Nobel mükafatı
almış yeganə bakılı balası
Amma
mükafatı almağa gedə bilmədi...
1962-ci
ildə fizika üzrə Nobel mükafatı sovet alimi,
Bakıda doğulub boya-başa çatmış, Bakı
Dövlət Universitetində oxumuş Lev Landauya verildi -
qazların, xüsusilə heliumun maye halı ilə
bağlı dünyada ilk olaraq apardığı
araşdırmalara görə... Amma dünyanın ən məşhur
fiziklərindən sayılan Landau mükafatı almaq
üçün Stokholma gedə bilmədi. Çünki
yaradıcılığının ən parlaq dövründə
- 1962-ci ilin 7 yanvarında ağır avtomobil qəzasına
düşmüşdü. Onun xidməti “Volqa”sı
Moskvanın Dmitrov şossesində yük maşını ilə
toqquşmuş, alim başından və döş qəfəsindən
ağır xəsarət almışdı.
Vəziyyətinin ağırlığına
və böyük alimin həyatını xilas etməyin əhəmiyyətli
olmasına baxmayaraq, sovet rəhbərliyi onun Moskvanın Kreml
xəstəxanasına yerləşdirilməsinə
razılıq verməmiş, o, Moskva şəhərinin
Timiryazev rayonunun 50 nömrəli xəstəxanasına
aparılmışdı.
Dünyanın məşhur fiziklərinin səyləri,
onların Avropadan, ABŞ-dan göndərdikləri dərman
preparatlarının yardımı nəticəsində Lev
Landaunun həyatını xilas etmək mümkün
olmuşdu.
Həmin ilin noyabrında Landau ona Nobel mükafatı
verilməsi barədə teleqram alır. Isveçin Moskvada
olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim
edir.
Lev Landau ömrünün iki ilini xəstəxanalarda
keçirir, ancaq 1964-cü ilin 25 yanvarında öz evinə
qayıda bilir.
Amma onun səhhəti tam bərpa olunmamışdı.
1968-ci il martın 24-də səhhəti kəskin pisləşir
və o, yenidən xəstəxanaya aparılır. Göstərilən
səylərə baxmayaraq, onun həyatını xilas etmək
mümkün olmur və Landau 1968-ci il aprelin 1-də Moskvada vəfat
edir.
Balaxanıdan
başlanan yol
Lev Landaunun atası David Landau Balaxanı neft mədənlərində
mühəndis, anası Lyubov Qarkavi (Landau) isə Balaxanıda
mamaça-ginekoloq işləmişdi.
Övladlarının təhsil alması vaxtı
çatanda - 1913-cü ildə Landaular ailəsi Bakı şəhərinə
köçür və indiki Nizami və Səməd
Vurğun küçələrinin kəsişdiyi tində
yerləşən binada (üzərində L.D.Landaunun xatirə
lövhəsi asılıb) mənzil alır. Lev Landau
1924-cü ilə kimi həmin mənzildə yaşayır.
Lev Landau 1916-cı ildə Bakı şəhərində
gimnaziyaya qəbul olunur və 12 yaşında gimnaziyanı əla
qiymətlərlə başa vurur.
Onun ali məktəbdə oxuması üçün hələ
çox gənc olduğunu nəzərə alaraq, valideynləri
gələcək fizikin iki il Bakı Iqtisadiyyat Texnikumunda
oxuması barədə qərar qəbul edirlər. O zamanlar
Iqtisadiyyat Texnikumunda riyaziyyat fənni çox geniş və
yaxşı tədris olunurdu. Balaca Landau bu texnikuma qəbul
üçün ciddi hazırlaşmışdı. 12
yaşında artıq o, differensiallama, 13 yaşında isə
inteqrallama əməliyyatlarını tam mənimsəmişdi.
Riyaziyyatla məşğul olmaq ona zövq verir və
riyaziyyat elmindən böyük həzz alırdı. Bakı İqtisadiyyat
Texnikumuna Landau 1920-ci ildə daxil olmuş və 1922-ci ildə
oranı bitirmişdi.
1922-ci ildə 14 yaşlı Lev Landau müvəffəqiyyətlə
Azərbaycan Dövlət Universitetinə qəbul
imtahanları verir və eyni vaxtda iki fakültədə -
fizika-riyaziyyat və kimya fakültələrində təhsil
alır.
Kimya elmi gənc Landaunu çox
maraqlandırırdı. Lakin birinci semestrdən sonra o,
özü üçün yəqin edir ki, fizika və
riyaziyyat onun üçün daha maraqlıdır və ürəyincədir.
O zamanlar Azərbaycan Dövlət Universitetində
riyaziyyat elminə çox geniş yer verilir və yüksək
səviyyədə tədris edilirdi. Burada bir çox məşhur
riyaziyyatçılar mühazirələr oxuyurdular.
Universitetdə “Matezis” adlı Tələbə Elmi Cəmiyyəti
də fəaliyyət göstərirdi. Bu cəmiyyətdə
tələbələrlə yanaşı, müəllimlər
də iştirak edir, riyaziyyat və fizika üzrə
istedadlı gənclər burada aşkar olunurdu.
Lev Landau da ilk elmi çıxışlarına məhz
Azərbaycan Dövlət Universitetində “Matezis” Tələbə
Elmi Cəmiyyətində başlamışdı.
O, elmi axtarışlara elə burada tələbə ikən
başlamışdı. “Matezis” Tələbə Elmi Cəmiyyətində
Lev Landaunun əsas çıxışlarından biri və
onun istedadının olduqca geniş olduğunu xarakterizə edən
ilk elmi məruzəsi o vaxtlar yeni çapdan
çıxmış Orest Xvolsonun beş cildlik fizika kursu və
Abram Ioffenin “Molekulyar fizika” əsəri haqqında məruzəsi
olmuşdu.
Gənc tələbənin məruzəsi hamıda, hətta
universitetin adlı-sanlı alimlərində də
böyük maraq doğurmuşdu.
Tələbə Elmi Cəmiyyətinin
iclaslarındakı çıxışları, universitetdə
əla oxuması və imtahanlarda olduqca yüksək nəticələr
göstərməsi Lev Landaunu Azərbaycan Dövlət
Universitetində məşhurlaşdırmış və ona
diqqəti artırmışdı.
Məhz Bakıda aldığı təhsil Landaunun gələcək
elmi axtarışlarının və nailiyyətlərinin, nəzəri
fizikaya gətirdiyi fundamental və klassik yeniliklərin,
ümumiyyətlə, fizika elmində yaratdığı yeni
stilin və nəzəri fizika sahəsində
yaratdığı böyük məktəbin sarsılmaz əsası
olmuşdu.
1924-cü ildə 16 yaşlı Lev Landau Leninqrad
Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə
köçürülmüşdü.
1926-cı ildə Landaunun “Ikiatomlu molekulların spektrləri
nəzəriyyəsi” adlı ilk elmi əsəri çap
olunur. Landaunun bu elmi işi onu daha da məşhurlaşdırır.
Lev Landau 1927-ci ildə Leninqrad Dövlət Universitetində
təhsilini başa vurur və Leninqrad Fizika-Texnika Institutunun
aspiranturasında təhsilini davam etdirir.
Aspiranturada təhsil aldığı dövrdə Lev
Landau nəzəri fizika sahəsində ciddi tədqiqatlara
başlayır. Onun yeni tədqiqat işi “Dalğa
mexanikasında tormozlanma problemi” adlanırdı. O,
şüalanma nəticəsində tormozlanma mexanizmini analiz edərək,
kvant mexanikasına yeni anlayış - sıxlıq
matrisası anlayışını daxil edir.
Eynşteynlə
görüş
Lev Landau ən yaxşı aspirantlardan biri kimi təhsilini
artırmaq məqsədilə Maarif Xalq
Komissarlığının qərarı ilə Berlin,
Qettinqen, Leypsiq, Kopenhagen, Kembric və Surix şəhərlərinə
il yarımlıq elmi ezamiyyətə göndərilir.
1929-cu ilin oktyabr ayında o, Berlinə gəlir və
Berlin Universitetində Albert Eynşteynlə
görüşür. Lev Landau o vaxtlar artıq dünyanın
ən məşhur fiziki kimi tanınan Albert Eynşteynlə
söhbət aparmaq istəyini bildirir. Albert Eynşteyn 21
yaşlı Landaunu öz evinə dəvət edir.
Nisbilik nəzəriyyəsi ilə elmdə inqilab
etmiş nəhəng nəzəriyyəçi fiziklə hər
alim elmi polemikaya girişməyə cürət etmirdi. Lakin
Lev Landaunun özünə əminliyi onun belə bir addım
atmasına səbəb olmuş və o, Albert Eynşteynlə
evində görüşmüşdü.
Bu görüşdə gənc fizik Landau nəhəng
Eynşteynlə kvant mexanikası haqqında elmi mübahisə
edir və qeyri-müəyyənlik prinsipinin kvant
mexanikasının əsas prinsipi olduğunu sübut etməyə
çalışır.
Landaunun əminliyi, aydın və dəqiq mülahizələri
Eynşteynin xoşuna gəlsə də o, dahi fiziki razı
sala bilmir.
Sonralar bu iki böyük alimin görüşmək
imkanları olmur. Faşistlər Almaniyada hakimiyyətə gəldikdən
sonra Albert Eynşteyn Amerika Birləşmiş
Ştatlarına qaçmaq məcburiyyətində qalır.
1930-cu il aprelin 8-də Landau Danimarkanın paytaxtı
Kopenhagendə Nəzəri Fizika İnstitutunun direktoru, kvant
mexanikasının banisi Nils Borla görüşür. O
zamanlar dünyanın hər tərəfindən gənc və
istedadlı fiziklər Nils Borun yanına
axışırdılar. Onlar özlərini məşhur
alimin yanında sərbəst və yüngül hiss edir, Nils
Bor isə gənc alimlərə olduqca yaxşı münasibət
göstərirdi.
Gənc Landaunun olduqca çılğın olmasına
baxmayaraq onun fitri istedadı Nils Boru valeh edir. Nils Bor öz
növbəsində Lev Landaunun yaradıcılığına
böyük təsir göstərir. Ömrünün sonuna
kimi Lev Landau Nils Boru özünə müəllim hesab edirdi.
“Dikbaş”
aspirant
1931-ci ilin martında Landaunun elmi ezamiyyət vaxtı
başa çatır və o, Avropadan Leninqrada, Fizika-Texnika
Institutuna qayıdır.
O zamanlar Leninqrad Fizika-Texnika Institutuna məşhur fizik
Abram Ioffe rəhbərlik edirdi və o, nazikqatlı izolyasiya
problemlərinə dair tədqiqatlar aparırdı.
Amma xaricdən yeni qayıtmış aspirant Lev Landau
Abram Ioffenin nazikqatlı izolyasiya probleminə dair mülahizələrinin
nəzəri cəhətdən əsaslı
olmadığını sübut etmiş və A.Ioffe ilə
onun arasında narazılıq yaranmışdı.
Bu səbəbdən də Lev Landau Leninqrad Fizika-Texnika
Institutunu tərk etmiş və 1932-ci ildə Xarkova gələrək,
Ukrayna Fizika-Texnika Institutunda nəzəri fizika
kafedrasının müdiri seçilmişdi.
Xarkovda işlədiyi dövr Lev Landau üçün
olduqca məhsuldar olmuşdu. Əldə etdiyi elmi nəticələrə
görə Ümumittifaq Attestasiya Komissiyası Lev Landauya
dissertasiya müdafiə etmədən fizika-riyaziyyat elmləri
doktoru elmi dərəcəsi vermişdi.
Diktatora
qarşı çıxan alim
Stalin repressiyaları dünyanın bu məşhur
alimindən də yan keçmir.
Stalinin idarəçiliyinə qarşı vərəqələrin
yayılmasına görə tutulanlardan biri də Landau olur.
1938-ci ilin 27 aprelində o, həbs edilərək SSRI
Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasına
yerləşdirilir.
Landaunun həbsini eşidən Nils Bor dəhşətə
gəlir və o, Landaunun fizika üçün, dünya elmi
üçün nə dərəcədə əhəmiyyətli
olduğu barədə Iosif Stalinə məktub göndərərək
onun azad edilməsini xahiş edir.
Eyni məzmunlu məktubla akademik Pyotr Kapitsa da (Moskva
Fiziki Problemlər Institutunun yaradıcısı və
direktoru) Stalinə müraciət edir və Lavrenti Beriya ilə
görüşərək Landaunun azadlığa
buraxılmasına çalışır.
Bu iki böyük elm adamının müdaxiləsi və
onların səyləri nəticəsində Lev Landau 1939-cu
ilin 29 aprelində azadlığa buraxılır.
Lakin günahsız həbs olunmuş dünya
şöhrətli alimə ancaq 1990-cı ildə - Sovet
imperiyasının süqutu ərəfəsində bəraət
verilir.
Dünyada
ilk...
Moskva Fiziki Problemlər Institutunda çox yaxşı
ab-hava hökm sürürdü. Bu səbəbdən də həmin
institutda Lev Landau çox məhsuldar fəaliyyət göstərir.
O vaxtlar orada maye helium üzrə tədqiqatlar
aparılırdı. Ancaq Landauya qədər bu tədqiqatlar
elə bir ciddi nəticələrə gətirib
çıxarmamışdı. Maye heliumun yüksək
axıcılığı - mütləq sıfır dərəcədə
heliumun bərkiməməsi alimləri çaş-baş
salmış, onun yüksək axıcılığı
haqqında hər hansı bir nəzəriyyənin
yaradılması istiqamətində aparılan tədqiqatlar nəticəsiz
qalmışdı.
Lev Landau bu problemin həllinə başlamış və
1940-1941-ci illərdə “Maye heliumun yüksək
axıcılığı” nəzəriyyəsini
yaratmışdı.
Maye helium üzrə aparılan tədqiqatlar və əldə
edilən nəticələr kvant mayesi fizikasının əsasını
qoyur və 1941-ci ildə Landau tərəfindən “Kvant mayesi”
nəzəriyyəsi yaradılır.
XX əsrin 40-cı illərinin ortalarında alimləri
düşündürən aktual problemlərdən biri də
plazma-maddənin dördüncü halı problemi idi. Bu məsələ
o qədər çətinləşdirilmişdi ki, onun həlli
qeyri-mümkün hesab edilirdi.
Lakin Lev Landau həmin problemi də çox parlaq formada
həll etmiş və 1946-cı ildə “Elektron plazmanın rəqsləri”
nəzəriyyəsini başa çatdırmışdı.
Lev Landaunun yaratdığı fundamental nəzəriyyələrdən
biri kvant mayeləri üzrədir. Bu istiqamətdə
apardığı tədqiqatlar nəticəsində o, “Fermi
mayeləri” nəzəriyyəsini yaratmışdı. Klassik
fizikanın qanunauyğunluqlarının əksi olaraq kvant
mexanikasından məlum olur ki, mütləq sıfır dərəcədə
cisimdə atomların hərəkətləri dayanmır. Beləliklə,
maddənin yeni forması - kvant mayeləri meydana
çıxır.
DTK
heç nəyi unutmur...
Bütün dünyada məşhurlaşmasına,
dünyanın bir sıra akademiyalarına üzv olmasına,
Sosialist Əməyi Qəhrəmanı adına layiq
görülməsinə, Nobel, Lenin və 3 dəfə Stalin
mükafatları almasına baxmayaraq, SSRI Dövlət Təhlükəsizlik
Komitəsi Lev Landau haqqında dosye toplamaqda davam edirdi.
Belə bir ehtimal da var ki, “sovet hökumətinə sadiq
olmayan” fizikin avtomobil qəzasına düşməsi də
DTK tərəfindən əvvəlcədən
planlaşdırılmış əməliyyat olub.
Azadlıq.- 2014.- 25 sentyabr.- S.11.