“Davamız, Azərbaycan davasıdır,

bu, tarixi və milli bir davadır”

 

«...tanınmış ideya və şəxsiyyətləri çürütmək qeyrətilə meydana atılanlar, bilərək və ya bilməyərək, böyük davanı kiçildənlərdir»

 

 (M.Ə.Rəsulzadə)

 

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə onun haqqında nədən yazacağımı düşündüm. Yenə də özünə, yazdıqlarına üz tutdum və diqqətimi ilk andaca “Azərbaycan davası” adlı məqaləsi cəlb etdi...  Bu məqalə 1954-cü ildə Ankarada, “Azərbaycan” kültür dərgisində dərc olunub. Üstündən 60 il ötsə də elə bil indiki halımız üçün yazılıb. Adətən M.Ə.Rəsulzadənin əsərlərində onun sanki bugünkü siyasi sistemə yönəlik tənqidi fikirlərini toplayar, ayrıca bir məqaləyə çevirərdim. “Azərbaycan davası”nda isə bu gün avtoritar hakimiyyətə qarşı savaşdığını iddia edən, lakin elə hakimiyyətin sifarişi ilə milli birliyimizi pozan qüvvələrə də pay düşən fikirlərə rast gəldim...

Daha önəmli bir tapıntı isə tarixi şəxslərin bütləşdirilməsi, onların şəxsiyyətinə pərəstişin təbliği ilə bağlı oldu. Indiki siyasi sistemin banisinin də “ümummilli lider” adı altında bütləşdirildiyini və bunun cəmiyyətdə hansı fəsadlar törətdiyini görüb, nə zamansa M.Ə.Rəsulzadənin də şəxsiyyətinə pərəstişin təbliğ ediləcəyindən narahat idim. Ancaq əbəs yerə, çünki sağlığında real həyat yaşamış şəxsiyyət ölümündən sonra bütləşməz. O şəxslər ki, bu gün bütə çevrilib, onlar elə sağ ikən də büt olublar; real həyatdan və xalqdan uzaq!

Gəlin, elə “şəxsiyyətə pərəstiş”dən başlayaq... Ustadımız yazır ki, “davamız”ın yaxın tarixindən bəhs açanların hər şeydən əvvəl, bu obyektiv hadisə və vaqeələr üzərində durmaları lazım gəlir. Belə edilərsə, dava tarixi əsaslara, fikirlərə və fikir müəssisələrinə bağlanmış olur.

M.Ə.Rəsulzadə “Azərbaycan davası” aparan şəxslərin özünə yox, fikirlərinə diqqət yetirməyi, eyni zamanda, bu yolda yürüyən siyasi təşkilatların fəaliyyətinə önəm verməyi lazım bilir. Vurğulayır ki, milli böyük bir davanı şəxslərə bağlamaq və onu parlament və ya hökumətdəki tək-tək insanların vərəsəlik malı kimi qəbul etmək çox xətalı bir anlayışdır. Milli Şuradan da, parlamentdən də öncə Azərbaycan muxtariyyət və istiqlal fikrinin əziyyətini çəkən və bunu sağ-sol bütün müxalif qüvvələrdən müdafiə edən bir müəssisənin varlığını inkar etmək və ya ona əhəmiyyət verməmək milli davaya yalnız zərər gətirər.

Ustad xəbərdarlıq edir ki, “davamız”ı fikir müəssisələrində deyil, ayrı-ayrı şəxslərə bağlayanlar, mənsub olduqları millətin inkişaf etməmiş ibtidai bir cəmiyyət olduğunu nəzərə çarpdırdıqlarının fərqində olmayanlardır. “Davamız”ın yaxın tarixini tariximizdəki fikir müəssisələrindən təcrid edərək izaha qalxışanlar bilərək və ya bilməyərək tarixi təhrif edənlərin ta özləridir" - deyir M.Ə.Rəsulzadə.

İndi bu deyilənləri müasir dövrümüzdə cərəyan edən ictimai-siyasi proseslərə görə incələyək.

Məsələn, YAP hakimiyyətinin ideoloqlarının təbliğatından görürük ki, bu hakimiyyətin qurulmasında onların təmsil etdikləri siyasi təşkilat yox, bu təşkilatın qurucusunun rolundan bəhs edilir. YAP-ın necə meydana çıxmasından başlayaraq onun hakimiyyətə gəlməsi, möhkəmlənməsi və bunlarla yanaşı ölkə həyatının bütün sahələrində (aqrar sektordan tutmuş incəsənətə qədər...) “qazanılan böyük nailiyyətlər” məhz “ümummilli lider”in adı ilə bağlanılır. Bir sözlə, “xalqın təkidli tələbi ilə” hakimiyyətə qayıtdığı iddia edilən “ulu öndər”in “Azərbaycan davası”nda onun yanında nə xalq görünür, nə də partiyası... Yəni, hakimiyyətin təbliğatından belə çıxır ki, Azərbaycanı “daxili və xarici düşmənlərdən”, “xaosdan”, “fəlakətdən”, “parçalanmaq və yox olmaqdan” təkbaşına məhz bir şəxs qurtardı və həmin şəxsin “Ol!” əmri ilə “ölkəmiz dünya siyasi xəritəsindəki layiqli yerini tutdu”. 

“Tarixdə fikirlərin əhəmiyyəti var da, şəxslərin heç bir dəyəri yoxmudur? Əlbəttə vardır. Fəqət bu dəyər şəxslərin fikirlərə sədaqətləri və fikir müəssisələrinə bağlılıqları nisbətindədir” - bunu da yerində və çox sərrast deyir ustadımız. Bəli, söhbət o şəxslərdən gedir ki, onlar siyasi mühitdən asılı olaraq fikirlərindən və ya partiya mənsubiyyətindən imtina etmir, cilddən-cildə girmirlər... Xalqımız isə yaxın keçmişdə “kommunist” rəhbər olmuş şəxslərin sonradan “demokrat” qiyafəsinə necə asanlıqla büründüyünün şahididir. 

Davam edək: M.Ə.Rəsulzadə fikrə, ideyaya sadiqliklə bağlı daha sonra yazır ki, bu sədaqət və bağlılığın şəkil və dərəcəsi ancaq bir şəxsi bir şəxsiyyət mərtəbəsinə ulaşdırır. Tarixdə dəyər və əhəmiyyət kəsb edən şəxslər, işdə, müəyyən fikir cərəyanlarına və müəssisələrinə bağlanan, onlara simvol olan şəxsiyyətlərdir. “Davamız”ı anladırkən onu hazırda yalnız “üç kişi”nin baqi qaldığı bir dəstəyə bağlamaq və bu yaşayanları o ölənlərin yeganə siyasi varisi kimi görmək salim bir düşüncənin əsəri sayılamaz, təbii!..

“Davamız, Azərbaycan davasıdır, bu, tarixi və milli bir davadır. Yuxarıda qeyd etdiyimiz kimi, bu davanın tarixi fikir müəssisələri və onlara qanlarıyla və canlarıyla təqdis etmiş qəhrəmanları vardır”. 

Daha bundan artıq nə demək olar?!

M.Ə.Rəsulzadə “Azərbaycan davası”nın qəhrəmanları sırasında kimsəni unutmur, onların təkcə Milli Şura, parlament və ya hökumətə mənsub şəxslər deyil, bu, tarixi və milli bir davada “şairimizin ”buzlu cəhənnəm" dediyi sürgün yerlərində şəhadət camını içən, Xəzərin qanlı sularında ayaqlarına daşlar bağlanaraq boğdurulan" neçə qurbanlarımız, şəhidlərimizin də olduğunu vurğulayır, onların adlarını çəkir...

Heç eşitmisinizmi ki, Türkiyə Cümhuriyyətinin yaranma tarixindən söhbət açılanda, yalnız onun banisi Atatürkün adı vurğulansın? Yox! Bu tarixdə Atatürkün silahdaşlarının, qəhrəman Türk Mehmetciyinin, Türk Xalqının adı “qırmızı xəttlə” keçir... Bəs, bizdə? YAP-ın düzüb-qoşduğu “Müstəqil və müasir Azərbaycan” tarixində hanı milli qəhrəmanların adları?

Məsələn, niyə demirlər ki, “müstəqilliyini itirmək təhlükəsində” olan ölkədə xalq ayağa qalxdı və qiyamçıları yerində oturtdu? Yaxud, niyə yazmırlar ki, “əsrin müqaviləsi” xalqın iradəsi hesabına gerçəkləşdi, iqtisadiyyatımız xalqın gərgin əməyi bahasına dirçəldi və s. Yoxdur axı bunun “tarixi əsasları”... Onlar “xalq üçün xalqın iştirakı olmadan mübarizə” aparıblar. Onlar əslində özlərinin bir sinif kimi, tayfa kimi qurtuluşu üçün savaşıblar... Milli qəhrəmanları demirik, heç olmasa, öz silahdaşlarının adlarını çəksinlər? O da yoxdur, çünki həmin şəxslər bu gün ya mühacirətdədir, ya da həbsdə... Hələ çərlədib axırlarına çıxdıqları “silahdaşlarını” demirik...

Bax, bu arada elə M.Ə.Rəsulzadənin sözlərilə desək, onların “davası” fikir müəssisəsinə - ənənəsi olan bir təşkilata yox, tayfaçılığa və ya tayfa liderinə bağlı olduğu üçün, bugünkü Azərbaycanda da müasir yox, ibtidai cəmiyyət formalaşdırılmışdır.

Ustadın bu sözlərinə isə xüsusilə diqqət yetirək: “Davanı əsas fikir sistem və müəssisələrindən ayıraraq, avtomatik surətdə müəyyən dövrdə, rəsmi hər hansı bir sifət və ya ünvan daşımış insanlara ancaq bağlarsaq, fani olan bu fərdlərin meydandan qalxmasıyla dava da bitmiş olur. Halbuki Azərbaycan davası belə üç-beş kişinin həyatilə ölçüləcək kiçik bir dava deyildir. Onun şühəda qanıyla təqdis edilmiş fikir müəssisələri vardır”.  

Yeri gəlmişkən, YAP sözçüləri bu təşkilatın banisinin sağlığında iddia edirdilər ki, o, Azərbaycanın “əvəzedilməz” lideridir... Lakin “fani olan bu fərdin meydandan qalxmasıyla” əl-ayağa düşüb, dərhal onun davamçısını “tapdılar”. Lakin indi də bu şəxsi “ən layiqli” davamçı kimi təbliğ edib daha bir yanlışlığa yol verdiklərinin fərqində deyillər, deyəsən... 

M.Ə.Rəsulzadə onu da vurğulayır ki, ciddi bütün davalar kimi, Azərbaycan davasının da qüvvət və həyatiliyi, böyük fikrin, istiqlal ideolojisinin nəsildən-nəslə keçməsindədir. Yeni nəsil, əski nəslin savunduğu (müdafiə etdiyi) idealı mənimsər və bu ideal uğrunda çalışmış başlıca fikir müəssisə və şəxsiyyətlərini idealizə edərsə, bunu dava naminə, müsbət bir hadisə olaraq qəbul etməliyik.

“Bunu bilməliyik ki, ”Davamız" fani üç kişinin inhisarına alınacaq qısır bir dava deyildir. O, nəsildən-nəslə dövr edilən fikir müəssisə və şəxsiyyətlərinə sahib nəsli bir davadır. Təcrübəli böyükləri ilə dəliqanlı gənclərini qopmaz ideal və fikir təsanüdüylə bir-birinə sımsıxı bağlayan bir dava!..

Əlbəttə, bizim davamız tayfa davası deyil ki, tayfa başçısını itirəndə də məhz bu tayfanın içindən bir davamçı axtarışına girişək, ya da tayfalararası savaşa qalxaq... Bəli, davamız Azərbaycan davasıdır, tarixi və milli bir dava! Bütün Şərqdə ilk demokratik respublika qurmuş xalqın davasıdır! Hər bir vətəndaşın özünü - torpağının, məhəlləsinin, evinin-ailəsinin sahibi kimi hiss edəcəyi Vətən davasıdır! Bizdən əvvəl də belə olub, bundan sonra da belə olacaq!

Azərbaycanın indiki idealist nəsli də təbii ki, Cümhuriyyət ideyalarına söykənir, bununla qürur duyur. M.Ə.Rəsulzadənin sözlərilə desək, hələ 1918-ci ildə istiqlalını elan edərkən, Azərbaycan Türklüyü siyasi fikir cərəyanlarına malik olqun (yetkin) bir topluluqdu. Orta Rusiya əsarətindəki bütün Türk topluluqlarına örnək olacaq milli demokrasi ideolocisilə siyasi bir firqə vardı ki, Türklüyün federalist cərəyanını təmsil edirdi. “Müsavat” partiyasının təmsil etdiyi bu cərəyan, hadisələrin gəlişməsilə, Türkiyədə Atatürk Cümhuriyyətinin, əski Rusiyada isə dürlü Türk Cümhuriyyətlərinin qurulması ilə həyatiliyini isbat etmişdir.

Bəli, bəlkə də bütün mənası ilə, bugünkü türk dövlətləri öz mövcudluğu üçün hələ ötən əsrin əvvəllərində siyasət meydanına çıxan və özünü təsdiq edən Azərbaycan Türklüyünə borcludurlar. Belə bir tarixi - “Azərbaycan patriotizminin bir sinoniminə çevrilmiş müsavatçılığı” və bu ideyaya Cümhuriyyətin timsalında əbədilik qazandırmış şəxsləri niyə idealizə etməyək"!

Ruhunu şad edək Rəsulzadənin!

 

Şövkət Məmməd

 

Azadlıq.- 2014.- 30 yanvar.- S.13.