib. Amma bu ərəfədə “Kinq 2" Romanı artıq parçalamışdı və nəticədə oğlan hadisə yerindəcə vəfat edib. Milis idarəsi evlə üzbəüz olduğundan qonşuların çağırışıyla gələn polislər özlərini tez çatdıraraq, şiri güllələyərək öldürüb.

Rejissor bunu şirin vəhşilyi ilə əlaqələndirir, deyir ki, nə qədər əhilləşdirilsə də, o vəhşi heyvan idi: “Əhilləşdirilməsinə baxmayaraq, vəhşiliyi gəldi və sahibinə hücum etdi. Onların evi Bakıda Fəvvarələr meydanı tərəfdədir. Romanın anası Nina xanım indi də yaşayır və o vaxt oğlunu xilas edə bilmədiyi üçün hələ də vicdan əzabı çəkir”.

 

Balaca aktyorun qiymətləri...

 

Ekranda təsvir olunan məktəb sən demə Elxan Cəfərovun oxuduğu orta məktəb olub. Orda çəkilən sinif otağı da elə rejissor-aktyorun təhsil aldığı sinif imiş.

Elxan Cəfərov: “Məktəb mənim oxuduğum, təhsil aldığım və bitirdiyim 54 saylı orta məktəbdir. Sinif də mən təhsil aldığım sinifdir. Həmin vaxt 4-cü sinif şagirdi idim. Amma ümumiyyətlə 4-cü sinfi oxuya bilmədim, 5-ci sinfin yarısı olanda yenidən məkətəbə getdim. Həmin aralıqda təxminən 5 filmə çəkildim. Yuri Senkeviçlə birlikdə ”Afrika" səhnəsinin çəkilişi üçün dekorasiyalar quruldu. Həmin dəniz səhnəsi dəqiq yadımda deyil, amma Bakı kəndlərindən birində lentə alınmışdı. Rüstəmgilin evi “Azərbaycanfilm”in pavilyonu idi.

Elə uşaq vaxtı çəkildiyim filmlərdən sonra bilirdim ki, taleyimi Azərbaycan kinostudiyası ilə bağlayacam. Çəkiliş vaxtlarında məktəb tərəfindən mənə müəyyən güzəştlər olurdu. Özüm də çalışırdım ki, buraxdığım dərsləri oxuyub çatdırım. Qiymətlərim filmə çəkilməzdən əvvəl “5" idi, filmə çəkiləndə ”4"ə düşdü. Filmlərdən sonra çalışdım əksəriyyəti “4" - ”5" oldu. Beləcə filmlərə çəkilə-çəkilə oxumağı bitirdim.

Kiçik yaşımda filmə baxanda çox əsəbiləşirdim, heç özümü bəyənmirdim. Amma təsadüfən bir neçə gün əvvəl kanalların birində filmi izləyəndə içimdə bir qürur hissi yarandı. Təbii ki, uşaq vaxtı belə böyük aktyorlarla eyni filmdə rol aldığımın fərqində deyildim. Amma indi çox sevinirəm ki, belə bir filmə çəkilmişəm".

 

Rada” adlı fil Moskva Sirkindən gətirilib

 

Akif Rüstəmov: “Çəkilişlər əsasən Zooparkda, Bakı bulvarında, Dövlət Sirkində, Respublika stadionu tərəfdəki uşaq dəmiryolunda, Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonunda, əsasən yay fəslində aparılıb. Rüstəmgilin evi pavilyonda idi. Natura çəkilişlərinin hamısı da Bakıda reallaşdırılıb. Heyvanların toplu şəkildə getməsi indiki sirkin foyesində, final səhnələri isə aeroportda ekranlaşdırlıb.

Zooparkda, heyvanlarla olan səhnələrdə heç bir problem olmadı. Uşaqlar çox sərbəst şəkildə verilən tapşırıqları icra edirdilər. Filmi izləyərkən bu, aydın hiss olunur. Onlarda çəkinmək, qorxu qətiyyən yox idi, əksinə, böyük həvəs göstərirdilər.

Zooparkda çəkiliş etmək üçün arenda pulu ödənilmişdi. Kino çəkilişi olduğu üçün təbii ki, böyük məbləğ deyildi".

Sən demə filmdə rol alan fil o vaxtın kinoulduzu imiş Radaadlı həmin heyvan çəkiliş üçün  Moskva Dövlət Sirkindən gətirilibmiş: “Fili Moskvdan gətizdirmişdik. Moskvada Dövlət Sirkinin fili idi. Çox sakit, yatımlı və sözəbaxan idi. Həm də o vaxt məşhur idi. Bir çox filmlərə də çəkilmişdi. Onun Bakıya gətirilməsinə heçaz vəsait xərclənməmişdi. Cəmi 3 gün müddətinə gətirildi. Onunla bağlı səhnələr çəkildi və geri aparıldı. Fillə bağlı bütün səhnələr real idi. Yolu keçərkən, istər uşaqların yanında olarkən özünü çox sakit aparırdı. Hətta İbrahim Ləmbəranskinin (Muradik) onunla yanaşı kadrı da var idi, qətiyyən heç bir problem olmadı”.

 

“DYP bizi saxladı”

 

Akif Rüstəmov: “Yanğınsöndürənləri Fazil Salayev, Nadir Əsgərov, Ələsgər Məmmədoğlu oynayırdı. Deməli maraqlı bir hadisə danışım: yanğınsöndürən maşınların gəlişini Bakı-Sumqayıt yolunda çəkirdik. Elə oldu ki, maşın çəkiliş üçün hərəkətin əks istiqamətində gəlməli idi. Start verildi, maşın əks istiqmətdə hərəkətə başladı. Bu vaxt bir qara maşın dayandı. İçindən ”QAİ"nin o vaxtkı rəisi, rəhmətlik Fətulla Hüseynov düşdü. Təsadüfən bu yoldan keçib işə gedirdi. “Saxla!” deyib qışqırdı. “Siz neynirsiz burdasoruşanda ona kino çəkdiyimizi bildirdik. Dedi “çəkin, bir söz demirəm. Axı belə olmaz, avtomobillərin hərəkətinə mane olursuz”. Bir az keçəndən sonra yumşaldı “Çəkin, ”QAİ" də sizə kömək etsin ki, çətinliyiniz olmasın" deyərək yoluna davam etdi".

 

Azadlıq.- 2014.- 17 noyabr.- S.14.