Flora Kərimova
“Qaloş”dan niyə qorxub? .
Xalq
artisti «Qanun naminə» filminin
kadrarxası maraqlı məqamlarından danışır
Modern.az saytının “Kadrarxası” layihəsində Azərbaycanın
xalq artisti, təkrarsız səs sahibi Flora Kərimova “Qanun
naminə” filminin maraqlı məqamlarından
danışır. “Qanun naminə” filmi 1968-ci ildə
Süleyman Rəhimovun “Mehman” povestinin motivləri əsasında
lentə alınıb. Ekran əsərindəki
hadisələr 1930-cu illərdə Azərbaycan kəndində
cərəyan edir. O vaxt hüquq-mühafizə
orqanlarında baş verən özbaşınalıqlar əsərin
baş qəhrəmanı Mehmanın timsalında ifşa
olunur. O, vəzifəsinin qanuniliyi naminə öz həyatını
qurban verir.
Filmin ssenari müəllifi və
quruluşçu rejissor Muxtar Dadaşov, quruluşçu
operator Əlihüseyn Hüseynov, quruluşçu rəssam Cəbrayıl
Əzimovdur.
Rollarda Bimbolat Vatayev, Flora Kərimova, Adil İsgəndərov,
Rza Təhmasib, Nəcibə Məlikova, Hacıbaba
Bağırov, Əliağa Ağayev, Nəsibə Zeynalova,
Muxtar Manıyev, Ceyhun Mirzəyev və başqaları çəkilib.
“Balış”a
dəvət edib “Züleyxa” roluna təsdiq etdilər"
Flora Kərimova: “O vaxt rejissor Sultan Dadaşov məni ”Leyli və Məcnun" operasında
Leyli roluna dəvət etmişdi. Həm xarici
görünüşüm, həm də yaşım Leylinin
yaşına uyğun idi. Sultan müəllim
məlumatlıydı ki, mən muğamı yaxşı
bilmirəm, çünki mən muğamı təzə
öyrənirdim. İlk dəfə Arif Babayev oxuyanda mən şeir
dedim. Muxtar Dadaşov şam səhnəsindəki
şeir demə qabiliyyətimi bəyənmişdi deyə, məni
“Qanun naminə” filminə dəvət etdilər, özü də
“Balış” roluna. Mənə belə
dedilər. O vaxt yoldaşım Yaponiyada idi deyə,
bildirdim ki, məsləhətləşməmiş bir söz
deyə bilmərəm. Nə isə
yoldaşıma zəng vurub məsələni ona bildirəndə
ki, belə bir təklif var, etiraz etmədi. Mən də çəkilişə getdim. Mənə dedilər ki, Balış kiçik
roldur, uzağı bir gün vaxtını alacaq.
Nəsə mən də buna aldandım,
etiraz etmədim. Sən demə bu vaxt mənə
“Balış” deyil, “Züleyxa”nın
sözlərini veriblər. Beləcə Bimbolat
Vatayevlə (Mehman) birlikdə sınaq çəkilişində
olduq. Bir müddət sonra məni
kinostudiyaya çağırdılar. Həyətdə
rəhmətlik Həsən Seyidbəylini gördüm. Mən onun gözünün qabağında
böyümüşdüm. Biz Lermontov
küçəsində qonşu evlərdə
yaşayırdıq. Elə
uşaqlıqdan məni “qızım” deyə
çağırırdı. Görüşəndə
məni Züleyxa roluna təsdiq olunmağım münasibətilə
təbrik etdi. Doğrusu o vaxt gəncliyin gətirdiyi
şıltaqlıqdan irəli gələn bir şey olsa da, nə
“Balış”ı istəyirdim, nə də “Züleyxa”nı. Mənim üçün
fərqi yox idi. Yəni o vaxt bunu dərk
etmirdim, əslində bir çoxlarının fərəhlə,
qürurla qarşılaya biləcəyi bu xəbərə
çox biganə yanaşdım, içimdə sevinc hissi
yaranmadı, adi bir şəkildə studiyaya daxil oldum".
Flora Kərimova
filmə çəkilməyi bir şərtlə qəbul edir
Flora Kərimova deyir ki, çəkilişlər
başlayanda yoldaşı Bakıda olmadığına
görə, şərt kəsib ki, onunla bağlı
bütün səhnələr Bakıda çəkiləcək:
“Dedim ki, burda çəkirsinizsə, çəkin. Beləcə razılığa gəldik. Mənim
iştirak etdiyim bütün səhnələr Xırdalanda və
Cəfər Cabbarlı adına
kinostudiyanın pavilyonunda reallaşdırıldı. Deməli Xırdalanda bir həyət evi tapdılar,
hansı ki, ora Mehmangilin evi olmalıydı. Gələn qonaqların aş qazanları ilə
birgə Mehman və anası tərəfindən evdən
qovulması da o evdə lentə alınıb. O səhnədəki
kəndliləri canlandıranların yarısı Dram
Teatrının, yarısı isə Operettanın aktyorları
idi. Qazanda doğrudan da yeməklər yox idi.
Samovarı oda qoyub, odu qalamışdılar,
amma qazanlar boş idi.
Filmin ilk kadrlarında Mehmanla
Züleyxanın zarafatı, öz qaynanasına “siz
olmasaydınız, biz rahat yaşayardıq” deməsi
kinostudiyanın pavilyonunda
ekranlaşdırılmışdı.
Təəssüf doğuran məqam ondan
ibarət idi ki, o zaman mən kimlərlə çəkildiyimin
fərqində deyildim, dərk etmirdim. Rus məktəbini
bitimişdim deyə, Tanrının mənə o cür
möhtəşəm insanlarla bir səhənəni
paylaşmaq şansı verdiyinin fərqində deyildim. Bu mənim taleyimdə bir naxış idi, amma təəssüf
ki, bunu sonradan anladım. Mən bu filmə
çəkiləndə insanlıq dərsi keçdim. Məhz həmin kollektivdə mərdlik, kişilik,
centlmenlik xüsusiyyətlərini gördüm.
Bir gün avtobusla çəkiliş
meydanına gedirdik. Filmdə rol alan
Mustafa Mərdanovla (müstəntiq Murtuz Murtuzov) Rza Təhmasib
(Qaloş) söhbət edirdilər. Söhbətin mövzusu
isə yüngül həyat tərzi keçirən, tanış, ciddi olmayan bir qadın idi. Amma
inanın hər iki insan əsl kişi
xarakterinə uyğun olaraq o qadın haqqında o qədər
hörmətlə danışırdılar ki.
Rəhmətlik Nəcibə Məlikova, Hacıbaba
Bağırov, Əliağa Ağayev, Sədayə Mustafayeva,
Muxtar Manıyev və başqaları hərəsi bir aləm
idi. Nəsibə xanım isə ustad idi, onun
haqqında nəsə demək artıqdır, o illərə
öz möhürünü vurub. Orda səhnələrin
birində qadın üzümü təmizləməli idi.
Özümü öldürürdüm ki, nə
badə sap üzümə dəyməsin. Xanım elə ustalıqla oynadı ki, filmə nə
qədər baxdımsa, sapın üzümə dəymədiyini
özüm də hiss etmədim".
“Rza Təhmasibin
baxışları məni qorxutmuşdu”
Flora Kərimova bildirir ki, Mehmanla Züleyxanın
zarafatlaşan zaman otaq şüşəsinin qəfildən
sınması və Qaloşun qırıq şüşədən
onları izləməsi səhnəsi kinostudiyanın
pavilyonunda ekranlaşdırılıb: “O an məni vahimə
basmışdı. Inanın, bir neçə
gün o qorxunun təsirindən çıxa bilmirdim.
Çəkiliş getdiyini, Qaloşu oynayanın Rza Təhmasib,
hər gün salamlaşdığım adam
olduğunu bildiyim halda qorxmuşdum. Məndə
xof yaranmışdı. Rza Təhmasib orda
o qədər real oynayırdı, elə zəhmli
baxışı vardı ki, həqiqətən filmə
çəkildiyimi unutmuşdum. Bu aktyorun
qüdrətindən irəli gələn bir şey idi,
sözlə ifadə ediləsi deyil”.
Filmə Absalamın (Ceyhun Mirzəyev)
ağlaya-ağlaya gəlib Balışın (K.Sədiyeva)
asıldığını xəbər verməsi səhnəsinin
çəkilməsilə start verildi. Mən də
həmin epizodda var idim. Ömründə bərbərxanaya
gedən, öz nazımla oynayan adam
deyildim. Sırf bu səhnə üçün
bərbərxanaya getdim, saçımı düzəltdirdim.
Yadımdan çıxıb ki, filmdə kənd
mühiti təsvir olunur, Züleyxa da kənd
qızıdır. Qəşəng bir
“priçoska” elətdirib üstündən də kəlağayı
örtüb gəldim çəkilişə. Rejissor
Muxtar Dadaşov xətrimə dəyməsə də, dedi ki,
qızım siz kənddəsiz, kəndə qaynayıb
qarışmalısınız. Dedim, Muxtar müəllim, nə
olar kənddəyik, axı mən şəhərdən gəlmişəm.
Yenə də bir söz demədi, elə o
“priçoska” ilə məni çəkdilər.
Mən bunun film olduğunu unutduğumdan
xüsusilə iki səhnədə çox ağlamışdım. Bir
Absalamın ağlamasına, bir də Mehmanın meşədə
öldürüldüyü səhnədə çox təsirlənmişdim,
elə içdən yanaraq ağlayırdım ki... Mehmanın öldürüldüyü səhnə
rayonlardan birindəki meşədə çəkilmişdi".
“Mehman”la
“Balış” real həyatda sevgili idi
Flora xanımın sözlərinə görə,
Mehmanla Balış real həyatda sevgili idilər: “Məni
Züleyxa roluna təsdiq edəndə Bimbolat Vatayevin istəyi
üzərinə Balış roluna həmin xanımı
çağırdılar. Mən ümumiyyətlə
heç nəyin fərqində deyildim.
Bizim yazıçılardan, həmçinin
o əsərdən belə, mənim xəbərim yox idi. Tanıdığım bircə Həsən Seyidbəyli
idi. Onu da həm qonşu olduğundan, həm
də “Uzaq sahillərdə” filmindən
tanımışdım. SSRI-nin
adlı-sanlı tanınmışlarını isə
bilmirdim. Kimdir Züleyxa, nə cür film çəkilir,
kimlərlə çəkilirəm - mən bütün
bunların fərqində belə, deyildim. Mənim
yerimə başqası olsaydı, fəxr edərdi ki,
Balış roluna görə çağırıblar,
Züleyxaya çəkiblər. Əsla
yox, o hislər məndən tamamilə uzaqda olub, elə indi də
uzaqdadır. Tənbəl idim, çəkilişə
demək olar ki həvəssiz gedirdim.
Filmdə nə çəkildisə
hamısı efirə getdi. Kəsilən,
çıxarılan kadrlar olduğunu xatırlamıram".
“Muxtar
Dadaşov peşman oldu”
Flora Kərimovanın sözlərinə görə,
filmdən sonra Muxtar Dadaşov peşmanlıq hissi keçirib
ki, ona oxumaq üçün mahnı verməyib: “Bununla
bağlı dedi ki, çox heyf, səni filmdə oxumağa
qoymadım. Buna qədər heç özüm
də maraqlanmamışdım ki, niyə mənə mahnı
verilmədi. Elə söhbət
açılanda soruşdum. Muxtar müəllim cavab verdi ki, istədim sən filmdə aktrisa kimi
çəkiləsən, amma indi təəssüflənirəm. Həmin vaxt Azərbaycanda
filmə çəkilən birinci müğənni idim.
Məndən sonra Ruhəngiz Musəvi də filmə
çəkildi və çox da uğurlu alındı. Filmə çəkiləndə müğənnilik
yadıma da düşmürdü.
Mənim bütün istedadım şeir
deməyimdə idi, çünki, əruz vəzni mənim
qanımdadır. Buna görə də,
çəkiliş zamanı hansısa improvizə etmək mənlik
deyildi. Rejissor “Leyli və Məcnun”dakı
şeir səhnəsinə uyğun olaraq pilləkənlərdə
dediyim şeir səhnəsini yaratdı, mənim
istedadımı o şeirlə açdı.
Şəhərin mərkəzində bir
bina vardı, indi sökülüb artıq. Onun da dairəvi pilləkəni vardı. O səhnənin
çəkilişində hazırlıq prosesi başa
çatana qədər qonşular məni evində qonaq etdi,
süfrə açdı, çay verdilər. Hansı
ki, həmin səhnədə Züleyxa Mehmana aşiqanə
şeir deyirdi.
Belə şeylərdə gözüm yox
idi deyə, mənim ruh yüksəkliyim, belə bir filmə
çəkilmək kimi şövqüm də yox idi. Baxmayaraq ki, həmin vaxt adlı-sanlı, tanınan
bir müğənni idim. Bunları hiss etmirdim deyə, əlavə
suallarım da olmurdu. Heç kimin, xüsusilə
rejissorun işinə qarışmırdım, təbii
qarışmağa ixtiyarım da yox idi. O dövrdə
Adil İsgəndərov kinostudiyanın rəhbəri idi. Mən
onun timsalında hər şeydən dərs alan,
əsl kişi xasiyyətini özündə birləşdirən
bir insanı kəşf etmişdim.
Adətən deyirlər ki, hər
hansı film çəkilişində aktyorlar bir-birilə
dalaşır, çəkişirlər. Bizim kollektivdə belə şeylər olmayıb.
Çox mülayim bir kollektivimiz vardı,
bir-birimizə qarşı çox sayğılı idik.
Kollektivin ən kiçik üzvüydüm deyə,
mənə qarşı çox diqqətli idilər".
“Hamam səhnəsində
2-3 çimərlik paltarı geyindim”
Flora Kərimova deyir ki, hamam səhnəsi İçərişəhərdəki
hamamda lentə alınıb: “O səhnənin çəkilişində
çox utandım. O epizoddakı geyimimə görə
çəkinirdim deyə, üstümə atdığım
fitənin altından 2-3 dənə çimərlik paltarı
geyinmişdim. Çox məzəli olmasına
baxmayaraq, düşüncəm bu idi. Hamamda
su şır-şır axır, qadınlarla birlikdə həmin
səhnəmiz çəkilirdi.
Mənim üçünsə fövqaladə
bir şey yox idi. Çünki, fövqəladəliyini,
mənim üçün nə qədər önəmli
olduğunu başa düşmürdüm. İllər keçəndən sonra oturub
düşünəndə, ətrafdan eşidəndə ki,
filmdə çəkilən birinci müğənniyəm,
hansısa anları hətta qızım mənə
danışanda anladım ki, bu filmdə rol almaq doğurdan da
fövqəladə bir şey olub. Mən
bu insanların, nəhənglərin simasında
özünütəsdiq dərsi keçdim".
“Züleyxanın
gecə köynəyində qaçdığı səhnəni
oynamaqdan imtina etdim”
Flora Kərimova deyir ki, Züleyxanın saat ətrafında
qaçdığı səhnədən imtina edib:
“Çünki, gecə paltarında çəkilməkdən
utanırdım. Baxmayaraq ki, anam mənə istədiyim
kimi, hətta dekolitə geyinməyə də icazə verirdi.
Mən kəskin şəkildə ”tamaşaçılar
nə düşünər" düşüncəsiylə
həmin səhnəyə çəkilməkdən imtina
etdim. Hətta özüm öz sərtliyimə
məəttəl qalmışdım. Amma
o vaxt anlamadım ki, onsuz da məni biləcəklər, kimin
çəkilməsindən asılı olmayaraq.
Epizodların birində Züleyxanın
boynundakı qızıla görə ər-arvad arasında
mübahisə yaranır. Ordakı
hər şey təbii idi. Mehman
qışqırdığı yerdə hər şey mexaniki
baş verdi. Çünki
heç nəyi dəqiqliyilə bilmirdim. Mehman
qışqıranda mən mexaniki olaraq pəncərəni
bağladım ki, qonşular səsi eşitməsinlər.
Özü də o anda doğurdan da
diksinmişdim. Mən
düşünmürdüm ki, film çəkilir. Bir fikirləşdiyim o idi ki, ətrafda hamı bizi
eşidir. Deyərlər evdə
qışqırırlar.
Nəsə qəribəliyim vardı mənim.
Onu da deyim ki, bu filmdə mənə 4 min
rubl yazdılar, onu da kimsəsizlər evinə
köçürdüm, vəssalam".
Azadlıq.- 2014.- 20 oktyabr.- S.14.