“7 oğul istərəm”də Hamlet
Xanızadənin ürəyi niyə gedib?
Filmin kadrarxasında baş verənlər
barədə «7 oğul»dan biri olan Cəlal danışır
Modern.az saytı
“Kadrarxası” layihəsini davam etdirir. Bu həftəki qonaq illərdən
bəri maraqla izlənilən “7 oğul istərəm” filminin
7 oğlundan biri - Cəlalı oynayan əməkdar artist
Ənvər Həsənovdur. Arayış: Ənvər Həsənov 1950-ci il
avqustun 17-də Bakı şəhərində anadan olub. 1965-ci ildə Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Adil İsgəndərovun
açdığı kino aktyoru kursuna daxil olan Ə.Həsənov
oranı 1969-cu ildə bitirib. 1969-1973-cü illərdə
M.A.Əliyev adına ADII-nun kino və dram aktyorluğu fakültəsində
təhsil alıb. 1965-ci ildən “Azərbaycanfilm”
kinostudiyasında çalışır.
“7 oğul istərəm” filmi xalq şairi Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında ekranlaşdırılıb. Əsas ideyası gənc inqilabçıların əzmkarlığı, qələbəyə olan inamı və bu inam uğrunda mübarizəsindən bəhs edir. Filmin yaradıcılarına Azərbaycan Komsomolu mükafatı verilib.
Filmin ssenari müəllifi Yusif Səmədoğlu, quruluşçu rejissor Tofiq Tağızadə, qurluşçu operator Rasim İsmayılov, rəssam Nadir Zeynalov, bəstəkar Xəyyam Mirzəzadə, filmin direktoru Davud Zöhrabovdur.
Rollarda Həsən Məmmədov, Əsgər İbrahimov, Əbdül Mahmudov, Şahmar Ələkbərov, Rafiq Əzimov, Elçin Məmmədov, Ələsgər İbrahimov, Həsənağa Turabov, Məhluqə Sadıqova, Hamlet Xanızadə, Zemfira İsmayılova, Məmmədrza Şeyxzamanov və başqaları çəkilib.
Filmin çəkilişinə
start veriləndə
səbəbi
bilinmədən rejissor dəyişdi
Ənvər Həsənov: “1969-cu ildə 19 yaşında gənc bir oğlan idim. Hamı kimi mən də Cəfər Cabbarlı adına kinostudiyada işləyirdim. Burada həm aktyor kimi, həm də rejissor köməkçisi kimi çalışırdım. Bu ərəfədə eşitdim ki, ”7 oğul istərəm" adlı film çəkilir. Və filmə məni də dəvət etdilər. O vaxt qəribə bir situasiya yaranmışdı. Filmin bütün çəkiliş heyəti təsdiq olunmuşdu, bircə Cəlal rolundan başqa. İlk vaxtlar rejissor kimi Kamil Rüstəmbəyov təsdiq olunmuşdu, amma səbəbini bilməsəm də, film çəkilməyə başlayanda rejissor Tofiq Tağızadə oldu.
Yeddi oğulu oynayan aktyorlardan 6 nəfəri artıq sınaq çəkilişlərindən keçmişdi, nəhayətdə mən dəvət olundum. Bədii Şura mənim sınaq çəkilişimi qiymətləndirərək təsdiq etdi. Beləcə “7 oğul istərəm” filmi start götürdü. Mənim bu filmdə rol almağım əlbəttə ki, Tofiq Tağızadənin adı ilə bağlıdır, çünki ilk dəvət ondan gəlib".
“Həsənağa
Turabov atdan yaman qorxurdu”
Aktyor bildirir ki, film əsasən Bakıətrafında-
Qobustan, Buzovna, Mərdəkan, Şağan, Şüvəlan
Fatmayıda və Cəfər Cabbarlı adına kinostudiyanın
pavilyonunda ekranlaşdırılıb: “Hazırlıq mərhələsində
film üçün məkanlar müəyyən olunmuşdu.
Tarixi film olduğuna görə, bilirdik ki, bizi çətinliklər
gözləyir. İlk
növbədə at məşqləri başladı. Onu deyim ki, buna qədər mən
artıq at minməyi bilirdim. Məlumdur ki, hər
aktyor at sürə bilmir. Ona görə də
baş rolların ifaçılarına şərait
yaradıldı, 2 aya yaxın təlim keçirildi. Hamımız at sürmə vərdişinə yiyələndik.
Bu zaman bircə atdan qorxmaq problemi vardı.
Allah rəhmət eləsin, Əsgər İbrahimov
(Zalımoğlu) və Həsənağa Turabovun (Gəray bəy) at qorxusu
vardı. Bütün bunlara baxmayaraq, hər
şey məharətlə, ustalıqla yerinə yetirildi”.
“At məni əlim-qolum bağlı
halda uçuruma aparırdı”
Ənvər
Həsənov: “Qobustanda Cəlalın ölüm sənəsi
çəkilirdi. Mənim əl-ayağımı
bağlayıb atın üstünə atdılar. Guya ki, at Cəlalı Bəxtiyargilin yanına,
öz məkanına gətirir. Kələntər (İsmayıl
Osmanlı) ”Hamam-hamam içində, xəlbir
saman içində ..." deyərək ata qırmanc
çalır.
Qobustanda çoxlu yaşıl rəngdə kərtənkələlər
vardı. Çox nadir heyvandır, ancaq orda görmək olar.
Deməli at 10-15 metr yeriyəndən sonra bu kərtənkələnimi
gördü, ya nədənsə hürkdü. At çox ürkək heyvan olduğundan hər
şeyə həssas yanaşır. Hər
sözümə qulaq asan at bu dəfə eşitmədi, məni
götürüb qaçmağa başladı. Baxmayaraq ki, mahir at sürən idim, əlim-ayağım
bağlı olduğundan heç nə edə bilmirdim. Gördüm yox eyy, at məni saymır. Qarşıya baxanda 20 metrlikdə uçurum
gördüm. Fikirləşdim ki, artıq
bitdi. Gözümü yumub Allaha dua etməyə
başladım. Dua edirdim ki, bir də
gördüm kimsə özünü atın qabağına
atdı, boynundan sallandı. O, kinostudiyda işıq
ustası işləyən Akif Məmmədzadə idi. Daha
çox gündüz çəkilişləri ediridk deyə,
işıqdan az istifadə olunurdu. Akifin də
işi az olduğundan özü
üçün gəzişirdi. Cüssəli
biri idi. Uzaqdan belə bir hadisənin
baş verdiyini görəndə tez özünü yetirdi.
Həmin vaxt sənət dostlarım atı
saxlayıb məni xilas etdilər. Bu
gün sağamsa, bunu Akifə borcluyam.
Nə isə,
məni yerə endirdlər, hər şey sakitləşən
kimi dedim ki, Tofiq müəllim, 2-ci dublu çəkək?
Tofiq müəllim dedi ki, mən nə özümdən, nə
aktyordan keçmişəm. Mən bu dublu bir
daha çəkməyəcəm.
Filmdə Cəlal ölü halda atın belində
göstərilir, ardınca at həyətə girir. Haqqında
danışdığım həmin səhnə filmə daxil
edilmədi.
Biz o qədər obraza girmişdik ki, belə şeylərə
fikir vermirdik.
Bütün belə təhlükəli səhnələri
özümüz oynayırdıq. Kaskadyorlardan
demək olar ki, çox az istifadə edilirdi".
Aktyor
deyir ki, Səməd Vurğun yaradıcılığı
onun üçün çox maraqlıdır, xalq şairinin
özü isə onun üçün ideal dramaturqdur: “Filmdə
Peykanlı adının çox çəkilməsi Səməd
Vurğunun adı ilə bağlıdır. Allah
ona rəhmət eləsin. Bu ssenari
bütünlüklə Qazax mahalı ilə
bağlıdır. Əsərdə cərəyan
edən hadisələr Qazax-Ağstafa zonasında baş verir.
Filmdə də bu yerlərin adı qorunub
saxlanılıb. Mən belə
düşünürəm ki, şair Cəlala özü kimi
baxıb, öz istədiklərini onun simasında
canlandırıb. Bu mənim şəxsi
mülahizəmdir. Yuxarı Salahlı, Qırmızı
Körpü adları da bu filmdə əhatə olunub”.
“Atılan qəlpə bir nəfərin
gözünü kor etdi”
Əməkdar artistin söylədiyinə görə,
filmdə göstərilən qəbristanlıq qurulmuş səhnə
olub. Atışma, partlayışla müşayiət
edilən səhnələr olduğundan bunları real qəbristanlıqda
etmək istəməyiblər.
Ənvər
Həsənov: “Biz ölülülərimizə hörmətsizlik
edə bilməzdik. Hamımız müsəlmanıq,
baxmayaraq ki, çox sayda məzarlıq vardı, amma
ölülərimizin ruhunu incitmək istəmədik. Buna görə də baş rəssam Nadir Zeynalov
yaradıcı heyətlə qərar gəldilər ki, qəbristanlıq
səhnəsi kənar bir yerdə qurulsun. Məkan
olaraq Qobustan seçildi. Gəray bəyin düşərgəsini
Qobustanda çəkmişdik deyə, elə qərara gəldik
ki, qəbristanlığı da həmin yerdə çəkək.
Orda biz rahatca güllə də atdıq, atla
çapdıq da, partlayış da etdik.
Atışma səhnələrinin çəkilişi
çox təhlükəli idi. O vaxt bizim istedadlı pirotexniklərimiz
vardı. Bütün döyüş səhnələri
onların əməyi sayəsində
reallaşdırılırdı. Aktyorlara 7 metrdən az olmamaq şərtilə güllə
atmağa icazə verilirdi. Partlayışlar,
ard-arda silahların açılması çox təhlükəli
idi. Yadıma gəlir ki, atılan qəlpələrdən
biri bir nəfərin gözünə dəydi. O adam bir gözünü itirdi. Mən
silah səhnəsinin məşqi zamanı Qobustanın məşhur
sakini kərtənkələyə atəş açdım.
3-4 metrlikən açılan güllədən
sonra heyvanın yaş yeri qaldı. Təsəvvür
edin ki, çox çətin idi. Aktyor
çılğın olanda məsafəyə belə, bəzən
fikir vermirdi. Yadımdadır, hətta
çəkiliş qrupunda olan Kamil müəllimin də
gözünə qəlpə dəyərək zədələmişdi.
Filmin ilk səhnələri Fatmayı kəndində
çəkilib. Məscid səhnəsi, Bəxtiyarın
camaatla söhbətləşməsi, eyni zamanda Cəllala
Humayın görüş səhnəsi də həmin kənddə
lentə alınıb. Kəndə
çatmamış dağlar ətəyində bir göl
vardı, hazırda o göl quruyub. Bu
yaxınlarda xatirələri canlandırmaq üçün o
yerlərə getmişdim, amma gördüm ki, həmin göl
yoxdur.
Cəlalın ölümünən sonra qalan “6
oğulun” çıraq başında şeir deməsi
kinostudiyanın pavilyonunda çəkilib. Nadir Zeynalovun
yaratdığı səhnə idi.
Mən 1965-ci ildən “Azərbaycanfilm” kinostuidyasında
çalışıram. Bu vaxta qədər
irili-xırdlı 70 filmdə işləmişəm. Bu filmlərin içərisində ən çox
ürəyimə yatan, yaradıcı heyətindən razı
qaldığım film “7 oğul istərəm” olub. Burda
Yusif Səmədoğlu, Tofiq Tağızadə, Rasim İsmayılov,
Xəyyam Mirzəzadə və eyni zamanda aktyorların
böyük rolu var. Adil İskəndərovun rəhbərliyi
ilə çəkilən bir film başqa cür ola da bilməzdi.
Bu gün əgər adını sadaladığım insanlar
yaşasaydı,
Azərbaycan filmi dünyada “furror”
yaratmışdı. Təsəvvür edin ki, “7 oğul istərəm”
filmi 1972-ci ildə SSRİ vaxtında fonda
düşən bir filmdir".
“Hamlet ilan səsindən necə
qorxdusa, ürəyi getdi”
Ənvər
Həsənov: “Qobustanda çəkilişlər davam edirdi. Bir də gördük ki, cırhacır istidə bir
neçə nəfər bizə tərəf gəlir. Əllərində də uzun bir taxta var idi. Fikirləşdik ki, biz məcburuq bu istidə
çöllərə düşməyə, axı bu
insanalara nə düşüb? Bizə
ilan yığdıqlarını dedilər. ”Aparıb bunları lazımi quruma təhvil veririk, zəhərindən
dərmanlar düzəldirlər" söylədilər.
Nəsə, maraqla söhbət edirdik. Biz
bunların danışığına qulaq asırdıq, elə
bu dəm
Elçin Məmmədov (Mirpaşa) Hamlet Xanızadənin (Gizir)
ayağından tutub, ilan kimi fışıldadı. Hamletin ürəyi getdi, aləm qarışdı.
Tofiq Tağızadə gəlib kişilərin
üstünə qışqırdı ki, ədə,
yığışdırın bu ilanlarınızı,
aktyorların başına oyun açdınız. Bəlkə
bir 10 dəqiqədən sonra güc-bəla ilə Hamleti
özünə gətirdik. Bu hadisəni görən
Elçin (Mirpaşa ) ordan qaçdı. Hamlet durdu ayağa ki, hardadır o əclaf, onu
tapın verin, mən bu saat onu öldürəcəm. Yalvar-yaxar etdik ki, ay Hamlet, başına dönüm,
gəl işimizi görək. Sakitləşəndən
sonra Elçini gətirib onları barışdırdıq.
Çəkilişlərin birində Əbdül Mahmudov
atdan yıxıldı. Qabırğası sındı, vəziyyəti
çox pis idi. Yazıq ağrıdan nəfəs
ala bilmiri. Buna görə çəkilişləri
gipslə davam etdirdi".
“Vurduğum şillədən
çox utandım”
Ənvər
Həsənov: “Susuzluq- aclıq kimi problemlərimiz olmurdu. Hara olmasından asılı olmayaraq, gedəcəyimiz
yerə uyğun hər cür tədarükümüzü
görürdük. Kinostudiya hər bir
aktyora yeməkpulu ayırırdı. Su
maşınları, çadırlar
götürülürdü, bütün tədarükümüzü
görüb gedirdik. Sağ olsun filmin direktoru, nəyimiz
çatmırdısa, bizim üçün təşkil
edirdi. Ona görə də o vaxtın
bütün filmləri bu qədər ürəklə, məhəbbətlə
çəkilirdi. Kəndlərdə
çəkiliş zamanı əhali belə, bizə
böyük maraq göstərir, zaman-zaman hətta yardım da
edirdilər”.
Əməkdar
artist deyir ki, çəkilən lakin efirə getməyən
bir çox kadrlar olub: “Özümlə bağlı onu deyə
bilərəm ki, Mirpaşanın ölümündən sonra
Cəlal Humayın arxasınca gedir, Kələntərə
”bəsdir-bəsdir qoca" deməsindən sonra ona
şillə vurmalı idim. Amma vura bilmirdim.
Aktyor İsmayıl Osmanlı məndən
yaşca böyük idi deyə, bunu edə bilmirdim. Həmin səhnəni
2-3 dubla çəkdik. İsmayıl dayı mənə
dedi ki, ay, Ənvər belə aktyorluq etmək
olmaz. Bilirəm sənin mənə hörmətin
var. Amma gərək sən elə şillə çəkəsən
ki, mən onu hiss edəm. Bu sözündən
sonra mən də ona elə bir şillə vurdum ki, kişinin
dişi çıxdı ağzından. Dublu
çəkdilər, razı da qaldılar. Amma mən çox narahat idim. Özümdən
böyük birinə doğrudan əl qaldrmaq mənə
ağır gəlirdi.
Biz yeddi oğul bütün çəkilişlərdə
bir yerdə olurduq. Baxmayaraq ki, Şahmar (Qəzənfər)
da, Rafiq (Şahsuvar) də ailəli idi. Gecə-gündüz
bir yerdə idik, hər sözümüz bir idi. Mən Şahmar Ələkbərovla söhbət
edirdim. Ona bildirdim ki, bu səhnənin filmə
daxil edilməsini istəmirəm. Mənə
dedilər ki, bu sənin roluna xələl gətirə bilər,
filan-fəsməkan. Dedim yox eyy. Şahmar məndən
böyük idi deyə, onunla məsləhətləşdim.
Bu epizod mənim əqidəmə uyğun
deyildi. Nə də olsa Kələntər dayı məni böyüdüb
boya-başa çatdrıb, mənim dayəmdir. Nəysə, 7 oğulun hamısı ilə qərara
gəldik ki, rejissora müraciət edək ki, bu kadrı
çıxarsın. Tofiq Tağızadə
bizimlə razılaşdı ki, düzdür, bu bizim
xalqımızın əqidəsinə xas deyil. Amma sənin xahişinlə çıxarıram.
Onu da nəzərə al ki, Kələntər sənin
tüfəngini götürüb, sənin atını minib.
Mənim böyüklərə olan hörmətim
nəticəsində o səhnəni filmdən
çxıartdıq".
Azadlıq.- 2014.-
28 oktyabr.- S.14.