“Qasım gəlir, Qasım gəlir...”

 

Rejissor Cahangir Mehdiyev «Kişi sözü»ndən danışır

 

Modern.az saytının “Kadrarxası” layihəsi davam edir. Illərdir dillər əzbəri olan “Qasım gəlir, Qasım gəlir...” replikasının yaradıcısı olan Cahangir Mehdiyev  Kişi sözü” filminin maraqlı məqamları barədə danışır.  “Kişi sözü” filmi Isi Məlikzadənin ssenarisi əsasında ekranlaşdırılıb. Film sadə azərbaycanlı ailəsində baş verən hadisələrdən bəhs edir, film boyu xalqımıza xas olan, yaşından asılı olmayaraq övlada qayğı əsas prinsip olaraq aşılanır. Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım sevgisinə qovuşmaq üçün bir çox sınaqlara məruz qalsa da, sonda uşaqlıq məhəbbətindən açıq şəkildə imtina edir: “Solmaz, sənə olan sevgimi elə bu qəbristanlıqda da dəfn edirəm”.

 

Filmin quruluşçu rejissoru Cahangir Mehdiyev, rejissoru Adil İsmayılov, quruluşçu operatorları Eduard Qalakçiyev, Fikrət Əsgərov, quruluşçu rəssamı Fikrət Əhədov, bəstəkarı Vasif Adıgözəlov, mahnıların mətninin müəllifi Ramiz Rövşən, filmin direktoru isə Tələt Rəhmanovdur.

Rollarda Əjdər Həmidov, Sənubər İsgəndərli, Cahangir Mehdiyev, Muxtar Avşarov, Cəvahir Bayramova, Leyla Bədirbəyli, İradə Həsənova, Elnur Mehdiyev və başqaları çəkilib.

 

“Kişi sözü” bu gün də aktualdır

 

Cahangir Mehdiyev: “Kişi sözü o vaxt da, indi də aktual olan problemdir və həmişə məni narahat edib. Çünki söz başqa, əməl başqa şeydir. Bu mövzuda hər zaman film çəkmək olar, hər dəfə də yeni bir layihə effektilə, yeni bir üslubda, formada, məzmunda hazırlamaq olar. Çünki reallıqla səsləşən bir mövzudur.

İsi Məlikzadə ilə tanış olandan sonra belə bir film çəkmək qərarına gəldim. Təbii ki, ideya Isi Məlikzadədən gəldi. O, ssenarini təqdim edəndə ürəyimdən xəbər verdi. Bundan əvvəl bildiyiniz kimi “Evlənmək istəyirəm” (“Papaq”) filmini birlikdə işləmişdik. Yeri gəlmişkən, sizinlə də həmin filmin kadr arxasından danışmışıq. Kişilik, namus, papaq hər zaman üçün aktualdır. Bu filmdə də sözü söz kimi yox, əməllə uzlaşmada göstərmək istəmişik".

Rejissor bildirir ki, filmin istehsalına 15 ay verilməsinə baxmayaraq, vaxtından əvvəl çəkilməsinə nail olub. Kino sənətinin sirlərinə hələ Moskvada Georgi Danieliyanın kursunda oxuyanda yiyələnən rejissor bu filmi vaxtından əvvəl çəkməklə istedadını bir daha göstərib.

Cahangir Mehdiyev: “SSRİ vaxtında komediya janrında olan filmlərin istehsalı üçün 15 ay vaxt verilirdi. Mən isə ”Kişi sözü" filmini 12 aya təhvil verdim. Çünki tez və yaxşı çəkmək üçün məktəb keçmişdim.

Aktyorlar sınaq çəkilişlərilə seçildi. Baş rollar olan Qasım və Solmaz üçün hərəsinə 3 nəfər namizəd vardı. Əksəriyyəti tələbə idi, dəvət olunmuşdular, amma təbii ki, Əjdər Həmidov və Sənubər İsgəndərli təsdiq olundu".

Film hər iki aktyorun kinoda ilk işi olur. Belə ki, Əjdər Həmidov hələ Sumqayıt teatrında işlədiyi vaxt rejissorla bir-birini tanımasalar da, tanışlıq təsadüf nəticəsində baş verir. Akademik Milli Dram Teatrının qarşısında Mərahim Fərzəlibəyovu gözlədiyi vaxt yad bir adamın onu kənardan izlədiyini görən gənc Əjdər ondan niyə baxdığını soruşur. C. Mehdiyev isə qısa tanışlıqdan sonra onu filmə çəkmək istədiyini bildirir. Eşitdiyinə inanmadığından o qədər də əhəmiyyət verməyən Ə.Həmidov bir həftə sonra kinostudiyaya gəlir. Cahangir Mehdiyev ikinci rejissor Adil İsmayılova onun şəklini çəkməsi üçün tapşırıq verir. Şəkil çəkdirəndən sonra ona deyirlər ki, “get səni çağıracağıq”. Foto sınaqdan bir neçə gün keçməsinə baxmayaraq, kinostudiyadan səs çıxmır. Ə.Həmidov yenə elə hesab edir ki, onu çağırmayacaqlar. Amma düz 10 günün tamamında onu sınaq çəkilişlərinə dəvət edirlər. Bir neçə nəfərin namizədliyinə baxmayaraq, Ə.Həmidov Qasım roluna təsdiq olunur.

“Sənubər İsgəndərli bu filmə çəkiləndə, səhv etmirəmsə, institutun ikinci kursunda oxuyurdu. İlk filmi idi deyə həm həyəcanlı idi, həm də təcrübəsiz. Amma buna baxmayaraq, hər şey rahatlıqla çəkildi. Çünki Sənubər istedadlı aktrisadır, deyiləni tuturdu. Bəzən alınan səhnədə də deyirdi ki, yox alınmadı, bu təbii ki, həyəcandan irəli gələn nüanslar idi”, - deyə Cahangir Mehdiyev bildirir.

Rejissor deyir ki, film əsasən Bakıda, köhnə Əhmədli qəsəbəsində, Şamaxının Çuxuryurd kəndində çəkilib: “Çəkilişlər yay fəslinə təsadüf etdiyindən əsasən bütün səhnələr natura və interyerdə reallaşdırılıb. Pavilyon çəkilişi olmadı, çünki pavilyon çəkilişləri tarixi filmlərə xas olduğundan burada istifadə etməmək qərarına gəldik. Nə çəkmişdiksə, elə filmə də getdi.

Quruluşçu rəssam Fikrət Əhədov “Kişi sözü” filminə beş eskiz hazırladı. Əsasən, kənd lövhələrini əks etdirən bu eskizlər peyzaj xarakteri daşıyırdı. Həmin işlərdə işıq qammaları parlaq, qırmızı, qəhvəyidir. Bu rənglər bəzi eskizlərdə hadisələrin gərginliyini daha da qüvvətləndirməyə xidmət edirdi".

 

“Rac Kapurdan nəyin əskikdir?”

 

Cahangir Mehdiyev: “Bu film başdan-ayağa improvizasiya idi. Mənim müəllimimin müəllimi Federiko Fellini deyib: ”Ssenari, sadəcə çantadır, səyahətə çıxanda onu doldurub gedirsən. Amma səyahət vaxtı oradan sənə lazım olanları götürürsən". Yəni bu qədər sadə.

Müəllimim “Mimino”, “Osennıy marafon”, “Ne qoryuy!”  kimi filmlərin müəllifi olan Georgi Danieliya ssenari ilə tanış olduqdan sonra Niyaz roluna özümün çəkilməyimi məsləhət gördü. “Özün də idmançısan, aktyorsan, rejissorsan, Rac Kapurdan nəyin əskikdir?” - dedi. Dedim: “Müəllim, mən Rac Kapur ola bilmərəm”.

Mən, əslində Rəfael Dadaşovu çəkmək istəyirdim. Amma Danieliyanın bu istəyindən sonra etiraz etmədim, elə özüm çəkildim.

Kollektiv çox gözəl seçilmişdi. Həm rejissor, həm də aktyor kimi, hamı ilə münasibətim əla idi. Filmə baxanda da bu səmimiyyəti görmək olur. Aramızda qarşılıqlı anlaşma hökm sürürdü".

 

Avtomobil icarəyə götürülmüşdü

 

Cahangir Mehdiyev: “Filmdəki maşını icarəyə götürmüşdük. Bir gün üçün o vaxtın pulu ilə 25 manat verirdik, təbii ki, 12 ay boyunca maşından istifadə edilmədi. Müəyyən günlərdə çəkdik və avtomobili geri qaytardıq.

Mal ferması Masazırda lentə alınıb. Hər şey olduğu kimi idi, qurma heç nə yox idi. Oradakı heyvanlar da heç bir problem yaratmırdı. Çünki kəndlilər, ferma işçiləri, hətta qoyunlar, inəklər də bizə kömək edirdi. Hamı filmin çəkilişinə böyük maraq göstərirdi, hər şeyə mərhəmət və hörmətlə yanaşırdılar.

Qasımın ağaca, saman tayasına qəfil dırmanması, inəyin Qasımın əvəzinə göstərilməsi, qəbiristanlıq səhnəsi - bunlar ssenaridə yox idi, hamısı improvizasiyadır, özüm fikirləşmişdim.

Qəhrəmanın yuxusuna gələn çimərlik səhnəsini Şamaxının Çuxuryurd kəndindəki göldə çəkmişdik. Qəbiristanlıq səhnəsi də Şamaxı qəbiristanlığı idi.

Əjdər kənd uşağı idi deyə, bu səhnələrin çəkilişi zamanı heç bir çətinlik olmadı. Hətta saman tayasına çıxanda oradan yıxılması da improvizasiya oldu. Qəfil yıxıldı, amma özünü itirmədi. Biz də çəkdik və təbii ki, yaxşı alındığından filmdə saxladıq.

Bütün səhnələr məhəbbət, sevgi ilə lentə alındı. Ümumilikdə heç bir çətinliyimiz olmadı. Hər şey qarşılıqlı anlaşma şəraitində baş verdi".

Filmdə Qasımın davamlı olaraq fit çalması, sən demə musiqidən irəli gəlirmiş: “Fit Vasif Adıgözəlovun yazdığı musiqinin məzmunundan irəli gəlirdi.

Onun baltanı atması səhnəsi isə montajla çəkilib. Baltanı atmağına Əjdər atdı, amma ağaca saplandığı hissəni montaj vasitəsilə düzəltdik.

Həmin vaxtlar yağış yağırdı, amma bizə lazım olanda yağmadı. Ona görə də yanğınsöndürənlərin köməyindən istifadə etdik.

Filmdə Qasımın dostunu oynayan və film boyu onun düşdüyü vəziyyətlərə hamı güləndə, ağlayan, velosiped sürən uşaq mənim oğlumdur. Bir kəlmə danışmır, amma həmişə Qasımın ürəyinə yaxındır, onun halına yanır. O vaxt istədim ki, oğlum da filmdə çəkilsin, ona görə həmin obrazı fikirləşdim. Elnur hazırda rejissor, fəlsəfə doktorudur.

İlk kadrlarından başlayaraq film ərzində nağara çalan uşaqlar isə Çingiz Mehdiyevin nağara ansamblının üzvləridir. O uşaqlardan çox xoşum gəlirdi deyə onları filmə dəvət etdik. Həm aktyor kimi çəkildilər, həm də nağara çaldılar. Bundan başqa, kəndin uşaqlarını da filmə çəkdik. Hazırda həmin uşaqlar böyüyüb, hətta bəziləri tanınmış musiqiçilərdirlər. Bəzən yolda rastlaşanda salam verirlər, amma tanımıram. “Kişi sözü” deyəndə anlayıram ki, oradakı uşaqlardan biridir".

Rejissor dostundan gələn, mövzu ilə bağlı, maraqlı bir hadisəni də danışır: “Deməli, bir yazıçı bağa həmişə avtobusla gələrdi. Günlərin birində qonşusu ilə arasında dialoq baş tutur. Bağ qonşusu ona deyir: ”Bu boyda vəzifədə çalışırsan, bir maşın al, rahat da gəl-get".

Yazıçı:

- İmkanın yoxdu, ona görə maşın ala bilmirəm.

Qonşu:

- Ə, fikir eləmə, mən sənə maşın alaram.

İllər keçir, kişi qonşuna xatırladıb deyir: “Bəs, mənə maşın söz vermişdin, o məsələ necə oldu?”

Qonşu soruşur:

- Sənin sənətin nədir?

Cavab:

- Yazıçı.

Qonşu soruşur:

- Sənin üçün əsas olan nədir?

Yazıçı deyir:

- Söz.

Qonşu deyir:

- Əşşi, bir söz idi də verdim, gərək alam"

Bu, onu göstərir ki, həyatda sözlə əməl düz mütənasib olmalıdır. Qasımın film boyu çatdırmaq istədiyi budur. Onun fikirləri əslində cəmiyyətə bir mesajdır: “Bacarırsansa söz ver, bacarmırsansa vermə”.

Rejissor Qasımın filmin son kadrlarından olan iplə tullanma səhnəsini xatırlayır: “O səhnədə iplə tullanan Əjdər özü idi, çünki hündürlük çox deyildi. Asanlıqla çəkilən səhnələrdən oldu. Düzdür, o səhnənin birinci dublunda Əjdərin ovucunu ip bir balaca zədələmişdi. İpi bərk sıxmışdı deyə əli qanayırdı. 2,  ya 3 dubla olsa da, çəkilməsi vacib olduğundan əlinin içinə ”leyokoplastr" yapışdıraraq çəkdik".

 

“Tüklü qoyun tapılmırdı”

 

Cahangir Mehdiyev: “Deməli, Bakının Əhmədli kəndində Qasıma elçi getdikləri səhnənin çəklişi idi. Kənddən bir qoyun tapdılar, boğazına qırmızı bağladılar. Həmin hissəni çəkdik, qalanı isə Şamaxıda çəkilməli idi. Gəldik Şamaxıya, tərslikdən qırxım vaxtına düşdüyündən bir dənə də tüklü qoyun tapa bilmədik. Axtarışlarımız bir nəticə vermədiyindən qərara gəldik ki, elə qırxıq qoyunlardan birini, özü də alatoranlıqda çəkək ki, hiss olunmasın. Çünki düz gəlmirdi, ilk səhnədə qoyunu tüklü çəkmişdik. Baxan tamaşaçı görəcək ki, qoyun tüklü gedir, tüksüz qayıdır. Gözləməyəcəkdik haçan qoyuna tük gəlsin. Bilmirəm, tamaşaçılar nə dərəcədə hiss edib onu, amma məcburən tüksüz qoyunu çəkməli olmuşduq”.

 

“Xoruz, cinsi kişidir, əbəs yerə banlamaz”

 

Fimin yaradıcısı daha bir maraqlı məqamı danışır: “Qasım sevdiyi qızın evinə getdiyi səhnədə də maraqlı fikir aşılanır. O Solmazın atası ilə söhbət edir. Bu vaxt xoruz uçub stolun üstünə qonur. Qasım deyir: ”Xoruz, cinsi kişidir, əbəs yerə banlamaz . Ağzını da bağlasan, qaranlığa da salsan, mütləq saat 4-də banlaycaq". Yəni kişi gərək sözü bütöv ola.

Nə qədər çalışsaq da, səhnə istədiyimiz kimi alınmırdı. Axı, xoruz dilbilməzdir, həm də bir yerdə duran deyil. Mən xoruzu götürüb iki ayağının ikisini də elə sıxdım ki, uçub gələndə ayağı keyisin, kadrdan kənara çıxmasın. Çünki burda uyğunluq öz əksini tapmalı idi. Qasımın sözləri bir növ kişi cinsindən olduğu üçün xoruzun hərəkətilə öz təsdiqini tapmalı idi. Çətinliklə də olsa xoruzu yola gətirə bildik".

Rejissor deyir ki, son səhnənin çəkilişi Şamaxıda baş tutub: “Orada Çuxuryurd adında bir göl var. Gölün üstünə taxt qoyuldu, üzərinə də də xalça salındı. Tovuzla (qucağında quzu ilə film boyu Qasımın arxasınca gəzən qız) Qasım həmin taxtın üstündə oturmalı idi. İşçilərimiz gölün üstünə, taxtın ətrafına güllər səpirdilər. Amma güllər kadrda dayanmırdı, səpən kimi su gülləri, hətta taxtı da aparırdı. Gördük ki, artıq mümkün deyil, sonradan işçilərdən bir neçəsi suyun içinə girib taxtı tutmağa çalışdı. Amma onlar kamerada görünməməli idilər. Yalnız taxtın o tərəf-bu tərəfə getməsinə imkan vermirdilər. Amma orda taxtın aşması təsadüfi oldu. Əslində yıxılma da ani baş verdi, ssenaridə yox idi. Maraqlı alındı deyə onu da filmə daxil etdik. O səhnədə göstərilən əsas odur ki, ikisi də oturub su da axır, həyatın davam etdiyini göstərir. Axan su bir ömürdür, aparır onları. Oxuyurlar və onların ən yaxın dostu gələcək papağın daşıyıcısı olan Elnur onları salamlayır”.

 

 Azadlıq.- 2014.- 24 noyabr.- S.14.