“Qəm pəncərəsi”ndə
ən yüksək
qonorar uzunqulağa
verilib
Rejissor
Rafiq Dadaşov filmlə bağlı maraqlı hadisələri
danışır
Modern.az
saytı “Kadrarxası” layihəsini davam etdirir. Budəfəki
müsahib Azərbaycan kinematoqrafiya tarixində öz dəsti
xəttilə seçilən istedadlı rejissor Rafiq
Dadaşovdur. Onunla birlikdə “Qəm pəncərəsi”
filminin tarixini vərəqləyirik. 2 hissəli “Qəm pəncərəsi”
filmi Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf
olunub. Film “Danabaş kəndinin əhvalatları” və
“Danabaş kəndinin məktəbi” pyesinin motivləri əsasında
lentə alınıb və bu ekran əsərində görkəmli
ədib, yazıçı, dramaturqun uşaqlıq
dövrü ilə bağlı hadisələr əks olunub.
Filmi “Danabaş kəndinin əhvalatları” da
adlandırırlar. Rejissor Mərahim Fərzəlibəyov ilk
dəfə bu filmdə aktyor kimi özünü
sınayıb.
Mirzə Cəlil haqqında filmdə qəm pəncərəsindən
boylanan uşağı ön plana çəkən recissor
millətinin gələcəyi üçün
nigarançılığını göstərir. Burada
“Molla Nəsrəddin” curnalına çəkilmiş
illüstrasiya və karikaturalardan da istifadə edilib.
Filmin ssenari müəllifi və
quruluşçu recissor Anar, rejissor Rafiq Dadaşov, operator
Hüseyn Mehdiyev, quruluşçu rəssamlar Elbəy
Rzaquliyev və Rafiq Nəsirov, bəstəkar Cavanşir
Quliyev, montac Nelli Dadaşova, filmin direktoru Rimma
Abdullayevadır.
Rollarda Həsənağa Turabov, Elmira
Şabanova, Həsən Məmmədov, Nəsibə Zeynalova,
Fəxrəddin Manafov, Ruslan Nəsirov, Yaşar Nuri, Səyavuş
Aslan, Ramiz Əzizbəyli, Leyla Şıxlinskaya, Arif Quliyev və
başqaları çəkilib.
“Aktyorlar
sınaq çəkilişi olmadan seçildi”
Rafiq Dadaşov: “Anar Cəlil
Məmmədquluzadənin əsərlərindən təsirlənərək
belə bir film ərsəyə gətirdi. Ilk
olaraq bu əsər teatr səhnəsində
oynanılmışdı. Dəfələrlə səhnədə
göstərilən tamaşa artıq izləyicilər tərəfindən
də rəğbət qazanmışdı.
”Bişmiş" bir əsər olanda Anar onu
ekranlaşdırmaq istədi. Filmin əsas yükü
onun çiyinlərində idi, həm müəllif, həm də
quruluşçu recissor kimi. Filmi istehsalata buraxmaq
üçünə ədəbi ssenari işlənməli
idi. Burada isə rejissor,
operatorlar çalışdı. Müddət isə təxminən
bütün filmlərdə olduğu kimi 1 il çəkdi.
Sırf çəkiliş prosesi isə 3,5 aya
yekunlaşdı. Hazırlıq mərhələsində
aktyor və məkan seçimləri edildi, nəyi, necə
çəkəcəyimizi aydınlaşdırdıq. Hər şey
tam hazır olandan sonra artıq çəkilişlərə
start verildi.
Çəkilişlər əsasən yay
aylarında aparıldı. 1985-ci
ilin iyul ayında başlayıb oktyabr ayında bitirdik".
Rafiq Dadaşov bildirir ki, əsər dəfələrlə
səhnədə oynanıldığından filmdə rol
alacaq Həsənağa Turabov, Həsən Məmmədov, Nəsibə
Zeynalova, Yaşar Nuri, Siyavuş Aslan, Arif Quliyev və s. kimi
aktyorlar da demək olar ki, əvvəldən bəlli idi.
Onların filmdə iştirakı
üçün hər hansı sınaq çəkilişləri
aparılmadı, buna ehtiyac da yoxdu. Çünki,
onların istedadı bilinir, tanınır, özünü təsdiq
etmiş simalar idilər".
“Həsən
Məmmədov ilk dəfə bu
filmdə
kəndli rolunda çıxış edirdi”
“Anar elə bir dramaturq idi ki, onun işində səhv ola bilməzdi. Həsən Məmmədov
ilk dəfə bu filmdə saqqalı kəndli rolunda
çıxış edirdi. Mirzə Babayev, Siyavuş
Aslan, Yaşar Nuri, Arif Quliyev kimi aktyorların rolu kiçik
olsa da, onlar Anara görə bu filmdə çəkilmişdilər.
Məhz Anara görə böyük-kiçik
rol fərqi yox idi. Onlara nəyisə demək,
hansısa sınaq etmək lazım deyildi, istedadlı aktyorlar
idi deyə, sadəcə qrimlənib çəkiliş
meydançasına gedirdilər. Leyla
Şıxlinskaya o vaxt gözəl, cəlbedici olduğundan
onu da filmə dəvət etdik. Rolunun
öhdəsindən də layiqincə gəldi. Aktyor seçmək problem deyildi. O vaxtı
kinostudiyanın qaynayan vaxtı idi”.
“Uşaqları
min nəfər arasından seçdik”
Rafiq Dadaşov bildirir ki, əsas problem uşaqların
seçilməsində idi: “1985-ci ilin yanvar ayından
başlayaraq uşaqların axtarışına
çıxdım. Burda bir məsələ var
idi ki, onlar 5-15 yaş arasında 10-13 uşaq olmalı idi.
Eyni yaş qrupundan lazım olsaydı, seçmək
asan olardı. Istənilən bir sinfə
girib ordan seçə bilərdim. Lakin
yaş fərqinin olması işimizi çətinləşdirirdi.
Yanvar ayından may ayına qədər Bakının bütün məktəblərini
gəzdim. O vaxt ”Əhmədli" qəsəbəsində
yaşayırdım deyə, elə ilk olaraq ordan da
başlamışdım.
Yeni il ərəfəsində yolka
şənliklərinə gedib ordakı uşaqları nəzərdən
keçirirdim. Diqqətimi çəkən
uşaq olan kimi filmə dəvət edirdim. Məktəblərdə isə 1-ci sinifdən
tutmuş 11-ci sinfə qədər bütün şagirdlərə
baxırdım. Bu minvalla 6 ay ərzində
1000-dən çox uşağı sınaqdan keçirdik.
Fikir verilən ilk şey uşaqların
diribaş, talantlı, istedadlı olması, ən əsası
isə utancaq olmaması idi. Filmə diqqət
etsəniz görərsiniz ki, oradakı uşaqlar hazır,
“bişmiş aktyorlar” idi. Bizdə belə
fikir də yaranmışdı ki, həmin uşaqlardan ibarət
teatr da yaradaq. Amma təəssüf ki,
yalnız Ruslan Nəsirovdan (Əhməd) başqa onların
arasında sonradan bu sənəti davam etdirənlər
olmadı.
Sınaq çəkilişinə bəzən
elə uşaq gətirirdilər ki, deyirdilər “çox
istedadlıdır”, “diriuşaqdır”, amma çəkiliş
başlayanda utanıb bir tərəfə çəkilirdi. Elə uşaqlarla işləmək
üçün isə hövsələ lazım gəlirdi.
Bundan dolayı çox axtardıq, amma istədiyimiz
kimi uşaqları tapa bildik.
Çəkiliş zamanı uşaqlar
çox rahat idi. Verilən
tapşırıqları dərhal yerinə yetirirdilər.
Onlara bir şeyi dəfərlərlə deməyə
ehtiyac yox idi. Baş roldakı
uşaq-Ruslan Nəsirova 100 manat qonarar verildi. Həmin
uşaq “Ağ atlı oğlan”, “Asif, Vasif, Ağasif”, “Qüdsi” və s.
kimi filmlərdə də rol alıb. Rol
baxımından digər uşaqların aldığı
qonarar nisbətən az oldu".
Rafiq dadaşov deyir ki, film əsasən Cəfər
Cabbarlı adına kinostudiyanın pavilyonunda, Bakının
Digah kəndində, Içərişəhərdə, təbiət
çəkilişləri isə əsasən
Şamaxının Zarat kəndində, Qobustanda,
Qaraçı karvansarasında, Lahıcda
ekranlaşdırılıb. Məscid səhnəsi
Digahda lentə alınmışdı. Mirzə
Cəlilin evi, məktəb və Əhmədin ölüm səhnəsi
pavilyonda, qəbristanlıq Qobustanda “Dəvə Piri”ndə
çəkilib.
Rejissor bildirir ki, sovet dönəmi
olmasına baxmayaraq filmdəki məscid səhnələri,
dua oxunması hər hansı narazılıqla
qarşılanmayıb. “Çünki, burda əsas
prinsip nadanlığın göstərilməsi idi”.
“Kimsə
çəkiliş üçün aldığmız
qoz-fındığı oğurlamışdı”
Rafiq Dadaşov: “Filmdə cərəyan edən hadisələr
sırf əsərdən qaynaqlandığından çəkilən,
lakin efirə getməyən kadrlar olmadı. Həmçinin
improvizələr də yox dərəcəsində idi. Çünki, Anar dəqiq insandır. Bütün kollektiv çox mehriban idi, burada
sözünü demiş insanlar toplaşmışdı.
Həmçinin Anarın özünə olan rəğbətdən
dolayı da aktyorlar hər bir şeyə diqqətlə
yanaşırdılar. Ədib həmçinin
bütün çəkiliş prosesində aktyorlarla birlikdə
çəkiliş meydançasında olurdu”.
Onun sözlərinə görə,
Siyavuş Asalanın baqqaldan qənd aldığı səhnə
kinostudiyanın pavilyonunda çəkilib. “Orda bir narazılıq da oldu. Belə
ki, real olsun deyə, bazardan xeyli qoz-fındıq
götürmüşdük. Səhnələri
çəkdik, günü tamamaldıq. Səhərisi
günü gələndə gördük ki, qoz-fındıq
yoxdur, kimsə oğurlayıb. Kimin etdiyini tapmadıq,
heç axtarmadıq da, baxmayaraq ki, həmin məhsulu təhvil
verməli idik. Bəzən 1-2 günlük işləməyə
gələnlər bütün qruppanın adına
xələl gətirəcək işlər
görürdü”.
“...uzunqulaq
tapmaq problem idi”
Filmdə əsas çətinlik
uzunqulaqla bağlı olub. Rejissor
bildirir ki, uzunqulağın müxtəlif obyektlərdə
çəkilməsi üçün çətinliklərlə
üzləşiblər.
Rafiq Dadaşov: “Belə ki, uzunqulaq 5 yerdə çəkilib.
Pavilyonda, Qobustanda, Karvansarayda, Zaratda, Lahıcda. Bu əsl problem idi. Çünki,
uzunqulağı bir yerdən başqa yerə aparmaq, eyni zamanda
bir-birinə oxşar uzunqulaqlar tapmaq çətin idi. Ölçüləri, rəngləri mütləq
tutuşmalı idi. Həm də əkin-biçin
vaxtına düşdüyündən heç kim
öz heyvanını vermək istəmirdi.
Elə oldu ki, uzunqulağı pavilyonda
çəkdik, sonra onu avtomobilə qoyub Qobustana apardıq. Heyvanı maşına mindirib-düşürtmək
özü çətin idi. Bunun
üçün 7-8 nəfər səfərbər olurduq.
Təsəvvür edin ki, aktyorlar
hazılaşıb uzunqulağı gözləyirdilər ki,
bu nə vaxt gələcək. At
deyildi ki, deyəsən ki, özü çapıb ünvana
çatacaq. Burda çəkilişləri
bitirib Lahıca getdik. Orda da
uzunqulağı tapmaq xeyli vaxtımızı aldı".
Gülməli səslənsə də, rejissor uzunqulağın
aktyorlardan baha başa gəldiyini söyləyir: “Bir az
gülməli də olsa, qonorar olaraq aktyorlara gündəlik 7
manat verildiyi halda, uzunqulağa 10 manat verilirdi. Həm
də o uzunqulaq ki, min bir əziyyətlə
tapılırdı”.
Kinorejissor bildirir ki, daha bir çətinlik kütləvi
səhnələrin çəkilişi zamanı
müşahidə olunub: “Çünki, Zarat kiçik kənd
idi, yollar bərbad olduğundan çəkiliş aparmaq da
çətin idi. Bir epizod üçün
saatlarla çalışmalı olurduq. Kütləvi
səhnələrdə kənd camaatı da iştirak edib”.
“Vaqif İbrahimoğluna
dedik ki,
eşşək gələnə qədər, gəl səni çəkək”
Rafiq Dadaşov: “Artıq filmin müəyyən hissələri
çəkilmişdi. Zaratda təbiət səhnələrinin
çəkilişləri idi. Səhər
tezdən saat 7-də başlayıb ta axşama qədər
davam etdirirdik. Yollar çox bərbad, evlər
də daş evlər idi. Lazım olanda 10
kilometrlik yolu biz 1 saata gedib çıxırdıq. Nəysə, orda çətinliklə Bakıda
çəkdiyimiz uzunqulağa bənzər birini tapdıq”.
O, uzunqulaqla bağlı daha maraqlı bir məqamı
bölüşüb: “Xudayar bəy (Vaqif İbrahimoğlu),
Məmmədhəsən (Həsən Məmmədov) və
uzunqulağın birgə səhnəsi çəkilirdi. Aktyorların hər ikisi hazır idi. Oturub uzunqulağı gözləyirdilər. Birdən Vaqifə dedilər ki, gəl eşşək
gələnə qədər səni çəkək.
Vaqif dedi ki, məni ələ salırsız, eşşəyin
yerinə məni çəkirsiz.
Lahıcda çəkilişləri
bitirib Şamaxıdakı keçidləri çəkmək
üçün ora yollandıq. Yenə
də çətinliklə də olsa həmin uzunqulağa bənzər
birini tapdıq. Əsasən gecə
çəkilişləri olmasına baxmayaraq, qaranlıqla
bağlı heç bir narahatlıq yox idi. Uzunqulaq heyvan olsa da, çox yerdə görünməsə
də əsas obrazlardan olduğundan onu gözləməyə
məcbur idik".
Rejissorun sözlərinə görə, Fəxrəddin
Manafaovla uşaqların birgə səhnəsi Zaratda lentə
alınıb: “Həmin səhnədə heç bir çətinlik
olmadı. Çünki, onlar hamısı həm
sərbəst uşaqlar idi, həm də Fəxrəddinlə
yaxşı dil tapırdılar. Aralarında 2-3 uşaq
vardı ki, yerində dayanmırdı, ”qaynayırdı",
böyük aktyorlar kimi çıxış edirdilər. Həmin səhnənin çəkilişi
üçün 3 gün vaxt ayrılmışdı. Uşaqları çəkdik, hər şey
planlaşdırıldığı kimi getdi və onlar yenidən
Bakıya qayıtdılar. Az müddət
olduğu üçün evlərindən ötrü
darıxmaq, ağlmaq kimi problemlərimiz olmadı.
Filmin
mahiyyəti nadanlığın ifşasıdır
Hazılıq prosesində bütün
obyektlər, çəkiliş müddəti hamısı
qeyd olunduğundan bu baxımdan heç bir çətinliyimiz
də yox idi. Planlaşdırıldığı
kimi iyulda başladı, oktyabrda da bitdi.
Yol ayrıcında iki
uşaqdan biri məktəbə, digəri isə
nadanlığa gedir. O səhnə Mərəzədə
lentə alınmışdı. İnsanların toplaşıb “Xudaya, bizə
yağış” deyərək dua etməsi, İsgəndərin məsciddə
fransızca şeir deyib insanlardan ağlamalarını tələb
etməsi də cahilliyin geniş vüsət aldığı
zamanı tənqid edirdi. “Ə, niyə ağlamırsız?”
Kəndlilərdən birinin “axı biz sən deyəni
başa düşmürük” deməsi ilə İsgəndərin cavab verməsi də bir
olur: “Molla ərəbcə oxuyanda başa düşüb
ağlayırdız?
Ədibin filmdə əxz
etmək istədiyi əsas məsələ də məhz bu
idi: cahilliyin, nadanlığın ifşası".
Azadlıq.- 2014.- 13 oktyabr.- S.14.