Haqqını halal elə, hocam!
Süleyman
müəllim haqqında vida sözü
Dünən
professor Süleyman Əliyarlının vəfatı
haqqında xəbər yayıldı. Biz onu ölümsüz
bilirdik. Lakin zamanəmizdə gözlənilməz şeylər
çox olur. Ölüm onu qəfil yaxalmışdı.
Yanvarın 18-də sevgili həyat yoldaşı Mira xanımın qırx mərasiminə
hazırlaşırdı. Elə haqqın dərgahına
qovuşduğu gün bu məqsədlə dost-tanışa zəng
edirdi. Yanvarın 16-da axşama yaxın özünün
özünün vəfatı haqqında xəbər
aldıq. Qəlbimiz sıxıldı. Sevgili hocamızın
qara xəbərini eşitmək çox ağır idi.
Süleyman müəllim Azərbaycan tarix elminin bir mərhələsidir.
Tək alim kimi yox, həm də bir vətəndaş kimi.
Böyük
missiyası var idi. Öz intellekti, tükənməz elmi
potensiyalı, yaradıcılıq imkanları və təşkilatçılıq
bacarığı ilə məktəb yaratmışdı. Bu
məktəbin ideya istiqaməti vətənçilikdən
keçirdi. Yalnız fiziki baxımdan deyil, mənəvi və
elmi baxımdan da sağlam bir həyat yolu keçmişdi.
Alim və müəllim kimi icitiami fikirdə dərin iz qoydu.
Biz bu gün Süleyman müəllimdən cismən
ayrılırıq. Onun mənəvi ömrü, bir alim kimi
tarix elmimizdə yeri daimidir, bir müəllim kimi yaddaşlarda
xatirəsi əbədidir.
1970-ci ildə biz Azərbaycan Dövlət
Universitetinin tarix fakültəsinə daxil olanda Süleyman
müəllim artıq Azərbaycanda yaxşı tanınan
alimlərdən idi. 60-cı illərdə Azərbaycan tarix
elminin bir sıra məsələləri ətrafında gedən
müzakirələr onu çox məşhurlaşdırmışdı.
Xüsusilə, böyük mübahisələrə səbəb
olmuş Azərbaycanın Rusiyaya könüllü deyil, məhz
işğal nəticəsində birləşdirilməsi kimi
taleyüklü məsələyə münasibətdə
Ziya Bünyadov və Mahmud İsmayılov kimi alimlərlə
birlikdə mövqe ortaya qoyması həmin dövrlərdə
gənc olmasına baxmayaraq Süleyman Əliyarlıya
böyük şöhrət gətirmişdi. Ziya müəllim
və Mahmud müəllimdən fərqli olaraq Süleyman
müəllim universitetdə
çalışdığından, ideya axtarşı
dövrünü yaşayan tələbələr arasında
ona böyük rəğbət oyatmışdı.
1965-ci ilin iyul ayının 25-də
“Azərbaycan gəncləri” qəzetində “Kəndlərimizin
adı da müasir
olmalıdır” adlı çox mənasız
bir yazı çıxmışdı və
bu yazıda Azərbaycanın olan-qalan tarixi toponimlərinin
dəyişdirilməsi məsələsi qoyulmuşdu. Halbuki, məhz elə həmin ildə Moskva
mətbuatında rus
ziyalılarının köhnə yer
adlarının dəyişdirilməsinə etiraz
ifadə edən yazıları dərc olunmağa
başlamışdı. “Literaturnaya
qazeta”nın 26 oktyabr sayında rus müəllifi V.İ.Buşin “İsti döngə kimə mane olurdu?”
başlığlı bir yazısında
Moskvanın köhnə döngəsinin adının dəyişdirilməsinin
doğru olmadığını
yazmışdı. Bu yazının əks-sədası
Azərbaycanda da özünü
göstərdi. 1966-cı ilin yanvar ayının 8-də Azərbaycanın tarixi
yer adlarının qorunub
saxlanması və Gəncə şəhərinin tarixi adının özünə
qaytarılması ilə bağlı
Süleyman müəllimin “Ədəbiyyat
və İncəsənət” qəzetində açıq məktubu dərc edildi.“Redaksiyaya məktub” adı ilə dərc olunmuş bu yazı həmin
dövrdə respublikada böyük
səs-küyə səbəb olmuşdu.
Əlbəttə, sovet dövlətinin ən
tanınmış liderlərindən olan,
“nakam siyasi tale” yaşamış məşhur Qafqaz bolşeviki Sergey Kirovun
ölümündən bir il sonra onun
adına verilmiş qədim Azərbaycan
şəhərinin tarixi adının bərpa
edilməsi ilə bağlı mətbuatda açıq məktubla
çıxış etmək gənc bir
tarixçidən böyük cəsarət
tələb edirdi. O yazırdı: “Gəncə qədim şəhərdir (şəhərin
əsası təqribən, 945-ci ildə qoyulmuşdur)
və Azərbaycan xalqının zəngin tarixinin
canlı abidəsidir...Öz-özünə aydındır ki, bu qədim şəhərin
min illik adının
dəyişdirilməsi 30-cu illərdə həmin sahədə
hökm sürən
inzibatçılığın acı nəticələrindən
biridir”. Əlbəttə,
“məktubun qayəsi yalnız Gəncədən ibarət deyildi. Orada
bütövlükdə Azərbaycan ərazisində türk toponimlərinin qorunub
saxlanmasından söhbət gedirdi. Süleynan müəllim yazırdı: “Bir Abşerondakı yer
adlarına nəzər salın: “Türkan”,
“Zığ”...”Mərdəkan”, “Kurqan” və
i.a. Bu adlarda
Azərbaycanın qədim sakinləri türk,
ziq, mard və kirqan...tayfalarının izləri hifz olunmuşdur.Bunlardan bəziləri
haqqında Strabon, Pliniy,
Ptolomey kimi antik müəlliflər məlumat vermişlər.
Buna görə də “Zığ”, “Korgöz”, “Xırt”, “Halit”,
“Əhmədli”...kimi kənd
adlarını yalnız zahiri donlarına
görə atmaq olmaz,
onların hər biri özünəməxsus
bir tarixdir”. Rəhmətlik
Əlfi Qasımövun fədakarlığı nəticəsində
gözlənilməz şəkildə “Ədəbiyyat və
İncəsənət” qəzetində dərc olunmuş bu yazı ilə
bağlı redaksiyaya yüzlərlə
müxtəlif məzmunlu müraciətlər daxil
olmuşdu. Bunlardan ən
əhəmiyyətlisi tanınmış şair
Qasım Qasımzadənin başçılığı ilə
dörd nəfər ziyalının həmin
qəzetdə dərc olunmuş məktubları
idi. Onlar Gəncənin
adının bərpası ilə bağlı Süleyman
müəllimin təşəbbüsünü müdafiə
edirdilər. Süleyman müəllimin “Ədəbiyyat və İncəsənət”
qəzetində dərc olunmuş həmin
tarixi məktubu o qədər
geniş yaylmlşdı ki,
hətta 1966-cı ilin mart
ayının 30-da Türkiyədə çıxan “Yeni İstiqlal” qəzeti onu 242-ci dərc etmiş,
azərbaycanlı aydının ruslaşdırmaya qarşı
mübarizəsi xüsusi xəbər kimi Türkiyədə
yayılmışdı. “Sovetlərin türk
köylərini tarixi bağlardan
qoparmaq üçün
girişdikləri kompaniya” adlı
yazıda bildirilirdi: “Diqqətlə
oxununca azərbaycanlı türk
dosentin əndişələri,
üzüntüləri çox
yaxşı anlaşmaqda, kommunistlərin türk köylərini ismlərinə
varıncaya qədər necə ruslaşdırmaq istədikləri,
fəqət bu durumu
türkləri nə qədər mütəəssir etdigi də görünməkdədir”.
Yaxşı
xatırlayıram, 1970-ci ilin
payızında tələbələr arasında böyük nüfuzu olan Əbülfəz bəylə tanış
oldum. Elə ilk
söhbətlərin birində Əbülfəz bəy cazibəsinə
düşdüyü tələbələrə
Süleyman müəllim haqqında
danışdı, onun çox
güclü bir alim, milli bir
adam olduğundan söz açdı və tövsiyə etdi ki, ona
yaxın olaq. Həmin vaxt Süleyman müəllim
əsasən rus bölməsində dərs
deyir, Azərbaycan bölməsinin tələbələri
onu yalnız iclas və
dərnək müzakirələrində dinləyə bilirdilər.
Dərs dediyi rus
bölməsinin tələbələri, xüsusilə
qızlar ondan ağız dolusu
danışırdılar və biz, əməli
boyundan böyük olan bu gənc müllimə
hədsiz bir həsədlə
baxırdıq. Sonralar mən onun təkrarsız
mühazirələrini dinləyəndə doğrudan
da gördüm ki, rus bölməsinin tələbələrinin
Süleyman müəllimə olan böyük sevgisi səbəbsiz deyilmiş.
O, sevgisini qazanıb sehrinə
saldığı tələbələri canlı mənzərəsini yaratdığı
hadisələrin zamanına apara bilir, özü də onlarla bərabər heç
olmasa bir dərs ərzində
nəql etdiyi şirin
tarix hekayətinin
iştirakçısına çevirirdi.
O, dərs dediyi tələbələrin qəlbində
məşəl yandıra bilirdi və bu məşəl öz
mayasını milli duyğulardan
alırdı.
Mən sonralar bəzi arxiv sənədləri
ilə tanış olduqda el
arasında “KQB” deyilən sovet xüsusi xidmət orqanlarının 60-cı
illərin ortalarından başlayaraq Süleyman müəllimlə
“maraqlandığının” şahidi oldum. Azərbaycanın Rusiya tərəfindən
işğalının 150 illiyini Rusiyaya könüllü
birləşmə adı altında bayram
tədbirləri keçirmək istəyən bəzi dairələr
respublikanın bir sıra tarixçilərinin
və humanitar sahədə
çalışan alimlərinin ciddi
müqavimətinə rast gəlmişdi.
Bəxtiyar Vahabzadənin əl-əl gəzən “Gülüstan” poeması sözün
tam mənasında milli
fikrin inkişafına güclü
təkan vermişdi. Bizim kinolarda
gördüyümüz inqilabi
ədəbiyyatın canlı nümunəsi idi
“Gülüstan” poeması.Azərbaycanın
Rusiyaya birləşməsinin 150 illiyi ilə bağlı məsələlər
o qədər geniş
müzakirələrə səbəb olmuşdu
ki, əvvəllər bu
tarixi hadisəni qeyd
etməyə maraqlı olan Moskva, yerli əhvali-ruhiyyəni
öyrənmək üçün respublikaya göndərilən bəzi rus alimlərinin gizli xidməti
tövsiyəsi ilə bu fikirdən
daşınmalı olmuşdu. Hakimiyyət
orqanlarının bu fikirdən geri çəkilməsində Süleyman
müəllim də daxil olmaqla
bir sıra Azərbaycan tarxçilərinin
böyük rolu olmuşdu. Böyük şairimiz Bəxtiyar Vahabzadə Süleyman müəllim haqqında
yazırdı: “ Süleyman 60-70-ci illərdə
dissident düşüncəli bir neçə ziyalımızdan biri idi. O zaman,
xüsusilə communist rejimi
“milli” siyasətinin
ağırlığını bu
ziyalılar (Xudu Məmmədov, Əbülfəz
Elçibəy, Nurəddin Rza və b.) yalnız seyr etməmiş,
içdən bir vətəndaş faciəsi
kimi yaşamışlar. Bununla yanaşı bu rejimin obyektiv
qlobal səbəblərdən mütləq
ölüb tarixə
qovuşacağını da məhz bu alimlər öncədən söyləyirdilər…Azərbaycanın
dırnaq içində könüllü
olaraq Rusiyaya birləşməsinin
150 illiyini bizə bayram
kimi sırındığı illərdə
tariximizin bu
şəkildə saxtalaşdırılmasına
qarşıelmi faktlarla etiraz
səsini ucaldan tarixçi
alimlərdən birincisi Süleyman
Əliyarlı oldu. Sovet
hakmiyyətinin qılıncının dalı-qabağı kəsdiyi
o illərdə belə bir
cəsarət hər oğulun işi deyildi. O zaman millətçi
damğası ilə damğalanan
Süleymanın tarixə bu yeni və düzgün
baxışı universitetin Böyük Elmi
Şurasında müzakirəyə çıxarıld, Onun bu cürətli və
mərdanə addımı yalnız üç
nəfər – mərhum akademik Ziya Bünyadov, Mahmud İsmayılov, bir də
bu sətirlərin müəllifi
müdafiə etdi”.
Bütün bu “əməllərinə”
görə Süleyman Əliyarlının
adı, Ziya Bünyadov
və Mahmud İsmayılovla birlikdə Azərbaycan
KP MK-nın 1971-ci ilin oktyabr
plenumunun materiallarına düşdü.
Onlar Azərbaycan tarxini
saxtalaşdırmaqda ittiham edilirdilər. Orada deyilirdi: “Bəzi müəlliflər tarixi
keçmişdən bəhs edərək partiyalılıq
prinsiplərindən kənara çıxmış,
istismarçı siniflərin ayrı-ayrı nümayəndələrini
müəyyən dərəcədə
ideallaşdırmış, burjua
filantropiyasının ictimai təbiətini
düzgün izah etməmişlər.
Ziya Bünyadov, Mahmud
İsmayılov, Süleyman Əliyarov bir sıra tarixi
faktları qiymətləndirərkən kobud
səhvlərə yol vermişlər”.1971-ci
ilin oktyabr plenumunda geniş məruzə
ilə çıxış etmiş Heydər
Əliyev, sonralar 1994-cü ildə
Bakı Dövlət Universitetinin 75 illik yubleyindəki
çıxışında dedi ki, “1968-ci ildə mən Dövlət Təhlükəsizliyi
Komitəsinin sədri idim. Universittetdə
bir neçə alim
Azərbaycan tarixini araşdırarakən
Azərbaycanın Rusiyaya birləşməsi
haqqında mübahisə aparmışdı ki,
Azərbaycan Rusiyanın tərkibinə könüllü
surətdə girmişdir, ya
da məcburi girmişdir...O
vaxt isə ümumi qərar
belə idi ki, Azərbaycan
Rusiyanın tərkibinə könüllü
daxil olmuş, özü bunu xahiş etmişdir. Amma bir neçə alim o vaxt
bunu şübhə altına alaraq öz fikirlərini
söyləmişdi. Bu böyük
bir ixtişaş
yaratdı. Başdadılar araşdırmağa ki, bunlar millətçidirlər,
dövlət mövqeyindən kənar fikirlə
yaşayırlar və s. Bundan
ötrü o vaxtlar bəzi adamları xırdaca cəzalandırdılar”.
Bu “xırdaca cəzalandırılanlardan”
birincisi məhz Süleyman
Əliyarlı idi. Həmin vaxt Süleyman müəllimə
basqılar o qədər böyük
idi ki, o,
unversitetdən ayrılacağını göz
altına almış və hətta rayonlara
işləyən reys avtobuslarında sürücülük edib
ailəsini saxlamaq üçün
peşakar sürücü
peşəsinə sahiblənmişdi.
1971-ci ilin
oktyabr plenumu
keçiriləndə biz artıq ikinci kursda oxuyurduq
və bu tənqidin tarix
fakültəsində necə böyük
əks-səda doğurduğunu tələbə
həssaslığı ilə hiss edirdik. Müəllimlər xısın-xısın
deyirdilər ki, Süleymanın artıq
kitabı bağlandı. Açığını deyim, buna sevinənlər
də var idi. Lakin öz qələbəsinin
sevincini yaşayanların vəziyyəti
“Dəli Kür”dəki Petrovun vəziyyətinə
çox bənzəyirdi. Vurulan
Süleyman Əliyarlı, hörmətdən
düşən isə onlar idi. Məhz həmin adamlardan birinin tarix fakültəsinin o zaman «Kommunist» küçəsində yerləşən
binasının hündür pilləkanında
ürək ağrısı tutanda kimə
əl uzatdısa tələbələrdən heç
kəs yaxınlaşıb ona kömək
etmədi. Ürək ağrıdıcı mənzərə
idi.
Ardı
var
Cəmil Həsənli,
Tarix elmləri doktoru, professor
Azadlıq.-
2014.- 18 yanvar.- S.14.