Azərbaycanlı gənclə
evlənmiş
məşhur rusiyalı aktrisa
- Faiq Həsənovla
Qalina
Polskixin faciəvi
eşq hekayəsi
Rusiyanın xalq artisti, məşhur
aktrisa Qalina Polskix bu gün 75 illik yubileyini qeyd edir. Karyerası boyunca 140-dan artıq filmdə və teleserialda
çəkilən aktrisa sovet kinosunun canlı əfsanələrindən
sayılır. “Vəhşi it Dinqo” (1962), “Mən Moskva
boyu addımlayıram” (1963), “Kölgələr günorta yox
olur” (1971),”Ailə səbəblərinə görə” (1977),
“Rusca sevmək” (1995), “Dpktor Jivaqo” (2005) və s. filmlər ona
çoxmilyonlu tamaşaçı sevgisi qazandırıb.
Oxucularımız
üçün maraqlı olacaq məqamlardan biri Qalina
Poslkixin ilk həyat yoldaşının milliyətcə azərbaycanlı
Faiq Həsənov olmasıdır.
Modern.az saytı
tanınmış aktrisanın 75 illik yubileyi ilə bağlı
onun faciəvi həyat yolunu işıqlandırır.
Qalina
Alekseyevna Polskix 1939-cu il noyabrın 27-də
Moskvada anadan olub. O demək olar ki, valideynlərini
xatırlamır. Çünki
anadan olduqdan 1 il yarım sonra başlanan
Böyük Vətən Müharibəsi onun ailəsinə
faciələr gətirib. Atası Alekey Polskix
1942-ci ildə cəbhədə həlak olur, anası isə
1947-ci ildə vərəm xəstəliyindən
dünyasını dəyişir. Yetim
qalan 10 yaşlı Viktor və 8 yaşlı Qalina da fərqli
tale yaşayırlar. Ana nənəsi
böyük nəvəsi Viktoru öz himayəsinə
götürür, balaca Qalina isə uşaq evinə verilir.
Lakin bir müddət sonra ana nənəsi
Yefrasiya Andeyevna Belarusdan gələrək qız nəvəsinə
sahib çıxır və onu uşaq evindən
götürür.
Onlar faciələrə
qədər
Polskixlər ailəsinin tam tərkibdə
yaşadığı dar mənzildə məskunlaşırlar.
Yefrasiya Andreyevna nəvəsini dolandırmaq
üçün mənzillərinin
yaxınlığındakı mağazada xadiməçi kimi
işə başlayır. Nənəsinin
hər gün çəkdiyi əziyyətə şahid olan
Qalina məktəbi bitirdikdən sonra işə başlayaraq
ona yardımçı olmaq istəyir. Lakin müdrik nənəsi
buna icazə vermir və “nə qədər ki, ayaq
üstə dayanmışam, oxu. Qalka, sən təhsil
almalısan” deyə onu işləmək fikrindən
daşındırır.
Cəlbedici xarici görünüşüə - mavi
gözlərə, sarı saçlara və şux qamətə
sahib Qalina məktəbi bitirər-bitirməz aktrisa olmaq qəarına
gəlir. O sənədlərini
Sergey Gerasimov adına Ümumrusiya Dövlət
Kinematoqrafçılar İnstitutuna verir. Birinci
turda komissiya sədri Qennadi Şpalikovun qarşısında
şeir deyən Qalina Polskix komissiya üzvlərinin rəğbətini
qazanır və instituta daxil olur. O Mixail
Rommun aktyorluq kurslarında dərs alır. Məhz bu ali tədris müəssisəsində o ilk həyat
yoldaşı olan azərbaycanlı gənclə tanış
olur.
Həmin vaxt Kinematoqrafçılar İnstitutunun
3-cü kursunda rejissorluğu oxuyan azərbaycanlı Faiq Həsənov
Qalinaya aşiq olur. Sonralar aktrisa Faiq Həsənovu belə
xatırlayacaqdı:
“Ağıllı, çox oxumuş birisi idi. Mənə
çox gözəl nəvaziş göstərirdi. Bəzən bizim binanın pilləkənlərində
yatırdı ki, səhər mənimlə birgə instituta gəlsin”.
Tezliklə Qalina da inadkar və qayğıkeş azərbaycanlıya
qarşı sevgi hisslərinin yarandığını
anlayır və hər şey sürətlə eviliyə
doğru gedir.
Qalina Polskix həmin günləri böyük xiffət hissi
ilə belə yad edir:
“Günlərin birində o özü bizə elçi gəldi
və nənəmə mənimlə evlənmək istədiyini
söylədi.
Təbii ki. Nənəm
etiraz etmədi. Nənəm bizim bir-biriməz
göstərdiyimiz nəvazişi görürüdü.
Nənəmdən razlıq alandan sonra Faiq mənim
yatmağımdan istifadə edərək barmağımın
enini ölçüb və səhəri gün 2 nişan
üzüyü ilə qayıtmışdı”.
Bi r neçə ay sonra onlar çox xudmani, lakin
çox şən keçən toy mərasimi təşkil
edirlər.
Faiq Həsənov artıq həyat yoldaşı olan Qalinadan bal ayı üçün hara səyahət
etmək istədiyin soruşanda o, “dənizə getmək istəyirəm”
deyə cavab verir. Bir gün sonra evli gənclər
artıq Qara dəniz sahilindəki Yalta şəhərinə
yollanırlar.
Azərbaycanlı rejissor həyat yoldaşının istəklərinə
xüsusi həssaslıqla yanaşır və onun
bütün istəklərini dərhal yerinə yetirirmiş. Bir dəfə
xanımının qırmızı paltar istədiyini
eşidən Faiq Həsənov növbərti gün ona
qırmızı rəngli yeni dəst paltar alıb gətirir.
“O hər
şeyi gözəl etməyi bacarırdı. Səhərlər
kofe hazırlayırdı”-deyə Qalina Polskix indi çox illər
öncəni xatırlayır.
Faiq Həsənovla
Qalina Polskixin Moskvadakı darısqal mənzili Sovet
İtitfaqının gələcək məhşurları –
musiqi-bard Vladimir Vısotski, teatr rejissoru Vasili Şukşin və
digərlərinin toplaşdığı məkana
çevrilir. Maraqlıdır ki, hələ
ümumittifaq məşhurluğu qazanmamış
Vısotksinin ilk ifalarını Faiq Həsənov öz
maqnitafonuna yazırmış.
Azərbaycanlı
gənc rejissorla rus xanımının xoşbəxtliyi
1960-cı il noyabrın 2-də İradə
adlı qız övladlarının dünyaya gəlməsi
ilə daha da möhkəmlənir.
1962-ci ildə isə 23 yaşlı Qalina Polskix “Vəhşi
it Dinqo” filmində rol alır. Sovet
tamaşaçılarının və tənqidçilərinin
rəğbətini qazanan film Polskix üçün kino
karyerasında yeni üfüqlər açır. Onu tez-tez yeni filmlərə çağırmağa
başlayırlar. Həyat
yoldaşının kinoaktrisa kimi karyera uğurları fonunda
Faiq Həsənov rejissor kimi ardıcıl uğursuzluqlara
düçar olur. Qalina Polskix xatirələrində həmin
çətin vaxtlarda ərinə dəstək olduğnu
deyir:
“İnstitutu bitirdikdən sonta mən kino çəkilişlərinə
başladım. Ərim isə iş axtarışında idi. Nənəm onu tez-tez danlayırdı. Mən
isə nənəmə deyirdim: “Faiq savadlı,
ağıllı insan olduğu üçün istədiyi
ssenari ilə film çəkmək isyətir. “Mosfilm”
isə gənc rejissorlara zəif ssenarilər təklif edirdi”.
Nəhayət
2 illik gözləntidən sonra 1967-ci ildə Faiq Həsənov
Odessa kinostudiyasından iş təklifi alır. Eyni zamanda Qalina Polskix də institut müəllimləri
Sergey Gerasimov və Tatyana Makarovanın məxsusi olaraq öz tələbəsi
üşün yazdıqları ssenari əsasında
kranlaşdırılan “Jurnalist” filminin çəkilişlərinə
dəvət alır. Lakin bu zaman onun şəxsi
həyatında ard-arda faciələr baş verir. Qalina Polskix sonarlar “Jurnalist” filmindəki çəkilişlərin
onun lənətinə çevrilməsindən şikayətlənib.
Çəkiliş meydançasına olarkən aktrisa
ilk olaraq nənəsi Yefrasiya Andreyevanın vəfat etdiyi barədə
xəbər alır. Bundan 10 gün sonra isə daha dəhşətli hadisə
baş verir: Odessada kino çəkilişlərinə
hazırlaşan Faiq Həsnovu gözlənilməz qəza
yaxalayır, onu maşın vuraraq öldürür. Nənəsinin dəfnindən yenicə qayıdan
Qalina ərinin ölüm xəbərini aldıqdan sonra dərin
sarsıntı keçirir. Həmin ağır günləri
o belə xatırlayır:
“Mən Faiqi dəlicəsinə sevirdim. Bilmirəm həmin
vaxt onu itirməyimə necə dözə bildim. Amma himayəmdə 4 yaşlı qızım var idi.
Yalnız onun gələcəyinə olan inamım mənə
güc verdi”.
Bu məqamda
haşiyəyə çıxaraq Qalina Polskixin həyatında
əsas kişi hesab etdiyi həmyerlimiz Faiq
Həsənovun tərcümyi-halına qısaca nəzər
salaq:
Faiq Həsənov 1937-ci ildə Bakı şəhərində
andan olub. Kinorejissor atası Ağarza Quliyev kimi Faiq də
rejissorluğa maraq göstərib. Məktəbi bitirdikdən
sonra Bakı Texniki İnstitutunda təhsil alan
istedadlı gənc rejissorluq arzularının arxasınca
Moskvaya – Gerasimov adına Ümumsuriya Dövlət
Kinematoqrafçılar İnstitutuna gedir və ali məktəbin
rejissorluq kurslarına daxil olur. İnstitutda onun
diplom işi “Sirr” adlı film olur. Film
pioner düşərgəsinin sakinlərinin yay gəzintisi
zamanı başlarına gələn sərgüzəştlərdən
bəhs edirdi. Təəssüf ki, 1965-ci
ildə Odessada baş verən faciə 28 yaşlı
istedadlı azərbaycanlının böyük rejissorluq
uğurları vəd edən karyerasını
yarımçıq qoyur.
6 illik evliikləri dövründə Faiq Həsənov
Qalina Polskixə Azərbaycanı sevdirə bilib. Aktirsa
çoxdan Bakıya təşrif buyurmasa da, müsahibələrində
həmişə Bakı və Azərbycan haqda, mərhum həyat
yoldaşının qohumları barədə xoş sözlər
deyir. Plova və digər mətbəx
nümunələrimizə qarşı zəifliyi olan aktrisa
Bakını öz ikinci doğma şəhəri sayır.
“Bakı mənim üçün ikinci doğma şəhərdi. Mərhum ərimin
anasını, ümumiyyətlə ailəsini çox
sevirdim. O vaxtlar tez-tez Bakıda olurduq. Orada
çoxlu qohumlarım var, bu günə qədər
danışırıq. Qaynanam vəfat
etdiyi üçün qızım İradə ilə onun qəbrini
də ziyarət etmişik.
Özüm bişirə bilməsəm də Bakıdaki
qohumlarımın bişirdiyi dolmanı və plovu çox
sevirəm. Amma bilirəm ki, bakılılar çox qonaqpərvər,
mehriban və gülərüz insanlardır”.
Faiq Həsənovun ölüümündən uzun illər
sonra Qalina Polskix mərhum azərbaycanlı ərinə sadiq
qalır və kişilərin diqqətinə
qarşılıq vermir. Lakin bir müddət sonra “Mosfilm”
kinostudiyasının baş direkotunun rejissor oğlu Aleksandr
Surinin israrlı təklifləri qarşısında geri
çəkilir və onunla ailə həyatı qurur. Ancaq bu nikah uzun çəkmir və onların ailəsi
qısa müddətdən sonra dağılır. Qalina Surinlə 2-ci evliyini öz səhvi hesab edir və
Faiq Həsənovdan sonra şəxsi həyatında
yaranmış boşluğu başqa bir kişinin doldura bilmədiyini
etiraf edir.
“O da mənə
çox gözəl nəvaziş göstəridi. Mən duruş gətirə bilmədim. Yəqin ki, həyatda darıxdığım
üçün Aleksandrla evləndim. Sonra
anladım ki, biz tamailə fərqli insanlarıq”.
Moskvanın mərkəzində yaşayan Surinin ailəsi
geniş əlaqələrə malik idi. Lakin əntiq
mebel və bahalı paltarlar, xaricdən gətirilən məhsullar
aktrisanın təbiətinə yad gəlirdi. Digər tərəfdən isə onun
qayınanası ilə münasibətləri düşmənçilik
həddinə çatmışdı.
”Mən özümü qızıl qəfəsdəki
kimi hiss edirdim.
Və yaxşı ki, hər şey belə tez
bitdi. Bu nikah əvvəl-axır bitməli
idi” deyən aktrisa uğursuzluqla bitən 2-ci evliliyi barədə
təssüflənmədən danışır.
Yeri gəlmişkən boşanma ərəfəsində
hamilə olan Qalina buna rəğmən öz qəarını
dəyişmir və ikinci ərindən ayrıldıqdan bir
neçə ay sonra Mariya adlı ikinci qız
övladını dünyaya gətirir.
Bundan sonra Qalina Polskix bir daha ərə getmir və
qızları İradə ilə Mariyanı təklikdə
böyüdür. Aktrisa bir daha ərə getməməsinin
səbəblərindən biri kimi qızlarının ona hər
maraq göstərən kişiyə qısqanclıqla
yanaşmasını da qeyd edir.
Qalina
Polskixin Faiq Həsənovla nikahdan dünyaya gətirdiyi
böyük qızı İradə Həsənova valideynlərinin
yolu ilə gedərək Gerasimov adına
Ümumrusiya Dövlət Kinematoqrafçılar İnstitutunun
kinoşünaslıq fakültəsinə daxil olub. O,
aktrisalıq sahəsində də özünü sınayaraq
“Varislər” serialında baş rollardan birini ifa edib. Hazırda İradə Həsənova “Mosfilm”də
aparıcı rejissorun aktyor kastinqi üzrə assistenti vəzifəsində
çalışır. 54 yaşlı
İradə Həsənova daha çox ikinci rejissor kimi film
çəkilişlərində iştirak edir.
Qalinanın ikinci qızı Mariya Surina isə Moskva
Xalqlar Dostluğu Universitetini bitirib. Təhsil aldığı zaman Livan
vətəndaş ilə tanış olan
Mariya onunla ailə həyatı quraraq Qalina Polskix
üçün yeganə nəvəsi – Filip Şabbonu bəxş
edib. 1992-ci ildə andan olan Filip məşhur nənəsinin
sözlərinə görə onun həyat mənbəyidir.
“İndi həyatımdakı əsas kişi nəvəm
Filipdir. Təəsüf ki, onunla az-az görüşürəm.
Qızım Livan vətəndaşı ilə evlidir.
5 yaşına qədər nəvəm
yanımda qalsa da, atası sonradan ona yaxşı təhsil vermək
üçün Beyruta aparıb. Qızım isə
Moskvada iş tapdıqdan sonra Rusiyaya qayıtdı. Qərar verdik ki, nəvəmiz atasının
yanında qalsın. Hazırda Filip Londonda
yaşayır”.
Şəxsi həyatındakı faciələr ahıl
yaşında da Qalina Polskixi rahata buraxmayıb. 2010-cu ildə
onun sevimli nəvəsi Filip Şabbo Moskvada motosiklet idarə
edərkən qəza törədib. Ağır xəsarətlər
alan Filip Şabbonun sol ayağının
1/3 hissəi amputasiya olunur. Qalina Polskix yeganə
nəvəsinin müalicəsi üçün böyük məbləğdə
vəsait toplayır. 1 illik müalicədən sonra Filip
Şabbo öz sağlamlığın tam bərpa edir və
London Universitetinin “motorların dizayner-mühəndisi”
fakültəsinə daxil olaraq, bu il oranı bitirib. Filip Şabbo xəstəxanda müalicə kursunu
bitirdikdən sonra verdiyi ilk açıqlamada “nənəsinin
həyatda onun üçün ən dəyərli insan”
olduğunu deyib.
Bu gün 75 yaşlı aktrisa tək yaşayır. Amma kino və
tamaşalarda aktiv şəkildə çəkilir və
ağır həyat yoluna baxmayaraq, bu gün də öz nikbinliyini
itirmir.
Azadlıq.- 2014.- 29-30 noyabr.- S.14.