Bir yol yüksələn bayraq...

 

Uvertüra

 

Azərbaycançılıq ideologiyasının yaradıcısı - Məhəmməd Əmin Rəsulzadə

 

Azərbaycanda ilk siyasi qurumun qurucusu - Məhəmməd Əmin Rəsulzadə

 

Azərbaycanda ilk siyasi qəzetin yaradıcısı - Məhəmməd Əmin Rəsulzadə

 

Azərbaycan ulusal (milli) dövlətçiliyinin yaradıcısı - Məhəmməd Əmin Rəsulzadə

 

Azərbaycan - Türk Demokratik Respublikasının yaradıcısı - Məhəmməd Əmin Rəsulzadə

 

Yaradanın Azərbaycana Azərbaycanın özü kimi pay verdiyi böyük, geniş yaradıcılıq qutu, gücü ilə bütün çağlar üçün tükənməz, yenilməz Ulu Öndəri, Ulusal Lideri - Məhəmməd Əmin Rəsulzadə.  Azacıq da olsa duyğusallığa varmadan, yaratdığın yenilməz gerçəkliyə, göstərdiyin düzgün yolbaylığa görə qarşında baş əyir, bildiririk: bütün yollarımız bağlansa belə, yolundan dönməyəcəyik!

 

M.Ə.Rəsulzadə. Onu tanıyırsızmı? Tanıyırsızsa, adı çəkilincə istər-istəməz Üzeyir bəyin “Koroğlu” Uvertürasını dinləyirkən yaşadığınız duyğusal coşqunu yaşayacaq, eləcə üstünlük, yenilməzlik duyğu-düşüncələrinə bürünəcəksiz!

Onu eləcə adla deyil, gerçəkdən bütün böyüklüyü, bütün genişliyi, bütün dərinliyi, bütün yenilməzliyi, bütün tükənməzliyi, bütün enerjisi ilə TANIMAQ üçün yaradıcılığını dönə-dönə, dərindən-dərinə oxuyub-mənimsəmək gərəkdir. O eləcə ulusal öndər, siyasi lider deyil; yox, belə deyil, azacıq da belə deyil. O, demək olar, bütöv bir Akademiyadır. Ədəbiyat, tarix, fəlsəfə, siyasət, hüquq institutları ilə birgə böyük Akademiya!

Onu oxuyub öyrənmək, öyrənib mənimsəmək istər-istəməz ona tapınmağa gətirib çıxaracaq. Görün sizdə ona tapınaq olaraq baxmaq düşüncəsi varmı? Yoxsa, birinci sinfə gedən uşaq kimi onu başdan oxumağa başlayın; elə bilin orta oxulun başlanğıcındasız. Ancaq bu eləcə orta oxul deyil, orta oxulu içində böyük bir universitetdir. Bütövlükdə o, orta oxullarımız, universitetlərimiz, diplomatiya akademiyası başda olmaqla bütün akademiyalarımız üçün taysız bilik-öyrətim qaynağıdır.

Ona tapınmaq onu yetərincə anlamaqla, yetərincə anladıqdan sonra sonsuzca sevməklə ola bilər!

Məhəmməd Əmin Rəsulzadə siyasətçi, ideoloq, filosof, ədəbiyatçı, tarixçi, hüquqçudur: öyrənən-bilən üçün!

Məhəmmməd Əmin Rəsulzadə ilkinlik axarında yaratdıqlarından göründüyü kimi, yolaçandır.

Məhəmməd Əmin Rəsulzadə qabaqcıl dünyanın özünü belə, qabaqlayaraq qadınlara kişilərlə birgə seçib-seçilmək hüququ tanıyan BIRINCIDIR! Birincilik onun alnına yazılmışdı, alın yazısı idi. Dincliksiz düşüncəsi, çağlar çalışmaları ilə Tanrıdan gələn birinciliyinə bir-birindən böyük  birinciliklər qazandırmışdı...

Çevrəsi onun prezident olmasını istəyirdi, ancaq o, bütün varlığıyla sevdiyi ulusunun daha uğurlu gələcəyi üçün Parlamaent Respublikası yönətiminə üstünlük verdi. Bu böyük ulusal-siyasi fəlsəfəyə qarşı çıxan biriləri çox-çox sonralar onu acıqlı-acıqlı belə dəyərləndirdilər: “Məmməd Əmin kim olub?” Belədə soruşmaq gərəkir: bu gün bütün dünyanın sevərək andığı, Hindistanı əzici ingilis ağalığından qurtarmış, ona özgürlük qazandırmış Mahatma Qandi kim olub? Axı, o da dövlət postu tutmayıb. Belə örnəklərin sayını artırmaq da olar.

M.Ə.Rəsulzadə böyük siyasi, ideoloji, intellektual üstünlükləri ilə 20-ci yüzilin dünya liderləri arasında ən yüksək yeri tutur. Bu hər hansı siyasi postla ölçülməyəcək bir yerdir! O yeri yalnız Yaradanın Məhəmməd Əmin kimi sevimliləri tuta bilər!!

Mən M.Ə.Rəsulzadənin adını hər yerdən götürməyə, unutdurmağa çalışan, M.Ə. Rəsulzadəyə o başdan bu başa açıq düşmənçilik, aşırı antipatiya sərgiləyən hakimiyəti alqışlayıram. ANTIMILLI, ANTIDEMOKRATIK bir hakimiyətin M.Ə.Rəsulzadəyə düşməncəsinə, aşırı antipatiya ilə yanaşması M.Ə.Rəsulzadənin daşıdığı, aşıladığı ideyalara bağlı danılmaz gerçəklik faktıdır. Başqa bir yandan bu, M.Ə.Rəsulzadəni yüksək kateqoriyalı DƏYƏRLƏNDIRMƏ faktıdır. Bəlli olduğu kimi, ən düzgün, obyektiv dəyərləndirmə düşmən dəyərləndirməsidir; axı, düşmən səndə daha çox ona qorxu yaradan, onun varlığını quşqu altına alan üstünlükləri görür - bunlar Məhəmməd Əmində gördükləri kimi!

Amerika filosofu Ralf Emerson deyir: “Xarakter baş kateqoriyadır; o nə dəyişikliyə, nə də devrim dönərgəsinə uğrayır”. M.Ə.Rəsulzadə belə bir xarakterdir: aradan 130 il keçib, ancaq o, azacıq da olsa dəyişikliyə, aşınmaya uğramayıb. Elə bu yenilməz xarakter qarşısında yenildiklərindən - yalnız bu üzdən - indikilər açıq-aydın yalançılıqla, gizlətməyə çalışdıqları yenilmə etkisilə onun 130 illiyinin keçirilməsi ilə bağlı “sərəncam” verdilər. Ortadakı gerçəyin göstərdiyi kimi, yalançı “sərəncam”. Bu candərdi, yalançı “sərəncam” nə deməkdir? 130 yaşlı parlaq düşüncə-ideya bahadırının, doğru Ulu Öndərin, gerçək Ulusal Liderin yenilməz üstünlüyü!

Alman filosofu Artur Şopenhauer deyir: “Talant başqalarının vura bilmədiyi hədəfi vura bilir, dahi başqalarının görə bilmədiyi hədəfi vurur”. Indiki rejim daşıyıcıları dahi sözünü çox ucuzlaşdırıblar, ancaq bu söz M.Ə.Rəsulzadə ilə bağlı bütün dolğunluğu ilə ortaya çıxır. Çoxqatlı, çoxyönlü yaradıcılığından göründüyü kimi, M.Ə.Rəsulzadə başqlarının görə bilmədiyi hədəfi vuran dahilərdəndir. Elə M.Ə.Rəsulzadənin böyük üstünlüyü də, yenilməzliyi də, bizim ona aşırı sevgimiz də, yağıların ona aşırı antipatiyası da deyilən dahiliyə bağlıdır. M.Ə.Rəsulzadə günü bu günbir çox gözəgörünməz HƏDƏFLƏRI vuran dahidir!

Daha bir alman filosofu Georq Hegel: “Tarixin kökü keçmişdə deyil, gələcəkdədir”. M.Ə.Rəsulzadə bizim kökü gələcəkdə olan tariximizdir. Məhəmməd Əmin Rəsulzadəyə doğru!!!

 

Üzdən tanışlıq aldanışı

 

Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsərini 1991-ci ildə, “Gənclik” yayın evinin bu gün üçün çox da yararlı olmayan çapında oxumuşdum. Düzü, əsər ürəyimə yatmamışdı - onda ona çox-çox əski çağların dolaş-bulaş olaylarının söyləncə-yansıtması olaraq yanaşmışdım. Sözsüz, o çağlar ən qaynaqr yerlərində olduğum Xalq hərəkatı mənim bu əsərlə üzdən, elə-belə tanışlığıma başlıca nədən olmuşdu. Eləcə, demək olar, mən o əsəri bütünlüklə unutmuşdum getmişdi.

Biz 2009-cu ildən bəri fəlsəfə elmləri doktoru Yadigar Türkelin proyekti olaraq, M.Ə.Rəsulzadənin əsərlərini hamının oxuyub anlaması üçün bir-bir çağdaş dilimizə çevirib yayınlayırıq. Kimlərəsə asan, elə-belə görünə bilər, ancaq Rəsulzadənin dilində ərəb-fars sözlərinin aşırı çoxluğu, buna görə də anlaşılmazlığı baxımından bu çox çətin, yorucu bir işdir. Bununla yanaşı bu, Rəsulzadəni çağdaş topluma (çağ baxımından çağdaş!) çatdırmaq baxımından olduqca önəmli işdir. Bunu yalnız çağdaş türkcəmizi yetərincə bilənlər, bilib dəyərləndirənlər, eləcə də Rəsulzadə dilinin çətinliyini görənlər anlayar. 

Biz bugünədək Rəsulzadənin “Milli birlik (2009), ”Panturanizm" (2012), “Qafqaz türkləri” (2012), “Iran türkləri” (2013), eləcə də Əlimərdan bəy Topçubaşının “Azərbaycan cümhuriyətinin yaradılması” əsərini (2013) çağdaş türkcəmizə çevirmişik. Yeri gəlmişkən, bu kitabların yalnız birində bizim (dostların) azacıq köməyimiz olub, qalan bütün kitabları Yadigar bəy - bu böyük Azərbaycan vurğunu- özünün onsuz da az aylığından kəsib uc-uca calamaqla çap etdirib. Bu kitabların çapına kömək etməyə söz verənlərin biri də indiyədək sözünü tutmayıb. Illərdən bəri M.Ə.Rəsulzadə adı ilə alverdən qazanan bir çox bəlli kimsələr də bizim gördüyümüz işi görməzliyə vurublar. Belə bir toplumda, belə bir siyasi ortamda yaşayaırıq...

Keçən il Yadigar bəy “Əsrimizin Səyavuşunu” çağdaş dilimizə uyğunlaşdırmağı önərdi. Mən bunu çox da önəmli saymadığım, “Milli birlik” əsərini aktuallıq baxımından daha önəmli saydığım üçün onu yenidən işləməyi (mənim öncədən istədiyim kimi) gərəkli bildim. Yadigar bəy bir sıra bəlgə-bəhanələrlə dediyinin üstündə durduğundan işə başladıq. Beləliklə, ortaya “Çağımızın Siyavuşu” çıxdı. Dediyim kimi, mən bu işə könülsüz girişmişdim, ancaq... Çox az keçmiş əsərlə bağlı baxışım dəyişməyə başladı. Birinci yol, 1991-ci ildə, o vur-hayda, əsəri gərəyincə qavrayıb dəyərləndirmədiyimi anlayaraq özlüyümdə doğal bir utanc duyğusu yaşamağa başladım. Bu, gerçəkdən böyük bir siyasi-ideoloji lider qarşısında yaşanan utanc duyğusu idi. Bundan qabaqkı birgə işlərimizdə olduğu kimi, biz indi də yalnız hər cümlənin deyil, hər sözün üstündə bir-bir, gərəkirkən uzun-uzadı dartışır, beləliklə, aramızdakı uzlaşmaya uyğun olaraq ortaya hamının anlayacağı bir siyasətçi-ideoloq çıxarmağa çalışırdıq. Ortada qabaqcadan danışma-uzlaşma olsa da, tez-tez toqquşmalar da olurdu. Bu toqquşmalarınsa kökündə bizim hər birimizin Məhəmməd Əminə özümlü sevgimiz, sayğımız dururdu. Budur, kitab qarşımdadır, oxuyuram, yenə də, qabaqkı kitablarda olduğu kimi, ola bilsin, gözdən qaçıb qaldığından ürəyimə yatmayan sözlər görürəm. Sağlıq olsun!

O çağlar (1991-də) üzdən, ötəri oxuyub keçdiyim bu əsər üzərində işlədiyimiz anlarda mənim üçün yenidən doğulurdu. Mən indi bütünlüklə başqa bir əsərlə qarşılaşır, başqa bir əsər görürdüm. Mən indi Azərbaycan Demokratik Respublikası ilə bağlı obrazlar qalereyası görürdüm. Yox, bunlar mənim birinci oxunuşda saymazyana olaraq mifik-söyləncə caydığım obrazlar yığını deyil, Böyük Azərbaycan idealına bağlı canlı varlıqlar idi. Başda isə Onun özü - Məhəmməd Əmin Rəsulzadə dururdu. Mən onda Hegelin bu sözlərilə tanış deyildim: “Tarixin kökü keçmişdə deyil, gələcəkdədir”. Uşaqlıqdan tarixi çox sevirəm, yaxşı da oxumuşam, ancaq, düzü, mifik tarixlə uşaqlıqdan aram olmayıb. O çağkı yanlışım nə idi? “Çağımızın Siyavuşuna” ötəri, mifik tarix söyləncəsi kimi baxmışdım. Bir daha vurğulamaq gərəkir: mənim belə baxışımda, yanaşmamda, sözsüz, 1991-ci ilin qaç-qovu, 1991-ci ilin vur-hayı böyük rol oynamışdı.

“Çağımızın Siyavuşu” inanılmaz, ağlasığmaz bir darlıq içində yazılıb. Demokratik Respublika devrildikdən sonra ölkədə erməni-bolşevik tutqu-qırğınları başlayıb. At belində, ayaqla dağ-dərələrdən keçməklə yoldaşları Məhəmməd Əmin bəyi gizlincə aparıb Lahıca çıxarıblar. Onlar onu Gürcüstan yoluyla Türkiyəyə keçirmək istəyiblər. Ancaq, Demokratik Respublikanın başında durmuş adamları, başlıcası da Məhəmməd Əmin bəyi tutmaq üçün hər yerdə axtarış getdyindən tez-tez gizləndikləri evləri dəyişməklə bir ara Lahıcda qalmalı olublar. Qaldıqları evlərin birində Məhəmməd Əmin bəyin əlinə Firdövsinin “Şahnaməsi” keçib. O özü kitaba ön sözündə bununla bağlı belə deyir: “”Şahnaməni" oxumağa başladım. Doğunun bu böyük romantik əsəri o çağlar çox duyğulu olan ruhumu sardı. Düşdüyümüz darlığı keçirdiyimiz sıxıntılarla dolu yaşamı şairanə bir biçimdə, başdan-başa yaşadan, nə hekayələr, nə dastanlar, nə tiplər, nə fəlsəfələr vardı". Beləliklə, ələ keçmək qorxusundan gizləndiyi yer tez-tez dəyişdirilən, hər an tutulmaq, öldürlülmək qaçılmazlığı ilə üz-üzə qalan bir adam “Çağımızın Siyavuşunuyazmağa girişir. Bax, inanılmaz, ağlasığmaz olanı budur! Bu əsəri yazdığı evlərdən birinin ikinci qatında o gizlənirkən, birinci qatda onu axtaran bolşevik qaniçənləri olurmuş - bu da daha bir inanılmaz, ağlasığmaz fakt! Alplıq, bahadırlıq, yenilməzlik nəyə deyirsiz! - belə bir darlıq içində o, “Çağımızın Siyavuşunu” yazıb bitirib.

Lahıcda Əli Əhmədoğlu adı altında yaşayan Məhəmməd Əmin bəy əsəri evində gizləndiyi kişiyə gizli adıyla yazdığı qısaca “vəsiyətlə” verib. Yadigar bəy bu “vəsiyəti” Türkiyə çapından indiki çapa köçürüb: “Alçaq yağının əlindən bir yana çıxaraq amaca qulluq etmək üçün getdiyimiz yol üstündə yazılmış bu kitabı uyğun olursa, özüm yazdırıb yayımladacağam. Ancaq... mən bunu çap etdirəməzsəm, bu əlyazmanı əməyimi boşa çıxarmayıb onun yazılmasına, çapına özünüzün yardımçı olmanız üçün buraxdım. Yazılmasında bacardıqca gözəlliyinə, doğruluğuna çalışılmalıdır.

Böyük amac yardımçınız, parlaq ideal işığınız olsun!

Əli Əhmədoğlu".

Biz bu “vəsiyəti” BACARDIQCA yerinə yetirmişik: bir sıra indiyədək gizli qalmış faktları ortaya çıxarmaqla Yadigar bəy ayrıca olaraq kitabın DOĞRULUĞUNA, ikilikdəsə GÖZƏLLIYINƏ çalışmışıq.              

Bəlli olduğu kimi, Məhəmməd Əmin bəy Lahıcdan çıxandan sonra tutulub. Onu gerçək ölümdən Stalin qurtararaq Moskvaya aparıb. Oradan o, tatar yurdsevərlərin yardımı ilə Finlandiya yoluyla Türkiyəyə qaçıb. Yoldaşları onun “Çağımızın Siyavuşu” ilə bağlı sıxıntısını görərək gizli yollarla əlyazmasını ona çatdırıblar.

 

(ardı var)

 

Xaliq Bahadır

 

Azadlıq.- 2014.- 29 yanvar.- S.13.