Müharibə dövründən danışan

mükəmməl sənət əsəri

 

"Bizim Cəbiş müəllim"ə çəkilmək üçün Makedon şərt qoydu

 

Modern.az saytı “Kadrarxası” rubrikasında rejissor-aktyor Əbdül Mahmudovun vasitəsi ilə “Bizim Cəbiş müəllim” filmindən bəhs edir. Arayış: 1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında lentə alınan “Bizim Cəbiş müəllim” filmi Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" ssenarisi əsasında çəkilib. Kino əsərinin istehsal müddəti sovet dövrü filmlərinin əksəriyyətində olduğu  kimi təxminən 1 il vaxt alır.

 

Film müharibə dövrü insanın həyat mücadiləsinə həsr olunan mükəmməl sənət əsəridir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir.

Film üzərində işləyənlər: ssenari müəllifi Maqsud İbrahimbəyov, quruluşçu rejissor Həsən Seyidbəyli, rejissor Əbdül Mahmudov, quruluşçu operator Arif  Nərimanbəyov və s.

Rollarda: Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova,  Nəsibə Zeynalova, Ziya Seyidbəyli, Əliağa Ağayev, Aqil Ağacanov, Svetlana Morşinina, Cahangir Novruzov, Fazil Salayev, Məryəm Seyidbəyli və başqaları.

1970-ci ildə Minskdə keçirilən IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilib.

 

Həsən Seyidbəylinin əməyi –

“Bizim Cəbiş müəllim”

 

Əbdül Mahmudov: “Yenicə kinostudiyaya təyinat almışdım. İlk filmim “Dağlarda döyüş” oldu. Hər şey layiqincə tamamlandıqdan sonra növbəti filmlərin çəkilməsi üçün qapılar üzümüzə açıldı.

Film Həsən Seyidbəyli əməyinin məhsulu idi. Tək mən yox, görkəmli kinoşünaslar və tənqidçilər bütün zamanlar üçün “Bizim Cəbiş müəllim”i realistik mövzuda çəkilən, həm arxa, həm də ön cəbhənin təfərrüatları ilə əks olunduğu mükəmməl film hesab edirlər. İnsanlar biləndə ki, arxa cəbhədə hər şey yaxşıdır, onda düşmənlə ölüm-dirim savaşına girməkdən də qorxmur, gözləri geridə qalmır.

Ekran əsərinin maraqlı cəhətlərindən biri də o vaxtkı Bakı ab-havasının filmdə əks olunmasıdır. Həm dramaturji əsər, həm də ki, böyük aktyor heyəti bunu canlandırmağa imkan verirdi. Bu vəhdət Azərbaycan kino tarixində “Bizim Cəbiş müəllim “kimi böyük sənət əsərini yarada bildi.

Cəbiş müəllimin avadını oynayan Şəfiqə Məmmədova mənim tələbə yoldaşım olub. Elə tələbəlik illərindən qeyri-adi ifa tərzi ilə seçilirdi. Həsən müəllimin ona böyük simpatiyası vardı deyə, bu filmə də dəvət etmişdi. Cəbiş müəllim mahiyyət etibariylə nə qədər sakit, “öz yağında qovrulan” adam idisə, arvadı onun əksi, sanki “od parçası” idi. Bu iki obrazın tandemi həm psixolji, həm insani, həm mənəvi, həm də aktyorluq baxımından bir-birinin əksi olmaqla yanaşı, həm də bir-birini tamamlayırdı. Təbii ki, bu da Həsən Seyidbəylinin böyük ustalığından irəli gəlirdi. İki müxtəlif obrazı bir ailədə elə cəmləşdirmişdi ki, bütün göstəricilərinə görə müxtəlif olsalar da, ideoloji ailə zəminində bir bütün idilər. Çəkiliş zamanı hər şey yaxşı alındı, heç bir problem olmadı”.

 

Nəcəfovun cəbhəyə getdiyi səhnə indiki

“Sədərək” bazarının yaxınlığıdır

 

Əbdül Mahmudov: “Kinostudiyanın mövzular planlaşdırılırdı, əsərlər növbə gözləyirdi. “Bizim Cəbiş müəllim” də Cəfər Cabbarlı adına kinostudiyanın planına daxil olan filmlərdən idi. Maqsud İbrahimbəyov öz povestini ekranlaşdırmaq istədiyindən filmin qısa məğzini ssenari bölməsinə təqdim etmişdi.

Aktyor heyəti birmənalı olaraq quruluşçu rejissor və onun təqdimatı ilə bədii şuranın seçimi əsasında həyata keçirilirdi. Münasib aktyorun seçilməsi bəzən uzun zaman alır, hətta lazımi qəhrəmanı tapmaq üçün qonşu respublikalara da müraciət olunurdu. Elə anlar olurdu ki, bir rola bir neçə namizəd göstərilirdi. Sözsüz ki, son söz quruluşçu rejissorun idi.

Filmdə təsvir olunan məktəb Bayıldakı məktəblərdən biri idi. Hərbi hospital səhnəsi də məhz orada tarixin yaddaşına köçürülüb. Cəbiş müəllimin eksperimenti üçün atın quyruğunu kəsdikləri səhnə “Sovetski” məhəlləsində Mustafa Sübhü küçəsində çəkilmişdi. Hansı ki, indi oranın tarixini sökürlər.

Cəbiş müəllimin gəzişməsi, gəmi fiti, uşaqları həmin yerlərlə tanış etməsi “Qaraşəhər”də lentə alınıb.

Nəcəfovun cəbhəyə getdiyi vağzal səhnəsi indiki “Sədərək” bazarının yanındakı Buta qəsəbəsində çəkmişdik.

Hadisələrin cərəyan etdiyi məhəllə isə Bakının mərkəzində yerləşən məşhur “Səadət” sarayının yanındadır. İndi də o məhəllə durur.  İlk dəfə o yeri Həsən Seyidbəyli kəşf edərək ona kino həyatı verib. Bundan sonra “Şərikli çörək”, “Gecə qatarında qətl” və s. filmlərdə həmin məhəllədən kadrlar yer alıb. Ora zarafatca “kino həyəti” deyirdik. Natura çəkilişləri həmin həyətdə lentə alınmışdı, amma qapalı məkanlar, otaqlar, ev və s. kinostudiyanın pavilyonunda çəkilmişdi.

 

“Makedon şərt qoydu: “Əgər məhəllə

uşaqlarımı da çəksəniz, gələcəm”

 

“Makedon”u oynayan Aqil Ağacanovun filmə çəkilməsi tam bir təsadüf olur. Məlumatların birində onun nərd oyununda bulvarda Həsən Seyidbəyliyə uduzduğu göstərilir. Mərcdə uduzduğuna görə də sözünün üstündə duran quruluşçu rejissor onu filmə çəkir. Əbdül Mahmudov isə Aqilin filmə çəkilməsini tam fərqli versiyada bizə danışır:

“Həsən Seyidbəyli əslən Maştağadan idi, Pirşağıda da bağı vardı. Elə bir zaman idi ki, artıq ssenari hazır idi, aktyor seçimi mərhələsindəydik. Yazqabağı idi. Sənətkar mənə təklif etdi ki, bir yerdə gedib bağda çalışan ustaların məvacibini verək, həm də bir havamızı dəyişək. Razılaşdıq. Sən demə hələ mənə qədər  bağa gedib-gələndə tində durub meyxana deyən uşaqlar onun diqqətini cəlb edib. Bir yerdə gedəndə mənə dedi ki, fotoqraf da gəlsin. Onun istədiyi kimi də oldu. Getdik, ustaların maaşını verib geri qayıdanda tində oturan bir neçə uşaq, o cümlədən Makedon rolunun ifaçısı Aqil Ağacanov da orada oturmuşdu”.

Elə bu dəmdə Həsən Seyidbəyli filmə çəkilməsi üçün Aqil Ağacanova “elçi” düşür, orada duran yeniyetmələrlə birgə meyxana deyib zarafatlaşır. Əbdül Mahmudov bildirir ki, rejissor filmə çəkilmək təklifini edəndə Aqil bunu qeyri-ciddi qarşılayır: “Oğlum mən kinoçəkənəm, səni çəksəm gələrsən?”.

Aqil cavabında “Mənim kinoda nə işim var”, - deyir.

“Həsən müəllim təkid etməyə başladı ki, gözəl film olacaq, sənə yaxşı rol verəcəm və s. Aqil yeniyetmə idi. Elə bildi ki, onunla zarafat edirik. Sonra bildirdi ki, “əgər məhəllə uşaqlarını da çəksəniz, gələrəm”. Beləcə razılaşdıq. Bundan sonra dəfələrlə həmin məhəlləyə gedib Aqilin ailəsilə tanış oldum, onun özüylə yaxın münasibət qurdum. Filmdə Cahangir Zeynalov və Ziya Seyidbəylidən başqa meyxana deyən uşaqların hamısı Aqilə görə kənddən gələn uşaqlar idi.

Cəbiş müəllimin uşaqları rolunda çəkilənlərdən 3 nəfəri Həsən Seyidbəylinin öz uşaqları idi. Ziya Seyidbəyli, Məryəm Seyidbəyli və Mehdi Seyidbəyli. Lap körpəni isə həmin məhəllədə yaşayan ailədən götürmüşdük”.

 

“Meyxananı Ağasəlim Çıldaq

bilavasitə bu film üçün yazmışdı”

 

Filmdə səsləndirilən meyxananın sözlərinin Molla Məhəmmədə məxsus olduğu söylənilsə də, Əbdül Mahmudov qətiyyətlə bildirir ki,  meyxananın sözləri Ağasəlim Çıldağa məxsusdur.

“Onu biz özümüz dəvət etmişdik. Əslində meyxananı kadraxasında Ağasəlim Çıldağın tələbələri deyib. Hətta onların içində kiçik bir uşaq da var, Ağasəlim Çıldaq onu çox tərif edərək söyləyirdi ki, o böyük meyxanaçı olacaq. Amma təəssüf ki, sonra o uşaq qəzada öldü. Çəkilişlərin birində Arif  Nərimanbəyov həmin uşaqdan əl çəkmədi ki, bir dənə ləntərani (ədəbsiz sözlər üzərində qurulmuş meyxana) desin, ona replikalar atırdı. Uşaq da olardı 14-15 yaşlarında. Ağasəlim müəllimə dedi ki, icazə ver bu kişiyə meyxana deyim. Həsən Seyidbəyli də göz vurdu ki, de. Ağasəlim Çıldaq bilirdi ki, bu uşaq nəsə “korlayacaq”. Arif müəllim də ağsaqqal adam idi. Amma özü “qaşınmışdı”.

Uşaq meyxananı deyəndən sonra aləm bir-birinə dəydi. Həsən müəllim dedi: “Malçik xvatit, bolşe ne nado”.

Meyxana ilk dəfə məhz bu filmdə bir janr kimi tarixə düşdü, folklor sənəti kimi rəsmən öz təsdiqini tapdı”.

 

Filmdə oynamaq istəyən xalq

artisti dedi ki, bu rol mənlik deyil

 

Əbdül Mahmudov: “Həsən Seyidbəylinin ikinci əsas ustadlığı aktyor seçimi etməsində idi. Çox qəribədir ki, Cəbiş müəllim roluna ilk sınaq çəkilişlərindən başlayaraq məhz Süleyman Ələsgərovu yazmışdı, bir növ gözü onun üstündə idi. Aktyor ona qədər Azərbaycan televiziyasında uşaq verilişində “Huşsuz”u oynayırdı. Həsən müəllim bütün rejissorlardan fərqli olaraq aktyorlarla bərabər  kinossenarini dram əsəri kimi əvvəldən sona qədər məşq etdirirdi. Film çəkiləndə artıq hamı rolunu əzbər bilirdi. Çəkiliş meydançasında sadəcə quruluş verirdi ki, kim, harda dursun vəssalam. Bir növ rejissor aktyoru “qoltuğuna vurub” çəkiliş meydanına gəlirdi.

Bəzən bir rol üçün beş nəfər arasında mübahisələr də yaranırdı. Həsən Seyidbəyli o qədər səbrli insan idi ki, onların hamısını eyni vaxtda məşqə çağırırdı. Hətta bu filmdə çox məşhur olan xalq artistimiz hansı ki, yüzlərlə tamaşalarda oynayan biri (rəhmətə gedib deyə adını çəkmir) çəkilmək istəyirdi. Həsən müəllim ona dedi ki, “oğlum gəl”( Həsən Seyidbəyli böyük-kiçik hamıya “oğlum” deyirdi). 3 məşqdən sonra həmin ustad aktyor ssenarini verdi Həsən müəllimə və dedi: “Həsən məni bağışla, sən düz deyirsən, bu rol mənlik deyil”.

 

Müharibə dövrünün “adam”ı

 

Əbdül Mahmudov: “O vaxt aclıq idi, nə vardısa ön cəbhəyə göndərilirdi, arxa cəbhədə isə insanlar yarıac-yarıtox yaşayırdılar. Cəbişin oğlunun yediyi “jımıx” o vaxt arpa unundan hazırlanaraq heyvanlara verilirdi ki, südü bol olsun. Bu yaxınlarda bəlli oldu ki, ən dietik çörək elə arpa çörəyi imiş.

Pis gün insanları birləşdirirdi. Artıq bir insanın ayağına daş dəyəndə hamı bir olurdu. Birinə “qara xəbər” gələndə hamı onun dərdinə şərik çıxırdı. Filmdə əxz olunan fikirlərdən bir də budur”.

Əbdül Mahmudov söyləyir ki, əslində tamaşaçıların çox güldüyü “ayaqyolu” səhnəsində Əliağa Ağayevin canlandırdığı Əbülfəz rolunun timsalında ancaq özünü düşünən “antipotlar”ın iç üzü göstərilir. Hətta Makedonun dililə də onun iyrəncliyinə qarşı olduğu aydınlaşır. Yəni küçədə, vağzalda böyüyən uşaq olan Makedon belə, ona nifrət edir.

“Burada kiçik epizod olmasına baxmayaraq, səhnənin hələ də xatırlanması Əliağa Ağayevin ustalığından xəbər verir. Onu da deyim ki, bu da ssenaridə olan səhnələrdən biri idi.

Tanya ilə Makedonun dam səhnəsi elə həmin məhəllənin damıdır. Tanyanı Bakıdakı rus məktəblərindən birindən tapmışdıq. Həmin səhnənin çəkilişində hər hansı təhlükə olmadı. Çünki, hər şey əvvəlcədən hazırlanmışdı.

Cəbişin arvadının ilanbalığı aldığı bazar səhnəsini “Kubinka”da qurub çəkmişdik. Filmdəki ilanbalığı o vaxt üçün çox yeyilən bir qida idi”.

Yeri gəlmişkən, Makedon rolunun ifaçısı Aqil Ağacanov hazırda Pirşağı kəndində yaşayır. Deyirlər rejissor filmin çəkilişləri zamanı Aqilin bəzi kaprizlərinə dözməli olub. Məsələn, Tanya ilə öpüş səhnəsində Makedon - Aqil Ağacanov özü qəsdən səhvlərə yol verirmis ki, dubl təkrarlansın və o, Tanyanı bir neçə dəfə öpə bilsin. Bunu Aqil Ağacanovun özü çox sonralar etiraf edibmiş.

Bütün epizodların hamısını birləşdirən yeganə bir məna vardı:  məhəllələrdə insani münasibətlərin hansı konteksdə cərəyan etməsindən asılı olmayaraq müharibə atasız-anasız qalan uşaqların hamısına  təsir edir. Adam var cibgir olur, adam var   məhv olur, adam var “adam” olur...

 

Azadlıq.- 2014.- 8 sentyabr.- S.14.