İstiqlal Muzeyində Rəsulzadə təntənəsi...
Yanvarın 28-də Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş “Tarixin bir səhifəsi” adlı sərginin açılışı olub.
Öncə dövlət
himni səslənib, sonra
M.Ə.Rəsulzadəyə həsr edilən videoçarx
nümayiş olunub.
Muzeyin direktoru
Fəridə Şəmsi bildirib ki, sərgidə tarixçi
Ədalət Tahirzadənin şəxsi arxivindən 30 ədəd
fotoşəkil, muzeyin fondunda
saxlanılan kitablar və sənədlər
nümayiş olunur.
Dövlət İdarəçilik Akademiyasının tarix
kafedrasının müdiri Firdovsiyyə Əhmədova
vurğulayıb ki, bu
gün M.Ə.Rəsulzadənin yubileyi ilk dəfə olaraq dövlət səviyyəsində qeyd edilir. Bunu
ilk müsbət addım kimi
dəyərləndirən F.Əhmədova bundan
sonra AXC yaradıcısının adı
ilə bağlı tədbirlərin daha
yüksək səviyyədə keçirilməsini
arzulayıb, eləcə də M.Ə.Rəsulzadəyə
abidə qoyulması və xatirə muzeyinin
açılmasının zəruri olduğunu
bildirib.
Tarixçi Ədalət Tahirzadə isə bildirib ki, M.Ə.Rəsulzadənin
yubileyinin dövlət səviyyəsində
qeyd edilməsi onun
haqqının özünə qaytarılması deməkdir. Buna çox sevindiyini söyləyən tarixçi
Azərbaycan Dövlət Konservatoriyasına (indiki
Bakı Musiqi Akademiyasına) Üzeyir Hacıbəyovun adının
qaytarıldığı kimi, M.Ə.Rəsulzadənin
də adının Bakı Dövlət Universitetinə
qaytarılmasını, onun əsərlərinin
dövlət səviyyəsində nəşr
olunmasını arzu edib.
Sonra BDU-nun dosenti Nəsiman Yaqublu
çıxış edərək vurğulayıb ki, M.Ə.Rəsulzadənin anadan
olduğu gün, 130 illik yubileyi təqvimdə
sıradan bir tarix deyil, bu, əsl
bayramdır. Cümhuriyyətin banisinin həqiqətən
böyük bir şəxs
olduğunu söyləyən N.Yaqublu diqqətə çatdırıb ki, bu gün
M.Ə.Rəsulzadənin irsinə maraq
artmaqdadır. Öndərin həyat və
yaradıcılığı artıq xarici
mütəxəssislər, o cümlədən,
Yaponiya, Almaniya, Fransa kimi ölkələrin
alimləri tərəfindən araşdırılır. Bunun təsadüfi olmadığını
bildirən N.Yaqublu onu
da diqqətə çatdırıb ki, bu gün
dünya kitabxanalarında Azərbaycan Xalq Cümhuriyyətinin, o
cümlədən, müstəqilliyimizin tarixi
məhz M.Ə.Rəsulzadənin gərgin əməyi
bahasına yazılmış kitablar vasitəsilə
öyrənilir. “Halbuki müasir
Azərbaycanın müstəqilliyinin bərpasından ötən
22 il ərzində biz
dünya kitabxanalarına Rəsulzadənin
yazdıqları qədər kitab
çıxara bilməmişik” - deyə N.Yaqublu
sözünə əlavə edib.
M.Ə.Rəsulzadənin
nəvəsi rəssam Rəis Rəsulzadə sərginin təşkilinə
görə və tədbirə qatılan bütün
iştirakçılara təşəkkürünü bildirib. M.Ə.Rəsulzadə irsinə
marağın artmasında tarixçilərin, Cümhuriyyət
tədqiqatçılarının böyük
zəhməti olduğunu söyləyən
rəssam bu işdə mətbuatın da rolunu qeyd
edib. O, babasının yubileyinin
dövlət səviyyəsində qeyd
olunmasından qürur duyduğunu
və yubileyin Türkiyədə də rəsmi
şəkildə keçiriləcəyini diqqətə
çatdırıb.
Daha sonra Milliyyətçi
Gənclər Təşkilatının üzvü
Elşən İsmayılov
M.Ə.Rəsulzadəyə həsr etdiyi şeiri oxuyub.
Sonda isə yazıçı Teyyub Qurban
çıxış edərək dövlət məmurlarını
M.Ə.Rəsulzadəyə, eləcə də Cümhurriyyət
ideyalarına sayğısız münasibətə görə
qınayıb və bu mövzuda
yazdığı şeirini təqdim edib.
Onu da qeyd edək ki, tədbirdə Azərbaycan Xalq
Cümhuriyyətinin görkəmli nümayəndələrinin
ailə üzvləri, tarixçilər, tələbələr,
həmçinin Prezident
Qvardiyasının, Daxili Qoşunların əsgərləri
də iştirak ediblər. Lakin mərasimdə
dövlət rəsmilərindən, millət vəkillərindən
iştirak edən olmayıb.
Sərgi fevralın
5-dək davam edəcək.
Azadlıq.- 2014.- 29 yanvar.- S.14.