Məşhur aktrisadan qalmaqallı etiraf
Rejissor Leyla Şıxlinskayanın atalığı idi deyə, məni sıxışdırırdı»
«Bağ mövsümü» filminin kadrarxası
Modern.az saytının “Kadrarxası” layihəsinin buhəftəki həmsöhbəti istedadlı sənətkar Zemfira Sadıqovadır. Zemfira xanım "Bağ mövsümü" filminin kadrarxası məqamlarından danışır. Zemfira Sadıqova “Arxadan vurulan zərbə” filminin “Qurd Cəbrayıl”ı Yusif Vəliyevin həyat yoldaşı olub.
Arayış: 1939-cu ildə Bakıda anadan olan Zemfira Sadıqova orta məktəbi bitirdikdən sonra Moskva Kino İnstitutuna daxil olmaq istəsə də, valideynləri onun bu istəyinə qarşı çıxır. Valideynlərinin təkidilə İqtisadiyyat fakültəsinə daxil olsa da, yarım ildən sonra evdəkilərdən xəbərsiz sənədlərini Teatr İnstitutuna dəyişir. 1965-cildə təhsilini bitirib kino həyatına qədəm qoyur. Çalışdığı illər ərzində 50-yə yaxın filmdə rol alır. 1980-ci ildə həyat yoldaşını itirən aktrisanın iki övladı var. Oğlu ailəsilə, nəvələrilə birlikdə Moskvada yaşayır. Zemfira xanım səhhətiylə bağlı təcili əməliyyat olunması üçün öz evini satıb. Bundan sonra isə o, qızının ailəsilə birlikdə yaşamağa başlayır. Ötən il 3 filmə çəkilib. İndi çalışmır. Dəvət olunduğu reklam və serial çəkilişlərindən imtina edir.
Çəkilişlərinə
1985-ci ildə başlanan "Bağ mövsümü" filmi
yazıçı Elçinin “Dolça” povesti əsasında
çəkilib. Filmin istehsal
müddəti cəmi 3 ay davam
edib. Ekran əsəri
Bakının Mərdəkan bağlarında baş
verən hadisələrdən bəhs edir.
Hadisələrin mərkəzində isə Ağababa
və Ağabacının böyük, saf, əxlaqlı ailəsindən söbət
açılır. Ssenari kəndin şəhərlə
mənəvi-psixoloji ziddiyəti üzərinə qurulub: halallıq mücəssiməsi olan kəndlə şəhər üz-üzə
qoyulur. Kəndlə şəhər
arasında hərəkət edən Ağababanın avtobusu bu iki
ziddiyyətli məkan əlaqəsinin obrazına çevrilir. Ağababa ilə
dostluğu ön plana gətirilən “Toplan”
iki mühit
arasındakı ziddiyyətin yeganə qurbanı kimi povestdəki funksiyasını yerinə yetirir.
Film üzərində quruluşçu
rejissor Tofiq
Tağızadə, quruluşçu operator Elxan Əliyev, quruluşçu rəssam Kamil
Nəcəfzadə, bəstəkar Xəyyam Mirzəzadə, direktor Əli Məmmədov
çalışıb.
Rollarda Həsən Məmmədov, Zemfira Sadıqova, Səməndər Rzayev, Ramiz Əzizbəyli,
Həmidə Ömərova, Leyla
Şıxlinskaya, Elxan Cəfərov, Mirzə
Babayev və başqaları çəkilib.
“Tofiq Tağızadə
Ağabacı rolunda
Səfurə İbrahimovanı görmək istəyirdi”
Zemfira Sadıqova: "Bağ mövsümü"
filmində Ağabacı obrazını oynamaq
üçün Elmira
Şabanova, Səfurə İbrahimova və mən dəvət olunmuşdum. Sınaq çəkilişləri
baş tutdu. Hər aktrisa özünəməxsus şəkildə
rolunu ifa etdi. Məsələ ondan
ibarət idi ki, mən
həmin dövrdə kinostudiyanın aktyorluq
şöbəsində kinoaktrisa kimi çalışırdım. O vaxt Cəfər Cabbarlı adına
Kinostudiyanın direktoru Eyvaz
Borçalı idi.
Hamımız
yığılmışdıq. Bir də
eşitdim ki, Səfurə
İbrahimova hansı geyimlərdə çəkiləcəyini
yoxlayır. Baxmayaraq ki,
bədii şura məni bəyənmişdi,
filmin rejissoru Tofiq Tağızadə heç
cür mənim çəkilməyimi istəmirdi.
O, Ağabacı rolunda Səfurə
xanımı görmək istəyirdi. Ona
görə də, Səfurə xanımı paltar
seçiminə dəvət etmişdi".
Baş verənlərdən narazı qalan aktirsa çarəni Eyvaz Borçalının yanına getməkdə
görür. Və istəyinə nail olur:
“Bundan
çox əsəbiləşdim və Eyvaz Borçalının yanına getdim. Dedim ki,
mənim bu rola çəkilməyimi
siz özünüz də
istəmisiniz. Nəyə görə indi
Səfurə xanım çəkilir? O vaxtkı qaydalara görə, əgər ştatın aktyoru dəvət olunmuş
aktyordan 20% zəif oynayardısa belə, həmin
rola ştatda olan aktyor çəkilməli
idi. Hətta ssenari
müəllifi Elçin də məni bəyənmişdi
və filmə mənim çəkilməyimi istəyirdi. Bütün bunlara baxmayaraq Tofiq
Tağızadə öz seçimini
edərək Səfurə İbrahimovayla birlikdə filmin çəkilişlərinə
hazırlaşırdı.
Eyvaz Borçalı təmkinlə aktirisaya bildirir ki, narahatlığa əsas yoxdur:
“Zemfira xanım, hələ heç kəs nə Ağababa,
nə də Ağabacı roluna təsdiq olunub. Hər halda filmin heyəti təsdiq olunanda
sənin xəbərin olacaq”.
Razılaşdım. Daha sonra məlum oldu ki, rejissor
Ağababa roluna Həsən
Məmmədovu çəkmək istəyir. Buna
baxmayaraq sınaq çəkilişləri
üçün Şahmar
Ələkbərov, Həsən Məmmədov və bir də adını
xatırlamadığım bir aktyor çağırılmışdı.
Sınaqlar oldu, müzakirələr getdi. Tofiq Tağızadə
Ağababa roluna Həsən
Məmmədovu çəkmək qərarını qətiləşdirdi.
Eyvaz Borçalı da
onunla razılaşdı: “Ağababa
roluna Həsəni, Ağabacı roluna Zemfiranı çəkirsən”. Tofiq Tağızadə “oldu”
deyib razılaşdı".
“Ağabacını ancaq əsl bakılı canlandıra bilərdi”
Uzun mübarizədən sonra
aktrisa Ağabacı roluna
təsdiq olunur. Amma...
Zemfira Sadıqova: "Beləcə
çəkilişlər başladı. Bütün
çətinliklərinə baxmayaraq, rolumun öhdəsindən ustalıqla gəldim.
Çünki rejissor
məni heç cür
çəkmək istəmirdi. Oynadığım hissələrin
çoxunu filmdən çıxartdı.
Amma Leyla
Şıxlinskayanın çox kiçik bir rolu olmasına baxmayaraq, rejissor onun üçün
ssenaridə olmayan əlavə səhnələr
yazdı. Çünki, onun
atalığı idi. Leyla
da bunu lazımınca
“dəyərləndirirdi”.
Çəkildiyim bütün obrazlara ürək
qoymuşam, hər birini
içdən oynamağa
çalışmışam. “Dəli Kür”,
“Anlamaq istəyirəm”, “Evdə kişi” filmlərindəki ana
obrazı bir yana, “Bağ mövsümü”
filmindəki ana tamamilə fərqlidir mənim
üçün. Bu, əsl
bakılı qadının obrazıdır. Bunu
ancaq əsl bakılı oynaya
bilərdi. Ağabacını nə şəkili, nə
qarabağlı, nə lənkəranlı mənim kimi oynaya bilərdi. Aktyor mütləq obraza
girməyi bacarmalıdır. Hesab edirəm
ki, mən bunu
bacarmışam. Böyüklü-kiçikli
obrazlarımın hamısı mənim üçün
gözəl və əzizdir".
Müsahibimiz bildirir ki, filmin çəkilişləri
əsasən Mərdəkanda və Cəfər Cabbarlı
adına kinostudiyanın pavilyonunda
reallaşıb.
“Ağabacı ilə
Ağababanın söhbəti, qadının ərindən turşu istəməsi, uşaqların
oynaması pavilyonda lentə alınıb.
Ağabacının ərindən turşu
istədiyi səhnə mənim üçün
çox doğmadır. Həmin epizodda Azərbaycan qadınına məxsus həya-abır,
utancaqlıq özünü büruzə
verir. Öz əri
olmasına baxmayaraq, hamilə olduğunu utancaqlıqla ona
bildirir. ”Könlümə yaman
turşu düşüb,
sabah alarsan mənim üçün?". İstəyini deyir, eyni zamanda utanır. Hesab edirəm ki, çox səmimi bir səhnə
alınıb".
Söhbət əsnasında
Zemfira Sadıqova o
vaxtkı maaşından da gileyləndi:
“Filmə çəkilməyi
israrla istəməyimin səbəbi o vaxt maaşımın az olması idi. Hər
hansı filmə çəkiləndə aktyorun
maaşı müəyyən qədər artırdı. Dublyajda iştirak etməyimə,
”Mozalan"da çəkilməyimə
baxmayaraq, məvacibim mənə bəs etmirdi. Düşünürəm ki, həm özüm, həm
də sənətim sınaqda iştirak
edən digər iki aktrisadan
da yüksək idi. Rolumun öhdəsindən də necə
lazım idisə, gəldim. Başqa aktyorlar da xarakterlərinə
görə müəyyən olunmuşdu.
Leyla Şıxlinskaya ilə aramızda olan narazılıq elə əvvəldən var idi. Çünki,
o özündən çox
razı idi, hamıya yuxarıdan
aşağı baxırdı".
“Heç vaxt
Leyla Şıxlinskaya
ilə bir-birimizi sevməmişik”
Aktrisa Zemfira Sadıqova “Dəli
Kür”də oynayandan sonra
rollarının
davamlı olacağını düşünür.
Amma kinostudiyada ona qarşı yaranan soyuq münasibət daha çox filmə dəvət almasını əngəlləyir.
Zemfira Sadıqova: "Əksəriyyət
düşünürdü ki, “Dəli Kür”dən sonra
mən daha çox
filmlərə çəkiləcəm. Amma
kinostudiyada məni çoxları sevmirdi. Filmlərə çox
da dəvət almadım, çünki,
heç kimin
qarşısında baş əyməmişəm.
Bir dəfə kinorejissor
Gülbəniz Əzimzadə mənə dedi
ki, “Ay, Zema bu belivi
bir sındır da”. Dedim: “Niyə, kimin
yanında əskik işim var
ki, onlara boyun əyim? Sənətim əskikdir,
bacarığım, yoxsa xarici
gözəlliyim, əxlaqım? İstəyirlər çəksinlər, istəmirlər
çəkməsinlər”.
Heç vaxt Leyla
Şıxlinskaya ilə münasibətim yaxşı
olmayıb. Artıq çəkilişlərə start verilmişdi. Leyla bilmirdi ki, Ağabacı roluna kim çəkiləcək. Mən qrimimi etmişdim,
Ağabacının paltarını da geyinib qrim otağında qrim üzrə rəssam Firuzə İsmayılova ilə söhbətləşirdik.
Birdən Leyla gəldi ki,
“icazə verin qrimimizi
edək” (rusca danışırdı). “Buyurun” deyib, getdim. Heç məni
saymadı da. Qrim
ustası məni göstərib dedi ki, “bu Ağabacını oynayan xanımdır”. Leyla
özünü elə aparırdı ki, guya məni
tanımır. Özündən çox
razı, kobud qadın idi.
Şəxsən əlaqələrimiz olmasa
da, heç vaxt bir-birimizi sevməmişik.
Ağabacının
övladları rolunda çəkilən uşaqlardan böyüyü
Moskvadan dəvət olunmuşdu.
Qalanları isə Bakıda bir neçə
uşaq arasından seçilmişdi.
“Toplan” filmin əsas qəhrəmanıdır.
Əsərdə itin adı “Funqan” idi. Moskvadan
gətirilmişdi. Çox
ağıllı, baxımlı, bacarıqlı it idi. Verilən
tapşırıqların hamısını düzgün
yerinə yetirirdi. Bircə dəfə
anlaşılmazlığımız onda oldu ki, çəkiliş
prosesində çarşabım “Toplan”ın dəmirinə ilişib cırıldı".
Filmdə
Ağabacı Ağababanı razı salandan
sonra kirayəşinlər onların evinə
yerləşir. Hadisələr də bundan
sonra dramatikləşir. Qonaq-qaralı
kirayəşinlərin hay-küyü ev sahiblərini narahat etməyə
başalyır. Bütün bunlarla yanaşı, onlar ev sahibinin itini
də incidirlər. Onu ələ
salır, zorla nəsə yedizdirmək istəyirlər.
İnsan kimi duyğulu
olan “Toplan” baş verənlərə dözmür.
Uzun gecələrin birində sahibləri yatan otağa girib, bir-bir onlarla vidalaşır. Və bundan
sonra evdən gedir. Aktrisa həmin səhnənin çəkilişi
zamanı başına gələn maraqlı bir
əhvalatı bizimlə bölüşür:
“Çəkilişlər
doğurdan da gecə
aparılırdı. Təbiiliyi saxlamaq üçün itin bizimlə
vidalaşdığı səhnədə gecəni səhərə
qədər çəkilişlər oldu.
İşıqlar quruldu,
hazırlıq görüldü. Bildirdilər
ki, çəkiliş uzun
sürəcək. Hamımız uzandıq, özümüzü
yuxululuğa vurduq. Yorğunluqdan yerimə uzanan
kimi məni yuxu aparar. Bütün çəkilişi
yataram. Bir də gördüm səhər məni oyadırlar ki, dur səhər
açıldı, çəkiliş bitdi”.
Rejissor 90 dəqiqəlik filmi kəsib 75 dəqiqə etdi
Zemfira xanım Həsən Məmmədovun aktyorluq məharətindən əvvəl
gözəl insani keyifiyyətlətinə
diqqət çəkir.
Zemfira Sadıqova: "Həsən
Məmmədov çox gözəl tərəf-müqabil
idi. Filmə çəkilmək onun üçün adi bir şey
idi. Həyatda da çox sadə, sakit, mehriban insan idi. Ondan zərrə qədər
incimək mümkün olan
iş deyildi.
Bir tək narazılığım olub, onun haqqında da danışdım. Başqa
aktyorlar arasında fövqəladə bir şeylər olduğunu
eşitməmişdim".
Aktrisa söhbət əsnasında elə hey rejissordan gileyləndi.
“Tofiq Tağızadə filmi
o qədər kəsdi ki,
90 dəqiqəlik nəzərdə tutulan
film 75 dəqiqə oldu.
Filmə baxanda çox
pis oldum. Çünki, bu mənim
gözlədiyim nəticə deyildi.
Əslində, yüksək səviyyəli bir
iş ortaya
çıxa bilərdi. Təəssüf ki,
bu filmdə şəxsi münasibətlər
sənəti üstələdi.
Kirayəşinin
arvadını oynayan Leyla
Şıxlinskayanın yarıçılpaq şəkildə
yataqda uzanıb qadınlara məsləhət
verdiyi səhnə ssenaridə yox idi. Onu
da ayrıca Leyla üçün yazmışdılar.
Qızıl-zinət əşyaları taxdığı yer də sonradan
artırılmışdı. Bir sözlə,
film həm çox kəsilib,
eyni zamanda çox da əlavə kadrlar var".
Zemfira Sadıqova onun üçün əziz olan
daha bir səhnənin
filmdən çıxarılmasını təəssüf hissi ilə xatırlayır.
“Həsənlə
birgə bir səhnəmiz vardı.
Hansı ki, işdən yorğun
gəlir, onun əlinə su
tökürəm, problemlərdən, qayğılardan
danışırıq. Çox təsirli
dialoqla müşayiət edilən bir səhnə
idi, amma rejissor onu da
kəsdi. Iti
yedizdirdiyim bir yer var idi,
onunla danışıram. İt çox
ağıllı idi, bəzi insanlardan da
anlayışlı idi. Çox
maraqlı səhnə idi, onu
da çıxartmışdı Tofiq Tağızadə”.
İmprovizələrə
gəldikdə isə, aktirsa qeyd edir ki,
onun rolu ilə
bağlı improvizədən söhbət belə, getməyib.
“Kaş ssenaridə olanları
saxlayaydılar, böyük şey idi. Film
mən istədiyim kimi alınmadı.
Tağızadə mənimlə olan
narazılığa görə filmi
tamamilə başqa yerə yönləndirdi”.
Xeyransa ilə Ağabacının çörək
bişirdikləri epizoddan danışarkən
aktrisa bildirdi ki, orada təndir doğrudan qalanmamışdıı.
“Soyuq
təndir qurmuşdular. Sadəcə rolumuzu oynayırdıq. Ümumilikdə filmdən
çox narazı qaldım. Ssenariyə
görə film çox
maraqlı olmalı idi, amma
çox aşağı səviyyəli bir ekran əsəri ortaya çıxdı. Bundan
qat-qat əla ola bilərdi.
Düşünürəm ki,
Tağızadə də qocalmışdı. Film tamamlanandan sonra ”Dostluq" kinoteatrında olan premyerasında iştirak etdim, vəssalam. Bununla
da bitdi..."
Azadlıq.-
2014.- 29 sentyabr.- S.14.